Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-83/2022 17.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri 21 saylı Vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyada olan, barəsində «polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ibtidai istintaqı Bakı Metropolitenində Polis Şöbəsində aparılmış, ittiham aktı Bakı şəhər Prokurorunun müavini tərəfindən təsdiq olunaraq aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İstintaq orqanı tərəfindən verilmiş ittihama görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamış, 06.11.2021-ci il tarixdə saat 23:55-də Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsindən Bakı Metropoliteni QSC-nin “Koroğlu” stansiyasına gəlməklə daşımış və həmin vaxt sərxoşluq halında olduğu üçün Bakı Metropolitenində Polis Şöbəsinin PPX-nin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropoliteninin polis şöbəsinə gətirilmiş, 07.11.2021-ci il tarixdə saat 00:30-da ünvan 2 ünvanında yerləşən Bakı Metropolitenində polis şöbəsinin inzibati binasında üzərinə şəxsi axtarış və baxış keçirilərkən əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd siqaretin gümüşü kağız kəsiyində olan bükümdə ümumi çəkisi 0,166 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası CPM-nin 299.3.1-ci maddəsinə əsasən cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə məsələlərə baxılır. Həmin Məcəllənin 299.4.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası zamanı, həmçinin verilmiş vəsatət və etirazların təmin edilməsi və ya onların təmin edilməsinin rədd edilməsi barədə məsələlər həll edilir. Məhkəmənin hazırlıq iclasında Dövlət ittihamçısı şifahi vəsatət verərək, Təqsirləndirilən şəxs Bakı Metropolitenində Polis Şöbəsinin PPX-nin əməkdaşları tərəfindən saxlanılaraq, ünvan 2 ünvanında yerləşən Bakı Metropolitendə Polis Şöbəsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilərkən psixotrop maddənin aşkar edilərək götürüldüyünü, bununla da cinayətin törədilmə yerinin Bakı şəhərinin Yasamal rayonu hesab olunduğunu və buna görə də cinayət işinin hazırlıq iclası mərhələsində baxılması üçün aidiyyəti üzrə həmin rayonun məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs və müdafiəçi X2 ayrı-ayrılıqda cinayət işinin aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsinə dair vəsatətin həllinə dair məsələni məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirdilər. Məhkəmə cinayət prosesi iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, cinayət işinin aidiyyəti Bakı şəhəri Nizami Rayon Məhkəməsinə aid olmadığına görə dövlət ittihamçısının vəsatəti təmin olunmalı və cinayət işi baxılması üçün aidiyyəti məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır; 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir; 300.1.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir; Məhkəmə işin müəyyən edilən faktiki hallarını nəzərə alaraq və qanunvericiliyin istinad edilən normalarının tələblərinə əsasən hesab edir ki, dövlət ittihamçısının vəsatəti əsaslı olduğundan təmin edilməli, Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayəti törətdiyi yer Bakı şəhərinin Yasamal rayonunun ərazisi hesab olunmaqla, həmin yerin yurisdiksiyasına uyğun olaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılması üçün aidiyyəti üzrə həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası CPM-nin 300.5-ci maddəsinə əsasən bu Məcəllənin 300.1.3, 300.1.6 və 300.1.7-ci maddələrində nəzərdə tutulmuş qərarlardan bu Məcəllənin 381, 383 və 384-cü maddələrinin müddəalarına uyğun olaraq apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Məhkəmə hesab edir ki, cinayət işinin adiyyəti məhkəməyə göndərilməsi barədə qərar CPM-nin 300.1.4-cü maddəsinin müddəalarına uyğun tənzimləndiyindən və CPMnin 300.5-ci maddəsinin təsiri altına düşmədiyindən hazırkı qərardan şikayət verilə bilməz. Şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 74, 75, 299 və 300-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün aidiyyəti üzrə cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardan şikayət verilə bilməz. Hakim Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-83/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-83/2022
17.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver