Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-83/2025 15.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs nümayəndəsi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, mülki iddiaçı – X2, müdafiəçi – Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs xx xxxxxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, "xxxx" Müəssisəsində kadrlar üzrə aparıcı mütəxəssis vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 24 may 2024-cü il tarixdə saat 08:40 radələrində “İnfiniti” markalı, “FX 35” model **-CX-*** dövlət qeydiyyat nişanlı texniki cəhətdən saz vəziyyətdə olan avtomobillə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ilə şəhər mərkəzi istiqamətində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 62 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaqla hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 65 B ünvanında yerləşən “Astoria Hotel”in qarşısında yolu sağdan sola adi yerişlə keçən piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan avtomobilin qabaq hissəsi ilə vuraraq sonuncunun ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid daxili qanaxma və hemorragik şokla müşayiət olunan qaraciyərin travmatik cırılması, sağ bud sümüyünün orta 1/3-də qapalı yerinidəyişmiş sınığı, sol mil sümüyünün aşağı 1/3də qapalı yerinidəyişmiş qəlpəli sınığı, ağciyərlərin kontuziya sahələri ilə müşayiət olunan döş qəfəsinin əzilməsi, sağ böyrəyin kontuziyası ilə müşayiət olunan geniş sahəli böyrəkətrafı hematoması, on iki barmaq bağırsağın peritonarxası sahəsinin kontuziyası ilə müşayiət olunan peritonarxası sahənin geniş ölçülü hematomasından ibarət xəsarətlər almasına səbəb olmuşdur. Mülki iddiaçı X3 istintaqda ərizə verərək mülki iddiaçı qismində tanınmasını və zərərçəkmiş şəxsin müalicəsi üçün çəkdiyi 91453,69 manatın Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs – mülki cavabdeh Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 24 may 2024-cü il tarixdə saat 08:40 radələrində özünə məxsus **-CX-*** dövlət qeydiyyat nişanlı, “İnfiniti FX 35” markalı avtomobil ilə Bakı şəhəri, Babək prospekti ilə şəhər mərkəzi istiqamətində hərəkətdə olarkən piyada Zərərçəkmiş şəxs piyada keçidi və ya işıqforun olmadığı, piyada üçün icazə verilməyən yolda yolu keçməyə cəhd edərəkən avtomobilin ön hissəsi ilə vurmuşdur. Piyadanı vurduqdan sonra avtomobildən düşüb onu avtomobilə əyləşdirib yaxınlıqda yerləşən “X6”ya yerləşdirmiş və burada ilkin olaraq tibbi yardım xərclərini ödəmişdir. Hazırda zərərçəkmiş şəxslə, mülki iddiaçı ilə barışmış, dəymiş ziyanı tam ödəmişdir. Məhkəmədən cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, istintaqda verdiyi ifadəsini təsdiq edir. xx.xx.2024-cü il tarixdə səhər saat 08:00 radələrində yolu keçəndə təqsirləndirilən şəxsin idarə etdiyi avtomobil 3cü zolaqdan 2-ci zolağa keçmiş, ön sol tərəfi ilə onu vurmuşdur. Təqsirləndirilən şəxsin həbs olunmasını tələb edir. Zərərçəkmiş şəxs istintaqda verdiyi ifadəsində göstərmişdir ki, 24 may 2024-cü il tarixdə saat 08 radələrində Bakı şəhəri Nizami rayonunda yerləşən “Astoria” hoteldən çıxmış, yolun əks tərəfinə keçmək üçün hotelin qarşısından keçən Babək prospektində yolun kənarında durmuşdur. Bu yol Babək prospekti ilə şəhər istiqamətinə gedən avtomobillərin yoludur. Yolun əks tərəfində “Kleopatra” şadlıq sarayı vardır. Yola baxan zaman avtomobillərin hərəkətinin səngidiyini görüb yolun digər tərəfinə keçmək üçün yolun hərəkət hissəsinə addım atmışdır. O, adi yerişlə həmin yolu keçirmiş, avtomobillərin hərəkət istiqamətinə münasibətdə sağdan birinci, yəni avtobus zolağını, daha sonra ikinci zolağı keçmiş, ikinci zolaqla üçüncü zolağı ayıran ayrıcı zolağı keçdikdə-üçüncü zolağın başlanğıcına çatdıqda 20 metr geridən yolun avtomobillərin hərəkət istiqamətinə münasibətdə sağdan üçüncü zolaq ilə şəhər istiqamətində, yəni ona doğru hərəkət edən narıncı rəngli, krossover tipli bir avtomobilin hərəkət etdiyi üçüncü zolaqdan sağa doğru, yəni ikinci zolağa doğru yönəldiyini və üzərinə doğru gəldiyini görmüşdür, o, bu anda yolun sağdan ikinci ayrıcı zolağını keçmiş, üçüncü hərəkət zolağının başlanğıcında imiş, o, bu anda həyəcana qapılmış və hərəkət edə bilməmiş, həmin avtomobil isə dayanmadığından avtomobilin ön hissəsiylə onun sol tərəfindən vurmuş, o, zərbənin təsirindən yerə yıxılmışdır. Bir qədər sonra avtomobilin sürücüsü ona yaxınlaşmış və onu avtomobilinə qoyub xəstəxanaya aparmışdır. Dindirmə zamanı Zərərçəkmiş şəxs verilən “Siz avtomobili ilk gördüyünüz anda sizin ilə onun arasında təqribən nə qədər məsafə var idi, həmin avtomobilin sürücüsünün sizi görməsinə hər-hansı mane var idimi?” sualına cavab olaraq bildirmişdir ki, o, yola baxıb avtomobil axınının səngiməsini gözləmiş və yolun hərəkət hissəsinə daxil olmuşdur, ilk iki zolağı keçmiş, üçüncü zolağın başlanğıcında o, hərəkət etdiyi istiqamətdə sola doğru baxdıqda təqribən 20 metr məsafədə narıncı rəngli, krossover tipli avtomobilin soldan ona doğru gəldiyini görmüş, o, həmin vaxt hərəkət etməmiş və həmin avtomobilin dayanacağını gözləmişdir. Lakin, həmin avtomobil dayanmaq əvəzinə ikinci zolağa doğru istiqamətlənməyə başlamış və üçüncü zolağın başlanğıcında onu vurmuşdur. Avtomobilin sürücüsünün onu görməsi üçün heç bir mane yox imiş, onun avtomobili gördüyü kimi avtomobilin sürücüsü də onu görə bilərmiş. Həmçinin o, qeyd etmişdir ki, avtomobil olduğu üçüncü zolaq ilə düz hərəkət etsə idi, yəni istiqamətini sağa, yəni ikinci zolağa doğru dəyişməsə idi onun önündən keçib gedəcəkmiş və onu vurmayacaqmış. Lakin, o istiqamətini tədricən sağa doğru dəyişdiyindən üçüncü zolağın başlanğıcında onu vurmuşdur. Cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində əlavə dindirilmişdir. Dindirmə zamanı ona verilən “Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, 24 may 2024-cü il tarixdə saat 08:40 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ilə hərəkətdə olarkən, sizi anidən görmüş və bu səbəbdən də avtomobili saxlaya bilməmiş sizi avtomobilin ön hissəsi ilə vurmuşdur. Bu barədə nə deyə bilərsiniz, o sizi görməyə bilərdimi?” sualına cavab olaraq bildirmişdir ki, onu vuran “İnfiniti” markalı avtomobilin sürücüsünün onu əvvəlcədən görməsinə mane olan heç nə yox imiş. O, iki zolağı keçib sola doğru baxdıqda narıncı rəngli “İnfiniti” markalı avtomobilin təqribən 20-25 metr ondan uzaqda yolun sağdan üçüncü zolağı ilə gəldiyini görürmüş, ondan geridə gələn avtomobillər isə çox uzaqda imiş, yəni “İnfiniti” markalı avtomobil onun qarşısında olan zolaqdan keçdikdən sonra o, yolu keçə biləcəkmiş. Onun avtomobili görməyinə heç nə mane olmadığı kimi, avtomobilin sürücüsünün də onu görməsinə maneə yox imiş. Avtomobil hərəkət etdiyi zolaqla gəlsə imiş onun qarşısından keçib gedəcəkmiş, lakin sürücü avtomobili anidən ona tərəf istiqamətləndirmiş və onu vurmuşdur. Ona verilən “Həmin vaxt hansısa avtomobil “İnfiniti” markalı avtomobilin sizi görməsinə mane ola bilərdimi?” sualına cavab olaraq bildirmişdir ki, “İnfiniti” markalı avtomobil ilə onun arasından başqa avtomobil keçməmişdir, həmin yoldan keçən digər avtomobillər “İnfiniti” markalı avtomobilin sürücüsünün onu görməsinə mane ola bilməzdi. Hadisənin görüntüləri ona təqdim edildikdə daha yaxşı izah edə bilər. Ona verilən “Təqsirləndirilən şəxs anidən avtomobili sizə tərəf istiqamətləndirməsinin səbəbini nə ilə izah edirsiniz?” sualına cavab olaraq “Bu barədə dəqiq bir söz deyə bilmərəm. Ola bilsin ki, bu onun sürüş tərzidir və ya sürüş vaxtı ötmə əməliyyatı etmək istəyib və ya məni vurmadan arxamdan keçmək istəyib, ya da diqqəti yolda olmayıb. Hər halda onun məni qəsdən vurduğunu düşünmürəm. Mən onu tanımıram, onunla heç bir ədavətim yoxdur” deyə cavab vermişdir Məhkəmə baxışında Zərərçəkmiş şəxs nümayəndəsi Müdafiəçi2 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışlar, zərərçəkmiş şəxsə dəymiş ziyan tam ödənilmişdir, cinayət işi üzrə icraata xitam verilməsinə etiraz etmir. Məhkəmə baxışında mülki iddiaçı X3 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun doğma qardaşının oğludur. 24 may 2024-cü il tarixdə səhər saatlarında ona qardaşı oğlu Simarın yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət aldığını və “X6” xəstəxanasına yerləşdirildiyi bildirilmişdir. O, dərhal həmin xəstəxanaya getmiş, burada ona məlumat verilmişdir ki, Simar Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən “Astoria” hotelin qarşısında yolu piyada qismində keçmək istəyərkən sonradan tanıdığı Təqsirləndirilən şəxs adlı şəxsin idarə etdiyi “İnfiniti” markalı avtomobil ilə onu vurub xəsarət yetirmişdir. Simarın atası Xəqaninin maddi imkanı yaxşı olmadığından bir əmi kimi onun “X6” xəstəxanasında müayinə, müalicə və digər xərclərinə görə ümumilikdə 91453 manat 69 qəpik xərc çəkmiş, bununla bağlı qəbzlər istintaq tərəfindən əldə edilmiş bir hissəsini isə o təqdim etmişdir. Təqsirləndirilən şəxsə qarşı mülki iddia vermişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tam ödənilmişdir. Mülki iddiadan imtina edir və mülki iddia üzrə icraata xitam verilməsini xahiş edir. Mülki iddiaçı X3 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənildiyindən mülki iddiadan imtina edir. Məhkəmədən cinayət işi üzrə icraata və mülki iddia üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsi tərəfindən verilmiş 2/27848 nömrəli, xx.xx.2024-cü il tarixli “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair” protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 16:20-də müayinə olunan Təqsirləndirilən şəxs ayıq olduğu müəyyən edilmişdir. - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Nizami RPİ-i tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-13-16/2-89887/2024 nömrəli məktubdan görünür ki, xx xxxxxxxx 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə xx.xx.2028-ci il tarixədək etibarlı olan AC 358808 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər-hansı məlumat qeydə alınmamışdır. - diskə baxış keçirilməsi haqqında 08 iyul 2024-cü il tarixli protokoldan görünür ki, diskə baxış zamanı müəyyən edilmişdir ki, 01 ədəd diskdə 03 ədəd video fayl vardır. TŞ 4- 003-1-2024-05-24 adlı fayla baxış zamanı müəyyən edildi ki, fırlanan kamera vasitəsi ilə Bakı şəhəri, Nizami rayonu, Babək prospektinin şəhər mərkəzi və əks istiqamətli yolları və yol kənarı sahələri qeydə alınmışdır. Kameranın baxış bucağına şəhər mərkəzi istiqamətində sağ tərəfdə “Sərin Saray” adlı restoran düşür. Görüntülərin əks olunduğu ekranın sağ alt küncündə xx.xx.2024 yazısı yuxarı sol küncündə isə “Nizami Babək prospekti” yazıları qeyd edilmişdir. Sol yuxarı güşədə saat 08:46:16 olduqda narınclı rəngli, “İnfiniti” markalı avtomobilin hərəkət istiqamətinə münasibətdə soldan ikinci zolaqla şəhər mərkəzi istiqamətinə hərəkət etdiyi görünür, həmin avtomobil 08:46:20-də kameranın görüş bucağından çıxır, 08:47:05-də şəhər istiqamətində hərəkət edən avtomobillərin sürətlərinin azaldığı müşahidə edilir, 08:47:17-də narıncı rəngli, “İnfiniti” markalı avtomobilin sağdan ikinci və üçüncü zolağı ayıran xəttin üzərində dayandığı görünür. Saat 08:48:40-da həmin avtomobilin əks isiqamətli yol ilə hərəkəti görünür. Diskdə olan TŞ 4-003/2/-2024-05-24 adlı fayl baxış zamanı saat 08:49:51-də narıncı rəngli, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin soldan ikinci-sağdan üçüncü zolaqla şəhər mərkəzi istiqamətində hərəkəti müşahidə edilir. TŞ 4-003-3-2024-05-24 adlı faylda kameranın görüş bucağında əks olunduğu ekranın sağ tərəfində Babək prospektinin şəhər istiqamətinə, sol tərəfindən isə əks istiqamətli yol görünür. Həmin videoda ekranın yuxarı sol küncündə saat 08:46:20 olduqda narıncı rəngli, **-CX-*** dövlət qeydiyyat nişanlı “İnfiniti” markalı avtomobil hərəkət istiqamətinə münasibətdə soldan ikinci zolaqla hərəkətə davam edir. Saat 08:46:23 olduqda həmin avtomobil sağındakı zolağa doğru hərəkətlənir, kameranın görüş bucağından çıxır, digər avtomobillərin hərəkət sürəti aşağı düşür və dayanırlar. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/2007 saylı rəyinin nəticə hissəsindən görünür ki, “İnfiniti FX 35” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 62 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X5 canlı şəxsin ekspertizasına dair xx.xx.2024-cü il tarixli, 569 saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs daxili qanaxma və hemorragik şokla müşayiət olunan qaraciyərin travmatik cırılması, sağ bud sümüyünün orta 1/3-də qapalı yerinidəyişmiş sınığı, sol mil sümüyünün aşağı 1/3-də qapalı yerinidəyişmiş qəlpəli sınığı, ağciyərlərin kontuziya sahələri ilə müşayiət olunan döş qəfəsinin əzilməsi, sağ böyrəyin kontuziyası ilə müşayiət olunan geniş sahəli böyrəkətrafı hematoması, on iki barmaq bağırsağın peritonarxası sahəsinin kontuziyası ilə müşayiət olunan peritonarxası sahənin geniş ölçülü hematoması olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 24 may 2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 5(007)-595/2024 saylı,xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məxsus “İnfiniti” markalı, “FX 35” modelli, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, “İnfiniti” markalı, “FX 35” modelli, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin maddi sübut kimi tanınması və cinayət işi üzrə sübut növü olan 1 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, proses iştirakçılarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs və mülki iddiaçı ilə barışmış, vurulmuş zərəri tamamilə ödəmişdir və bu barədə zərərçəkmiş şəxsin nümayəndəsi və mülki iddiaçı ərizə vermişlər. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə görə bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş şəxsin zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilməsi ilə yanaşı, onun əməlinin inzibati məsuliyyətə səbəb olub-olmaması məsələsi araşdırılmalıdır. İşə baxılan zaman Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hər hansı bir inzibati xəta tərkibinin əlaməti müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.21-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri xitam olunmalı; cinayət işi üzrə maddi sübut olan “İnfiniti” markalı, “FX 35” modelli, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli, 5(007)-595/2024 saylı qərarı ilə qoyulmuş həbs götürülməli və avtomobil sahibi Təqsirləndirilən şəxs qaytarılmalı, cinayət işi üzrə sübut növü olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, məhkəmə məsrəfi olan 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikasının CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikasının CPM-nin 186.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. Azərbaycan Respublikasının CPM-nin 186.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Məhkəmə hesab edir ki, mülki iddiaçı X3 mülki iddiadan imtina etdiyindən və məhkəmə tərəfindən həmin imtina qəbul edildiyindən, mülki iddia üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 müqavilə əsasında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirmişdir, ona görə CPM-nin 193-cü maddəsinin tələbləri baxımından həmin vəkilə münasibətdə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.3, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri xitam olunsun. Mülki iddiaçı X3 tərəfindən verilmiş mülki iddia üzrə icraata xitam verilsin. Cinayət işi üzrə maddi sübut olan “İnfiniti” markalı “FX 35” modelli **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli 5(007)-595/2024 saylı qərarı ilə qoyulmuş həbs götürülsün və avtomobil sahibi Təqsirləndirilən şəxs qaytarılsın. Cinayət işi üzrə sübut növü olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 85 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-83/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-83/2025
15.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver