Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-84/2025 18.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X2, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,467 qram çəkidə psixotrop maddə metamfetamin əldə edərək üzərində saxlayıb daşımış, 07 oktyabr 2024-cü il tarixdə, saat 18:15 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 74 ünvanında yerləşən “Maklerlər bağı" adlanan parkda Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 81B ünvanında yerləşən Nizami RPİ-nin 24cü Polis şöbəsinə gətirilərək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki tünd göy rəngli cins şalvarının arxa sağ yan cibindən qara rəngli pul kisəsinin içərisindən 1 ədəd şəffaf selofan bükümdə təmiz çəkisi 0,467 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2 aydır ki, narkotik vasitələrdən istifadə edir. 07 oktyabr 2024-cü il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Nizami rayonu, «Maklerlər bağı» adlanan parkda olan zaman tanımadığı bir şəxslə ünsiyyəti yaranmış və ondan öz istifadəsi üçün 10 manata bir büküm metamfetamin almışdır. Həmin metamfetamin şəffaf sellofan bükümdə olmuş və o, bükümü sonra imkan olanda istifadə etmək üçün cibində olan pul kisəsinin içərisinə qoymuşdur. Elə həmin gün saat təxminən 18:15 radələrində «Maklerlər bağı» adlanan parkda piyada gəzişərkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra mənim narkotik maddənin əldə edilməsi, istifadəçisi kimi şübhəli olduğumu bildirib məni Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə dəvət etmiş, o da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə 24-cü Polis Şöbəsinə gəlmişdir. Polis Şöbəsində ona vəkil dəvət edilmiş, inzibati otaqların birində vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı ona üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa onları təqdim etməyi təklif olunmuşdur. Bundan sonra o, əynində olan tünd göy rəngli cins şalvarın arxa sağ cibindən qara rəngli pul kisəsini, həmin şalvarın sağ yan cibindən qara rəngli «Samsung A15» markalı və həmin şalvarın sol yan cibindən isə qara rəngli «Samsung C2 Core» markalı mobil telefonları təqdim etmişdir. Daha sonra da qara rəngli pul kisəsinin içərisində saxladığı bir ədəd şəffaf sellofan bükümü onlara təqdim edərək həmin bükümdə «patı» kimi tanıdığı narkotik maddə olduğunu, həmin bükümü tutulduğu gün və tutulduğu parkda tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Törətdiyi əməldən səmimi peşman olmasını, himayəsində 2 uşağının olmasını, atasının əlil olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74 ünvanda yerləşən «Maklerlər bağı» adlanan parkda Etibar adlı şəxsin narkotik vasitələrin istifadəsi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə 07 oktyabr 2024-cü il tarixdə 24-cü Polis şöbəsinə əməliyyat məlumatı daxil olmuş, ondan və şöbənin digər əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirdikləri əməliyyat tədbirləri nəticəsində 07 oktyabr 2024-cü il tarixdə, saat 18:15-də Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74 ünvanda yerləşən «Maklerlər bağı» adlanan parkda zahiri görünüşü Etibar adlı şəxsə uyğun gələn şəxs tərəflərindən saxlanılmışdır. Onlar saxladıqları şəxsə özlərini təqdim edərək polis əməkdaşı olduqlarını, həmin şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Həmin şəxsə onlarla 24-cü Polis şöbəsinə getməli olduğunu bildirdikdə o, etiraz etməmiş, onu şöbənin inzibati binasına gətirmiş və bu barədə şöbə rəhbərliyinə raport vermişlər. Polis şöbəsində təhqiqatçı tərəfindən zəruri prosessual hərəkətlər həyata keçirilmiş və vəkil dəvət edilmişdir. Eləcə də həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Daha sonra onların və vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı ilk əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa onu təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs da əynində olan tünd göy rəngli cins şalvarının arxa sağ cibindən qara rəngli pul kisəsini, şalvarın sağ və sol yan ciblərindən iki ədəd mobil telefonu təqdim edib masanın üzərinə qoymuşdur. Daha sonra da qara rəngli pul kisəsinin içərisində saxladığı bir ədəd şəffaf sellofan bükümü təqdim etmişdir. Təhqiqatçı bükümü açdıqda onun içərisində ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər maddə olduğu görünmüşdür. O, həmin bükümdə «patı» kimi tanıdığı narkotik maddə olduğunu, həmin bükümü həmin gün saxlanıldığı parkda tanımadığı şəxsdən 10 manata öz istifadəsi uçün aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili Şahid2 şahid Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 6/4822 saylı, 08 oktyabr 2024-cü il tarixli ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün № 164” dairəvi möhür əksi olan, “Şübhəli şəxs: Təqsirləndirilən şəxs" sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,467 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Amblator X1 xx.xx.2024-cü il tarixli, 6740 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmasına və məhkəmə hökmü ilə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməsinə baxmayaraq, yenidən qəsdən cinayətlər törətməsi onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi nəzərə alınmalıdır. Hazırki halda şəxsə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın təyini, məhkumun islah olunması və onun tərəfdən yenidən cinayət törədilməsinin qarşısının alınması kimi cəzanın məqsədinə nail olunmasını istisna edir. Həmçinin Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(008)-38/2025 saylı qərarı ilə AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, onun barəsində hazırkı iş üzrə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın təyin edilməsi məqsədəmüvafiq deyildir. Məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. İş materiallarına əlavə edilmiş DİN-in BƏSİİ-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib, hər ay qazancından dövlət nəfinə 20 faizi məbləğində pul tutulmaqla 06 ay müddətinə islah işləri cəzası təyin edilmişdir. Həmçinin, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 67.1-ci maddəsinə əsasən 01 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə AR Milli Məclisin xx.xx.2016-cı il tarixli amnistiya qərarına əsasən azad edilmişdir. AR CM-nin 18.4.3-cü maddəsinin tələbinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2024-cü il tarixdə, saat 19:40 radələrində şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirilmiş və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bununla da o, 02 gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(008)-38/2025 saylı qərarından görünür ki, AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351- 353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 09 ay (doqquz ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 08 ay 28 gün (səkkiz ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm çıxarıldığı vaxtdan, yəni 18 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Həmçinin barəsində istintaqı aparılan ********* saylı cinayət işi üzrə həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 65 manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,417 qram psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 150 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-84/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-84/2025
18.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver