Məhkəmə qərarları › İş №1(007)-85/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-85/2021

18.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-85/2021 18.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta-ixtisas təhsilli, “Delta” LLC-də satış təmsilçisi işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi, 23 saylı evin 38 saylı mənzilində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, xx xxxxxxxx 2019-cu il tarixdə, təxminən saat 14:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 61 saylı ünvanda yerləşən “Kolxoz bazarı” kimi tanınan ərazidə əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs onun anası Şahid2 diqqətlə nəzər yetirməsini bəhanə gətirib, Zərərçəkmiş şəxs üstünə gedərək onunla mübahisə etməyə başlayıb hüquqazidd davranışı ilə öz üstünlüyünü nümayiş etdirmək məqsədilə, özünü ətrafdakılara qarşı qoyub, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuraraq, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozub Zərərçəkmiş şəxs ünvanına ucadan qeyri-etik, nalayiq ifadələr səsləndirərək ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcəcə laqeydlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq və bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik etmiş və öz hüquqazidd hərəkətlərini daha qabarıq şəkildə davam etdirərək Zərərçəkmiş şəxs üstünə hücum edib qəsdən yumruqla başına və sifət nahiyələrinə çoxsaylı zərbələr vurub Zərərçəkmiş şəxs hər iki gözətrafı nahiyəsində hematomalar, hər iki gözün ağlı qişasının qansızmalar və sol alın nahiyəsinin əzilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə zərərçəkmiş şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərdən ibarət xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, xx xxxxxxxx 2019-cu il tarixdə günorta saatlarında anası Şahid2 ilə birlikdə meyvə-tərəvəz almaq məqsədi ilə Nizami rayonu, 8-ci km bazarının meyvə-tərəvəz satılan yerində anası Şahid2 ilə birlikdə meyvə satılan piştaxtanın qarşısından keçən zaman adını bilmədiyi təxminən 50-60 yaşlı bir kişinin anasına baxdığını görüb ondan nə üçün baxdığını soruşan zaman həmin şəxs ona heç kimə baxmadığını bildirmişdir. Bundan sonra o, həmin şəxsə anası Şahid2 evə yola salıb gələcəyini bildirərən zaman həmin şəxs ona qələt elədiyini bildirərək, dayanmış olduğu piştaxtanın arxa hissəsindən çıxıb nalayiq ifadələr işlədərək, onun üstünə gəlmiş, iki əli ilə sinəsindən itələmişdir. Bu zaman orada olan tanımadığı şəxslər onları aralamağa başlamışlar. O, sakit tərzdə həmin şəxsdən yenidən söz soruşan zaman həmin şəxs ona anası Şahid2 yanında pis formada ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsindən əsəbləşərək, sağ əli ilə yəni, yumruqla həmin şəxsin sifət nahiyəsindən zərbə endirmişdir. Bu zaman da yenidən tanımadığı şəxslərdən biri onun qurşağ hissəsindən tutub kənara çəkmişlər. O da mübahisənin böyüyəcəyini düşünərək, oradan uzaqlaşmışdır. Lakin, anası Şahid2 orada qalmış, daha sonra həmin vaxt anası Şahid2 PŞ-nə gətirildiyini öyrənib, sonra özü şəxsən polis şöbəsinə gəlmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. xx xxxxxx 2021-ci ildə Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, o, Nizami rayonu, 8-ci kilometr bazarında mövsümə aid olan meyvə-tərəvəz alıb-satmaqla məşğuldur. Həmin bazarda onunla birlikdə arvadı Şahid1 da işləyir. xx xxxxxxxx 2019-cu il tarixdə, təxminən saat 14 radələrində o, bazarda işlədiyi tanışları ilə birlikdə yemək yeyib bitirdikdən sonra bir az dincəlmək üçün yerindən durmamış və oturduğu yerdə qalaraq əlini yanağının üzərinə qoyub ətrafa baxmağa başlamışdır. Bu zaman əvvəllər tanımadığı bir nəfər oğlan ona yaxınlaşıb və “anama niyə baxırsan?” demiş, o da həmin şəxsə heç kimə baxmadığını bildirərək, heç kimlə işinin olmadığını demiş və çıxıb getməsini söyləmişdir. Həmin şəxs ona anasını evə yola salıb gələcəyini demiş, lakin o, yenə də həmin şəxsin anasına baxmadığını, gedib-gəlməsinin lazım olmadığını və sözünü deməsini bildirmişdir. Bu zaman həmin şəxs yenə də ona anasına baxdığını dedikdə o, bu mövzuda yalan danışanı söymüş və bu zaman həmin oğlan özünə məxsus mobil telefonu onun üzərinə atmış, lakin telefon ona dəyməmiş və ona yaxınlaşaraq baş nahiyəsindən yumruqla bir neçə dəfə vurmuş və daha sonra kəllə ilə sifət nahiyəsindən vurmağa başlamışdır. Həmin şəxs kəllə ilə onun sifət və alın nahiyəsindən təxminən 6-7 dəfə vurduqdan sonra onun halsız olduğunu görüb onu buraxmışdır. Həmin oğlan onu vurmağa başladıqda ətrafda olan şəxslər həmin şəxsi ondan ayırmağa çalışsalar da buna nail ola bilməmişlər. Həmin oğlan ondan əl çəkdikdən sonra qaçıb getmiş və ətrafdakılar onu yerdən qaldırmış və oturmağa köməklik göstərmişlər. Təxminən 1-2 dəqiqə sonra o, özünə gəlmişdir. Hadisə baş verən anda arvadı evə bazarlıq etməyə getmiş, daha sonra arvadı Şahid1 gəlmiş və ona yaxınlaşaraq halı ilə maraqlanmış və ətrafa “onu döyən oğlanın kimi varsa gəlib mobil telefonunu götürsün” dedikdə kənardan bir nəfər qadın onlara yaxınlaşaraq onun zoğal satdığı piştaxtasını alt-üst edərək qışqırıb nalayiq ifadələr işlətməyə başlamışdır. Bu zaman polis əməkdaşları hadisə yerinə gəlmiş, onu, arvadını, onu döyən və adının sonradan Təqsirləndirilən şəxs bildiyi şəxsin, sonuncunun anasını 24-cü PŞ-nə dəvət etmişlər. xx xxxxxx 2021-ci ildə Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ilə ondan üzr istədiyi üçün barışdığını, sonuncuya qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında Zərərçəkmiş şəxslə oxşar məzmunlu ifadə verdi. İş materiallarında olan canlı şəxsin ekspertizasının xx xxxx 2020-ci il tarixli, 09/979 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs hər iki gözətrafı nahiyəsində hematomalar, hər iki gözün ağlı qişasının qansızmaları və sol alın nahiyəsinin əzilmiş yarası xəsarətləri olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx xxxxxxxx 2019-cu il tarixdə alınmaları mümkündür və dərəcələrinə görə həm ayrıayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs hərəkətlərində hər hansı bir cinayətin tərkib əlamətləri olmadığından, onun barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, Şahid2 hərəkətlərində Azərbaycan Respublikası CM-in 297 və 298-ci maddələrinin tərkib əlamətləri olmadığından cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işinin bəzi istintaq sənədlərində zərərçəkmiş şəxsin adının “Şarif”, ata adının isə “Yusif” kimi göstərilməsinin texniki səhv kimi qiymətləndirilərək, iş üzrə zərərçəkmiş şəxsin adının “Sarif”, ata adının isə “Yusub” kimi oxunması və.s. qərara alınmışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinin 1-ci hissəsinə və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu məhkəmə təcrübəsinə dair məsələlər üzrə məhkəmələrə izahlar verir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin qərarın 4-cü bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Cinayət işinin məhkəmədə baxılması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs heç bir səbəb olmadan ictimai qaydanı kobud surətdə pozmuş və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlər etmiş, gediş-gəlişin olduğu yerdə, yəni Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 61 saylı ünvanda yerləşən “Kolxoz bazarı” kimi tanınan ərazidə, Zərərçəkmiş şəxs qarşı zor tətbiq edərək, qəsdən yumruqla başına və sifət nahiyələrinə çoxsaylı zərbələr vurub Zərərçəkmiş şəxs hər iki gözətrafı nahiyəsində hematomalar, hər iki gözün ağlı qişasının qansızmalar və sol alın nahiyəsinin əzilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə zərərçəkmiş şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərdən ibarət xuliqanlıq etmişdir. Bununla da Təqsirləndirilən şəxs öz davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmiş, özünü ətrafdakılara qarşı qoymuş və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik göstərmiş, əxlaq normalarını kobud surətdə pozmuşdur. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunmayan şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona islah işləri növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 44 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 32 iş saatı, cəmi 76 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 456 (dörd yüz əlli altı) manat (76x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla, 01 (bir) il müddətinə islah işləri növündə cəza təyin edilsin. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs qazancından tutulmalar aparılmağa başlandığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs 76 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 456 (dörd yüz əlli altı) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar