Məhkəmə qərarları › İş №1(007)-85/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-85/2022

25.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-85/2022 25.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsində məhkum kimi cəza çəkərkən «Cəzaçəkmə müəssisələrinin X6» ilə qadağan edilmiş əşya sayılan kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat təyinatlı bıçağı istintaqa məlum olmayan mənbədən əldə edərək özündə saxlamaqla gəzdirmiş və ondan istifadə etməklə xx.xx.2021-ci il tarixdə saat 19:00 radələrində müəssisənin yaşayış sahəsində qeydiyyatda olduğu 4 saylı dəstənin yataqxanasında öz yataq yerində ailə problemləri fonunda özünün qarın nahiyyəsinə həmin bıçaqla xəsarət yetirmiş və bunu aşkar edən 1 saylı Cəzaçəkmə Müəssisəinin əməkdaşları tərəfindən Penitensiar Xidmətin Müalicə Müəssisəsinə göndərildikdən sonra bıçaq üzərindən götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 145.2.4, 145.2.5, 149.2.1, 150.2.1, 150.2.5, 181.2.1, 181.2.2, 181.2.5 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkərkən xx.xx.2021-ci il tarixdə təxminən saat 19:00 radələrində qeydiyyatda olduğu 4-cü dəstənin yataqxanasında kustar üsulla hazırlanmış bıçaqla qarın nahiyyəsinə xəsarət yetirmişdir. Həmin bıçağı hadisədən təxminən 1-2 gün əvvəl Cəzaçəkmə Müəssisəsinin zibilliyinin yanından tapmışdır. Ailə problemləri ilə əlaqədar özünə xəsarət yetirmiş, müəssisə əməkdaşları və məhkumlarla heç bir problemi olmamış, müəssisədə ona qarşı heç bir fiziki, psixoloji təsir və təziq edilməmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib, cinayət işinin materiallarını əlaqəli şəkildə tədqiq edib, dövlət ittihamçısının çıxışını və müdafiəçinin təklifini nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsindən başqa iş üzrə toplanmış sübutlarla da tam təsdiq edilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsində nəzarətçi işləyir. xx.xx.2021-ci il tarixdə saat 19:00 radələrində məhkum Təqsirləndirilən şəxs qeydiyyatda olduğu 4 saylı dəstənin yataqxanasında çarpayıda uzanmış vəziyyətdə küstar üsulla hazırlanmış kəsici-deşici alətlə qarın nahiyyəsinə xəsarət yetirdiyini görmüş və dərhal müəssisə rəhbərliyinə məlumat vermişdir. Hadisə yerinə müəssisə əməkdaşları gəlmiş, məhkum Təqsirləndirilən şəxs müəssisənin tibbi-sanitar bölməsinə aparılmış, sonuncuya ilkin tibbi yardım göstərilmiş, müayinə zamanı qarın boşluğuna nüfuz edən deşilmiş yara aşkar edildiyinə görə Penitensiar Xidmətin Müalicə Müəssisəsinə göndərilmişdir. Məhkum Təqsirləndirilən şəxs əməliyyat olunmuş və kəsici-deşici alət götürülərək sənədləşdirilmişdir. Cəzaçəkmə Müəssisələrinin X6na əsasən kəsici-deşici alətlər məhkumlar üçün qadağan olunmuş əşyaların siyahısına aiddir. Məhkum Təqsirləndirilən şəxs özünə xəsarət yetirməsinin səbəbini ailə roblemləri ilə izah etmişdir. Sonuncuya müəssisə əməkdaşları və məhkumlar tərəfindən fiziki və psixoloji təsir, habelə təziq edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid8 və Şahid7 işin faktiki hallarına və Şahid4 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 19:40 radələrində özünə xəsarət yetirərək 1 saylı X1 Müəssisəsinə təcili müşaiyyət ilə “Qarnın ön divarına nüfuz edən kəsilmiş-deşilmiş yarası” diaqnozu ilə daxil olmuş məhkum Təqsirləndirilən şəxs müəssisəyə daxil olarkən qarnın ön divarına yeridilmiş şəkildə olan uzunluğu təxminən 13,5 sm olan kustar üsulla hazırlanmış kəsicideşici alət cərrahi əməliyyat nəticəsində götürülmüş, xüsusi zərfə qoyularaq möhürlənmişdir. İş materiallarında olan tibbi arayışdan görünür ki, məhkum Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə 1 saylı Cəzaçəkmə Müəssisəsindən "xxxx" diaqnozu ilə Müalicə Müəssisəsinə köçürülmüşdür. Bədən səthinin vizual müayinəsi zamanı sol yan səthində deşilmiş yara izlənilmiş, aparılan müayinələrlə deşici alətin qarın boşluğuna keçməsi təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs üzərində təcili «Laparotomiya. Yad cismin xaric edilməsi. Böyük piyliyin tikilməsi. Qarın boşluğunun sanasiyası və drenajlanması» cərrahi əməliyyatı icra edilmişdir. Əməliyyat və sonrakı dövr fəsadsız keçmiş, yara birincili sağaldıqdan sonra Ə.İmaməliyev kafi vəziyyətdə xx.xx.2021-ci il tarixdə gətirildiyi müəssisəyə göndərilməsi üçün şöbədən yazılmışdır. İş materiallarında olan məhkəmə-kriminalistik ekspertizasının xx.xx.2021-ci il tarixli 3/1519 №-li ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş bir ədəd predmet əldəqayırma üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı bıçaqdır, soyuq silah hesab edilmir. İş materiallarında olan 15 noyabr 2021-ci il tarixli qərardan görünür ki, 1 ədəd əldəqayırma üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı bıçaq maddi subut kimi tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2011-ci il tarixli 7 №-li kollegiya qərarı ilə təsdiq edilmiş «Cəzaçəkmə müəssisələrinin X6»nın 11ci əlavəsinin çıxarışından görünür ki, konstruksiyasına görə soyuq silaha oxşar kəsici və deşici alətlər məhkumlar üçün saxlanılması və istifadəsi qadağan olunmuş əşyaların siyahısına aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 145.2.4, 145.2.5, 149.2.1, 150.2.1, 150.2.5, 181.2.1, 181.2.2, 181.2.5, 66.3-cü maddələri ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzaçəkmə müddətinin əvvəli 29 dekabr 2016-cı il tarixdən hesablanmışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutların məcmuyuna əsasən qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir (CM-nin 15-ci maddəsi). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, yeni hökm üzrə təyin ediləcək cəzaya Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə ona təyin edilmiş cəzanın çəkilməmiş hissəsi qismən birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Təqsirləndirilən şəxs Ə.H.X4 Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü üzə çəkilməmiş cəzası 6 il 10 ay 3 gün təşkil edir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut – 1 ədəd kustar üsulla hazırlanmış bıçaq məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə əsaslar müəyyən etmir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi 60 iş saatı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 360 (üç yüz altmış) manat (60x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X3 dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi yeni hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 25 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi üçün barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut - 1 ədəd kustar üsulla hazırlanmış bıçaq məhv edilsin. Təqsirləndirilən şəxs 60 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X3 VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 360 (üç yüz altmış) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami rayon məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar