Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-85/2024 31.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1991-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmamış, Sabirabad şəhəri, X.Səfərəliyev küçəsi ev 5-də qeydiyyatda olmaqla yaşayan, 31 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 02 sentyabr 2023-cü il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, o, 08 iyul 2023-cü il tarixdə saat 23 radələrində ünvan 1 ünvanında yerləşən “Manisa” şadlıq sarayının giriş qapısının qarşısında dayanmış, həmin tarixdə iştirak etdiyi toy məclisində tanış olduğu Zərərçəkmiş şəxs yaxınlaşaraq sonuncunun az əvvəl özünü ona polis əməkdaşı kimi təqdim etməsini cüzi səbəb kimi bəhanə edərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fovqündə qoyub ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edib bir dəfə yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsindən qəsdən vuraraq sonuncuya sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid sol almacıq sümüyünün kompleks yerdəyişmə ilə və orbitanın arxa divarının sınığı, sifətin sol yarısının şişkinlik halında əzilməsi, sol qaşın bayır bucağı nahiyəsinin əzilmiş-cırılmış yarasından ibarət xəsarətlər yetirərək xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 10 ilə yaxındır ki, fərdi olaraq müxtəlif restoranlarda ofisiant kimi fərdi olaraq fəaliyyət göstərir. Bibisi nəvəsi X1 08 iyul 2023-cü il tarixdə nişan məclisi keçirilmiş, qonaq kimi dəvət olunduğundan Baki şəhəri Nizami rayonunda yerləşən “Manisa” şadlıq sarayında nişan mərasimində iştirak etmişdir. Məclisdə təxminən saat 18:00 radələrindən etibarən iştirak etmiş, bəy qohumu olduqundan orada olan masalara nəzarət edərək qonaqlara qulluq etmişdir. Orada masaların birində əyləşən, əvvəllər tanımadığı, adını Bəhruz kimi təqdim edən şəxs onuna görüşüb özünü bəyin dostu və polis əməkdaşı kimi təqdim edərək əvvəllər Yasamal rayonunda yaşadığını, guya onu əvvəllər orada gördüyünü demişdir. Sonra Bəhruzla bir masa arxasında əyləşib spirtli içki içdikləri vaxt özünü “Baş mütəşəkkil cinayətkarlıqla mübrizə idarəsinin” əməkdaşı kimi təqdim edərək heç bir səbəb olmadan ona hədə-qorxu gələrək guya həmin idarənin zirzəmisinə aparıb ona zor və fiziki güc tətbiq olunacağını demişdir. O, Bəhruzun spirtli içki təsiri altında olmasını bilərək onun dediyi sözlərə əhəmiyyət verməmiş, pis halda olduğundan ehtiyac varsa taksi ilə yaşadığı evə yola salmağı təklif etmiş, Bəhruz buna etiraz edərək masadan aralaşmışdır. Bir neçə vaxt sonra o, siqaret çəkmək məqsədi ilə şadlıq sarayından çıxanda Bəhruzu görmüşdür. Bəhruz restoranın qarşısında bir nəfər ofisiantla söhbət etmiş, söhbət zamanı onun da ofisiant kimi işlədiyini deməsini eşidərək Bəhruza yaxınlaşmış, ona qarşı nə səbəbdən o cür sözlərini deməsini soruşduqda, Bəhruz ona “səninlə mırtlaşıram və məzələnirəm” demiş, aralarında sözlə mübahisə baş vermişdir. Həmin vaxt o, Bəhruzun sifətinin sol nahiyəsindən bir dəfə yumruqla vurmuşdur. Ətraflarında olan digər tanımadığı şəxslər onu sakitləşdirmişlər. Bəhruz isə şadlıq sarayının həyətini tərk edərək naməlum istiqamətdə getmişdir. Növbəti gün Bəhruz ona zəng edərək guya onun sifət nahiyəsindən “beşbarmaq”la vurub ona ağır xəsarət yetirməsi nəticəsində Bakı şəhəri 1 saylı xəstəxanasında əməliyyat olunmalı olduğunu, ümumilikdə müxtəlif dərmanların alınmasına görə 1500 manat pul lazım olduğunu, bununla bağlı şikayət edəcəyini demişdir. O, Bəhruza maddi durumu pis olduğundan ona heç bir köməklik edə bilməyəcəyini demişdir. Növbəti gün onu tanımadığı nömrədən zəng gəlmiş, özünü Bəhruzun qardaşı Malik kimi təqdim edən şəxs qardaşının hazırda xəstəxanada olduğunu və əməliyyat üçün pul lazım olduğunu demişdir. O, mobil telefonunu Sabirabad rayonunda mobil telefon mağazalarının birində 141 manata satmış, atası da üstünə pul qoymuş və o, Maliklə Bakı şəhərində görüşüb ona 300 manat pul vermişdir. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərmişdir ki, o, Bəhruzun sifətinin sol nahiyəsindən yalnız bir dəfə sağ yumruğu ilə vurmuş, həmin vaxt sağ əlinin barmağında adi gümüş üzük olmuşdur. O, özünü CM-nin 127.2.3-cü maddəsi ilə verilmiş ittiham üzrə yox, CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilir. Etiraf edir ki, zərərçəkmiş şəxslə sözləri bir-birinin xoşuna gəlməmiş, mübahisələri yaranmış, zərərçəkmiş şəxs ondan əl çəkmədiyinə görə onu çölə dəvət etmiş və orada onu bir dəfə yumruqla vurmuşdur. Əməlinin CM-nin 127.1-ci maddəsinı tövsif olunmasını, bu əməlindən peşman olduğunu və zərərçəkmiş şəxslə barışdığını nəzərə almaqla barəsindəki işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında dindirilməsi mümkün olmamışdır. Belə ki, zərərçəkmiş şəxs 24 noyabr 2023-cü il tarixdə iş üzrə məhkəmə hazırlıq iclasında iştirak etmiş, daha sonra 12 yanvar 2024-cü il tarixdə məhkəmənin baxış iclasına gəlmiş, təqsirləndirilən şəxsin müdafiəçisi iştirak etmədiyindən məhkəmə iclası təxirə salınmış, həmin tarixdə zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ona vurduğu ziyanı ödədiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayətinin və tələbinin olmadığını göstərmiş, onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq, zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını və onun məhkəməyədək icraat zamanı verdiyi ifadəsinin elan olunaraq tədqiq edilməsini mümkün hesab etmişdir. Zərərçəkmiş şəxs sözügedən ifadəsində göstərmişdir ki, təxmirən 4 aya yaxındır ki, “Grand Neon” şadlıq sarayında fərdi olaraq ofisiant kimi fəalyyət göstərir. 08 iyul 2023-cü il tarixdə onunla birlikdə ofisiant kimi işləyən Ceyhun adlı şəxsin nişan tədbiri olacağından, o, həmin tarixdə təxminən saat 21:00 radələrində iş yerindən çıxaraq birbaşa Ceyhunun nişan tədbirinin keçirildiyi “Manisa” şadlıq sarayına getmişdir. Ora getdikdə məclisdə olan birlikdə işlədiyi və bir neçə tanımadığı insanları bəyin qardaşı Ələsgər masaya əyləşdirmişdir. Masada qonaqlarla qida məhsulları və spirtli içkilər qəbul etmişlər. Bir neçə saat sonra o, Ələsgərə yaxınlaşıb bəyin iş yoldaşları kimi təqdim edərək mikrofonla ona xoş sözlərini deyib birlikdə rəqs etmək istədiklərini dedikdə, Ələsgər ona zarafatla məclisi aparan tamadaya onu polis əməkdaşı kimi təqdim etdiyini demiş, o da tamadaya düzgün, yəni bəyin iş yoldaşları olmalarını tamadaya bildirməsini deyərək yenidən masaya yaxınlaşıb əyləşmişdir. Bir neçə dəqiqə sonra arxasına çönərək arxa masada əyləşən tanımadığı, lakin üz siması ona tanış gələn şəxsi görərək onunla görüşüb tanışlıq vermiş, əvvəllər Yasamal rayonunda qaldığını demiş, həmin şəxs də özünü Ataş kimi təqdim etmişdir. Daha sonra o, yenidən öz masasına əyləşərək spirtli içkilər qəbul etmişdir. Təxminən 20 dəqiqə sonra bayırda siqaret çəkmək niyyəti ilə masa arxasından çıxanda Ataşla üz-üzə gəlmiş, sonuncu ondan polis olduğunu soruşduqda, o, həmin şəxsə ofisiant və bəyin iş yoldaşı olduğunu deyərək sonuncunun qardaşı Ələsgərin zarafat etdiyini demişdir. Onda həmin şəxs əli ilə onlarla birlikdə işləyən Nurlan adlı şəxsə işarə edərək zarafatla sonuncunun da polis olduğunu deyərək onunla xoş ünsiyyət yaradaraq gülmüşdür. O, sonra yenidən əyləşdiyi masa arxasına əyləşib ofisianta bir şüşə qabda olan 0,7 lt həcimində araq gətirtmiş, ona təxminən 30 milliqram rumkasına süzərək həmin şüşə qabda, dolu olan arağı buz qabının içərisinə qoymasını demişdir. Ofisiant dediyini etmiş, sonra təxminən bir neçə dəqiqə keçdikdə həmin şüşə qabın buz qabının içərisində olmadığını görərək üzbə-üz oturan əvvəllər tanımadığı lakin həmin məclisdə tanıdığı bəyin dostu Kamildən şüşə qabda dolu olan arağın harda olmasını soruşmuşdur. Kamil bu haqda xəbəri omadığını demişdir. Həmin məclisin bitmə vaxtı gəldikdə o, Kamillə birlikdə şadlıq sarayından çıxaraq giriş qapısının qarşısında siqaret çəkirək söhbət etmişdir. Bu an Ataş şadlıq sarayının giriş qapsından çıxaraq onlara tərəf gəlmiş və əlini çirmələyərək sağ əlinə qara rəngli dəqiq bilmədiyi, lakin beşbarmaq kimi soyuq silahın olmasını zənn etdiyi əşyanı barmaq hissəsinə keçirdərək qəflətən onun sifətinin sol nahiyəsindən bir dəfə yumruqla vurmuşdur. O, içki təsiri altında olduğuna görə bu cür hərəkəti gözləmədiyindən bir neçə saniyəlik anlaqsız vəziyyətə düşərək sifətində olan ağrıdan üz nahiyəsini iki əllə tutaraq gözlərini yummuşdur. Gözlərini açdıqda yanında heç bir kəsin olmadığını görüb Ataşın şadlıq sarayının həyətini tərk etməsini düşünərək oranı tərk etmişdir. O, mobil telefon vasitəsi ilə DİN-nin 102 zəng məlumat mərkəzinə zəng edərək hadisənin baş verməsini demək istədikdə, məclisdə olan iş yoldaşları onun yanına gələrək telefonu əlindən alaraq ilk növbədə təcili tibbi yardıma zəng etməklərini demişlər. Növbəti gün səhər saatlarında sifət nahiyəsinin sol göz altının şişməsi, göyərti olması səbəbindən 1 saylı Bakı şəhər kliniki xəstəxanasına getmişdir. Orada həkimlər tərəfindən müayinə olunmuş, məlum olmuşdur ki, sol gözünün almacığı üç yerdən sınmışdır. O, xəstəxanadan çıxaraq yaşadığı mənzilə getmişdir. Evə çatdıqda Ataş adlı şəxsin mobil telefon nömrəsini taparaq sonuncu ilə əlaqə yaradıb nə səbəbdən onu vurmasını və ona yetirdiyi xəsarətin nəticəsində əməliyyat pulunu ödəməsini demişdir. Həmin şəxs ona cavab olaraq “sən polissən və sənin hərəkətlərindən xoşum gəlmədiyi üçün vurdum, get polisə şikayət et” kimi sözlərini deyərək dəstəyi asmışdır. 10 iyul 2023-cü il tarixdə o, yenidən həmin xəstəxanaya getmiş və orada sifət nahiyəsindən çərrahiyə əməliyyatı olunmuşdur. Bir neçə gün sonra ona məlum olmuşdur ki, onu vuraraq xəsarət yetrimiş şəxsin Ataş ləqəbidir, əsl adı isə Təqsirləndirilən şəxsdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 31 avqust 2023-cü il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 09 iyul 2023-cü il tarixli 2/21625 nömrəli tibbi müayinə aktından görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdə saat 01:47-də keçirilən müayinəsi zamanı onun “orta dərəcəli sərxoşluq vəziyyəti”ndə olması müəyyən edilmişdir. (i.v. 5) - 11 iyul 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 11-12) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsin canlı şəxsin məhkəmə-tibbi ekspertizasına dair 21 iyul 2023-cü il tarixli 675 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sol almacıq sümüyünün kompleks yerdəyişmə ilə və orbitanın arxa divarının sınığı, sifətin sol yarısının şişkinlik halında əzilməsi, sol qaşın bayır bucağı nahiyəsinin əzilmiş-cırılmış yarası olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. (i.v. 23-24) - 31 avqust 2023-cü il tarixli protokoldan görünür ki, müstəntiq tərəfindən Zərərçəkmiş şəxs iştirakı ilə onun ifadəsinin yerində yoxlanılması keçirilmişdir. (i.v. 38) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsin əlavə məhkəmə-tibbi ekspertizasına dair 28 sentyabr 2023-cü il tarixli 28/675 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sol almacıq sümüyünün kompleks yerdəyişmə ilə və orbitanın arxa divarının sınığı, sifətin sol yarısının şişkinlik halında əzilməsi, sol qaşın bayır bucağı nahiyəsinin əzilmiş-cırılmış yarası olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Xəsarətlərin lokalizasiyasına və xüsusiyətlərinə əsasən demək olar ki, həmin xəsarətlər həm beşbarmaq vasitəsilə, həmçinin də barmağında olan üzüyün təsirindən törənə bilərdilər. (i.v. 95-97) - 10 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsindən həmin Məcəllənin 127.2.3-cü maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona həmin maddə ilə yenidən ittiham elan edilmiş, onun barəsində Azərbaycan Respublikası CM-nin 221.3 və 228.4-cü maddələri ilə cinayət işinin başlanılması rədd edilmişdir. (i.v. 99-103) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarının 5-ci bəndinə əsasən məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adamöldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edib, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilməsi hüququdur, buna baxmayaraq təqsirləndirilən şəxs işin faktiki hallarına uyğun ifadə vermişdir. Müdafiə tərəfinin mübahisələndirdiyi məsələ əməlin hüquqi tövsifi ilə bağlıdır, hansı ki, cinayət əməlinin baş verdiyi anda Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi onun təhlükəli davranışında özünü biruzə vermişdir, zərərəçəkmiş şəxs həmin münaqişənin təşəbbüskarı olmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, müdafiə tərəfinin məhkəmə iclasında irəli sürdüyü dəlillər təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirmək məqsədi daşıdığından nəzərə alınmamalıdır, cinayət işi üzrə əməlin tövsif edilməsi və icraata xitam verilməsi üçün hüquqi əsaslar müəyyən edilməmişdir. Ona görə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 127.2.3-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan (qəsdən sağlamlığa ağır zərər vurma) nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma - ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 31 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəx qismində həmin tarixdə tutulmuşdur. (i.v. 49) - 02 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Nizami RPİ-nin MSY-dən azad edilmişdir. (i.v. 80-81) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 27 sentyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 92) -Zərərçəkmiş şəxs 04 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri 26 saylı notariat ofisində təsdiqlənmiş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halın isə olmamasını, habelə cinayətin törədilməsindən sonra hal-hazıradək ötən müddətdəki və məhkəmə iclasındakı davranışını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, o cümlədən cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 31 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 02 sentyabr 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə tutmadan azad edilmişdir. Ona görə məhkəmə hesab edir ki, həmin 02 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunacaq cəzanın müddətindən çıxılaraq, təqsirləndirilən şəxsin üzərində qəti müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Sabirabad rayonunun ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməli olan cəza nəzərə alınmaqla, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, zərərçəkmiş şəxs tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə qarşı mülki iddia verməmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından, vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla əmək haqqı müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 31 avqust 2023-cü il tarixdən 02 sentyabr 2023cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Sabirabad rayonunun ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 30 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi 180 manat əmək haqqı müvafiq hesablaşma hesabı üzərindən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-85/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-85/2024
31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver