Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-85/2025 11.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının Məhkəmə iclasının katibi: X1 oğlunun Dövlət ittihamçısı: Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Zərərçəkmiş şəxsin etibarnamə üzrə nümayəndəsi: Şahid iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Gürcüstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi olaraq taksi fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin küçəsi, ev 42-də qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bağırov küçəsi, dalan 3- də yaşayan, barəsində 19 aprel 2024-cü il tarixdə "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdə, saat 22 radələrində etibarnamə əsasında idarə etdiyi “Toyota Prius" markalı **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81B ünvanında yerləşən Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin qarşısında saatda 20 km sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görüb hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin tələblərə əməl etməyərək, yol hərəkəti qaydalarını pozub yolun hərəkət hissəsinin sağ kənarından sol kənarına keçən piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin ön hissəsi ilə vurması nəticəsində ehtiyatsızlıqdan sonuncunun dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid sol baldır sümüyünün yuxarı 1/3-nin qapalı yerinidəyişən sınığı ilə müşayiət olunan xəsarət almasına səbəb olmaqla yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının elan olunmuş ittihamda özünü təqsirli bilmiş və göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində etibarnamə əsasında verilmiş “Toyota Prius” markalı **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bir nəfər qadın müştərini Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81B ünvanında yerləşən 24-cü Polis Şöbəsinin qarşısında düşürtmək istəyən zaman saatda 20 km sürətlə hərəkətdə olmuşdur. Həmin vaxt avtomobilin qabaq sol tərəfinin maneəyə dəydiyini hiss etmiş və o avtomobildən düşüb qabaq tərəfinə yaxınlaşan vaxt bir qadının yerdə uzanmış vəziyyətdə olduğunu görmüşdür. Sonradan adı ona məlum olmuş Zərərçəkmiş şəxs yolu keçmək istəyən zaman ehtiyasızlıqdan vurduğunu bilmiş və Zərərçəkmiş şəxs xəstəxanaya aparmaq istəsə də sonuncu etiraz edərək ərini zəng edib çağırmışdır. Təxminən 5 dəqiqə sonra Zərərçəkmiş şəxs əri həmin yerə gəlib Günayı onun avtomobilinə əyləşdirmiş, birlikdə onu Nizami rayonu, 8-ci km bazarının arxa tərəfindən yerləşən Məlhəm hospitalına aparmışlar. Hospitalda olan zaman o, DİN-in 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs həkimlər tərəfindən müayinə olunduqdan sonra ayağına gips qoyulmuş və əri öz avtomobili ilə onu aparmışdır. Həmin gün atası Məlhəm hospitalına gedərək ödənişi etmiş, mütəmadi olaraq Zərərçəkmiş şəxs xərclərini çəkmiş və hal-hazırda ödəniş qəbzlərini məhkəməyə təqdim etmişdir. Əməlindən peşman olmasını, dəymiş zərəri ödəməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, vaxt aşırı yaşadığı binanın arxa tərəfində yerləşən futbol meydançasına gedərək təxminən bir saat yürüyüş edirmiş. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində həmin futbol meydançasına getmiş və təxminən bir saat yürüyüş etdikdən sonra yaşadığı evə getmək məqsədi ilə futbol meydançasından çıxıb 24-cü polis şöbəsinin qarşısı ilə gedən zaman naməlum şəraitdə qəflətən göy rəngli “Toyota Prius” markalı avtomobillin ona dəyməsi nəticəsində yerə yıxılmışdır. Həmin vaxt qeyd edilən avtomobil onun sol ayağının üstündən keçmiş və bundan sonra o, ayağa qalxmağa çalışsa da qalxa bilməmişdir. Hadisədən sonra həyat yoldaşı Şahid zəng edərək hadisə barədə məlumat vermişdir. Təxminən 5-10 dəqiqə keçdikdən sonra Ədalət həmin yerə gəlmiş və onu Zaurun idarə etdiyi göy rəngli “Toyota Prius” markalı avtomobil ilə yaxınlıqda yerləşən Məlhəm xəstəxanasına aparmışlar. Xəstəxanada müayinə olunduqdan sonra sol bud nahiyəsində sınıq olduğu məlum olmuş və həmin yerə gips qoyulduqdan sonra Ədalət onu yaşadıqları evə aparmışdır. Bir neçə gün sonra Zaurun atası və qardaşı yaşadıqları evə gələrək maddi dəstək olacaqlarını demişlər, lakin qeyd edilən müddət ərzində xırda xərclər istisna olmaqla ona maddi yardım göstərilməmişdir. Hal-hazırda təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və ona dəymiş zərərin ödənilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid və zərərçəkmiş şəxsin etibarnamə üzrə nümayəndəsi qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, həyat yoldaşı Zərərçəkmiş şəxs vaxtaşırı yaşadıqları binanın arxa tərəfindən yerləşən futbol meydançasının ətrafında iti addımlarla yürüş edirmiş. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində o, yaşadığı binanın qarşısında olan zaman həyat yoldaşı Günay ona zəng edərək onu avtomobilin vurduğunu və xəsarət aldığını bildirərək 24-cü polis şöbəsinin qarşısına çağırmışdır. O, dərhal həmin yerə getmiş və təxminən 5 dəqiqə sonra qeyd edilən yerə çatan zaman həyat yoldaşı Günayın yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt özünü Zaur kimi təqdim edən şəxs idarə etdiyi göy rəngli “Toyota Prius” markalı avtomaşınla ehtiyatsızlıqla vurduğunu bildirmişdir. Bundan sonra o Zaurun idarə etdiyi nəqliyyat vasitəsi ilə həyat yoldaşı Günayı 8-ci km bazarının arxa tərəfində yerləşən Məlhəm hospitalına aparmışdır. Orada Günay müayinə olunduqdan sonra sol baldır sümüyündə sınıq olduğu onlara məlum olmuş və sol baldır nahiyəsinə həkimlər gips qoyduqdan sonra öz avtomobili ilə yaşadığı evə aparmışdır. Baş vermiş hadisə nəticəsində ona maddi zərər dəydiyini, həyat yoldaşının əməliyyatı və müalicəsi üçün xərc çəkdiyini, aylardır ki, Zərərçəkmiş şəxs işləyə bilməməsini qeyd edərək ailəyə dəymiş maddi zərərin ödənilməsini tələb etdi. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyi tərəfindən verilmiş 10 yanvar 2024-cü il tarixli qərarla məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertin 13 fevral 2024-cü il tarixli 78 nömrəli rəyində göstərilmişdir ki, 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs aşkar olunmuş xəsarətlər - sol baldır sümüyünün yuxarı 1/3-nin qapalı yerinidəyişən sınığı - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı alınması mümkündür və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. İş üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 26 fevral 2024-cü il tarixli 8/117 nömrəli rəyində göstərilmişdir ki, “Toyota Prius” markalı, 77CP802 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olması Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən cinayət hesab edilir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin saksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə cərimə və ya islah işləri və ya azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan əlavə cəza ilə yanaşı azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. İş materiallarına əlavə edilmiş qəbzlərə əsasən zərəçəkmiş şəxsə dəymiş zərərdən 566 manat məbləğində vəsaitin ödənildiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətinə əsasən Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il təvəllüdlü 1 azyaşlı uşağının olması müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, dəymiş zərəri qismən ödəməsini, himayəsində 1 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut olan “Toyota Prius” markalı, ** CP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 85 manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Maddi sübut qismində tanınmış “Toyota Prius” markalı, ** CP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 162 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-85/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-85/2025
11.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver