Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-86/2020 27.07.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Ələsgərova Aytac Hikmət qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Namiq oğlunun, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 qızının, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs xx.xx.1995-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, xx.xx.2019-cu il tarixdə şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2019-cu il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 180.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 180.2.2-ci maddələri ilə ittiham irəli sürülmüşdür ondan ötrü ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxxxxxx 2019-cu il tarixdə saat 08 radələrində müştəri qismində ünvan 2 ünvanında yerləşən “Ekler" şirniyyat mağazasına daxıl olaraq şirniyyat almaq üçün kassaya ödəniş edən zaman kassanın yanında olan masanın üzərindəki Zərərçəkmiş şəxs1 məxsus 10 manat dəyərində +994-51-409-08-85 saylı mobil nömrə ilə istifadə olunan üzərində 10 manat dəyərində şəffaf üzlük olan 2100 manat dəyərində **********78287 İMEİ kodlu, “iPhone X” markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 2120 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə saat 16 radələrində ünvan 3 saylı ünvanda yerləşən “APF- Sport” idman zalına məşq qiymətləri ilə maraqlanmaq adı ilə daxil olmuş və zalın giriş hissəsindəki pəncərənin qarşısında qoyulmuş Zərərçəkmiş şəxs2 məxsus balansında 10 manat dəyərində danışıq vaxtı olan 10 manat dəyərində +994-50-432-48-48 saylı mobil nömrə ilə istifadə edilən üzərində 10 manat dəyərində şəffaf üzlük olan 2000 manat dəyərində **********20293 İMEİ kodlu, “iPhone X” markalı mobil telefon aparatını gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 2030 manat ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 22:30 radələrində Zərərçəkmiş şəxs3 ardı ilə piyada gedərək tanışının yaşadığı ünvana getməsi ilə bağlı fikir yaradaraq Zərərçəkmiş şəxs3 yaşadığı Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsi, ev 1, blok 1-ə daxil olmuş, blokun ikinci mərtəbəsində olan zaman Zərərçəkmiş şəxs3 tərəf sürətlə hərəkət edərək boynunda olan 200 manat dəyərində 5 qramlıq 583 əyarlı qızıl boyunbağını əli ilə dartıb ələ keçirərək hadisə yerindən qaçmaqla özgənin əmlakını açıq talayıb təkrarən soyğunçuluq törətmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.2 və 180.2.2-ci maddələri ilə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs3 qarşı soyğunçuluq etməmiş, ona elan olunmuş ittiham üzrə yalnız oğurluq cinayətləri ilə bağlı özünü təqsirli bilir. O, xx xxxxxxx 2019-cu il tarixdə saat 08 radələrində şirniyyat almaq üçün Xətai rayonu, X.Məmmədov küçəsində yerləşən “Ekler” şirniyyat mağazasına daxil olub mağazadan şirniyyat alaraq kassada pulu ödəmək istəyən zaman masanın üzərində “iPhone X” markalı mobil telefon olduğunu görmüş və həmin telefonu gizlin olaraq götürüb pul kisəsinin içərisinə qoyaraq şirniyyatın pulunu ödəyib mağazadan çıxmışdır. Telefonu söndürərək metro ilə “20 Yanvar” stansiyasına getmiş, orada mobil telefonun içərisində olan nömrəni çıxarıb atmış və “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən mağazaya daxil olaraq Nicat adlı satıcıya həmin telefonu satmışdır. Nicat telefonun oğurluq olub-olmadığını soruşduqda telefonun oğurluq olmadığını, özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Nicat onun pasport məlumatlarını götürmüşdür. O, telefonu Nicata 300 manata satmışdır. xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 16 radələrində “Qara Qarayev” metrostansiyası istiqamətində hərəkət edən zaman yol kənarında olan “Trenajor" məşq zalına daxil olmuş, girişdən sağ tərəfdə olan açıq rəflərdə mobil telefonların olduğunu və orada heç kimin olmadığını görüb həmin rəflərin birindən “iPhone X” markalı mobil telefonu götürüb əynində olan şalvarın sağ yan cibinə qoymuşdur. Məşq zalını işlədən bir nəfər şəxs ona yaxınlaşmış, həmin şəxsin diqqətini yayındırmaq məqsədilə məşq etmək üçün bir ayın aylığı barədə maraqlanmış, sonra oradan ayrılmışdır. Həmin telefonu Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığında yerləşən telefon mağazasında işləyən “Fərid” adlı şəxsə 210 manata satmışdır. O, xx xxxxxx 2019cu il tarixdə şəxsi işi ilə əlaqədar Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə getmiş, şöbədən çıxıb qayıdan zaman qapıda bir nəfər adını sonradan bildiyi Rəna adlı xanım sepini onun oğurladığını bildirmiş, o, isə belə bir şey etmədiyini demişdir. Bundan sonra polislər onu sorğu sual etmişdir. O, heç bir soyğunçuluq cinayəti etməmişdir. Üzləşdirmə zamanı Rəna onun üzünə qarşı onu üz quruluşundan və səsindən dəqiq tanıdığını bildirmişdir. Lakin o, Rənaya ona qarşı soyğunçuluq etmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs3 dəymiş ziyanı valideynləri ödəmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə saat 08 radələrində ad günü münasibəti ilə Xətai rayonu, X.Məmmədov küçəsi 7B ünvanında yerləşən "Ekler" şirniyyat dükanına tort almağa girmiş, ödəniş etdiyi zaman özünə məxsus “iPhone X” markalı telefonu kassa aparatının yanında masanın üstündə unudub getmişdir. Yolda telefonunu mağazada unutduğunu bilib yenidən mağazaya qayıdarkən telefonunu qoyduğu yerdə olmadığını görmüşdür. Mağazanın içərisində quraşdırılmış kameraya baxdıqda telefonunu hündür boylu bir nəfər oğlanın oğurladığını görmüşdür. Bu barədə polisə məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki, telefonunu Təqsirləndirilən şəxs adlı şəxs oğurlamışdır. Oğurlanmış “iPhone X” markalı telefonunun dəyəri 2100 manat olmuş, telefonun içərisində 10 manat dəyərində mobil nömrə və üzərində isə 10 manat dəyərində şəffaf üzlük olmuşdur. Ona ümumilikdə 2120 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs qarşı şikayəti vardır. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat 16 radələrində Nizami rayonu, T.Abbasov küçəsi 35 saylı ünvanda yerləşən “APF Sport” idman zalında məşq etməyə getmişdir. Məşq zamanı üzərində olan “iPhone X 256 G” markalı mobil telefonu məşq zalının giriş hissəsindən sağ tərəfdə olan barın yanındakı pəncərənin önündə yerləşən kiçik masanın üzərinə qoymuş və məşq etməyə başlamışdır. Təxminən bir saat məşq etdikdən sonra mobil telefona baxmaq üçün telefonu qoyduğu yerə gəlmiş, mobil telefonunun orada olmadığını görmüşdür. Zalda məşq edən dostu Təbrizin mobil telefonu ilə öz nömrəsinə zəng etmiş, lakin mobil telefonuna zəng çatmamışdır. Bundan sonra mobil telefonunun oğurlandığını başa düşərək Nizami RPİ-nin 25-ci PŞ-nə gedib ərizə ilə müraciət etmişdir. Oğurlanmış “iPhone X 256 GB” markalı telefonunun dəyəri 2000 manat olmuş, telefonun içərisində 10 manat dəyərində kontur və üzərində isə 10 manat dəyərində şəffaf üzlük olmuşdur. Ona ümumilikdə 2030 manat maddi ziyan dəymişdir. Mobil telefonu hal-hazırda kreditdədir. Ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat 22:30 radələrində işdən evə qayıdarkən əllərində çanta və paket olmuş, yaşadığı binanın yanında olan zaman bir nəfər təxminən 25-30 yaşında oğlanın onun arxası ilə gəldiyini hiss etmiş, həmin şəxs telefonla “bu binadır. Hansı binadır?” və sair sözlər işlədərək danışmışdır. O, həmin şəxsə baxmış, daha sonra yoluna davam etmiş və həmin şəxsin onu keçməsi üçün hərəkət sürətini azaltmışdır. O, artıq yaşadığı bloka daxil olan zaman həmin şəxs blokun önündə dayanmış, ondan neçənci blok olduğunu soruşmuş, o isə həmin şəxsə 1-ci blok olduğunu demiş, sonra bloka daxil olmuşdur. Ondan sonra həmin şəxs yenə də telefonu qulağına tutaraq danışmağa başlamış və onun ardınca gəlmişdir. O, pilləkənlərlə qalxan zaman həmin şəxsə yol vermişdir ki, onu keçsin. Bundan sonra həmin şəxs “Lift işləmir?” deyərək özünə inamlı şəkildə ondan öndə ikinci mərtəbəyə qalxmışdır. O, birinci mərtəbə ilə ikinci mərtəbənin arasında olan zaman həmin şəxs çevrilmiş, bloku səhv saldığını deyərək ona baxıb gülümsəmiş və anidən ikinci mərtəbədən sürətlə aşağı onunla üzbəüz düşərək əlini onun boynunda olan qızıl boyunbağıya ataraq dartıb qoparmış və dərhal oradan uzaqlaşmışdır. O, həmin şəxsin ardınca qışqırmışdır. Tez mənzilinə daxil olmuş və dərhal 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bir qədər sonra polislər hadisə yerinə gəlmiş və baxış keçirmişlər, baxış zamanı qızıl boyunbağının üzərində olan 1 ədəd ağ qaşlı (çırkon qaşlı) 583 əyarlı qızıldan olan kulonu yerdən tapmışlar. O, hadisədən iki gün sonra 25-ci Polis Şöbəsinə getmiş, şöbəyə daxil olan zaman onun boynundan boyunbağını dartıb qaçan şəxsi orada görmüş, bu barədə polislərə bildirmişdir. Həmin vaxt adını sonradan bildiyi Təqsirləndirilən şəxs gülümsəyərək “məni buna görə bura çağırmısız” sözlərini demişdir. O, Təqsirləndirilən şəxs boyundan, üz quruluşdan, burnundan və səsindən tanımışdır. Ona 200 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilmişdir. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, oğlu Seymur əvvəllər telefon ustası kimi işləmiş, tez-tez başqa ünvanlarda yaşamışdır. Seymurla əlaqə saxlaya bilmədiyi üçün təxminən 2019-cu ilin yay aylarının sonunda onunla əlaqə saxlaya bilməsi üçün öz adına qeydiyyatda olan ***-***-**-** mobil nömrəni Seymura vermişdir. Seymur həmin nömrəni “Samsung" markalı mobil telefonda istifadə etmişdir. Təxminən xx xxxxxx 2019-cu il tarixdə ona polisdən məlumat verilmişdir ki, Seymur qadının boynundan qızıl boyunbağı oğurladığına görə tutulmuş, dəqiq maraqlanan zaman Seymurun başqa bir şəxsdən telefon oğurladığını da öyrənmişdir. xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək adına qeydiyyatda olan ***-***-**- ** saylı mobil nömrə Seymurun istifadəsində olmuş, arabir həmin nömrəyə zəng edib Seymurla əlaqə saxlamışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanılması və icraata qəbul olunması haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, 25-ci Polis Şöbəsindən daxil olmuş xx.xx.2019-cu il tarixli, HK1- 2451 nömrəli material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - zərərçəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2zərərçəkmiş şəxs kimi tanınmışdır. - zərərçəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs kimi tanınmışdır. - zərərçəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs kimi tanınmışdır. - xx.xx.2019-cu il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - şəxsin müvəqqəti tutulmaqdan azad edilməsi və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müvəqqəti tutulmaqdan azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. - cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-251/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 2 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 180.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, 2 ədəd “CD” disk və “xxxxxxx” MMC-dən götürülmüş 1 ədəd “CD” disk, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “X3” markalı, 3546xx/xx/778760/9 və 3546xx/xx/778760/7 İMEİ kodlu mobil telefon, içərisində “Samsung 8 GB” yazıları olan yaddaş kartı və “********** xxxxxxx **********” yazıları olan mobil nömrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Zərərçəkmiş şəxs3 məxsus üzərində 5 ədəd sadə (1 ədəd böyük və digər 4 ədədi kiçik) qaş olan 1 ədəd asqı (kulon) maddi sübut kimi tanınmış və saxlanılması üçün zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmışdır. - xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, ********* saylı cinayət işi üzrə hadisə yerindən müstəntiq tərəfindən baxış zamanı aşkar edilərək götürülmüş 1 ədəd qızıl kulon əvvəlki vəziyyətində Zərərçəkmiş şəxs3 tərəfindən təhvil alınmışdır. - X2 tərəfindən verilmiş qəbzdən görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefonu təhvil almışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki:”…2.Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 3. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər... 4. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir.Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs AR CM-nin 180-cı maddəsi ilə məsuliyyət daşımalıdır... 7.Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir...18.Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CMnin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 180.2.2-ci maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələr ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus mobil telefonları gizli talayaraq oğurlaması və Zərərçəkmiş şəxs3 qızıl boyunbağını açıq talayaraq soyğunçuluq etməsi tədqiq edilmiş mötəbər və mümkün sübutların məcmusu, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək soyğunçuluq etməməsinə, yalnız oğurluq cinayətlərini törətməsinə dair ifadəsi məsuliyyətini yüngülləşdirmək məqsədilə verilmiş ifadə kimi qiymətləndirilir və ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olundu. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən və Füzuli Hərbi Məhkəməsinin 1-97-145-2014 nömrəli, xx.xx.2014-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 335.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 6 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş cəza 6 ay sınaq müddəti verilməklə şərti tətbiq edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir, bu da Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv edir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsini, Zərərçəkmiş şəxs3 dəymiş ziyanı ödəməsini, Zərərçəkmiş şəxs3 şikayətinin və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayətlər törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində törətdiyi hər iki cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 2 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onların həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni xx.xx.2019-cu il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan üzərində 5 ədəd sadə qaş olan 1 ədəd kulon Zərərçəkmiş şəxs3 qaytarılmış hesab edilməli; 1 ədəd “X3” markalı, 3546xx/xx/778760/9 və 3546xx/xx/778760/7 İMEİ kodlu mobil telefon, içərisində “Samsung 8 GB” yazıları olan yaddaş kartı və “********** xxxxxxx **********” yazıları olan mobil nömrə Təqsirləndirilən şəxs qaytarılmış hesab edilməli; Azərbaycan Respublikası CPM-nin 132.1.6-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan 3 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 180.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 30 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 20 iş saatı, cəmi 50 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 300 (üç yüz) manat (50x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza – 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 2 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq üzərində 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan üzərində 5 ədəd sadə qaş olan 1 ədəd kulon Zərərçəkmiş şəxs3 qaytarılmış hesab edilsin; 1 ədəd “X3” markalı, 3546xx/xx/778760/9 və 3546xx/xx/778760/7 İMEİ kodlu mobil telefon, içərisində “Samsung 8 GB” yazıları olan yaddaş kartı və “********** xxxxxxx **********” yazıları olan mobil nömrə Təqsirləndirilən şəxs qaytarılmış hesab edilsin, 3 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 50 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 300 (üç yüz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-86/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-86/2020
27.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver