Məhkəmə qərarları › İş №1(007)-87/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-87/2022

13.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-87/2022 13.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bаkı şəhəri Nizami rayon Мəhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi ilə, məsləhətçi (məhkəmə iclas katibi) X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx xxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 10 sentyabr 2021-ci il tarixdə saat 15 radələrində Xətai rayonu, NZS qəsəbəsində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 10 manat müqabilində satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,439 qram narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, 10 sentyabr 2021-ci il tarixdə saat 18:45 radələrində ünvan 2 ünvanda Nizami RPİ-nin 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq Nizami RPİnin 24-cü polis şöbəsinə gətirilmiş və üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş 0,439 qram çəkidə qəhvəyi rəngli, tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun illər “kakos” kimi tanıdığı narkotik vasitə heroindən istifadə etmişdir. xx.xx.2021-ci il tarixdə saat 18:45 radələrində yaşadığı Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 75 ünvanın qarşısında piyada evə gedən zaman iki nəfər mülki geyimdə şəxs ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş və onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində hüquq və vəzifələri izah olunmuş və üzərinə baxış keçirilməzdən əvvəl üzərində qeyriqanuni əşyalar olduğu təqdirdə təqdim etməsi təklif olunmuş, bundan sonra əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofanda saxladığı “kakos” kimi tanıdığı narkotik vasitəni çıxarıb təqdim etmiş və xx.xx.2021-ci il tarixdə saat 15 radələrində NZS qəsəbəsində tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Onun üzərindən aşkar edilərək götürülmüş və içərisində narkotik vasitə olan bükülü zərfə qoyularaq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı qanuna zidd hərəkətlərə yol verilməmiş, törətdiyi cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün səmimi etirafından başqa iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə, habelə iş üzrə toplanmış digər sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Nizami RPİ-nin 24-cü PŞnin əməliyyat müvəkkili Şahid2 elan olunaraq tədqiq olunmuş ifadəsindən görünür ki, 10 sentyabr 2021-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs əməliyyat qrupu tərəfindən ünvan 2 ünvanda şübhəli şəxs qismində saxlanılaraq Nizami RPİ-nə gətirilmiş və üzərinə keçirilmiş şəxsi axtarış zamanı sonuncu əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükülünü təqdim etmiş və içərisində “kokos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən qanuna zidd hərəkətlərə məruz qalmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 elan olunaraq tədqiq olunmuş ifadəsi Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan 13 sentyabr 2021-ci il tarixli «Şəxsi axtarış və götürmə haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükülünü təqdim etmişdir. İşdə olan 10 oktyabr 2021-ci il tarixli «Videogörüntüyə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükülünü təqdim etmişdir. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının 11 sentyabr 201-ci il tarixli 6/4001 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «saxlanılan şəxs: Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut» yazılar və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,439 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. İşdə olan məhkəmə-narkoloji ekspertizasının 12 avqust 2021-ci il tarixli 2830 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 0,439 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və xx.xx.2021-ci il tarixli «şəxsi axtarış və götürməni» özündə əks etdirən 1 ədəd DVD disk maddi sübut kimi tanınmış, tədqiqatdan sonrakı qalıq çəkisi 0,389 qram narkotik vasitə heroin Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin saxlancına təhvil verilmişdir. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 10 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 12 sentyabr 2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməklə axtarış elan olunmuşdur. İşdə olan Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin xx.xx.2022-ci il tarixli məktubunda və 31 may 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 may 2022-ci il tarixdə tutulmuşdur. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutların məcmuyuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Habelə qərarda qeyd edilir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və həmin əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin İctimai təhlükəlilik dərəcəsi isə onun törədilməli hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilməsi dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla tprədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərara əsasən, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növünün və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə cəza çəkmədən islah olunmasını mümkün saymır və hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını çəkməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə - tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan sənədlərə əsasən, Təqsirləndirilən şəxs 10 sentyabr 2021-ci il tarixdən 12 sentyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət onun cəza müddətinə hesablanmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübutlar - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc kamerasında saxlanılan 0,389 qram narkotik vasitə heroin məhv edilməli, 01 ədəd «DVD» disk cinayət işində saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsi ilə müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.5-ci maddələrinin tələblərinə əsasən, vəkilin ibtidai istintaqda iştirak etdiyi 40 saat, məhkəmədə iştirak etdiyi 37 saat, cəmi 77 iş saatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 462 manat (77x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X3 dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət azadlıqdan məhrumetmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 31 may 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut - 0,389 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd «DVD» disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs 77 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X3 VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 462 (dörd yüz altmış iki) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar