Məhkəmə qərarları › İş №1(007)-87/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-87/2023

07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-87/2023 07.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxxx 1991-ci ildə Tovuz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında kirayədə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 20 iyul 2022ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 134 ünvanda yerləşən “Laçın” ticarət mərkəzinin 2-ci mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi qızıl-zinət əşyaları mağazasına gəlib həmin vaxt Zərərçəkmiş şəxs digər müştərilərlə məşğul olmasından istifadə edərək şüşə vitrinin üzərindən Zərərçəkmiş şəxs məxsus 1562 manat dəyərində 1 ədəd 585 əyarlı 18,38 qram çəkidə qızıl boyunbağını gizli olaraq talayıb, ümumilikdə Zərərçəkmiş şəxs 1562 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, anası Şahid1 ilə birlikdə yaşamaqla, müxtəlif tikintilərdə günlük 20 manat müqabilində fəhlə işləyir. Anası Şahid1 təxminən üç ildir ki, onkoloji xəstəlikdən əziyyət çəkir. 2022-ci ilin iyul ayının ortalarında anasının müalicəsi üçün 800 manat pul lazım olmuş, bir neçə yerdən borc pul axtarsa da, tapa bilməmişdir. Ona görə də, 20 iyul 2022-ci il tarxidə saat 17 radələrində Nizami rayonu ərazisində “Laçın” ticarət mərkəzində olarkən oğurluq etmək qərarına gəlmişdir. Bir qədər ticarət mərkəzinin 2-ci mərtəbəsində yerləşən qızıl satılan yerdə gəzmiş, qızıl satılan piştaxtalardan birinin qarşısında bir neçə nəfərin olmasını və bir neçə qızıl əşyaların şüşənin üzərində olmasını görmüşdür. Həmin piştaxtaya yaxınlaşmış, cibindən mobil telefonu çıxararaq danışmaq görüntüsünü yaratmışdır. Satıcının digər müştərilərə başının qarışmasını görüb şüşə vitrinin üzərində olan boyunbağını oğurlamışdır. Həmin vaxt orada olan müştərilərdən birinin yanında olan azyaşlı uşaq onun orada işləyib-işləməməyimi soruşarkən, həmin uşağa bildirmişdir ki, ticarət mərkəzində işləyir. Bundan sonra oradan uzaqlaşmış, oğurladığı qızıl boyunbağını gətirib yaşadığı mənzildə şkafda gizlətmişdir. Bundan təxminən 20 gün sonra anası Şahid1 onun müalicəsi üçün oğurluq etdiyini demişdir. Anası onun bu hərəkətinin səhv olmasını bildirmiş və qızılı sahibinə qaytarmaq üçün ondan almışdır. Bir neçə gün sonra anası Nizami RPl-nin 24-cü PŞ-nə gedərək həmin qızıl boyunbağını sahibinə qaytarılması üçün polis əməkdaşlarına təqdim etmişdir. O, başqa heç bir cinayət hadisəsi törətməmişdir. Hadisə baş verən zaman satıcının diqqəti müştərilərə, müştərilərin diqqəti isə qızıllarda olmuşdur. Sonda Təqsirləndirilən şəxs, törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş zərəri ödəyərək onunla barışıq əldə etdiyini bildirdi və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs 15 dekabr 2022-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə ərizə verərək göstərmişdir ki, o, Təqsirləndirilən şəxs etdiyi əmələ görə bağışlamışdır, dəymiş ziyan tam ödənilmişdir, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, təxminən 16 ilə yaxındır ki, “Laçın” ticarət mərkəzində 3 metr uzunluğunda yeri aylıq 1500 manata icarəyə götürərək qızıl-zinət əşyalarının satışı ilə məşğul olur. Qızıl-zinət əşyalarını satdığı piştaxtanın üzəri şüşə materialdandır. Qızıl əşyalarını gün ərzində müştərilərin diqqətini çəkmək üçün qeyd olunan şüşənin alt hissəsinə yığır, axşamlar iş saatı qurtardıqdan sonra seyfə yığır. xx.xx.2022-ci il tarixdə təxminən saat 17 radələrində işdə olarkan bir neçə müştəri piştaxtaya yaxınlaşaraq müxtəlif növ qızıl əşyalara baxmış, onlara müəyyən sayda qızıl-zinyət əşyalarını təqdim etmişdir. Bu zaman üç nəfər orta yaşlarında qadın və 2 azyaşlı uşaq piştaxtaya yaxınlaşıb qızıl əşyalarına baxdıqdan sonra qaytarmışlar. Həmin vaxt bir nəfər orta yaşlı kişi piştaxtaya yaxınlaşıb qızıl əşyaları ilə maraqlanmışdır. Az sonra həmin azyaşlı uşaqlardan biri ona bir nəfər şəxsin oradan nəsə götürdüyünü bildirmişdir. O, müştəriləri yola saldıqdan sonra müşahidə kameralarına baxmış və həmin şəxsin 18.41 qram olan, 585 ayarlı, üzəri svarov daşları ilə bəzədilmiş boyunbağını oğurlamasını müəyyən etmişdir. Daha sonra vitrinə baxdıqda həmin boyunbağının orda olmamasını və həmin şəxs tərəfindən 1850 (min səkkiz yüz əlli) manat dəyərində qızıl boyunbağının oğurlanmasını aşkar etmişdir. İş materiallarında olan baxış keçirilməsi barədə 22 iyul 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi Bakı şəhəri,Nizami rayonu, Q.Qarayev prospekti 134 ünvanda yerləşən “Laçın” ticarət mərkəzinin 2-ci mərtəbəsində baş vermişdir. İş materiallarında olan materialların məhkəmə ekspertizasının 28 sentyabr 2022-ci il tarixli, 6/5392-9/6820 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 1 ədəd sarı rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan boyunbağı-üzərində “585” əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 18,38 qramdır, qaşları qiymətli qaşlara aid deyil. Aparılmış tədqiqat nəticəsində təqdim edilmiş boyunbağının orta bazar qiyməti ilə dəyəri 1562,0 manat müəyyən edilir. İş materiallarında olan “Video görüntüyə baxış keçirilməsi haqqında” 24 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, 20 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 134 ünvanda yerləşən “Laçın” ticarət mərkəzinin 2-ci mərtəbəsində quraşdırılmış kamerada qeydə alınmış video çəkilişin əks olunduğu 01 ədəd «CD» diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs videogörüntüdə olan şəxsin özü olduğunu bildirmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi barədə 28 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilmədən saxlanılması və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə cinayət təqibinin rədd edilməsi, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 134 ünvanda yerləşən “Laçın” ticarət mərkəzinin 2-ci mərtəbəsində quraşdırılmış kamerada qeydə alınmış video çəkilişin əks olunduğu 01 ədəd «CD» diskin və Şahid1 götürülmüş maddi sübut 1 ədəd qızıl boyunbağının maddi sübut kimi tanınaraq, «CD» diskin cinayət işinin materiallarına əlavə edilməsi, Şahid1 götürülmüş maddi sübut 1 ədəd qızıl boyunbağının qəbzlə zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılması qərara alınmışdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 01 nömrəli qərarının 1, 19 və 20-ci bəndlərinə əsasən, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və zərərçəkmiş şəxsə vurulmuş zərəri ödəyərək onunla barışıq əldə etməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 22 oktyabr 2022-ci il tarixli tələbnaməsindən və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 dekabr 2017-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə, Azərbyacan Respublikası CM-nin 177.1-ci maddəsi ilə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 177.3.3cü maddəsi ilə, həmin Məcəllənin 71.5, 67.1 və 66.5-ci maddələri tətbiq edilməklə, qəti olaraq 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, bundan başqa Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təyin olunmuş 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasından azad edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmüdən CM-nin 67.1 və 66.5-ci maddələrinə dair müddəalar xaric edilmiş, CMnin 177.3.3-cü maddəsi ilə olan əməli isə CM-nin 177.1-ci maddəsinə tövsif edilərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və xx.xx.2014-cü il tarixdən cəza çəkməsi nəzərə alınmaqla, cəza çəkməkdən dərhal azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.2-1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş sayılır. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Habelə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə uyğun olaraq, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd qızıl boyunbağının ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi müddət 40 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 240 (40x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Bakı və Sumqayıt şəhərlərini, həmçinin Abşeron rayonunu tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd qızıl boyunbağının ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 40 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 240 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar