Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-88/2023 10.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızı Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx.xx.1975-ci il Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, məhkum olunmuş, Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 312.2 və 320.1-ci maddələri ilə ittiham elan edilmiş və barəsində Bakı Ağır Cinayətlər məhkəməsinin icraatında cinayət işi davam edən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Əlibaba qızı özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək, ona “İpoteka” krediti düzəldəcəyinə köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla Zərərçəkmiş şəxs tərəfindən 13 oktyabr 2020-ci il tarixdə ünvan 3 ünvanında yerləşən “Kapital Bank”-ın Əhmədli filialı vasitəsi ilə ona məxsus, həmin vaxt direktoru vəzifəsində işlədiyi "xxxx" MMC-ə aid ******************** hesab nömrəsinə köçürülmüş 2500 manat, 29 oktyabr 2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 22 ünvanında yerləşən “Sevinc” kinoteatrın qarşısında Zərərçəkmiş şəxs 1.000 manat, ümumilikdə isə 3500 manat məbləğində nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə, Zərərçəkmiş şəxs maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs Əlibaba qızı ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 05 yanvar 2018ci il tarixdə ”KL 2018” MMC və "xxxx" Group MMC-nin təsis etmişdir. Özü isə həmin MMClərin direktorudur. O, sifarişlə ev tikib müştərilərə təhvil verir. 2020-ci ilin oktyabr ayında Nuranə ona zəng edərək, “MİDA”-nın Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən binasından mənzil almaq istədiyini bildirmiş o, da Nuranəyə köməklik edə biləcəyini demişdir. Bundan sonra 2020-ci ilin oktyabr ayının 4-də Nuranə ilə ona məxsus ofisdə görüşmüşlər. O, Nuranəyə MİDA-da tanışının olduğunu, ona bu məsələdə yardım edə biləcəyini bildirərək, bu işin müqabilində 2500 manat vəsait lazım olduğunu bildirmişdir. Bunun üçün Nuranəyə ”KL 2018” MMC-nin Kapital Bankda olan ******************** hesab nömrəsini təqdim etmişdir. 2020-ci ilin oktyabr ayının 13-də, Nuranə özünə məxsus ***-***-**-** nömrəsində istifadə etdiyi “whatsapp” yazışma proqramı vasitəsilə, 2500 manat məbləğində köçürmə etdiyini təsdiq edən çekin şəklini ona göndərmişdir. Elə həmin gündə Nuranə ofisə gəlmiş və həmin çeki əlbəəl ona vermişdir. Əliyev Könül öz növbəsində ona evlərin proyektinin əks olunduğu siyahını təqdim etmişdir. Həmçinin, Nuranəyə əlavə olaraq 1.000 manat məbləğində pul lazım olduğunu bildirmiş, həmin vəsaiti ondan almış, sonra Nuranəni yola salmışdır. O, Nuranədən aldığı pulları şəxsi ehtiyacları üçün xərclədiyini bildirərək, törətdiyi əməldən peşman olduğunu qeyd etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, kirayə yaşadığı üçün özünə güzəştli şərtlərlə ev almaq qərarına gəlmişdir. 2020-ci ilin oktyabr ayında Suraxanı rayonu, Hövsan qəsəbəsində MİDA tərəfindən təhvil verilmiş yaşayış binalarına baxmış və həmin ərazidə təsadüfən ev alqı satqısı ilə məşğul olan üzdən tanıdığı, dəqiq adını bilmədiyi bir nəfər şəxs ona bildirmişdir ki, onun, MİDA xətti ilə mənzil almaqda yardım edə biləcək Təqsirləndirilən şəxs adlı tanışı vardır. Daha sonra Könüllə əlaqə saxlamış, o da öz növbəsində ev almaqda ona köməklik edə biləcəyini bildirmişdir. Beləliklə 2020-ci ilin oktyabr ayının 4-də Könül ilə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, “Sevinc” kinoteatrının yaxınlığında yerləşən “KL” company şirkətinin ofisində görüşmüşlər. Könül həmin görüşdə ona mənzil almaqda yardım edəcəyini, bunun müqabilində isə 2500 manat pul lazım olacağını bildirmişdir. Beləliklə, 13 oktyabr 2020-ci il tarixdə Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən Kapital Bankın müvafiq fillialında ******************** seriyalı hesab nömrəsinə 2500 manat nağd pul göndərmiş, elə həmin gün Könülün ofisinə yaxınlaşaraq, köçürməni təsdiq edən çeki əlbəəl ona təqdim etmişdir. Bundan sonra, Könül, əlavə olaraq 1000 manat da lazım olacağını bildirmiş, təxminən 2020-ci ilin oktyabr ayının 29-da 1000 manat məbləğində vəsaiti ofisin qarşısında Könülə vermişdir. Həmin vaxtdan təqribən bir neçə ay keçdikdən sonra, Könülün onu aldadaraq pulu mənimsədiyini başa düşdüyünü qeyd etdi. Həmçinin bildirdi ki, təqsirləndirilən şəxs ona vurduğu ziyanı ödəməmişdir, ona görə də hal-hazırda da ondan şikayətçidir, təqsirləndirilən şəxslə barışmır, qanunda nəzərdə tutulmuş cəza təyin edilməsini məhkəmədən xahiş edir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, təqsirləndirilən şəxsin həmin əməli xx.xx.2020-ci il tarixdə törətdiyi müəyyən edilir. Onun törətmiş olduğu əməl böyük ictimai təhlükə törətməyən cinayət sayılır. Belə olduğu təqdirdə əməlin törədildiyi vaxtdan cinayət işinə baxıldığı və yekun qərar çıxarıldığı hazırkı vaxtda cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. CM-nin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CM-nin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. CM-nin 75.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Lakin hazırkı iş üzrə təqsirləndirilən şəxs istintaqdan və ya məhkəmədən gizlənməmişdir. CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs 21 oktyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi ilə əlaqədar olaraq təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alaraq, hazırkı cinayət işi üzrə qətimkan tədbiri seçilməmişdir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Bundan əlavə cinayət işi üzrə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs Əlibaba qızına qarşı mülki iddia verərək, mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs qarşı törədilmiş dələduzluq cinayət əməli nəticəsində dəymiş 3500 manat məbləğində maddi ziyanın və bu müddət ərzində çəkdiyi iztirablara, sarsıntılara görə mənəvi zərər olaraq 1500 manat məbləğində pulun mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs Əlibaba qızından tutularaq onun xeyrinə ödənilməsinə dair mülki iddia tələbinin təmin edilməsi haqqında qərar qəbul edilməsi xahiş etmişdir. Məhkəmə hesab edir ki, həmin mülki iddia maddi ziyan hissədə tam təmin edilməlidir. Belə ki, iş üzrə təsdiq edilir ki, 3500 manat maddi ziyan vurulmaqla dələduzluq edilmiş, həmin məbləğ təqsirləndirilən şəxsdən tutulub, zərərçəkmiş şəxsə ödənilməlidir. Mənəvi zərərlə bağlı hissədə isə məhkəmə hesab edir ki, həmin hissədə tələb qismən təmin edilməli, təqsirləndirilən şəxsdən 200 manat məbləğində mənəvi zərərə görə pul tutulub zərərçəkənə verilməlidir. İş üzrə məhkəmə xərci, maddi sübut, xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınsin. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs maddi ziyana görə 3500 manat, mənəvi zərərə görə 200 manat, cəmi 3700 manat (üç min yeddi yüz manat) pul tutulub zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs verilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş 10 saat hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 78 (yetmiş səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim, Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-88/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-88/2023
10.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver