Məhkəmə qərarları › İş №1(007)-89/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-89/2021

04.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-89/2021 04.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç yerdə işləməyən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 185.2.1, 185.2.2, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, həmin Məcəllənin 66.3 və 69.3-cü maddələri tətbiq edilməklə, qəti olaraq 3 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxxx 2018-ci ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif küçəsi, döngə 4, 6 saylı evdə qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, xx xxxxxxx 2020-ci ildə, saat 20 radələrində narkotik maddələrin istifadəsi ilə bağlı özünü şübhəli apardığına görə, metronun “Koroğlu” stansiyasında Bakı Metropolitenində Polis Şöbəsinin Post Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq Polis Şöbəsinə gətirilmiş, orada sonuncunun əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq, satış məqsədi olmadan əldə edərək özündə saxladığı və daşıdığı 1 ədəd gümüşü kağız bükümdə olan ümumi çəkisi 0,417 qram şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, əvvəllər Azərbaycan Respublikası CM-nin 185.2.1 və 177-ci maddənin müxtəlif bəndləri ilə məhkum olunmuşdur. 2019-cu ilin fevral ayından narkotik vasitə heroini vaxtaşırı damarına iynə vurmaq yolu ilə qəbul etmişdir. xx xxxxxxx 2020-ci il tarixdə saat 20 radələrində işləri ilə əlaqədar metronun “Koroğlu” stansiyasında giriş qapısından keçib polis nəfərlərinin əl əşyalarını yoxladığı yerə yaxınlaşmış, həmin vaxt üzərində 1 ədəd gümüşü kağıza bükülmüş narkotik vasitə heroinin olması səbəbi ilə çox həyəcanlı olmuşdur. Belə ki, xx xxxxxxx 2020-ci ildə, təxminən saat 16 radələrində Suraxanı rayonu ərazisində xatırlamadığı yerdə 1 ədəd gümüşü kağıza bükülmüş olan kütləni yerdə taparaq götürdükdən sonra həmin kütlənin kokos yəni narkotik vasitə heroin olduğunu bilib özünün istifadəsi üçün əynində olan şalvarın sağ yan cibinə qoymuş, bu baxımdan metronun “Koroğlu” stansiyasında polis nəfərlərinin əl əşyalarını yoxladığı yerdə özünü çox narahat hiss etmişdir. Polis əməkdaşı həmin vaxt onun həyəcanlanmağını görüb ondan şübhələndiyi üçün şəxsiyyətini təsdiq edən sənədinin olub-olmamasını ondan soruşmuş, polis əməkdaşına sənədinin olmadığını demişdir. Həyəcanlanmağı kənardan açıq şəkildə görünmüş, şəxsiyyətini müəyyən etmək üçün polis əməkdaşı onunla Bakı Metropolitenində Polis Şöbəsinə getməyi təklif etmiş, o, heç bir etiraz etmədən polis əməkdaşının təklifi ilə könüllü olaraq Bakı Metropolitenində Polis Şöbəsinə gəlmişdir. Polis Şöbəsində İnzibati binada xidməti otaqlardan birində hüquqlarını müdafiə edən müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri ona izah edilmişdir. Bundan sonra onun öz razılığı əsasında videoçəkiliş aparılaraq müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, həmin vaxt əynində olan şalvarın sağ yan cibindən 1 ədəd gümüşü kağıza bükülmüş olan narkotik vasitə heroin polis əməkdaşı tərəfindən aşkar edilərək götürülmüş və zərfə qoyulmuş, üzərində axtarış keçirilməsinə dair protokol tərtib edilmiş, protokol və zərf iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra, ondan ətraflı izahat alınmış, narkotik vasitələri haradan əldə etməyi və hadisəni olduğu kimi ətraflı polislərə danışmış, eləcə də həmin narkotik vasitə heroinin özünə məxsus olduğunu etiraf etmiş, bundan sonra üzərində axtarış keçirilməsinə dair protokol tərtib edilmişdir. O, narkotik tərkibli vasitələrin satışı ilə məşğul olmadığını, əynindəki şalvarın sağ yan cibində aşkar olunaraq götürülmüş 1 ədəd gümüşü kağıza bükülmüş narkotik vasitə heroini satmaq niyətinin olmadığını, narkotikanı ifadəsində göstərdiyi yerdə tapdığını və yalnız özünün tək istifadə etməyi üçün üzərində saxladığını, qeyd olunan narkotik vasitəni könüllü olaraq heç bir hüquq mühafizə orqanına təhvil verməyəcəyini, üzərində həmin narkotikanın olmasını özündən başqa heç kimin bilmədiyini, narkotik vasitə istifadə etdiyi müddət ərzində narkotik vasitələri aldığı yerləri xatırlamadığını və həmin şəxsləri tanımadığını, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olan şəxsləri tanımadığını, polis əməkdaşlarına bildirmişdir. Sonda Təqsirləndirilən şəxs, törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi və barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Şahid qismində dindirilmiş Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinin Post Patrul Xidmətinin polis nəfəri Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində, 2012-ci ilin dekabr ayında DİO-da xidmətə qəbul edilməklə hazırda Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinin Post Patrul Xidmətində polis nəfəri vəzifəsində polis baş serjantı rütbəsi ilə xidmət etdiyini, xx xxxxxxx 2020-ci il tarixdə təxminən saat 20 radələrində metronun “Koroğlu” stansiyasında xidmət apararkən bir nəfər cavan oğlanın sərnişin qismində qeyd olunan stansiyaya daxil olduğunu, həmin vaxt ad, soyadının sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi həmin şəxsin davranışlarından və hərəkətlərindən özünü şübhəli aparmasını görüb ondan şəxsiyyətini təsdiq edən sənədini təqdim etməsini xahiş etdiyini, həmçinin üzərində hər hansı bir qanunsuz əşya olub-olmamasını yoxlamaq istəyərkən Sənanın buna etiraz edərək şəxsiyyət vəsiqəsinin üzərində olmadığını dediyini, həmin vaxt Təqsirləndirilən şəxs qeyd olunan hərəkətləri özündə və post yoldaşı polis serjantı Şahid2 bir növ şübhə yaratdığını, post yoldaşı Şahid2 postda qalaraq xidmətə davam etməsini xahiş etdiyini, Təqsirləndirilən şəxs Bakı Metropolitenində Polis Şöbəsinə getməyi təklif etdiyini, Təqsirləndirilən şəxs etiraz etmədən Bakı Metropolitenində Polis Şöbəsinə gəldiyini, iş yoldaşı polis nəfəri Şahid2 postda qalaraq xidmətinə davam etdiyini, Polis Şöbəsində Təqsirləndirilən şəxs raport əsasında Növbətçi Hissəyə təhvil verdiyini, sonradan Polis Şöbəsində Təqsirləndirilən şəxs üzərindən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroinin aşkar edilərək polis əməkdaşları tərəfindən götürüldüyünü və sonuncu barəsində təhqiqat araşdırması başlanması barədə məlumatı eşitdiyini, Təqsirləndirilən şəxs heç bir müqavimət göstərmədiyini bildirmişdir. Şahid qismində dindirilmiş Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinin Post Patrul Xidmətinin polis nəfəri Şahid2 məhkəmə iclasında Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinin Post Patrul Xidmətinin polis nəfəri Şahid3 verdiyi ifadəsində, 2017-ci ilin avqust ayında DİO-da xidmətə qəbul edilməklə hazırda Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinin Post Patrul Xidmətində polis nəfəri vəzifəsində polis serjantı rütbəsi ilə xidmət etdiyini, xx xxxxxxx 2020-ci il tarixdə xidmətdə olan zaman bir nəfər sonradan ad, soyadının Təqsirləndirilən şəxs olduğunu bildiyi narkotik vasitələrin istifadəsində şübhəli bilinən şəxsin üzərində konvoy kimi xidmət aparmağını komandir heyyəti tərəfindən ona bildirildiyini, həmin vaxt Təqsirləndirilən şəxs hüquq və vəzifələri onun vəkilinin iştirakı ilə xidməti otaqda baş təhqiqatçı Samir Axundov tərəfindən izah edildikdən sonra videoçəkilişin aparılması ilə Təqsirləndirilən şəxs üzərinə vəkilin iştirakı ilə paltarlarında axtarış və baxış keçiriləcəyi barədə sonuncuya məlumat verildiyini, Təqsirləndirilən şəxs heç bir etiraz etmədiyini və videoçəkilişin aparılması ilə sonuncunun əynindəki paltarlarda baş təhqiqatçı Samir Axundov tərəfindən axtarış aparıldığını, üzərində başqa əşyalar olduğunu, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən kibrit qutusunda bir ədəd gümüşü kağıza bükülmüş kütlənin aşkar edildiyini, Təqsirləndirilən şəxs həmin kütlənin nə olduğu və kimə məxsus olduğu, eləcə də haradan əldə etməsi barədə təhqiqatçı tərəfindən sual olunduğunu, Təqsirləndirilən şəxs qeyd olunan 1 ədəd kütlənin kokos yəni heroin narkotik vasitə heolduğunu, xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhərində xatırlamadığı yerdə tapdığını, qeyd olunan kütlənin ona məxsus olduğunu və öz istifadəsi üçün üzərində gəzdirdiyini etiraf etdiyini, bundan sonra həmin 1 ədəd kütlənin təhqiqatçı tərəfindən zərfə qoyularaq möhürləndiyini və imzalarla təsdiq edildiyini, üzərində axtarış keçirilən zaman Təqsirləndirilən şəxs qarsı heç bir fiziki psixi və mənəvi təzyiqlərin olmadığını bildirmişdir. İş materiallarında olan materialların məhkəmə ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli, 6/2070 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş zərfin içərisində 1 ədəd bükümdə təmiz çəkisi 0,417 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Həmin maddənin 0,05 qram hissəsi tədqiqata sərf edilmiş, 0,367 qram hissəsi qalıq qalmışdır. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx xxxxxxx 2020-ci il tarixdə Bakı Metropolitenində Polis Şöbəsinin Təhqiqat Qrupunun baş təhqiqatçısı X2 tərəfindən xidməti otaqda Təqsirləndirilən şəxs əynindəki paltarlara müdafiəçi Kərim Bağırovun iştirakı ilə axtarış keçirilən zaman videoçəkiliş aparılmışdır. Həmin videogörüntüyə baxış keçirilərək bu barədə protokol tərtib edilmişdir. Cinayət təqibi üzrə mühüm əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə videogörüntünün olduğu 1 ədəd “DVD” disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuşdur. İşdə olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx xxxxxxx 2020-ci il tarixli, 3043 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan və psixotrop maddə olan metafetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ambulator məhkəmə psixiatrik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 2377 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur və o, Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Həmçinin Təqsirləndirilən şəxs anlaqlı olmaqla barəsində məcburi tibbi xarakterli tədbirlərin görülməsinə zərurət yoxdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 xx xxxxxxx 2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 185.2.1, 185.2.2, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə, həmin Məcəllənin 66.3 və 69.3-cü maddələri tətbiq edilməklə, qəti olaraq 3 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxxx 2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli tutma protokolundan, xx xxxxxxx 2020-ci il tarixli qərardan və eyni tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs, xx xxxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxxx 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx xxxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93 və 93- 1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Habelə, Azərbaycan Respublikası CM-nin 52-1.3.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsini müəyyən edə bilər. Bununla əlaqədar, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93 və 93-1-ci maddələrinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və bununla yanaşı, ona təyin edilmiş narkomaniyadan məcburi müalicə kursunu keçmək həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən əlavə vəzifə kimi də onun üzərinə qoyulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış, xalis çəkisi 0,367 qram narkotik vasitə - heroin məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən materialların məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş 01 (bir) ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx xxxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət nəzərə alınmaqla, həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Bakı şəhərini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və narkomaniyadan məcburi müalicə kursunu keçmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və üzərinə narkomaniyadan məcburi müalicə kursunu keçmək vəzifəsinin qoyulması nəzərə alınsın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,367 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılan 01 (bir) ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar