Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-89/2025 04.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X3, Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs: xx.xx.1997ci ildə Naxçıvan MR, Babək rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi olaraq taksi fəaliyyəti göstərən, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, Babək rayonu, Qoşadizə kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1-ci döngə fərdi həyət evində yaşayan və barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 26 iyun 2024-cü il tarixdə saat 05:55 radələrində texniki cəhətdən saz vəziyyətdə, etibarnamə əsasında idarə etdiyi, Şahid adına olan «Chevrolet Cruze» markalı **-EJ-*** dövlət-qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ilə metronun “Xalqlar Dostluğu” stansiyasından üzü metronun “Neftçilər” stansiyası istiqamətində saatda 60-70km sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında”Azərbaycan Respublikası Qanununun” 42-ci maddəsinin 1-ci hissəsinin və 51-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkətin təhlükəsizliyi təmin olunmadığı vəziyyətdə avtomobili manevr etdirərək, yolun sağdan ikinci hərəkət zolağından sağdan birinci hərəkət zolağına istiqamətləndirməzdən əvvəl həmin manevrin təhlükəsiz başa çatmasına və digər hərəkət iştirakçılarına maneə yaratmayacağına əmin olmadan sağdan ötmə əməliyyatı apararaq hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə əməl etməyərək ünvan 1 ünvanda yerləşən «Ramal» ticarət mərkəzinin qarşısında, yolu sağdan sola keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq hissəsi ilə vuraraq ehtiyatsızlıqdan sonuncuya ümumilikdə həyat üçün təhlükəli olan, sağlamlığa agır zərər vurmaya aid Vİ-Vİİ boyun fəqərələrinin qövsünün və cisminin çoxsaylı, qəlpəli, yerdəyişmiş sınıqları, uzunsov beynin zədələnməsi, bədənin sıyrıqlarından ibarət xəsarətlər yetirmiş, həmin xəsarətlərdən Vİ-Vİİ boyun fəqərələrinin sınıqları ilə müşayiət olunan bədənin küt travması nəticəsində uzunsov beynin zədələnməsi Zərərçəkmiş şəxs ölümünə səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək qeyd etmişdir ki, etibarnamə əsasında Şahid məxsus «Chevrolet Cruze» markalı **-EJ-*** dövlət-qeydiyyat nişanlı avtomobil ilə fərdi olaraq taksi fəaliyyəti göstərmişdir. 26 iyun 2024-cü il tarixdə təxminən saat 06 radələrində qeyd etdiyi avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ilə metronun «Xalqlar Dostluğu» stansiyasından üzü metronun “Neftçilər" stansiyası istiqamətində yolun sağ tərəfdən ikinci zolağı ilə saatda 60-70 km sürətlə hərəkət etmişdir. Nizami rayonu, Qara Qarayev prospekti 57 ünvanında yerləşən «Ramal» ticarət mərkəzinin qarşısına çatdıqda qarşıda hərəkət edən dövlət qeydiyyat nişanını xatırlamadığı «Toyota Prius» markalı avtomobili ötüb keçmək məqsədilə sağ kənar hərəkət zolağına keçmişdir. Bu zaman qarşısında yolu keçmək istəyən piyada bir kişinin olduğunu görmüşdür. Piyadanı vurmamaq üçün dərhal əyləcə basıb sükanı tam sağ tərəfə döndərib avtomobili yol kənarında olan bardürün üzərinə sürmüşdür. Bu zaman piyada geri hərəkət edərək avtomobilinin qabaq sol hissəsinə çırpılıb irəlidə asfaltın üzərinə düşmüşdür. Avtomobili yolun sağ kənarında olan bardürün üzərində saxlamışdır. Avtomobildən düşüb alfaltın üzərində uzanmış piyadaya yaxınlaşmış, piyadanın xəsarət aldığını görüb təcili tibbi yardım xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqə keçmiş təcili tibbi yardım briqadası hadisə yerinə gəlmiş və xəsarət almış piyadanı xəstəxanaya aparmışdır. O, piyadanı yola saldıqdan sonra hadisə yerində gözləmişdir. Bir neçə dəqiqə keçmiş hadisə yerinə gələn polis əməkdaşlarına özünü təqdim edərək sürücü olduğunu bildirmişdir. Baş vermiş hadisədən sonra dəfələrlə zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmaq istəmiş, ona dəymiş zərəri ödəmək niyyətinin olduğunu bildirmiş, lakin qarşı tərəf onu qovmuş, onunla danışıb razılıq əldə etmək mümkün olmamışdır. Ehtiyatsızlıqdan yolnəqliyyat hadisəsi törətdiyini, ilk dəfə cinayət törətdiyini, cinayət törətməsini etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışığa cəhd etməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi kimi dindirilmiş X1 ifadəsində göstərmişdir ki, 26 iyun 2024-cü il tarixdə saat 07 radələrində yaşadığı mənzildə olarkən həyat yoldaşı Rafiqin Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yolu keçmək istəyən zaman onu avtomobil vurduğunu bilmiş, dərhal hadisə yerinə getmişdir. Orada həyat yoldaşının Sabunçu xəstəxanasına aparıldığını öyrənmişdir. O, Sabunçu xəstəxanasına getdikdə Rafiqin artıq Şəhər Klinik Xəstəxanasına köçürüldüyünü öyrənmişdir. Şəhər Klinik Xəstəxanasına getdikdə ona Rafiqin səhhətinin ağır olmasına baxmayaraq sağ olduğunu demişlər. Əlavə suallara cavab olaraq bildirmişdir ki, həyat yoldaşı Zərərçəkmiş şəxs ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi nəticəsində ona dəymiş maddi və mənəvi zərər ödənilməmişdir. Sürücü tərəfindən hüzn mərasimi üçün heç bir köməklik olunmamış və onunla barışmamışdır. Halhazırda təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və ona dəymiş maddi və mənəvi zərərin ödənilməsini tələb etdiyini və bu barədə mülki iddia ərizəsi ilə müraciət etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid çıxışında bildirmişdir ki, «Chevrolet Cruze» markalı **-EJ-*** dövlət-qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Avtomobili 31 mart 2023-cü il tarixdə etibarnamə əsasında sürmək üçün tanışı Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxtdan da qeyd olunan avtomobili Elmar idarə etmişdir. Elmar qeyd olunan avtomobilin pulunu hissə-hissə ona ödəmişdir. Aralarında olan razılaşmaya əsasən Elmar avtomobilin dəyərini tam olaraq ona ödəyib bitirdikdən sonra avtomobili Elmarın adına sənədləşdirəcəklər. 27 iyun 2024-cü il tarixdə Elmar istifadəsində olan mobil telefon nömrəsindən ona zəng vuraraq yol nəqliyyat hadisəsi törətdiyini və Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən «Ramal» ticarət mərkəzinin qarşısında idarə etdiyi avtomobil ilə piyadanı vurduğunu bildirmişdir. Hadisədən sonra piyadanı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya yola saldığını, xəsarət almış piyadanın xəstəxanada vəfat etdiyini söyləmişdir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi tərəfindən verilmiş 19 iyul 2024-cü il tarixli 129 nömrəli rəyində qeyd olunur ki, Zərərçəkmiş şəxs meyiti məhkəmə-tibbi müayinə olunarkən onun bədənində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Vİ-Vİİ boyun fəqərələrinin qövsünün və cisminin çoxsaylı, qəlpəli, yerdəyişmiş sınıqları, uzunsov beynin zədələnməsi, bədənin sıyrıqları. Qeyd edilən xəsarətlər həyatidirlər, şəxsin xəstəxanaya daxil olmasından az əvvəl, yəni xx.xx.2024-cü il tarixdə bərk küt əşyanın (əşyaların) təsirindən piyada qismində olarkən yol-nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür, dərəcələrinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AGİR zərər vurmanın əlamətlərini daşıyırlar və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs ölümünə Vİ-Vİİ boyun fəqərələrinin sınıqları ilə müşayiət olunan bədənin küt travması nəticəsində uzunsov beynin zədələnməsi səbəb olmuşdur. Ölüm KTM-də xx.xx.2024-cü il tarixdə 09:22-də baş vermişdir, hansı ki, meyitin məhkəmə-tibbi müayinəsi ilə inkar olunmur. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, fenikilamin qrupuna aid olan amfetamin və metamfetamin, pirazalon, 1,4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə ekspertizası mərkəzi tərəfindən verilmiş 11 sentyabr 2024-cü il tarixli, 8/2300 nömrəli Yolnəqliyyat hadisələrinin məhkəmə ekspertizasının rəyində göstərilmişdir ki, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi, «Chevrolet Cruze» markalı avtomobili manevr etdirməzdən əvvəl etdiyi manevrin hərəkətin təhlükəsizliyini təmin edəcəyinə əmin olmalı, hərəkətin təhlükəsizliyi təmin olunmadığı vəziyyətdə avtomobili manevr etdirməməli, yolun sağdan ikinci hərəkət zolağından sağdan birinci hərəkət zolağına istiqamətləndirməzdən əvvəl həmin manevrin təhlükəsiz başa çatmasına və digər hərəkət iştirakçılarına maneə yaratmayacağına əmin olmalı, sağdan ötmə əməliyyatı aparmamamalı idi. Mövcud vəziyyətdə yolun sağdan birinci hərəkət zolağında piyadanın olduğu vəziyyətdə sağdan ikinci hərəkət zolağından sağdan birinci hərəkət zolağına avtomobili manevr etdirməməli, hərəkət üçün təhlükə yaratmamalı idi. Sürücü Təqsirləndirilən şəxs idarə etdiyi. «Chevrolet Cruze» markalı avtomobilin qarşısında sağdan ikinci hərəkət zolağı ilə hərəkətdə olan avtomobilin sağ tərəfindən ötmə əməliyyatı aparması, sağdan ikinci hərəkət zolağından sağdan birinci hərəkət zolağına manevr etdirməsi, hərəkət üçün təhlükə yaratması və sağdan birinci hərəkət zolağında yolu keçən piyadanı vurması onu izah edir ki, mövcud vəziyyətdə «Chevrolet Cruze» markalı 50- EJ-203 dövlət-qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin, 51-ci maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin saksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə əlavə cəza ilə yanaşı azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanunauyğun, ədalətli və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan AR DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. İş üzrə maddi sübut kimi tanınmış «Chevrolet Cruze» markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi məhkəməyə müraciət edərək mənəvi olaraq 100.000 manat, maddi olaraq 50.000 manat, dəfn xərci üçün 5000, dövlət rüsümu olaraq ödədiyi 445 manat, cəmi 155445 manat pulun Təqsirləndirilən şəxs alınaraq ona verilməsini xahiş etdmişdir. Məhkəmə verilmiş mülki iddia ilə bağlı qeyd edir ki, ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxsin hüquqi varisinə dəymiş zərərin əvəzinin ödənilməsi məsələsi Mülki Məcəllənin 1119-1122-ci maddələri ilə tənzimlənmişdir. Həmçinin MM-in 1122.1-ci maddəsinə əsasən ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan şəxslərə zərərin əvəzi ölənin bu Məcəllənin 1119-cu maddəsinin qaydalarına əsasən müəyyənləşdirilmiş qazancının (gəlirinin) o hissəsi miqdarında ödənilir ki, həmin hissəni onlar ölənin sağlığında öz dolanacaqları üçün alırdılar və ya almaq hüququna malik idilər. Həmin şəxslərə ödənilən zərərin əvəzi müəyyənləşdirilərkən ölənin gəlirinin tərkibinə qazanc (gəlir) ilə yanaşı onun sağlığında aldığı pensiya və digər bu cür ödənclər də daxil edilir. Qeyd olunan hallar və zərərin əvəzinin ödənilməsi müddəti, məbləği mülki xarakterli araşdırma tələb etdiyindən məhkəmə belə qənaətə gəlir ki, mülki iddia baxılmamış saxlanılmalı və zərəçəkmiş şəxsin hüquqi varisinə mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli hökm çıxarıldığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə zalından həbs edilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Barəsində seçilmiş həmin həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 85 manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan «Chevrolet Cruze» markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınsın. Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X1 tərəfindən Təqsirləndirilən şəxs qarşı verilmiş mülki iddiası baxılmamış saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 180 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-89/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-89/2025
04.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver