Məhkəmə qərarları › İş №1(007)-9/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-9/2020

12.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-9/2020 12.08.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclası katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş şəxsin hüquqi varisi X4, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1985-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talayıb, zərəçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxxx 2017-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, X8 küçəsi, ev 1 ünvanında yerləşən çilingər sexinin yardımçı qapısının qıfılını sexin yaxınlığından götürdüyü dəmir parçası ilə açaraq qanunsuz daxil olmaqla sexdə olan dolabın rəfində saxlanılan 600 manat, xx xxxxxxx 2017-ci il tarixdə saat 17 radələrində həmin sexə eyni üsulla yenidən qanunsuz daxil olmaqla sexdə olan dolabın rəfində saxlanılan 600 manat və xx xxxxxx 2017-ci il tarixdə saat 19 radələrində qeyd edilən çilingər sexinə yenidən eyni üsulla qanunsuz daxil olmaqla dolabın rəfində və kassada saxlanılan 2400 manat, Zərərçəkmiş şəxs məxsus ümumilikdə 3600 manat məbləğində nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, evlidir, bir azyaşlı qız övladı var, fəhləçilik etməklə çörək pulunu qazanır. 2017-ci ilin sentyabr ayında ailəsi ilə birlikdə Keşlə qəsəbəsində dəqiq bilmədiyi ünvanda kirayədə yaşamışdır. Oktyabr ayının əvvəllərində işdə olan vaxt yıxılıb əlini sındırmış və işsiz olmuşdur. Bacanağı Şahid1 də ailəsi ilə birlikdə Keşlə qəsəbəsində kirayədə yaşamışdır. Vəkil də, o da ayrılıqda aylıq 100 manata kirayədə qalmışdır. Buna görə də Vəkillə razılaşıb birlikdə aylıq 150 manata kirayəyə ev tutub birlikdə yaşamağa başlamışdır. Vəkil gündüz Xırdalanda tikintidə fəhlə işləmiş, axşam isə Keşlə qəsəbəsi, X8 küçəsi, 1 ünvanında yerləşən çilingər sexində mühafizəçi dayanmışdır. Həmin ərəfələrdə onun əlində sarğı olduğu üçün işə çıxa bilməmiş, buna görə də arada Vəkilin işlədiyi sexə domino oynamağa gedib-gəlmişdir. Buna görə sexdə pulun harda saxlandığını görmüşdür. Arabir isə Vəkil Xırdalanda işdən gec çıxanda ondan xahiş etmişdir ki, o, saat 17 radələrində sexə getsin və Vəkil Xırdalandan gələnə kimi sexdə dayansın ki, işçilər sexin sahibi Nəsirə şikayət etməsinlər. O, Vəkilin dediyi kimi saat 17 radələrində sexə getmişdir ki, işçilər işdən çıxanda sexdə adam olduğunu görüb Nəsirə şikayət etməsinlər. xx xxxxxxx 2017-ci il tarixdə Vəkil yenə də ondan xahiş etmişdir ki, o, Xırdalandan gələnə kimi sexdə olsun. O, saat 17 radələrində sexə getmiş, saat 19 radələrində işçilər çıxıb getmiş, sexdə ondan başqa heç kim olmamışdır. O, sexin qapısının ağzında olan dəmir parçası ilə qapının qıfılını açmış və sexə daxil olub pul saxlandığı yerdə bir neçə pul dəstəsi olduğunu görmüşdür. Əlini atıb həmin dəstələrdən birini götürüb cibinə qoymuş və dərhal çölə çıxmışdır. Qapının qıfılını qaytarıb əvvəlki kimi bağlamışdır. Bir az sexdə dayanıb evə getmişdir. Evdə pulu sayanda görmüşdür ki, 600 manat pul götürmüşdür. İkinci dəfə xx xxxxxxx 2017-ci il tarixdə saat 17 radələrində sexə getmişdir. Sexin işçiləri ilə domino oynamış, bu vaxt sexə müştəri maşın gətirdiyi üçün işçilər çölə çıxmış və çöldə maşının mühərrikinə başları qarışmışdır. O, bundan istifadə edərək pulun saxlandığı qutunu açıb görmüşdür ki, qutuda 1000 manatdan yuxarı məbləğdə pul var. O puldan 600 manat götürmüşdür ki, pulun yeri boş qalmasın ki, oğurluq olduğu bilinməsin. Fikirləşmişdir ki, əgər pulun hamısı götürsə, baxıb görərlər ki, pul yoxdu, oğurluq olduğunu bilərlər. O, pulu götürəndən az sonra işçilər içəri keçmişlər və onlar domino oynamağa davam etmişlər. Sonra isə çıxıb evə getmişdir. Həmin günün səhəri sexdən oğurluq olması barədə Vəkilə demişlər. Vəkil ona bu barədə deyəndə ona etiraf etmişdir ki, pulu o, oğurlamışdır. Vəkil demişdir ki, axırıncı dəfə olsun, problem yaranacaq, başları ağrıyacaqdır. xx xxxxxx 2017ci il tarxidə saat 19 radələrində sexə gəlmiş, sexdə heç kim olmamışdır. O, sexin qapısının ağzından götürdüyü dəmirlə qapının qıfılını sındırıb içəri keçmiş və pul qabında olan 1175 manat pulu götürüb cibinə qoyaraq sexdən çıxmış və evə getmişdir. O, birinci və ikinci dəfə oğurladığı puldan Vəkilə heç nə verməmişdir. Lakin xx xxxxxx 2017-ci il tarixdə sexdən oğurluq edəndən sonra həmin axşam Vəkil evə gələndə özü bu barədə Vəkilə demiş və 250 manat pul vermişdir ki, onların birlikdə kirayə tutduqları evin aylıq kirayə pulu olan 150 manatı ödəsin, qalan 100 manatı isə Vəkildən əvvəl kirayədə qaldığı evin pulunu ödəmək üçün aldığı borcu qaytarmaq üçün nəzərdə tutmuşdur. Qalan pulu isə öz ehtiyacı üçün xərcləmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini, bir daha belə hallara yol verməyəcəyini, himayəsində azyaşlı uşağı olduğunu bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqının əvvəlində iştirak edən, xx xxxxxx 2020-ci il tarixdə vəfat etmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, X8 küçəsi, 1 ünvanında yerləşən çilingər sexini o, işlətmişdir. Sexdə Şahid2 və Şahid3 onunla birlikdə işləmişlər. Zöhrab 18 il, Vitaliy isə 16 il olar ki, onunla birlikdə maşın mühərriki sexində işləyirlər. Onların sexində əvvəllər heç vaxt oğurluq hadisəsi olmamışdır. Sexə girmək üçün iki yerdən qapı olmuşdur. Birinci qapı sexin qarşısında olan əsas qapıdır, ikinci qapı isə sexin yanındadır. İkinci qapı olan yerdə mühərrikin detallarını yuyub təmizləmişlər. Sexdə kassaya Vitaliy nəzarət etmişdir. Sexin pulu çəkmə şkafda saxlanılmışdır. xx xxxxxxx 2017-ci il tarixdə günorta saatlarında o, Vitaliydən iş üçün pul istəyəndə Vitaliy pulu sayıb ona demişdir ki, sexdə pul olan yerdən 1400 manat puldan 600 manat oğurlanmışdır. O, Vitaliylə öz aralarında Zöhrabdan şübhələndikləri üçün bu barədə polisə məlumat verməmişdir. Bundan sonra xx xxxxxxx 2017-ci il tarixdə saat 09:30 radələrində işə gələn vaxt Vitaliy ona demişdir ki, sexdə olan 3000 manat pulun üstündən yenə də 600 manat oğurlanmışdır. İşçilərdən hansısa biri olmaq ehtimalına görə o, yenə də polisə müraciət eləməmiş və qərara almışdır ki, sexə təhlükəsizlik kamerası yerləşdirsin, oğrunu birinci özü tapsın, əgər işçisi olsa pulu qaytartsın, kənar adam olsa, polisə müraciət etsin. Buna görə sexə təhlükəsizlik kamerası quraşdırmışdır ki, bu hadisəni törədən şəxsi müəyyən etsin. xx xxxxxx 2017-ci il tarixdə səhər işə gələndə Vitaliy ona zəng edərək demişdir ki, sexdə olan 2400 manat pulun hamısı oğurlanmışdır. Bundan sonra kameraya baxanda müəyyən eləmişdir ki, oğurluğu edən şəxs sexdə mühafizəçi işləyən Şahid1 qohumu Anar adlı şəxsdir. Anar bir neçə dəfə sexə Vəkilin yanına gəlib-getmişdir. Hadisədən sonra o, Anarı tutdurmamaq üçün dərhal polisə müraciət eləməmişdir. Anarın özünü çağırıb kamera görüntüsünü göstərmiş və demişdir ki, pulu qaytarmasa ondan şikayət edəcək. Anar da demişdir ki, bir neçə günə pulu qaytaracaq. Lakin bir həftə gözləsə də, Anar pulu gətirməmişdir. Bundan sonra o, 23-cü Polis Bölməsinə gedərək ərizə ilə müraciət etmişdir. Onun sexə quraşdırdığı kamera isə görüntünü cəmi 15 gün saxlayırmış. Bu səbəbdən də baş vermiş oğurluq hadisəsi ilə əlaqədar kamera görüntüsünü istintaq orqanına təqdim edə bilməmişdir. 23-cü Polis Bölməsində adını bilmədiyi əməkdaşın onun izahatını niyə fərqli yazdığını bilmir. O, Bölmədə də demişdir ki, Anar sexdən üç dəfə oğurluq etmişdir. Anar birinci və ikinci dəfə 600 manat, üçüncü dəfə isə 2400 manat, ümumilikdə 3600 manat pul oğurlamışdır. Anar Bölmədə ümumilikdə 2400 manat oğurladığını etiraf etdiyi üçün ola bilsin ki, onun izahatını da belə yazıblar. Ona dəymiş ziyan hazırda da ödənilməmişdir. Zərərçəkmiş şəxs hazırda baxılan cinayət işi ilə bağlı olmayan digər səbəbdən xx xxxxxx 2020-ci il tarixdə vəfat etmiş, onun yaxın qohumu hesab olunan oğlu X4 ərizəsi əsasında o, zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq, işə buraxılmışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X6 zərərçəkmiş şəxsin ifadəsində qeyd edilənləri təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs dəymiş maddi ziyanı indiyədək ödəməmişdir, lakin o, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxsin barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, təxminən 18 il Zərərçəkmiş şəxslə birlikdə maşın mühərriki sexində usta işləmişdir. Sexdə kassaya Vitaliy nəzərət etmişdir. Sexin pulu çəkmə şkafda saxlanılmışdır. xx xxxxxxx 2017-ci il tarixdə saat 08:30 radələrində adəti üzrə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, X8 küçəsi, 1 ünvanında yerləşən çilingər sexinə işə gəlmişdir. Sexə girmək üçün iki yerdən qapı olmuşdur. Birinci qapı sexin qarşısında olan əsas qapısıdır, ikinci qapı isə sexin yanındadır. İkinci qapı olan yerdə mühərrikin detallarını yuyub təmizləmişlər. O, ikinci qapını açanda qapı ağır açılmış və qıfılın üstündə çəkic izi olmuşdur. Lakin qıfıl xarab olmamış, işlək vəziyyətdə olmuşdur. Vitaliy ilə ilkin vaxtı baxanda sexdən hansısa oğurluq olduğunu bilməmişlər. Vitaliy pul olan şkafa baxanda şkafda pul olduğunu görmüş, buna görə də pulu saymamışlar. Həmin gün günorta saatlarında Nəsir Vitaliydən işlə bağlı pul istəyəndə Vitaliy şkafda olan pulu saymış və onlar həmin vaxt müəyyən eləmişlər ki, sexdə olan 1400 manat puldan 600 manat oğurlanmışdır. Lakin Nəsir bu barədə polisə müraciət eləməmişdir. Bundan sonra xx xxxxxxx 2017-ci il tarixdə saat 08:30 radələrində adəti üzrə sexə işə gəlmişdir. Vitaliy demişdir ki, yenə də sexdən oğurluq olmuşdur. Vitaliy demişdir ki, şkafın qapısı axşam qoyub getdiyi kimi örtülməmişdir. Bundan sonra şkafda olan pulu sayanda müəyyən eləmişlər ki, sexdə olan 3000 manat pulun üstündən yenə də 600 manat oğurlanmışdır. Lakin bu dəfə də Nəsir polisə müraciət eləməmişdir. Sexdə təhlükəsizlik kamerası quraşdırmışlar ki, bu hadisəni törədən şəxsi müəyyən etsinlər. xx xxxxxx 2017-ci il tarixdə səhər yenə də işə gələndə görmüşlər ki, sex dağınıq vəziyyətdədir. Şkafda olan 2400 manat pulun hamısı oğurlanmışdır. Bundan sonra kameraya baxanda müəyyən eləmişlər ki, oğurluğu edən şəxs sexdə mühafizəçi işləyən Şahid1 qohumu Anar adlı şəxsdir. Anar bir neçə dəfə sexə Vəkilin yanına gəlib-getmiş, arada bir də onlarla domino oynamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, təxminən 18 il Zərərçəkmiş şəxs sexində Şahid3la birlikdə maşın mühərriki ustası işləyir. Sexdə olan pula və kassaya o, nəzarət etmişdir. Sexin pulu çəkmə şkafda saxlanılmışdır. xx xxxxxxx 2017-ci il tarixdə saat 08:30 radələrində adəti üzrə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, X8 küçəsi, 1 ünvanında yerləşən çilingər sexinə işə gəlmişdir. Sexə girmək üçün iki yerdən qapı olmuşdur. Birinci qapı sexin qarşısında olan əsas qapısıdır, ikinci qapı isə sexin yanındadır. İkinci qapı olan yerdə mühərrikin detallarını yuyub təmizləmişlər. Zöhrab demişdir ki, ikinci qapının qıfılının üstündə çəkic zərbəsinin izini görmüşdür. O da baxanda görmüşdür ki, həqiqətən də qıfılın üstündə çəkic izi var. Sexdə heç bir dağınıqlıq olmamışdır. Pul olan şkafa baxanda şkafda pul olduğunu görüb hesab eləmişdir ki, əgər oğurluq olsa, pulun hamısını aparardılar. Buna görə də pulu saymamışdır. Həmin gün işdə olan vaxt günorta saatlarında müəyyən eləmişdir ki, sexdə pul olan yerdən 1400 manat puldan 600 manat oğurlanmışdır. Belə ki, saat təxminən 14 radələrində Nəsir ondan planın pulunu istəyəndə o, şkafdan pulu götürüb saymış və görmüşdür ki, şkafda olan 1400 manat puldan 600 manat çatmır. Bu barədə Nəsirə demişdir. Lakin onlar Nəsirlə öz aralarında Zöhrabdan şübhələndikləri üçün Nəsir bu barədə polisə məlumat verməmişdir. Bundan sonra xx xxxxxxx 2017-ci tarixdə işə gələndə görmüşdür ki, pul olan şkafın qapısı axşam bağlayıb getdiyi kimi deyil. Bundan sonra pulu sayanda müəyyən eləmişdir ki, sexdə olan təxminən 3000 manat pulun üstündən yenə də 600 manat oğurlanmışdır. Nəsir işə gələndə bu barədə Nəsirə demişdir. Bundan sonra sexə təhlükəsizlik kamerası quraşdırmışlar ki, bu hadisəni törədən şəxsi müəyyən etsinlər. xx xxxxxx 2017-ci il tarixdə səhər işə gələndə görmüşdür ki, sex dağınıqdır, sexdə olan kassa aparatı və şkafın qapısı sındırılmışdır. Dərhal zəng edib bu barədə Nəsirə demişdir. O, Nəsir gələnə kimi Zöhrabla birlikdə çöldə gözləmişdir. Nəsir gələndən sonra baxmışlar ki, sexdə olan 2400 manat pulun hamısı oğurlanmışdır. Bundan sonra təhlükəsizlik kamerasına baxanda müəyyən eləmişlər ki, oğurluğu edən şəxs sexdə mühafizəçi işləyən Şahid1 qohumu Anar adlı şəxsdir. Anar bir neçə dəfə sexə Vəkilin yanına gəlib-getmiş, arada bir də onlarla domino oynamışdır. Cinayət işi üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsi işin faktiki halları baxımından xüsusi əhəmiyyət daşıdığından, onun məhkəmə iclasına dəvət olunması üçün müvafiq tədbirlər görülmüş, bu tədbirlər lazımi nəticə vermədiyinə görə məhkəmə iclasları dəfələrlə təxirə salınmışdır. Bu tədbirlər çərçivəsində şahidin iş materiallarında olan qeydiyyat və yaşayış ünvanlarına poçt vasitəsi ilə məhkəmə bildirişləri göndərilmiş, məcburi gətirilməsinə dair qərarlar qəbul edilərək Bakı şəhəri Nizami rayon Polis İdarəsinə, Cəlilabad rayon Polis Şöbəsinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi vasitəsi ilə Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə həvalə edilmişdir. Lakin cavab məktubları və onlara əlavə edilən ərazi icra nümayəndəliyinin məlumatları ilə müəyyən olunmuşdur ki, Şahid1 faktiki məlum olan ünvanlarda yaşamır, onun yerinin müəyyən edilməsi mümkün olmamışdır. Şahid1 yalnız xx xxxxxxx 2019-cu il tarixdə poçt vasitəsi ilə məhkəməyə teleqram göndərərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini, heç bir əlavəsi olmadığını göstərmiş, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq, həmin şahidin iştirakı olmadan işə baxılmasını yekunlaşdırmış, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini elan etməklə tədqiq etmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərilmişdir ki, 2017-ci ilin aprel ayından Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi çilingər sexində mühafizəçi işləmişdir. Aylıq 200 manat maaş almışdır. Təqsirləndirilən şəxs isə onun bacanağıdır və Anar demək olar ki, 2017-ci ilin sentyabr ayından etibarən əli qırıldığı üçün hər gün onun işlədiyi sexdə olan ustalarla domino oyunu oynamağa gəlmişdir. xx xxxxxx 2017-ci il tarixdə həftənin altıncı günü saat təxminən 19:30 radələrində o, evə çörək yeməyə getmiş, təxminən bir saat sonra sexə qayıtmışdır. Saat təxminən 22 radələrində Anar ona zəng edərək sexdən bir az aşağıda olan məscidin yanma çağırmış və ona 250 manat pul verib demişdir ki, o işləyən sexdən oğurluq eltmişdir. O da söz vermişdir ki, bu barədə heç kimə məlumat verməyəcəkdir. Bundan sonra bilmişdir ki, Nəsir polisə şikayət etmişdir. O, polis bölməsinə gedəndə oğurluq edən şəxsin bacanağı Anar olduğunu polis işçilərinə bildirmiş və Aııarın saxlanılaraq polis bölməsinə gətirilməsi üçün polis işçilərinə köməklik etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: -Cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında xx xxxxxx 2018ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs 2800 manat məbləğinə pulunun oğurlanması faktı üzrə Bakı şəhəri Nizami rayon prokuroru tərəfindən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə cinayət işi başlanmış və ibtiadi istintaq aparılması üçün Nizami RPİ-nin İŞ-nə göndərilmişdir. (i.v. 1) -Cinayət işinin icraata qəbul edilməsi haqqında xx xxxxxx 2018-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə olan cinayət işi Nizami RPİ-nin İŞ-nin müstətiqinin icraatına qəbul edilmişdir. (i.v. 23) -Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin xx xxxxxx 2018-ci il tarixli 088-2392-1218 nömrəli məktubundan görünür ki, barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq RPİ-nin MSY-nə təhvil verilmişdir. (i.v. 36) -Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx xxxxxx 2018-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v. 48-49) -Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında xx xxxxxx 2018-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami RPİ-nin MSY-dən azad edilmişdir. (i.v. 60) -Qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxx 2018-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 62-63) -Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında xx xxxxxx 2018-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək cinayəti hansı qaydada törətdiyini əyani olaraq göstərib təsvir etmişdir. Bu zaman fotoşəkillər çəkilərək işə əlavə olunmuşdur. (i.v. 66-70) -İctimai təhlükəli əməlin tövsif edilməsi haqqında xx xxxxxx 2018-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddəsinə tövsif edilmişdir. (i.v. 86) -Tutma haqqında xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq RPİ-nin MSY-nə təhvil verilmişdir. (i.v. 97) -Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx xxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v. 98-99) -Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti xx xxxxx 2019-cu il tarixədək müəyyən edilmiş, həbsetmənin əvvəli xx xxxx 2019-cu il tarixdən hesablanmışdır (i.v. 115-116) -Sübutların qiymətləndirilməsi haqqında xx xxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrindən həmin Məcəllənin 177.2.3-cü maddəsinə tövsif edilmiş, əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkib əlamətləri olmadığına görə barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, Şahid1 əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 307.1-ci maddələri ilə nəzərdə tutulan cinayətin tərkib əlamətləri olmadığına görə barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmişdir. (i.v. 148-154) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx xxxxx 2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 147) -Cəlilabad rayon Qeydiyyat şöbəsindən xx xxxxxxx 2017-ci il tarixdə verilmiş AZ-İV Seriyalı, 029078 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx xxxxxxx 2015-ci il tarixdə doğulmuşdur, atası X7, anası X1r. (i.v. 59) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxxxx 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə qeyd edir ki, törədilmiş cinayət əməli nəticəsində Təqsirləndirilən şəxs tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, X8 küçəsi, 1 ünvanında yerləşən çilingər sexindən xx.xx.2017-ci il tarixdə 600 manat, xx.xx.2017-ci il tarixdə 600 manat, xx.xx.2017-ci il tarixdə 2400 manat, ümumilikdə cəmi 3600 manat pul oğurlanmışdır. Lakin təqsirləndirilən şəxs iki dəfə 600 manat oğurladığını etiraf etsə də, sonuncu dəfə 2400 manat deyil, 1175 manat oğurladığını qeyd etsə də, həmin hal məhkəmə tədqiqi zamanı toplanmış və tədqiq edilmiş sübutlarla təkzib edilmişdir, təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində ümumilikdə 3600 manat məbləğində pul oğurlamaqla zərərçəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vurması tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə həmin hissədə tənqidi yanaşaraq, onun belə ifadə verməsinin məsuliyyətini yüngülləşdirmək məqsədi daşıdığını hesab edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət hesab olunur. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törədərək məsuliyyətə cəlb olunmasını, törətdiyi cinayətdən səmimi peşmançılıq çəkməsini, dəymiş maddi ziyan ödənilməsə də, zərərçəkmiş şəxsin ərizə təqdim edərək onunla barışmasını, şikayət və tələbinin olmamasını, himayəsində azyaşlı uşağı olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək tutulduğu 02 gün müddət, CMnin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı, üzərində qəti cəza saxlanılmalı, cəzaçəkməsinin əvvəli isə xx xxxx 2019-cu il tarixdə tutulduğu vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.13-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməli olduğu məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən törədilmiş az ağır cinayətə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsinə əsasən qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyindən, o, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.17-ci maddəsinə əsasən mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmadığı məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilməlidir. Hazırkı iş üzrə cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə cəmi 3600 manat məbləğində maddi zərər vurulmuş, lakin zərərçəkmiş şəxs maddi ziyanın tutulması üçün mülki iddia qaldırmamaqla yanaşı, hazırda hüquqi varisi tərəfindən həmin maddi ziyan tələb edilmir. Azərbaycan Respublikası CPM-nin 346.1.19 və 346.1.21-ci maddələrinə əsasən maddi sübutlar məsələsinin necə həll edilməli olduğu; hansı əmlakın xüsusi müsadirə edilməli olduğu; məhkəmə xərclərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilməlidir. Hazırkı cinayət işi üzrə maddi sübut qismində hər hansı əşya, predmet tanınmamışdır, eləcə də məhkəmə xərcləri olmamışdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həminşəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Vəkil Müdafiəçi1 ibtidai istintaqda və məhkəmədə iştirak edərək təqsirləndirilən şəxsə hüquqi yardım göstərmişdir. Məhkəmə hesab edir ki, həmin vəkilin ibtidai istintaqda və məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 80 iş saatı müddətinə bərabər tutulduğundan, (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 müvafiq hesablaşma hesabı üzərindən Vəkil Bürosu vasitəsi ilə 480 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Bununla yanaşı məhkəmə istintaqının davamında digər vəkil Müdafiəçi2 iştirak edərək təqsirləndirilən şəxsə hüquqi yardım göstərmişdir. Məhkəmə hesab edir ki, həmin vəkilin məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 5 iş saatı müddətinə bərabər tutulduğundan, eyni qayda və əsaslarla Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 müvafiq hesablaşma hesabı üzərindən Vəkil Bürosu vasitəsi ilə 30 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək tutulduğu 02 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 80 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 “xxxxxxxxxxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ********************, S.Wİ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 480 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs 5 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 “xxxxxxxxxxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ********************, S.Wİ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 30 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar