Məhkəmə qərarları › İş №1(007)-9/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-9/2022

14.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-9/2022 14.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxx 1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Ş.Məhərrəmov küçəsi, ev 72-də qeydiyyatda olan, 12 mart 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, 14 mart 2019-cu il tarixdə tutmadan azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, 12 mart 2020-ci il tarixdə axtarışda olan şəxs qismində tutulmuş, 14 mart 2020-ci il tarixdə tutmadan azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbirinin şərtlərini pozaraq məhkəmədən gizləndiyindən 19 mart 2021-ci il tarixdə haqqında axtarış elan edilmiş və qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş, törətdiyi digər cinayət əməlinə görə Bakı şəhəri Suraxanı RPİ-nin istintaq şöbəsinin icraatında olan cinayət işi üzrə 20 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 22 mart 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbirinin müddəti sonuncu dəfə 11 sentyabr 2021-ci il tarixədək uzadılmış, hazırkı iş üzrə 10 sentyabr 2021-ci il tarixdə hazırlıq iclasının qərarı ilə barəsində 19 mart 2021-ci il tarixdə seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrar oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 02 yanvar 2019-cu il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə qanunsuz daxil olub köməkçi otağın qapısını açaraq saxlanc yerinə qanunsuz daxil olaraq oradan sonuncuya məxsus 850 manat dəyərində bir ədəd kombi istilik sistemi aparatını gizli olaraq talayıb ələ keçirməklə, Zərərçəkmiş şəxs2 ümumilikdə 850 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını gizli talama məqsədi ilə Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2019-cu ilin iyun ayının 13-dən 2019-cu ilin iyun ayının 30dək olan müddət ərzində günün müxtəlif vaxtlarında vahid niyyətlə əhatə olunan qəsdlə ünvan 2 ünvanında yerləşən üçmərtəbəli yaşayış evinin birinci mərtəbəsinin plastik pəncərəsini açıb yaşayış sahəsinə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs1 məxsus ümumi dəyəri 1200 manat təşkil edən 05 ədəd müxtəlif ölçülü laqonda, ümumi dəyəri 1000 manat təşkil edən 06 ədəd direl və prefarator, dəyəri 250 manat təşkil edən 01 ədəd kompressor, dəyəri 700 manat təşkil edən avtomobil yuması üçün nəzərdə tutulan 01 ədəd elektrik aparatı, dəyəri 800 manat təşkil edən 01 ədəd ağac doğranması üçün nəzərdə tutulan elektrik aparatı, ümumi dəyəri 650 manat təşkil edən 02 ədəd elektrolobzik, dəyəri 550 manat təşkil edən 01 ədəd elektrosilkulyar, ümumi dəyəri 1000 manat təşkil edən içərisində avtomobil təmiri açarları seti olan 03 qutu, dəyəri 350 manat təşkil edən təkərlərin açılıb-bağlanmasında istifadə olunan hava ilə çalışan elektrik aparatı, dəyəri 700 manat təşkil edən 01 ədəd elektrolobzik, dəyəri 1500 manat təşkil edən “İnvertor” markalı qaynaq aparatı, ümumi dəyəri 850 manat təşkil edən içərisində 50 ədəd avtomat açarı olan elektrik şiti, dəyəri 1200 manat təşkil edən min metr uzunluğunda 01 ədəd elektrik kabeli, dəyəri 300 manat təşkil edən “Niva” markalı avtomobilə aid elektrik güzgüləri, dəyəri 300 manat təşkil edən 01 ədəd “Sony” markalı televizor, dəyəri 300 manat təşkil edən 01 ədəd “Tvi Lekoda” adlı aparat, ümumi dəyəri 2500 manat təşkil edən 10 ədəd çay və nahar serviz dəsti, ümumi dəyəri 350 manat təşkil edən 02 ədəd samovar, dəyəri 1500 manat təşkil edən 01 ədəd kombi istilik sistemi aparatı və ümumi dəyəri 3000 manat təşkil edən müxtəlif növ digər avadanlıqları talayıb ələ keçirməklə, Zərərçəkmiş şəxs1 ümumilikdə 19.000 manat xeyli miqdarda ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 02 yanvar 2019-cu il tarixdə o, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin işıqlarının sönülü olduğunu görüb evdə heç kimin olmadığını düşünərək evin çöl hasarını aşıb evə daxil olmuşdur. Həyətdə yerləşən və evə bitişik olan köməkçi otağa daxil olmuş, oradan kombi aparatını özü ilə gətirdiyi dəmir qayçı ilə borulardan kəsib ayıraraq götürüb ordan uzaqlaşmışdır. Həmin tarixdə saat təxminən 23:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsində Elvin adlı şəxsə həmin kombi aparatının ona məxsus olduğunu və maddi ehtiyacı ehtiyacı olduğunu deyərək satmaq istədiyini bildirmişdir. Elvinlə razıalşaraq kombini ona 150 manata satmış, pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Şahid1 onun xalasının oğlu X2 dostudur. Etibarla ilk görüşündən sonra aralarında səmimi münasibət yaranmışdır. 2019-cu ilin iyun ayının təxminən 19-da Əhmədli qəsəbəsində “Nargilə” kafesinin yaxınlığında olarkən Etibarı bir kənara çəkib təklif etmişdir ki, Nizami rayonu, 8-ci km qəsəbəsində üçmərtəbəli ev tanıyır, bir neçə dəfə həmin evə daxil olub əşyalar aparmışdır və evdə hazırda da kimsə yaşamır, gedib oradan birlikdə oğurluq etsinlər. Etibarın pula ehtiyacı olduğundan onun təklifi ilə razı olmuş və birlikdə həmin ünvana getmişlər. Onlar üç mərtəbədən ibarət, mansarlı, təmiri başa çatmamış evin dəmir hasarına yaxınlaşmışlar, o, Etibardan qabaq dəmir hasardan içəri keçib kimsənin olmadığına əmin olduqdan sonra Etibara işarə etmiş, Etibar da eyni qaydada içəri keçmişdir. Sonra iki yaxın binanın arası ilə oğurluq etmək istədikləri evin qarşısına keçmişlər və orada olan taxta pilləkəni divara söykəyib birinci mərtəbənin plastik pəncərəsini açıb içəri keçmişlər. O, Etibardan qabaq qalxmış və pəncərəyə əli ilə zor tətbiq edib açandan sonra Etibar da onun ardınca otağa düşmüşdür. Bütün mərtəbə və otaqları gəzib dolaşmışlar və yaşayış olmadığına əmin olduqdan sonra yenidən birinci düşdükləri otağa qayıtmışlar. Orada iki ədəd çarpayı, ətrafında xeyli tikinti, təmir, elektrik avadanlıqlarının olduğunu görüb iki-üç ədəd laqonda, iki ədəd elektrik direli götürüb ağ kisələrə yığıb pilləkənlərlə aşağı düşərək hasardan keçirib tanımadıqları taksi avtomobili ilə onun yaşadığı ünvana aparmışlar. Əşyalar gecəni onun evində qalmış və ayrılanda növbəti gün “8-ci km bazarı”nda görüşmələri barədə razılaşmışlar. Danışdıqları kimi növbəti gün bazarın qarşısında görüşmüşlər. O, alətləri taksi ilə gətirmiş və onlar əşyaları götürüb maşından düşürdükdən sonra o, özü bazara daxil olmuş və orada elektrik avadanlıqlannın təmiri və alqı-satqısı ilə məşğul olan cavan oğlana 110 manata satmışdır. Alıcıya özlərinin tikinti işi ilə məşğul olduqlarını və əşyalar lazım olmadığına görə satdıqlarını bildirmişlər. Bundan sonra həmin şəxs malları alıb özü ilə aparmışdır. Həmin şəxs pulu ona vermiş və gedəndən sonra adambaşına 50 manat böldükdən sonra qalan 10 manata isə siqaret və su almışlar. Aradan 2 gün keçmiş yenidən həmin ünvana getmiş, eyni qaydada evə girmişlər və bu dəfə də preparator, ağacdoğrayan elektrik avadanlıqları və digər əşyalardan ibarət iki bağlama yığıb hasardan çölə çıxarmış və taksi ilə onun evinə aparmışlar. Növbəti gün yenə “8-ci km bazarı”nda görüşərək onun taksi ilə gətirdiyi əşyaları bazar ərazisində alqı-satqısı ilə məşğul olan “makler” dediyi 45-50 yaşında ağlıqaralı saçlı, Etibarın tanımadığı bir nəfər kişini çağırmış, həmin şəxs gəlib avadanlıqlara baxdıqdan sonra 110-120 manat pul verib özü ilə aparmışdır. Bu dəfə də pulları eyni qaydada aralarında bölmüşlər. Sonra hər ikisi Yasamal rayonuna gedərək orada tanımadıqları şəxsdən 30 manata yarım qram heroin alıb sonradan qəbul etmişlər. Aradan bir neçə gün keçdikdən sonra axşam vaxtı təkrar həmin ünvana getmişlər və bu dəfə də oxşar alətlər, elektrik avadanlıqları oğurlayaraq onun evinə aparmışlar və növbəti gün taksi ilə onun təklifi ilə tanımadıqlan şəxsin idarə etdiyi ağ rəngli “Daevo Centra” markalı avtomobili ilə Binəqədi rayonu “Gənclər şəhərciyi”nə aparmışlar. Orada taksiyə 15 manat pul verib üç kisədən ibarət elektrik avadanlıqlarını düşürüb yenicə yerə qoyarkən bir nəfər tanımadıqları usta paltarında olan şəxs onların satılıb-satılmadığını soruşmuş, onlar satdıqlarını dedikdə bir-bir həmin avadanlıqlara baxdıqdan sonra onlara təxminən 130 manat pul vermişdir. Həmin şəxsə də satılan malların özlərinə aid olduğunu deyib pulu almış və öz aralarında bölmüşlər. Yenə Etibarla iki gün fasilə ilə eyni qaydada həmin ünvana gedərək bir neçə bağlamada avadanlıqlar oğurlamışlar və bu dəfə həmin əşyaları onun özünün müştərisi olduğunu deyib aparıb satdıqdan sonra Etibara 60 manat pul vermişdir. Bundan daha iki gün sonra yenə həmin ünvanda eyni mallardan oğurladıqdan sonra bu malları da o, özü aparıb sataraq Etibara 50 manat pul vermişdir. Demək olar ki, 2019-cu ilin iyun ayının 19-dan 30-dək Etibarla təxminən beş dəfə həmin ünvandan oğurluq etmişlər. O, Etibardan qabaq da həmin ünvandan oğurluq etmişdir, ola bilər ki, oğurlanan əşyaların bəzilərini xatırlamır, lakin verilmiş ittihamla razıdır. Təqsirləndirilən şəxs daha sonra törətdiyi əməldən peşman olduğunu bildirərək, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 1988-ci ildən ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadıqları ev əvvəllər “Fin” tipli taxta evdən inşa olunduğundan sonradan, təxminən 4-5 il olar ki, taxta evi söküb yerində üçmərtəbəli mansarlı həyət evi inşa etdirmişdir. Tikinti işləri aparıldığından müvəqqəti olaraq bir il olar ki, ünvan 3 ünvanında yerləşən yeni inşa olunmuş evində yaşayır. Buna baxmayaraq mütəmadi olaraq tikinti aparılan evinə gedib orada işlər görmüş, ağacları sulamış, bəzi vaxtlarda yaşayış üçün yararlı olan otaqların birində qalmışdır. Gənclik vaxtlarından elektrik, məişət avadanlıqlarını toplamaq hobbisi olduğundan uzun illərdir ki, alıb topladığı elektrik avadanlıqlarını da aparıb həmin ünvanda birinci və ikinci mərtəbədə yaşayış üçün hazır olan otaqlara yığmışdır. Evin birinci mərtəbədəki otağa elektrik, təmir-tikinti alətlərini, ikinci mərtəbədəki otağa isə evin şüşə qab qaçağını və məişət avadanlıqlarını yığmışdır. 13 iyun 2019-cu il tarixdə Qazax rayonunun Köçəskər kəndində yaşayan əmisi dünyasını dəyişdiyindən iki övladı və anası ilə kəndə getmişlər. Həyat yoldaşı işlədiyindən işdən ayırmamaq üçün onu və kiçik oğlunu özü ilə aparmamış, onlar Nizami rayonu, Şirin Mirzəyev küçəsindəki evlərində qalmışlar. 2019-cu ilin iyun ayının 13-dən 30-cu gününədək kənddə qalmalı olmuşlar, bacısı Güllü saat təxminən 18:00-19:00 radələrində tikintisi aparılan evin içərisindəki ev güllərini suvarmaq üçün gedərkən mənzildən oğurluq edildiyini aşkar edib ona zəng vurmuşdur. Bacısı ona zəng edən kimi rayondan Bakı şəhərinə qayıtmış və doğrudan da evindən 19-20 min manatlıq əşyalarının oğurlandığını aşkar etmişdir. Bundan sonra 01 iyul 2019-cu il tarixdə səhər saatlarında DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Evinə baxarkən birinci mərtəbənin plastik pəncərəsinin arxasındakı otaqdan və ikinci mərtəbənin digər otağından 1200 manat dəyərində 5 ədəd müxtəlif ölçülü laqonda, 1000 manat dəyərində 6 ədəd direl və prefarator, 250 manat dəyərində 1 ədəd kompressor, 700 manat dəyərində 1 ədəd elektrik maşınyuyan aparatı, 800 manat dəyərində 1 ədəd benzinlə işləyən ağacdoğrayan, 650 manat dəyərində 2 ədəd elektrolobzik, 550 manat dəyərində 1 ədəd elektrosirkulyar, 1000 manat dəyərində 3 çemodan avtomobil açarları, 350 manat dəyərində hava ilə işləyən təkər açıb bağlayan, 700 manat dəyərində 1 ədəd lobzik, 1500 manat dəyərində 1 ədəd “İnvertor” markalı qaynaq aparatı, 850 manat dəyərində elektrik şitinin içərisində olan 50 ədəd avtomat açarları, 1200 manat dəyərində 1000 metr elektrik kabeli, 300 manat dəyərində “Niva” markalı avtomobilin elektrik güzgüləri, 300 manat dəyərində “Sony” markalı televizor, 300 manat dəyərində 1 ədəd “Tvi Lekoda”, 2500 manat dəyərində 10 komplekt çay və nahar servisləri, 350 manat dəyərində 2 ədəd samovar, 1500 manat dəyərində 1 ədəd kombi istilik sistemi aparatı, 3000 manatdan artıq “Tefal” firmasına aid qab-qacaqların oğurlandığını aşkar etmişdir. Kombi qızdırıcı aparatının markası “YCA”, Türkiyə istehsallı, 320 kv.m-lik aparatdan ibarət olmuşdur. Həmin aparatı zirzəminin qazanxanasından mərkəzi su və qaz sistemini bağlamaqla divardan söküb götürmüşlər. Avadanlıqlar və qablarının əksəriyyəti yenicə alınmış karton qutularda skoçlanmış vəziyyətdə olmuşdur. Bununla da ona ümumilikdə 19.000 manat məbləğində maddi ziyan vurulmuşdur. Lakin vurulmuş maddi ziyanın əvəzi ona ödənilməmişdir. Ona görə Təqsirləndirilən şəxs şikayətçidir. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında fərdi evdə yaşayır. 02 yanvar 2019-cu il tarixdə saat 18:00 radələrində ailə üzvləri ilə yaşadığı həmin ünvanda olmamışlar. 03 yanvar 2019-cu il tarixdə saat 16:00 radələrində evə gəldikləri zaman evin giriş qapısının sol tərəfində yerləşən köməkçi otaqda olan kombi aparatının borularının kəsilərək oğurlanmasını aşkar etmişlər. Evə baxış keçirən zaman evdə olan digər əşyaların yerində olduğunu görmüşdür. Bundan sonra DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Baş vermiş hadisə nəticəsində ona 850 manat maddi ziyan vurulmuşdur. Həmin maddi ziyanın əvəzi ona ödənilmişdir, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2019-cu ilin may ayında tanış olduğu Təqsirləndirilən şəxs ilə 2019-cu ilin iyun ayının təxminən 19-da Əhmədli qəsəbəsi, “Nargilə” kafesinin yaxınlığında olarkən Elvin onu bir kənara çəkib demişdir ki, Nizami rayonu, 8-ci km qəsəbəsində üçmərtəbəli ev tanıyır, bir neçə dəfə həmin evə daxil olub əşyalar aparmışdır və evdə hazırda da kimsə yaşamır, gedib oradan birlikdə oğurluq etmələrini təklif etmişdir. Onun pula ehtiyacı olduğundan Elvinin təklifi ilə razı olmuş və birlikdə Nizami rayonu, Ə.Hacıyev küçəsi, 47A ünvanına getmişlər. Üç mərtəbədən ibarət, mansarlı, təmiri başa çatmamış evin dəmir hasarına yaxınlaşmışlar, Elvin ondan qabaq dəmir hasardan içəri keçib kimsənin olmadığına əmin olduqdan sonra ona işarə etmiş və o da eyni üsulla içəri keçmişdir. Sonra iki yaxın binanın arası ilə oğurluq etmək istədikləri evin qarşısına keçmişlər və orada olan taxta pilləkəni divara söykəyib birinci mərtəbənin plastik pəncərəsini açıb içəri keçmişlər. Elvin ondan qabaq qalxmış və pəncərəyə əli ilə zor tətbiq edib açandan sonra o da Elvinin ardınca otağa düşmüşdür. Bütün mərtəbə və otaqları gəzib dolaşmış, yaşayış olmadığına əmin olmuş, yenidən birinci düşdükləri otağa qayıtmışlar. Orada iki ədəd çarpayı və ətrafında xeyli tikinti, təmir, elektrik avadanlıqları olmuşdur. Onlar 2-3 ədəd laqonda, 2 ədəd elektrik direli götürüb ağ kisələrə yığıb pilləkənlərlə aşağı düşərək hasardan keçirib tanımadıqları taksi avtomobili ilə Elvinin yaşadığı ünvana aparmışlar. Əşyalar gecəni Elvinin evində qalmış, ayrılanda növbəti gün “8-ci km bazarı”nda görüşmələri barədə razılaşmışlar. Növbəti gün bazarın qarşısında görüşmüşlər, Elvin alətləri taksi ilə gətirmiş və onlar alətləri götürüb maşından düşürdükdən sonra Elvin özü bazara daxil olmuş, orada elektrik avadanlıqlarının təmiri və alqı-satqısı ilə məşğul olan cavan oğlana 110 manata satmışlar. Həmin şəxsə demişlər ki, özləri tikinti işləri ilə məşğul olurlar, alətlər özlərinə məxsusdur, lazım olmadığından satırlar. Həmin şəxs malları almış, pulu Elvinə vermişdir. O, gedəndən sonra pulu aralarıda adambaşına 50 manat olmaqla bölmüşlər, qalan 10 manata isə siqaret və su almışlar. Aradan 2 gün keçmiş yenidən həmin ünvana gedərək eyni qaydada içəri daxil olaraq bu dəfə də preparator, ağacdoğrayan elektrik avadanlıqları və digər əşyalardan ibarət iki bağlama yığıb hasardan çölə çıxarmışlar, taksi ilə Elvinin evinə aparmışlar. Növbəti gün yenə “8-ci km bazarı”nda görüşmüşlər, Elvin taksi ilə gətirdiyi əşyaları bazar ərazisində alqı-satqısı ilə məşqul olan “makler” dediyi 45-50 yaşında ağlıqaralı saçlı tanımadığı bir nəfər kişini çağırıb gətirmiş və həmin şəxs gəlib avadanlıqlara baxıb 110-120 manat pul verərək özü ilə aparmışdır. Bu dəfə də pulları aralarında bölmüşlər. Sonra hər ikisi Yasamal rayonuna gedərək orada tanımadıqları şəxsdən 30 manata yarım qram heroin alıb sonradan qəbul etmişlər. Aradan bir neçə gün sonra axşam vaxtı təkrar həmin ünvana getmişlər və bu dəfə də oxşar alətlər, elektrik avadanlıqları oğurlayıb Elvinin evinə aparmışlar, növbəti gün taksi ilə Elvinin təklifi ilə tanımadığı şəxsin idarə etdiyi ağ rəngli “Daevo Centra” markalı taksi ilə Binəqədi rayonu, Gənclər şəhərciyinə aparmışlar. Orada taksiyə 15 manat pul verib 3 kisədən ibarət elektrik avadanlıqlarını düşürüb yenicə yerə qoymuşlar ki, bir nəfər tanımadığı usta paltarında olan şəxs onların satılıb-satılmadığını soruşduqda onlar satdıqlarını demişlər. Həmin şəxs birbir həmin avadanlıqlara baxmış və onlara 130 manat pul vermişdir. Ona da satılan malların özlərinə aid olduğunu deyib pulu almışlar və öz aralarında bölmüşlər. Yenə iki gün fasilə ilə eyni qaydada ünvana gedərək bir neçə bağlamada avadanlıqlar oğurlamış və bu dəfə həmin əşyaları Elvin özü müştərisi olduğunu deyərək aparıb sataraq ona 60 manat pul vermişdir. İki gün sonra yenə həmin ünvanda eyni mallardan oğurlamışlar, bu malları da Elvin özü aparıb sataraq ona 50 manat pul vermişdir. 2019-cu ilin iyun ayının 19-dan 30-dək Elvinlə təxminən 5 dəfə həmin ünvandan oğurluq etmişlər. Elvinin deməsinə görə isə ondan qabaq həmin ünvandan oğurluq etmişdir, ona görə o, oğurlanan əşyaların hamısının adını qeyd edə bilməz. Özü həmin oğurluğa və digər əməlinə görə məhkum olunmuşdur, hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmadığından onun istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, əvvəllər 8 il məişət və təmir tikinti alət və avadanlıqlarının təmiri işləri üzrə usta yanında 8 il şagird işləmişdir. Əlavə 2 il olar ki, sərbəst olaraq özü bu işlə məşğul olub ailəsinin maddi təminatını qarşılamağa çalışır. İş yeri Nizami rayonu, “8-ci km bazarı”nda tikinti və məişət avadanlıqlarının satışı bölməsində yerləşir. Əsasən bazarda təmirə ehtiyacı olan məişət avadanlıqları və elektrik avadanlıqlarının təmiri ilə məşğul olur və bazarda demək olar ki, əksər işçilər onu təmir ustası kimi tanıyırlar. 20 iyun 2019-cu il tarixdə saat 17:00 radələrində iş yerində olarkən sonradan adı ona məlum olan Şahid1 və Elvin adlı şəxslər yaxınlaşmışlar. Etibarın təxminən 54, Elvinin isə 20-21 yaşı olmuşdur. Əllərində iki ağ kisədə elektrik avadanlıqlarının olduğunu görmüşdür. Sonuncular həmin avadanlıqları ona göstərərək demişlər ki, hansısa bir obyektə usta işləmişlər, obyekt sahibi onlara veriləcək maaşlarının bir hissəsinin əvəzinə elektrik avadanlığı vermişdir ki, onlar da həmin alətləri satmaq istəyirlər. O, sonuncuların özləri ilə gətirdiyi kisələrə baxmış və orada şifer kəsən, taxta kəsən lobzikləri, direlləri, laqondaları görmüşdür. Həmin aparatlardan 1 ədəd “Ster” markalı lobzik, 1 ədəd “Kres” markalı direl və 1 ədəd “Meqa” markalı preparator seçib götürmüşdür. Preparatora 30 manat, digər lobzik və direlə hər birinə 15 manat olmaqla cəmi 60 manat vermişdir. Bundan sonra aldığı əşyaların sonuncuların özünə aid olmasına əmin olmaq üçün şəxsiyyət vəsiqələrini soruşmuş, Şahid1 şəxsiyyət vəsiqəsi olsa da Elvinin deməsinə görə şəxsiyyət vəsiqəsi üstündə olmamışdır. Ona görə də Şahid1 Elvinlə birlikdə telefon vasitəsilə fotoşəkillərini, həmçinin Şahid1 şəxsiyyət vəsicəsinin fotoşəklini çəkib götürmüşdür. Həmçinin, Etibarın xatirində qalmayan mobil nömrəsini də götürmüşdür. Bundan sonra sonuncular kisədə olan digər alətlərlə birlikdə bazarın digər tərəfinə getmişlər. Onlar gedəndən sonra o, həmin alətləri iş yerində saxlamışdır ki, lazım olduqda istifadə etsin, ya da üstünə 5-10 manat əlavə edib satsın. Lakin sonradan baxıb görmüşdür ki, “Meqa” markalı preparatorun sarğısı yanmışdır. Həmin hissəni başqa yerdən əldə edib təmir edə bilmədiyindən preparatoru metalloma 5 manata satmalı olmuşdur. Aradan təxminən 15-20 gün keçmişdir ki, o, Nizami RPİ-nin 25-ci PŞ-nə dəvət olunarkən məlum olmuşdur ki, Etibar və Elvin adlı şəxslərin ona satmış olduqları alətlər oğurluq olmuşdur. Polis əməkdaşlarının təklifi ilə o, özündə qalan 1 ədəd direl və 1 ədəd lobziki könüllü olaraq aparıb təqdim etmişdir. O, aldığı alətlərin oğurluq olduğunu bilməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 28 sentyabr 2019-cu il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CMnin 29,180.1, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılaraq icraata qəbul edilmişdir. (İ cild i.v. 1-3) - 01 iyul 2019-cu il tarixli protokoldan və fotocədvəldən görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin təhqiqatçısı tərəfindən hal şahidlərinin, ekspert-kriminalistin və Zərərçəkmiş şəxs1 iştirakları ilə həmin şəxsə məxsus evdən edilmiş oğurluqla bağlı hadisə yerinə baxış keçirilmişdir. (İ cild i.v. 13-18) - 09 iyul 2019-cu il tarixli protokoldan və fotocədvəldən görünür ki, ünvan 4 ünvanında yerləşən üçmərtəbəli yaşayış evindən oğurlanmış Zərərçəkmiş şəxs1 məxsus təmir alətlərindən Şahid2 ümumilikdə 60 manata satılmış bir ədəd direl və bir ədəd lobzik aparatları həmin şəxs tərəfindən könüllü olaraq istintaqa təqdim edilmişdir. (İ cild i.v. 25- 27) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli hökmünün surətindən görünür ki, Şahid1 (Təqsirləndirilən şəxs ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2019-cu ilin iyun ayının 13-dən 2019-cu ilin iyun ayının 30-dək olan müddət ərzində günün müxtəlif vaxtlarında vahid niyyətlə əhatə olunan qəsdlə ünvan 2 ünvanında yerləşən üçmərtəbəli yaşayış evinin birinci mərtəbəsinin plastik pəncərəsini açıb yaşayış sahəsinə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs1 məxsus əmlakları talayıb ələ keçirməklə, zərərçəkmiş şəxsə ümumilikdə 19.000 manat xeyli miqdarda ziyan vurmaqla təkrar oğurluq etməyə və digər cinayət əməlinə görə) Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 29,180.1-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmlə maddi sübutların taleyi həll edilərək, Bakı şəhəri Nizami RPİ-nin MSSK-da saxlanılan və Zərərçəkmiş şəxs1 məxsus olan bir ədəd direl və bir ədəd lobzik aparatlarının həmin zərərçəkmiş şəxsə təhvil verilməsi qərara alınmışdır. (İ cild i.v. 130-133) - 15 yanvar 2019-cu il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (İ cild i.v. 190) - 03 yanvar 2019-cu il tarixli protokoldan və fotocədvəldən görünür ki, Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin təhqiqatçısı tərəfindən hal şahidlərinin və Zərərçəkmiş şəxs2 iştirakları ilə həmin şəxsə məxsus evdən edilmiş oğurluqla bağlı hadisə yerinə baxış keçirilmişdir. (İ cild i.v. 198-199) - 09 may 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş və ********* nömrə altında Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə istintaqı davam etdirilmişdir. (İİ cild i.v. 24-25) - 18 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan etmək haqqında 09 may 2020-ci il tarixli qərar əsaslı olduğundan dəyişdirilmədən saxlanılmış, Şahid2 üzərindəki mobil telefonun foto kamera proqramı vasitəsi ilə cinayətkarları qeydə aldığı 01 ədəd fotoşəkil və həmin cinayətkarlardan birinin-Şahid1 şəxsiyyət vəsiqəsinin kserosurəti, Şahid2 ümumilikdə 60 manata satılmış və onun tərəfindən könüllü olaraq istitaqa təqdim edilmiş ünvan 2 ünvanında yerləşən üçmərtəbəli yaşayış evindən oğurlanmış Zərərçəkmiş şəxs1 məxsus 01 direl və 01 ədəd lobzik aparatları iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən hazırki iş üzrə maddi sübut hesab edilmiş, Şahid2 ümumilikdə 60 manata satılmış və onun tərəfindən könüllü olaraq istitaqa təqdim edilmiş ünvan 2 ünvanında yerləşən üçmərtəbəli yaşayış evindən oğurlanmış Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd direl və 01 ədəd lobzik aparatlarının Nizami rayon polis idarəsinin maddi sübutların saxlama kamerasında saxlanılması nəzərə alınmış, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 180 və 157-ci, əməlində həmin Məcəllənin 234-cü maddələrinin tərkib əlamətləri olmadığından barəsində cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs1 məxsus əmlakın ələ keçirilməsi faktı üzrə Şahid2 barəsində Azərbaycan Respublikası CM-nin 177 və 194-cü maddələrinin bütün tərkib əlamətləri üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi, qəbul edilmiş qərar və toplanmış materialın ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi haqqında ********* nömrəli cinayət işi üzrə qəbul edilmiş sübutların qiymətləndirilməsi, ictimai təhlükəli əməlin tövsif edilməsi və cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında 27 sentyabr 2019-cu il tarixli qərar dəyişdirilmədən hazırkı iş üzrə nəzərə alınmışdır. (İİ cild i.v. 55-69) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etiraf ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən; təkrar; yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla və xeyli miqdarda ziyan vurmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 12 mart 2020-ci il tarixli protokoldan görünür ki, barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. (İ cild i.v. 150) - 14 mart 2020-ci il tarixli qərarlardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və tutmadan azad olunmuşdur. (İ cild i.v. 177-178, 182- 183) - 12 mart 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (İ cild i.v. 238-239) - 14 mart 2019-cu il tarixli qərardan görünür ki, Bakı şəhəri Xətai RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və tutmadan azad olunmuşdur. (İİ cild i.v. 13-14) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 04 fevral 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (İİ cild i.v. 110) - 19 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin şərtlərini pozduğu, üzürlü səbəblər olmadan məhkəməyə gəlməyərək gizləndiyi üçün, habelə, məcburi gətirilməsinə dair qərarın icrası mümkün olmadığından Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən onun barəsində axtarış elan edilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir; - 22 mart 2021-ci il, 14 iyun 2021-ci il və 16 avqust 2021-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı RPİ-nin istintaq şöbəsinin icraatında olan cinayət işi üzrə şübhəli şəxs qismində 20 mart 2021-ci il tarixdə tutulmuş, o, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 mart 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 20 mart 2021-ci il tarixdən hesablanmaqla 18 iyun 2021-ci il tarixədək müəyyən edilmiş, həmin məhkəmənin 14 iyun 2021-ci il tarixli qərarı ilə həbsdə saxlanılma müddəti 02 ay həddində, 18 avqust 2021-ci il tarixədək uzadılmış, eyni məhkəmənin 16 avqust 2021-ci il tarixli qərarı ilə, həbsdə saxlanılma müddətinin 18 oktyabr 2021-ci il tarixədək uzadılmasına dair təqdimat qismən təmin edilməklə, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 11 sentyabr 2021-ci il tarixədək uzadılmışdır; - 10 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən hazırkı iş üzrə hazırlıq iclası keçirilərək Təqsirləndirilən şəxs məhkəməyə verilmiş, onun barəsində həmin məhkəmənin 19 mart 2021-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə ilk növbədə DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 04 fevral 2021-ci il tarixli tələbnaməsində Təqsirləndirilən şəxs barəsində verilmiş məlumatla bağlı qeyd edir ki, onun barəsində Xətai RPİ-nin İŞ-nin icraatında olmuş ********* nömrəli cinayət işi Nizami RPİ-nin İŞ-nin icraatında olan ********* nömrəli cinayət işinə birləşdirilmiş və ********* nömrə altında istintaqı davam etdirilmişdir, Tərtər RPŞ-nin İŞ-si tərəfindən ibtidai istintaqı aparılmış ********* nömrəli cinayət işi isə xx xxxxx 1999-cu il təvəllüdlü Bakı şəhər sakini Təqsirləndirilən şəxs barəsində deyil, 10 iyun 1994-cü il təvəllüdlü Tərtər rayon sakini X4 barəsində olmuşdur, həmin işə Tərtər Rayon Məhkəməsində baxılaraq göstərilən şəxs barəsində hökm çıxarılmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə törətdiyi əməllər həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 12 mart 2019-cu il tarixdən 14 mart 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün və 12 mart 2020-ci il tarixdən 14 mart 2020-ci il tarixədək axtarışda olan şəxs qismində tutulduğu 02 gün, cəmi 04 gün müddət, azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs 20 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulduqdan və 22 mart 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçildikdən sonra 10 sentyabr 2021-ci il tarixdə hazırkı iş üzrə hazırlıq iclası keçirilərək həmin işlə bağlı seçilmiş həbs qətimkan tədbirinin qüvvədə saxlanılmasınadək həbsdə saxlanıldığı müddət Bakı şəhəri Suraxanı RPİ-nin istintaq şöbəsinin icraatında olan cinayət işi ilə əlaqədar olduğundan, məhkəmə hesab edir ki, həmin müddət Təqsirləndirilən şəxs cari iş üzrə həbs müddətinə daxil edilə və təyin ediləcək cəza müddətinə hesablana bilməz. Cəzaçəkmə müddətinin başlanğıcı ilə bağlı isə məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən səbəbdən Təqsirləndirilən şəxs qəti cəzasını çəkmə müddətinin başlanğıcı məhz 10 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələbinə uyğun olaraq, hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyan ödənilməsə də, onun tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən maddi ziyanın ödənilməsini tələb edən zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, ona bu hüququ izah edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış Zərərçəkmiş şəxs1 məxsus bir ədəd direl və bir ədəd lobzik aparatlarının taleyinin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli hökmü ilə həll edilərək həmin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalı, Şahid2 üzərindəki mobil telefonun foto kamera proqramı vasitəsi ilə qeydə aldığı bir ədəd fotoşəkilin və Şahid1 şəxsiyyət vəsiqəsinin kserosurətləri cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; məhkəmə məsrəfinin tutulmasına səbəb olacaq ekspertiza isə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə qeyd edir ki, müstəntiqin qərarı əsasında dövlət hesabına dəvət edilmiş Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X3 məhkəməyədək icraat zamanı iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirsə də, müstəntiq müdafiəçinin hüquqi xidmətlərə görə iştirak etdiyi müddətə və bunun məbləğinə dair arayışı ittiham aktına əlavə etməmiş, eləcə də müdafiəçinin özü tərəfindən həmin dövr üçün hesabat arayışı təqdim edilməmişdir, ona görə həmin müdafiəçiyə əmək haqqının tutulması məsələsi həll edilmir. Məhkəmənin qərarı əsasında isə, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı zamanı iştirak edərək iş materialları ilə tanış olmaqla birlikdə təqsirləndirilən şəxsə hüquqi yardım göstərmişdir, həmin müddət 50 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müdafiəçiyə əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 12 mart 2019-cu il tarixdən 14 mart 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və 12 mart 2020-ci il tarixdən 14 mart 2020-ci il tarixədək axtarışda olan şəxs qismində tutulduğu 02 (iki) gün, cəmi 04 (dörd) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 10 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış Zərərçəkmiş şəxs1 məxsus bir ədəd direl və bir ədəd lobzik aparatlarının taleyinin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli hökmü ilə həll edilərək həmin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalı, Şahid2 üzərindəki mobil telefonun foto kamera proqramı vasitəsi ilə qeydə alınmış bir ədəd fotoşəkilin və Şahid1 şəxsiyyət vəsiqəsinin kserosurətləri cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı, iş materialları ilə tanış olmaqla birlikdə, 50 saat göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Müdafiəçi 300 manat əmək haqqı "xxxx" ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ********************, SWİFT BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə maddi ziyanı tələb etdiyi halda, Zərərçəkmiş şəxs1 mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüququ izah edilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar