Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-9/2023 06.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1992-ci ildə Naxçıvan MR-nın Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilmiş və həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2022-ci il tarixdə tutulmuş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə real imkanlara və səlahiyyətlərə malik olmadığı halda Zərərçəkmiş şəxs və qardaşı X1 “SOCAR" Neft şirkətində işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs etibarından sui-istifadə etməklə xx.xx.2019cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 15 A ünvanında yerləşən “28 Mall” ticarət mərkəzinin qarşısında Zərərçəkmiş şəxs tərəfindən qardaşı Şahid1 vasitəsilə göndərilmiş 1000 manat, daha sonra xx.xx.2019-cu il tarixdə həmin ünvanda Zərərçəkmiş şəxs 4000 manat, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 279 ünvanında yerləşən “Koroğlu” metrostansiyası yaxınlığında Zərərçəkmiş şəxs 2000 manat, xx.xx.2019-cu il tarixdə ünvan 6 ünvanında yerləşən "Qoç Ət” restoranı qarşısında Zərərçəkmiş şəxs 1000 manat, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1, Babək küçəsi 14 ünvanında yerləşən mağazanın qarşısında Zərərçəkmiş şəxs 1000 manat, xx.xx.2020-ci il tarixdə ünvan 7 ünvanında yerləşən “Nizami” metrostansiyası yaxınlığında Zərərçəkmiş şəxs 1000 manat, 08 yanvar 2020-cı il tarixdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 279 ünvanında yerləşən “Koroğlu” metrostansiyası yaxınlığında Zərərçəkmiş şəxs 500 manat, 12 yanvar 2020-ci il tarixdə ünvan 9 ünvanında yerləşən “Şeş Beş” çay evində Zərərçəkmiş şəxs 600 manat, 18 yanvar 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 15 A ünvanında “28 Mall” ticarət mərkəzi yaxınlığında Zərərçəkmiş şəxs 300 manat, 28 yanvar 2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 279 ünvanında yerləşən “Koroğlu” metrostansiyası yaxınlığında Zərərçəkmiş şəxs 1000 manat nağd pulu, ümumilikdə 12.400 (on iki min dörd yüz) manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu ilin noyabr ayında tanışı Şahid2 onu Rəfail Sadıqlı ilə tanış etmişdir. Həmin ərəfələrdə Rəfail ondan onu “SOCAR” neft şirkətinə işə düzəltməyini xahiş etmişdir. O, Naxçıvandan olan bir tanışı vasitəsi ilə onu işə düzəldə biləcəyini demişdir. Əgər o, Rəfaili işə düzəldə bilsəydi ona da pul çatacaqdı. “28 Mall” ticarət mərkəzində Zərərçəkmiş şəxs, Rəfail Sadıqlı və Şahid2lə görüşmüşdür. 5000 manat pulun müqabilində “SOCAR” neft şirkətinə mühafizəçi vəzifəsinə işə düzəldəcəyinə razılaşmışlar. Müxtəlif vaxtlarda hissə-hissə olmaqla ona ümumilikdə 4000 manat pul vermişlər. Həmin ərəfələrdə onun dayısı xəstələnmiş, Turalgildən bununla bağlı borc pul istəmişdir. Onlar etiraz etməmiş, ona borc pul vermişlər. Daha sonra Tural ona zəng etmiş, Rəfail və Turalla görüşmüşdür. Ondan mühafizəçi deyil, növbə rəisi vəzifəsinə işə düzəlməsini istəmişlər, o, isə bunun mümkün olmadığını demişdir. O, aldığı pulu işə düzəltməyə vasitəçilik edən şəxsə vermiş, sonra həmin şəxsi də işdən çıxartmışlar. O, pulu həmin şəxsdən ala bilməmişdir. O, ittiham aktında göstərildiyi kimi 12400 manat pul almamış, 5000 manata yaxın pul almışdır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışıb ziyanı ödəmək istəyir. Məhkəmədən azyaşlı uşağının olmasını nəzərə alıb yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, qardaşı Rəfail dostu Şahid2 vasitəsi ilə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Rəfail ona Elvinin Elçini işə düzəldəcəyini demişdir. O, Rəfailə gözləməyini, Elçinin işi tam düzələndən sonra onların işə düzəlmək məsələsini Elvinə deməyi məsləhət görmüşdür. Bu söhbətdən bir müddət sonra qardaşı ona işə düzəltməsi üçün Elvinə 1000 manat pul verdiyini bildirmişdir. Bundan sonra qardaşı “28 Mall” ticarət mərkəzinin qarşısında Elvinə 4000 manat pul vermişdir. Bir müddət sonra Elvinin dayısı xəstələnmiş, dayısının müalicə aldığı xəstəxanaya getmişlər, orada Elvinlə söhbət etmişlər. Sonradan Elvin ona mesajlar yazaraq 500 manat pulun müqabilində onu da işə düzəldə biləcəyini demişdir. Elvin əvvəlcə qardaşını mühafizəçi kimi işə düzəltməyi üçün 5000-6000 manat pul istəmiş, sonradan isə növbə rəisi vəzifəsinə işə düzəldəcəyini, bunun üçün 11000-12000 manat pul lazım olduğunu bildirmişdir. Elvin işə düzəltmək adı ilə hissə-hissə olmaqla ondan ümumilikdə 12400 manat pul almışdır. Ona dəymiş ziyan ödənilməmişdir. Pulunun geri qaytarılmasını istəyir. Ziyan ödənilməyəcəyi təqdirdə təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs dostları vasitəsi ilə tanımışdır. Elvinlə söhbət edərkən onu dayısının vasitəsi ilə 500 manat pulun müqabilində “AFFA”-da işə düzəldə biləcəyini bildirmişdir. X3 vasitəsi ilə tanımışdır. Rəfail Elvindən onu da işə düzəltməsini xahiş etmişdir. O, Rəfailin qardaşı Turala Elvini yaxşı tanımadığını, əgər onun işini düzəltsə, ondan sonra işə düzəltməklə bağlı Elvinə müraciət etmələrini bildirmişdir. Lakin Rəfail razılaşmamış, işə düzəlmək istədiyini bildirmişdir. Elvin Rəfaili 5000 manat pulun müqabilində neft şirkətində növbə rəisi vəzifəsinə işə düzəldəcəyinə söz vermişdir. Rəfailgil hissə-hissə olmaqla onun yanında Elvinə 5000 manat pul vermişlər. Rəfailin dediyinə görə işə düzəltmək adı ilə Elvinə ümumilikdə 12400 manat pul vermişlər. İş üzrə şahid X2 ərizə ilə məhkəməyə müraciət edərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid X2 istintaq zamanı Zərərçəkmiş şəxs ilə oxşar məzmunda ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və cinayət işi başlanaraq aidiyyəti üzrə göndərilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etməklə Zərərçəkmiş şəxs əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurması faktı üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. - xx.xx.2022-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(007)-106/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmişdir. - qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. - sübutların qiymətləndirilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, 1 ədəd “CD” disk maddi sübut kimi qiymətləndirilərək cinayət işinə əlavə olunmuşdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-187/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilmiş və həbs qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, xx/xx-6259 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Nizami RPİ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 №-li qərarına əsasən törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və.s) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs 12400 manat məbləğində pulunu ələ keçirərək dələduzluq cinayətini törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək zərərçəkmiş şəxsdən 5000 manata yaxın məbləğdə pul almasına dair ifadəsi məsuliyyətini yüngülləşdirmək məqsədilə verilmiş ifadə kimi qiymətləndirilir və ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olundu. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli qismən etiraf etməsini, himayəsində azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 3 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş şəxsə mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi müddət 57 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 342 (üç yüz qırx iki) manat (57x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 3 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq üzərində 1 (bir) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə zərərçəkmiş şəxsə mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs 57 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 342 (üç yüz qırx iki) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-9/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-9/2023
06.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver