Məhkəmə qərarları › İş №1(007)-9/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-9/2024

08.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-9/2024 08.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhərrəmova Pərvin Nofəl qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X22 və onun müdafiəçisi Nümayəndə, tərcüməçi- X6, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxx 1997-ci ildə Masallı rayonunun Əhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Təzə Alvadı Ə/D, Əhmədli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyova küçəsi, ev 123-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, 14 noyabr 2022-ci il tarixdə saat 16:11 radələrində idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Toyota” markalı “Prius” modelli, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti ilə “Koroğlu” metrostansiyasından şəhər mərkəzi istiqamətində saatda 86,5 km/sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni təhlükə yarandığını gördükdə tormozlama əməliyyatı aparmaqla hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 108 ünvanında yerləşən “Gimnastika arenası”nın yaxınlığında mövcud şəraitdə ehtiyatsızlıqdan yolu sağdan sola adi qaçışla keçən piyada Zərərçəkmiş şəxs Mixayloviçi avtomobilin qabaq sağ hissəsi ilə vuraraq sonuncuya ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid daxili massiv qanaxma və baş beyinin, kəllə daxili yumşaq qişalarının və başın dərialtı yumşaq toxumalarının qansızmaları ilə müşayiət olunan gicgah sümüklərinin kəllə əsasına keçən, kəllə əsasının, qabırğaların sınıqları və daxili orqanların travmatik cırılmaları və qansızmaları, bədənin çoxsaylı sıyrıq və qançırlarından ibarət xəsarətlər yetirmiş, həmin xəsarətlərdən skelet sümüklərinin qapalı sınıqları, baş beyin və daxili orqanların qansızması və travmatik cırılmaları Zərərçəkmiş şəxs Mixayloviçin ölümünə səbəb olmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, **-FY-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobili etibarnamə əsasında idarə edir. Belə ki, həmin avtomobili avtomobilin mülkiyyətçisi X10 icarə əsasında götürmüş, o da həmin avtomobili idarə etmək üçün ona etribarnamə vermişdir. O, həmin avtomobil ilə taksi fəaliyyəti göstərib gündəlik qazancını əldə edir. 14 noyabr 2022-ci il tarixdə saat 14 radələrində dostu Mehmanın anası Mənzər Qədirovanı və atası X15 qəsəbəsində yaşadıqları evin qarşısından götürərək Bakı şəhəri, Nizami metrostansiyasının yaxınlığına aparmışdır. Bu zaman Fərxəddin Qədirov ön sərnişin oturacağında, Mənzər Qədirova isə arxa sərnişin oturacağında əyləşmişdir. O, Heydər Əliyev prospekti ilə üzü Nərimanov rayonu istiqamətində hərəkətdə olmuşdur. Həmin vaxt avtomobili təqribən saatda 80 km/sürətlə idarə etmişdir. Həmin prospektdə yerləşən “Koroğlu” metrostansiyasını keçmiş, bu zaman o, yolun soldan birinci zolağında hərəkət etmiş, yolun solunda yerləşən “Gimnastika Arenası” adlanan binanın paralelinə çatanda ondan öndə o, hərəkət etdiyi zolaqla gedən qara rəngli sedan markalı avtomobil sağdakı zolağa istiqamətlənmişdir. Bu zaman o, həmin avtomobilin qabaq qapı şüşəsindən baxdıqda ön alınlıq şüşəsindən bir nəfər şəxsin onun hərəkət etdiyi zolağa doğru qaçdığını görmüşdür. O, bu zaman baş verəcək hadisənin qarşısını almaq üçün tam əyləcləmə etmiş və avtomobilin hərəkətini sola doğru istiqmətləndirmişdir ki həmin şəxsi vurmasın, lakin avtomobilin surəti saatda təqribən 80 km olduğundan avtomobil tam durmamış və ön qabaq hissəsi həmin şəxsə, adı ona sonradan məlum olan Zərərçəkmiş şəxs Mixayloviçə dəymişdir. O, avtomobili ona vurduğu yerdən təqribən 2-3 metr qarşıda saxlaya bilmişdir. Bundan sonra avtomobildən düşüb həmin şəxsə yaxınlaşmış və onun qan içində olduğunu görmüşdür, bundan sonra ətrafa insanlar toplaşmış, o, bu zaman 103 xidmətinə zəng edib məlumat vermiş, daha sonra orada tibbi yardımın və polisin gəlməyini gözləmiş, daha sonra polis gəlmişdir. O, hadisənin qarşısını almaq üçün əlindən gələni etsə də bu mümkün olmamışdır, onun bu hadisənin qarşısını almağa imkanı olmamışdır. Bu səbəbdən də özünü təqsirli bilmir. Qəza törətdiyi anda avtomobil saz vəziyyətdə olmuş, o, spirtli içki və ya narkotik vasitələrin təsiri altında olmamışdır. Piyadanı vurmazdan əvvəl piyadanı ondan öndə qismən sağda hərəkət edən qara rəngli sedan markalı avtomobilin qabaq sol qapı şüşəsindən baxıb ön alınlıq şüşəsindən onun zolağına tərəf qaçdığını görmüşdür. O, hadisənin qarşısını almaq üçün piyadanı görən kimi avtomobildə əyləcləmə əməliyyatı etmiş və avtomobili sola doğru yönəltmişdir. Bundan başqa, orada piyada keçmək üçün yer nəzərdə tutulmadığından, həmin yerdən piyadanın keçə biləcəyini düşünməmişdir. Qeyd etdiklərini, təqsirinin olmadığını nəzərə alaraq, barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X27 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs Mixayloviç onun doğma qardaşıdır. Onunla birlikdə Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov bina 5, mənzil 138-də yaşamışlar. Qardaşı Aleksandr normal həyat tərzi sürmüş, heç vaxt evlənməmiş, övladları yoxdur. O, heç yerdə işləməmişdir. O, ara-bir evdən çıxıb gəzir, daha sonra isə evə qayıdırmış. 14 noyabr 2022-ci il tarixdə Aleksandr evə gəlmədiyindən o, bu barədə narahatlıq keçirməyə başlamış və qohumlarına bu barədə məlumat vermişdir. Daha sonra ona məlum olmuşdur ki, 14 noyabr 2022-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, H.Əliyev prospektində “Koroğlu” metrostansiyasından üzü şəhər mərkəzi istiqamətində yolu soldan sağa piyada keçmək istəyərkən şəhər istiqamətində hərəkət edən “Toyota Prius” markalı avtomobilin onu vurması nəticəsində hadisə yerində vəfat etmişdir. Onu Bakı şəhəri, Babək prospektində yerləşən “Maşın Bazarı” adlı yerin yaxınlığındakı qəbiristanlıqda dəfn etmişlər. X13 əvvəllər tanımamışdır. Bundan başqa, hadisənin baş verdiyi bu qədər vaxt ərzində barışığa cəhd olunmayıb. Yekuna 2 gün qalmış barışıq edilməsi üçün ona müraciət edilmişdir. Hadisə baş verən ərəfədə isə cəmi 1 dəfə “elə-belə” görüşləri olmuşdur. Neçə dəfə məhkəmə iclaslarına gəlib getsə də, qarşı tərəf ona yaxınlaşmamışdır. Barışıq əldə edilməmişdir. Göstərdiklərinin nəzərə alınmasını xahiş etmişdir. X1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, 14 noyabr 2022-ci il tarixdə saat 16 radələrində yoldaşı Mənzər ilə birlikdə Sənanın idarə etdiyi “Toyota” markalı avtomobil ilə hərəkətdə imişlər. Bu zaman o, ön sərnişin oturacağında, yoldaşı Mənzər isə onun arxasında, arxa sərnişin oturacağında əyləşmişdir. Sənan avtomobili Bakı şəhəri, H.Əliyev prospekti ilə Bakı şəhəri, Nərimanov rayonu istiqamətində saatda təqribən 60-70 km surətlə hərəkət etdirirmiş, həmin vaxt yağış təzəcə yağırmış, asfalt tam islanmamışdır, “Koroğlu” metrostansiyasını keçdikdən sonra Sənandan sağda, yəni iki zolaqda və bir qədər irəlidə hərəkət edən qara rəngli avtomobilin önündən bir piyadananın qaçaraq yolun digər tərəfinə, yəni sol tərəfinə keçmək istədiyini görmüşdür. Bu zaman Sənan avtomobili sola doğru yönəltmiş, lakin o, hadisənin qarşısını ala bilməyib hərəkət etdiyi soldan birinci zolaqda avtomobilin sağ ön tərəfi ilə piyadanı vurmuş və təqribən 2-3 metr irəlidə avtomobili saxlamışdır. O, həmin vaxt hadisənin şokunda olmuş, bir qədər sonra avtomobildən düşüb, kişi cinsindən olan bir şəxsin qan içində avtomobildən təqribən 3 metr arxada asfaltın üzərində olduğunu görmüşdür. Həmin piyadanı gördükdə piyada ilə aralarında təqribən 3 metr məsafə olmuşdur. Hadisə nəticəsində heç bir xəsarət almamışdır. X2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı X7 ilə eyni məzmunlu ifadə vermişdir. X5 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, “Ford Fusion” markalı ** MA *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. Avtomobil onun əmisi oğlu X18 adına qeydiyyatda olsa da bu avtomobili ancaq o, idarə edir, ondan başqa heç kim idarə etmir. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı videogörüntülər ona təqdim edilmişdir. Həmin videgörüntülərdə Bakı şəhəri, Nizami rayonu, Gimnastika Arenasının qarşısında üzü Bakı şəhəri, Nərimanov istiqamətində hərəkətdə “Toyota Prius” markalı avtomobilin yolu sağdan sola keçən piyadanı vurması görünür. Həmin “Toyota Prius” markalı avtomobilin önündə gedən qara rəngli “Ford Fusion” markalı avtomobil ona məxsusdur, o, həmin vaxt, yəni xx.xx.2022-ci ildə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti ilə baş yolun soldan birinci zolağı ilə saatda təqribən 80 km surətlə hərəkət edir, o, anidən yolun qarşısında piyadanın yolu keçmək istədiyini gördükdə onu vurmamaq üçün avtomobilin hərəkət istiqmətini anidən sağ tərəfə çəkmişdir ki, onu vurmasın və ona toxunmadan yoluma davam etsin. Belə də olmuşdur, avtomobili sağ tərəfə çəkməyi nəticəsində həmin şəxsə dəyməkdən yayınmış və yolu keçərək uzaqlaşmışdır. O, keçdikdən sonra arxadan gələn hər-hansı bir avtomobilin həmin şəxsi vurmasını görməmişdir. Buna görə də öz yoluna davam etmişdir. Əgər o, avtomobilin həmin şəxsi vurmasını görsə imiş, avtomobili saxlayıb həmin şəxsə kömək edərmiş. Hadisə baş verən zaman ayıq vəziyyətdə olmuş, avtomobili isə saz vəziyyətdə olmuşdur. Piyadanı görən kimi avtomobilin istiqamətini sağa tərəf yönəltmişdir. O, surəti aşağı olduğu üçün əyləcləmə əməliyyatına ehtiyac olmamışdır, o, maneədən, yəni piyadadan yayınmaq üçün avtomobili soldan birinci zolaqdan onun yanında olan zolağa keçirmişdir. Şahid qismində məhkəməyə dəvət edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Yol-nəqliyyat hadisələrinin ekspertizaları şöbəsinin baş eksperti X25 ifadəsində bildirdi ki, o, 30 dekabr 2023-cü il tarixdə verdiyi rəyi müdafiə edir. Əlavə olaraq bildirir ki, sürücü hazırkı yol-nəqliyyat hadisəsini 115 metrdən görməli idi, çünki sürücü orta zolağa keçəndə onun sağında görməsinə əngəl ola biləcək maneə olmamışdır. Şahid qismində məhkəməyə dəvət edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Əlyazmalar və səslərin ekspertizaları şöbəsinin rəis müavini X29 təkrar məhkəmə yol-nəqliyyat hadisələri və audio-videoyazılar ekspertizasının 30 dekabr 2023-cü il tarixli, 8/3031-4/1683 saylı rəydə göstərilənlərlə eyni məzmunlu ifadə verdi. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 14 noyabr 2022-ci il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. -Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 14 noyabr 2022-ci il tarixli 2/38050 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:00-da keçirilən müayinəsi zamanı ayıq olduğu müəyyən edilmişdir. - Baş Dövlət Yol Polisi İdarəsinin 10 yanvar 2023-cü il tarixli 0xx-xx-4690/2023 nömrəli məktubundan və ona əlavə edilən X8 çıxarışdan görünür ki, xx xxx 1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 28 iyun 2019-cu il tarixdə (28 iyun 2029-cu il tarixədək etibarlı olan) AE444473 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir, onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. - Hadisə yerinə baxış keçirilməsi haqqında 14 noyabr 2022-ci il tarixli protokol və hadisə yerinin sxemi ilə müəyyən edilmişdir ki, hadisə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 108 ünvanında yerləşən Gimnastik Arenasının yaxınlığında, “Koroğlu” metrostansiyası istiqamətindən şəhərin mərkəzi istiqamətinə doğru olan yolun əsas hərəkət yolunda, soldan birinci zolaqda baş vermişdir. Yol asfaltbetondan ibarətdir, örtüyün vəziyyəti yaşdır, baxış keçirilən zaman hava yağışlı və tutqun olmuşdur. Həmin hərəkət yolunun eni 11,9 metrdir. Həmin hərəkət hissənin sağdan və soldan birləşdiyi səkilərin yanında ayrılmış 0,4 metrlik ehtiyyat hissələri nəzərə almadıqda yolun hərəkət hissənin eni 11,1 metrdir. Belə ki, üç zolaqdan ibarət bu hərəkət hissədə hər bir zolağın eni 3,7 metrdir. “Toyota Prius” markalı **-FY-*** markalı avtomobil piyadanı həmin hərəkət hissənin soldan birinci hərəkət zolağının ən solunda, yəni bitəcəyində olan səkiyə çatmamış 0,4 metr enində olan ehtiyyat hissənin başlanğıcında vurmuşdur. Yolun hadisə baş verən hərəkət hissəsi sağdan beton səki ilə eyniistiqmətli köməkçi yoldan ayrılmışdır. Beton səkinin eni 0,7 metrdir. Eyni istiqamətli köməkçi yol 4 eyni istiqmətli hərəkət zolaqlarından ibarətdir. Birinci, ikinci və üçüncü zolağın eni 3,70 metr, dördüncü zolağın eni isə 3 metrdir. Həmin köməkçi yol sağdan piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkiyi birləşir. Bu səki ilə yolun sağdan dördüncü zolağını 0,4 metrlik ehtiyyat hissə ayırır. - DİN-in X16 Xidmətindən xx.xx.2022-ci il tarixli, 003-20758- 1222 nömrəli məktub ilə göndərilmiş hadisənin görüntülərini özündə əks etdirən 01 ədəd diskə baxış zamanı müəyyən edilmişdir ki, 01 ədəd diskdə 01 ədəd video fayl vardır. Həmin videofaylda 19 dəqiqə 59 saniyədən ibarət görüntülər vardır. Görüntünün aşağı sağ hissəsində görüntünün qeydə alındığı tarix və vaxt qeyd edilmişdir. Görüntüyə baxış zamanı müəyyən edilir ki, günün işıqlı vaxtında nəqliyyat vasitələri seyrək intensivliklə hərəkət edir. Görüntünün aşağı sağ hissəsində qeyd edilmiş xx.xx.2022-ci il tarix saat 16:11:28-də piyada yolun sağ hissəsində görünməyə başlayır. O, yolun digər tərəfinə doğru qaçmağa başlayır, 16:11:32-də o, yolun şəhər mərkəzi istiqmətində olan əsas və köməkçi hissələrini ayıran beton səkinin üzərinə çıxır, 16:11:33- də həmin səkinin üzərindən yolun şəhər mərkəzi istiqamətində əsas hissəsinə çıxmaqla digər istiqamətə qaçır, piyada yolun mərkəz istiqamətdə əsas yolunun soldan birinci zolağının sol tərəfindəki bütöv ağ xəttə çatdıqda, yəni 16:11:38-də həmin zolaq ilə hərəkətdə olan “Toyota Prius” markalı avtomobil onu vurur. Həmin görüntülərə baxış keçirən zaman dövlət qeydiyyat nişanı məlum olmayan “Ford Fusion” markalı avtomobilin yolun şəhər mərkəzi istiqamətində “Toyota Prius” markalı avtomobildən önündə hərkətdə olarkən 16:11:36-dan başlayaraq ehtimala görə piyadanı görməsi nəticəsində avtomobilin istiqəmətini sağa doğru yönəltdiyi müşahidə edilir. - DİN-in X16 Xidmətindən xx.xx.2022-ci il tarixli, 003-21911- 1222 nömrəli məktub ilə göndərilmiş hadisənin görüntülərini özündə əks etdirən 01 ədəd diskə baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Toyota Prius” markalı avtomobildən önündə hərkətdə olarkən 16:11:36-dan başlayaraq ehtimala görə piyadanı görməsi nəticəsində avtomobilin istiqəmətini sağa doğru yönəldən avtomobil **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobildir. - “Toyota Prius” markalı **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı müəyyən edilmişdir ki, avtomobilin sağ ön farası sınmış, ön alınlıq şüşəsi əzilmişdir. Avtomobilin dam hissəsinin ön alınlıq şüşəsinə birləşən sağ tərəfində batıq vardır, ön kapot hissənin sağ tərəfində əzilmə vardır, ön buferin sağ hissəsində zədələnmə müşahidə edilir. - BB242874 nömrəli X9 şəhadətnaməsindən və etibarnamədən görünür ki, “Toyota Prius” markalı **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobil X14 məxsusdur. X12 “Toyota Prius” markalı **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ olmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X20 publik hüquqi şəxsin Nizami rayon şöbəsinin 15 noyabr 2022-ci il tarixli 190 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs Mixayloviçin meyitinin bədən səthində aşkar olunmuş- daxili massiv qanaxma və baş beyinin, kəllə daxili yumşaq qişalarının və başın dərialtı yumşaq toxumalarının qansızmaları ilə müşayiət olunan gicgah sümüklərinin kəllə əsasına keçən, kəllə əsasının, qabırğaların sınıqları və daxili orqanların travmativ cırılmaları və qansızmaları; bədənin çoxsaylı sıyrıq və qançırları-həyatidirlər, ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 14 noyabr 2022-ci il tarixdə piyada qismində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsiri nəticəsində yarana bilərdilə, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyırlar və baş vermiş ölümlə səbəbli əlaqəlidir. Zərərçəkmiş şəxs Mixayloviçin müayinəsi zamanı aşkar olunmuş qara ciyərin sirrozu və ürəyin sol mədiciyinin kardiosklerozu xəstəlik əlamtləridirlər və baş vermiş ölümlə səbəbli əlaqələri yoxdur. Zərərçəkmiş şəxs Mixayloviçin ölümünə səbəb həyatla bir araya sığmayan xəsarətlər, skelet sümüklərinin qapalı sınıqları, baş beyin və daxili oraqnların qansızması və travmatik cırılmaları olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanadakı müayinəsindən 12-15 saat əvvələ uyğun gələ bilər. Zərərçəkmiş şəxs Mixayloviçin meyitindən götürülmüş qanının məhkəmə-kimyəvi müyinəsi nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusutörəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, priazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri və videogörüntülərin tədqiqi ekspertizasının 27 fevral 2023-cü il tarixli 8/265- 8/111 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “ZYKLEN” markalı DVD-R diskdə yazılmış “TŞ4-100 3-2022-11- 14_16h05min00s000ms” VİD-20220826-WA0122” adlı videoyazıdakı görüntülərə görə: 1a. “Ford Fusion” markalı avtomobil iki hesablama cismi arasındakı 15,4 m məsafəni 0,68 saniyə müddətində qət etmişdir və bu zaman avtomobilin surəti 81,5 km/saat olmuşdur. 1b. “Toyota Prius” markalı avtomobil iki hesablama cismi arasındakı 15,4 m məsafəni 0,64 saniyə müddətində qət etmişdir və bu zaman avtomobilin surəti 86,5 km/saat olmuşdur. 2. Ekspertizaya təqdim olunmuş 1 ədəd “ZYKLEN” markalı DVD-R diskdə yazılmış “TŞ4-100 3-2022-11-14_16h05min00s000ms” VİD-20220826-WA0122” adlı videoyazıdakı görüntülərə görə asfalt örtüyün yaş olmadığı (quru olduğu), həmin anda yağışın yağmadığı müəyyən olunur. Tədqiq olunan şəraitdə “Toyota Prius” markalı **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayyət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. X4 idarə etdiyi “Ford Fusion” markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilin piyada ilə kontakda olmaması, yəni sürücü E.E.Məmmədovun idarə etdiyi “Ford Fusion” markalı avtomobilin mövcud yol nəqliyyat hadisəsinin iştirakçısı olmaması nəzərə alınaraq sürücü E.E.Məmmədovun hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi bilik tələb etmir. - Məhkəmənin qərarı əsasında təyin edilmiş təkrar məhkəmə yol-nəqliyyat hadisələri və audio-videoyazılar ekspertizasının 30 dekabr 2023-cü il tarixli, 8/3031-4/1683 saylı rəyindən görünür ki, 1а. Ekspertizaya təqdim olunmuş 1 ədəd ““ZYKLEN” markalı DVD-R diskə yazılmış “TŞ4-100 3-2022-11 -14_16h05min00s000ms”VİD-20220826-WA0122” adlı videoyazıdakı görüntülərə görə “Toyota Prius” markalı avtomobilin rəyin tədqiqi hissəsində göstərilən hesablama cismləri arasındakı məsafəni qət edərkən orta sürəti v = 86,5 km/saat olmuşdur. 2а. Ekspertizaya təqdim olunmuş 1 ədəd “ZYKLEN” markalı DVD-R diskə yazılmış “TŞ4-100 3-2022-11-14_16h05min00s000ms” adlı videoyazya görə piyada avtomobillərin hərəkəti istiqamətində sağdan 1-ci hərəkət zolağına daxil olduqdan vurulana kimi hərəkətinin xronologiyası rəyin tədqiqi hissəsində verilmişdir. Videoyazıdakı görüntülərə görə obyektin sürücünün görünüş dairəsinə düşdüyü anın müəyyən olunması videoyazıların məhkəmə ekspertizasının həll etdiyi məsələlər siyahasına aid deyil (X34); Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə müdafiə tərəfinin vəsatətində göstərilən məlumatlar, yəni “Toyota Prius” markalı 77FY694 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X12 hərəkəti üçün təhlükənin sağdan sola keçən piyadanın sağdan 2-ci və 3-cü hərəkət zolaqlarını ayıran qırıq xəttin üzərindən iti qaçışla hərəkət etdiyi andan yaranması real hadisə mexanizminə uyğun deyildir və real hadisə mexanizminə uyğun olmayan məlumatlar əsasında tədqiqat aparılmır. Piyadanın ayrıcı zolaqdan hərəkət hissəsinə daxil olaraq yolu sola doğru keçməyə başlaması Toyota Prius markalı avtomobilin sürücüsünün görünüş dairəsində olmuş və mövcud şəraitdə Toyota Prius markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkəti üçün təhlükə istintaq tərəfindən müəyyən edildiyi kimi, piyadanın ayrıcı zolaqdan hərəkət hissəsinə daxil olduğu andan yaranmağa uyğundur. Toyota Prius markalı sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Elmi ədəbiyyatlarda təhlükə nəqliyyat vasitəsinin hərəkət zolağına tərəf təhlükəli yerini dəyişən obyekt, yaxud hərəkət sürətinin tam dayanmaya qədər azaltmağı tələb edən yol hərəkətinin başqa halları (təhlükəsizliyinin təmin olunmasına təsir edən qəflətən yaranmış nasazlıq, svetoforun qırmızı işığı, kapotun açılması və s.) tərəfindən yaradılan yol-nəqliyyat şəraitinin elementidir. Qeyd olunan sualların cavabı rəyin tədqici hissəsində izah edilmişdir. - 14 mart 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 264 və 263-1.1-ci maddələrinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə cinayət təqibinin başlanması rədd edilmiş, cinayət işi üzrə “Ford Fusion” markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X17 əməlində hər hansı cinayət tərkibi müəyyən edilmədiyindən onun barəsində cinayət təqibi rədd edilmiş, cinayət işi üzrə əldə edilmiş hadisə yerinin görüntülərini və hadisənin baş verdiyi anı özündə əks etdirən və nömrə tanıma sistemi vasitəsilə qeydə alınmış məlumatların əks edildiyi 02 ədəd disk sübut kimi tanınaraq cinayət işi materiallarında saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsin hüquqi varisini və onun müdafiəçisini, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən ifadələr, ekspertiza rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, hadisənin qarşısını almağa texniki imkanının olmaması və təqsirli olmaması barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 263.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1ci maddəsində nəzərdə tutulmuş əməllər (avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda, həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur və üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 21 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə Nəsimi RPİ-də ********* nömrəli material üzrə cinayət təqibi aparılmış, 03 dekabr 2021-ci ildə cinayət təqibi Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsi ilə rədd edilmişdir. - 15 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 26.1-ci maddəsinə əsasən isə ehtiyatsızlıqdan törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Məhkəmə həmin maddənin tələbinə əsasən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə 14 noyabr 2022-ci il tarixdə, saat 22:45-də şübhəli şəxs qismində tutulmuş, 16 noyabr 2022-ci il tarixli qərarla Nizami RPİ-nin X21 azad edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 14 noyabr 2022-ci il tarixdən 16 noyabr 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılmaqla, üzərində qəti olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olsa da, onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilməsinədək barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz olunmasına zərurət yoxdur, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəzanın icrası Cinayət Məcələsinin 45-ci və Cəzaların İcrası Məcəlləsinin 154-cü maddəsinin tələblərinə uyğun təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmişdir, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə qeyd edir ki, işin məhkəmə icraatı dövründə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi müqavilə əsasında vəkili tərəfindən həyata keçirilmişdir, ona görə Azərbaycan Respublikası CPM-nin 193-cü maddəsinin tələbləri baxımından həmin vəkilə münasibətdə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 14 noyabr 2022-ci il tarixdən 16 noyabr 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmaqla, üzərində qəti olaraq 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış 02 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan 450 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar