Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-91/2022 11.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, X3 Bəxtiyar oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, 22 fevral 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 20 sentyabr 2021-ci il tarixdə saat 13 radələrində ünvan 2 ünvanda istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,350 qram narkotik vasitə olan heroin və təmiz çəkisi 1,198 qram psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2021-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nizami rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən ünvan 3 ünvanda şübhəli şəxs qismində saxlanılaraq, Bakı şəhər Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilmiş, şöbədə üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibində olan “Arqo” markalı siqaret qutusunun içərisindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,350 qram olan qəhvəyi rəngli axıcı maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd folqa kağızında təmiz çəkisi 1,198 qram olan ağ rəngli kristallik formada maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitələrin aludəçisi olduğundan, müxtəlif vaxtlarla tanımadığı şəxslərdən pul müqabilində narkotik vasitə alaraq istifadə etmişdir. xx.xx.2021-ci il tarixdə saat 13 radələrində ünvan 5 ünvanda «Məlhəm» klinikasının yaxınlığında əvvəllər tanıdığı “Valeh” adlı şəxsdən şəxsi istifadəsi üçün 20 manata narkotik maddə, hər biri bir «çet» olan metamfetamin və heroin alıb bir hissəsini istifadə etmişdir. Həmin gün, təxminən saat 20 radələrində ünvan 3 ünvanda «Neon» restoranının qarşısında olarkən, polis əməkdaşlarını görüb, üzərində narkotik vasitə olduğu üçün qaçmağa başlamış, polis əməkdaşları da onun arxasınca qaçaraq onu saxlamış və qaçmağının səbəbini soruşmuşlar. Polis əməkdaşlarına narkotik vasitələrin aludəçisi olduğu üçün onlardan çəkinib qaçdığını demişdir. Üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığına görə Polis əməkdaşları onu Bakı şəhəri, Nizami rayon Polis İdarəsinin 24-cü polis şöbəsinə gətirmişlər. Polis şöbəsində şəxsiyyəti müəyyən edildikdən sonra onun razılığı ilə xidməti otaqda üzərinə baxış keçirilən zaman, cibindəki narkotik və psixotrop maddəni könüllü olaraq təqdim etmişdir. Həmin maddələr olan bükülü zərfə qoyularaq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə baxış keçirilərkən ona qarşı qanuna zidd hərəkət edilməmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Məhkəmə cinayət işini materiallarını hərtərəfli tam və obyektiv araşdırıb, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib, dövlət ittihamçısının və müdafiəçinin təklifini nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs təqsiri özünün səmimi etirafından başqa, iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq edilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhər Nizami Rayon Mühafizə İdarəsində manqa komandiri vəzifəsində, polis baş serjantı rütbəsində xidmət edir. 20 sentyabr 2021-ci il tarixdə xidmətdə olarkən, saat 20 radələrində mühafizə olunan “Neon Palace” şadlıq sarayından daxil olmuş həyəcan siqanlı ilə əlaqədar, polis serjantı Şahid2la dərhal “Neon Palace” şadlıq sarayının yerləşdiyi ünvan 6 ünvana çatarkən orada olan bir nəfər şəxs onları görən kimi qaçmış, dərhal həmin şəxsin arxasınca qaçaraq onu saxlayıb üzərində şəxsiyyətini təsdiq edən sənədin olub-olmamasını soruşmuşlar. Həmin şəxs şəxsiyyətini təsdiq edən sənəd olmadığını bildirdikdə qaçmağının səbəbini soruşmuşlar. Həmin şəxs narkotik vasitə istifadəçisi olduğu üçün onlardan qorxub qaçdığını demişdir. Həmin şəxs narkotik vasitələrin qanunzuz əldə edilməsi və saxlanmasında şübhəli şəxs kimi 24-cü Polis Şöbəsinə gətirilmişdir. Şöbədə şəxsiyyəti müəyyən edilərkən Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. PŞ-nin inzibati binasında videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilərkən, sonuncu könüllü olaraq qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd istifadə edilmiş “Arqo” markalı siqaret qutusunu təqdim etmişdir. Siqaret qutusuna baxış zamanı bir ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli maddə və bir ədəd siqaret falqasına bükülmüş maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddələrin heroin və metamfetamin olduğunu və ünvan 5 ünvanda “Məlhəm” klinikasının yaxınlığında əvvəllər tanıdığı “Valeh” adlı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını demişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi vasitələr zərfə qoyularaq qablaşdırılmış, 24-cü PŞ-nin 164 saylı möhürü ilə möhürlənmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən qanuna zidd hərəkətlərə məruz qalmamışdır. Məhkəmə istintaqı zamanı Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək, Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan 20 sentyabr 2021-ci il tarixli «Şəxsi axtarış və götürmə haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən içərisində 01 (bir) ədəd şəffaf sellofan bükülünü və 01 (bir) ədəd folqa bükülü olan “Arqo” markalı siqaret qutusunu təqdim etmişdir. İş materiallarında olan 17 dekabr 2021-ci il tarixli «Videogörüntüyə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuş və sonuncu təkliflə razılaşaraq əynində olan qara rəngli şalvarının sağ yan cibindən içərisində 01 (bir) ədəd şəffaf sellofan bükülünü və 01 (bir) ədəd falqa bükülü olan “Arqo” markalı siqaret qutusunu təqdim etmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 21 sentyabr 2021-ci il tarixli 6/4189 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «saxlanılan şəxs: Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq» sözləri, soyad və imzalar qeyd edilmiş 01 (bir) ədəd kağız paketdə 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,350 qram olan qəhvəyi rəngli axıcı maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Digər 01 (bir) ədəd folqa kağızında təmiz çəkisi 1,198 qram olan, ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 06 noyabr 2021-ci il tarixli 4365 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş və tədqiqatdan sonrakı qalıq çəkisi 0,320 qram narkotik vasitə olan heroin və 1,168 qram psixotrop maddə metamfetamin və xx.xx.2021-ci il tarixli «şəxsi axtarış və götürməni» özündə əks etdirən 1 ədəd DVD disk maddi sübut kimi tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş 10 dekabr 2021-ci il tarixli tələbnamədən və məhkəmə sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 22 sentyabr 2021ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 20 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutların məcmuyuna əsasən qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq, onun azadlıqdan məhrum edilməklə cəza çəkmədən islah olunmasını mümkün saymır və hesab edir ki, ona real cəza təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs qəti cəza, barəsində olan Bakı şəhəri, Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə münasibətdə, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbinə əsasən təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası 66.5-ci madəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını çəkməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 52-1.3.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsini müəyyən edə bilər. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,320 qram narkotik vasitə heroin və 1,168 qram psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinə dair 1 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 91,76 (doxsan bir manat yetmiş altı qəpik) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinə əsasən hazırki iş üzrə xüsusi müsadirənin tətbiq edilməsinə əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə qeyd edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 40 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 35 iş saatı, cəmi 75 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 450 (dörd yüz əlli) manat (75x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X2 dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökm üzrə təyin olunmuş cəza ilə qismən toplanılmaqla onun üzərində qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 20 sentyabr 2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut - Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan 0,320 qram narkotik vasitə heroin və 1,168 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd DVD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs 75 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X2 VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 450 (dörd yüz əlli) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surəti ona verildiyi andan 20 gün müddətində verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-91/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-91/2022
11.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver