Məhkəmə qərarları › İş №1(007)-93/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-93/2023

24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-93/2023 24.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X5 Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs: xx.xx.1980-ci ildə Sumqayıt şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsili, işləməyən, məhküm olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talama məqsədi ilə 10 iyul 2022-ci il tarixdə saat 15:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq küşəsi 15-də yerləşən “28 may” metrostansiyasının yaxınlığında olan “Yeraltı Keçid” adlı Ticarət mərkəzində “Scarpe.az” mağazanın qarşısında dayanmış vəziyyətdə olan uşaq arabasından Zərərçəkmiş şəxs3 məxsus içində həmin dövrdə 172 manat 63 qəpiyə ekvivalent olan 100 avro və 800 manat pul, 01 ədəd 10 manat qiymətində, balansında pul vəsaiti olmayan, “Rabitə Bank” tərəfindən verilmiş, 4189 8000 8942 5225 nömrəli plastik kart və 01 ədəd 10 manat qiymətində, balansında pul vəsaiti olmayan, “Kapital Bank” tərəfindən verilmiş, 4169 7413 2522 7674 nömrəli plastik kart olan 01 ədəd 100 manat qiymətində pulqabını gizli olaraq talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs3 una ümumilikdə 1092 manat 63 qəpik maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgə əmlakını gizli olaraq talama məqsədi ilə 28 iyul 2022-ci il tarixdə saat 09 radələrində ünvan 2 ünvanda əşən “8-ci km bazarı” adlanan bazarın ərazisində, paltar satılan piştaxtanın üzərində olan Zərərçəkmiş şəxs2 məxsus içində 1090 manat pul olan 01 ədəd 10 manat qiymətində pulqabını gizli yolla talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs2 1100 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgə əmlakını gizli olaraq talama məqsədi ilə 10 avqust 2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nizami Rayonu, Q.Qarayev prospekti ilə Bəhruz Nuriyev küçəsinin kəsişməsində yerləşən “Xalqlar Dostluğu” Ticarət mərkəzində olan 99 nömrəli mağazada asılqandan asılmış vəziyyətdə olan Zərərçəkmiş şəxs4 qızına məxsus əl çantasının içindən içində sonuncuya məxsus 01 ədəd 10 manat qiymətində, balansında pul vəsaiti olmayan, “Beynəlxalq Bank” tərəfindən verilmiş “Tamkart” debit kartı, şəxsiyyət vəsiqəsi, sonuncunun anası Zərərçəkmiş şəxs1 məxsus 913 manat pul olan Zərərçəkmiş şəxs4 məxsus çəhrayı rəngli pulqabını gizli olaraq talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs4 qızına 14 manat, zərərəçəkmiş Zərərçəkmiş şəxs1 isə 913 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, o, 28 iyul 2022-ci il tarixdə saat 09 radələrində Zərərçəkmiş şəxs2 məxsus əmlakı oğurlamamışdır. Belə ki, həmin vaxt o, yaşadığı ünvanda, yəni ünvan 3 2022-ci il tarixdə saat 15:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “28 May” metrostansiyasının qarşısında yerləşən “Yeraltı keçid” ticarət mərkəzində “Scarpe.az” adlı mağazanın qarşısında boş uşaq arabasının olduğunu, həmin arabanın içərisində pul kisəsi olduğunu görmüş, ətrafa nəzər yetirdikdən sonra əlini atıb həmin pulqabını götürüb dərhal oradan uzaqlaşmış və yaxınlıqdakı sanitar qovşağa daxil olaraq, həmin pul kisəsinin içərisinə baxmış və pul kisəsinin içində 100 avro və 800 manat pul olduğunu görmüşdür. Bundan başqa pul kisəsinin içərisində xatırlamadığı şəxslərə məxsus bank kartlarının da olduğunu görmüş, o, həmin bank kartlarını pul kisəsi ilə birlikdə sanitar qovşağın görünən bir tərəfinə atmışdır ki, görənlər olsa, aparıb sahibinə təhvil versin. Həmin 100 avronu ünvanını xatırlamadığı valyuta dəyişmə məntəqələrinin birində 170 manata dəyişmişdir. O, 10 avqust 2022-ci il tarixdə şəxsi işləri ilə bağlı Bakı şəhərinə gəlmiş, burada işlərini həll etdikdən sonra saat 18 radələrində oğurluq etmək məqsədi ilə Bakı şəhəri, Nizami rayonunda yerləşən “Xalqlar Dostluğu” ticarət mərkəzinə getmiş, burada bir qədər gəzdikdən sonra kişi geyimləri satılan mağazaya girmiş, burada olan qadın satıcı ilə ünsiyyətə girib kostyumlarla maraqlanmış, təqribən 10 dəqiqədən sonra satıcı qız onun maraqlandığı kostyumla bağlı nəsə soruşmaq məqsədi ilə mağazadan çölə çıxmış, satıcının yoxluğundan istifadə edib mağazada masanın üzərində olan çantanın içərisində çəhrayı rəngli pulqabını götürmüş, daha sonra o, həmin qadına başqa mağazalara da baxacağını bildirib mağazanı tərk etmişdir. Bundan sonra o, həmin pulqabına baxan zaman içərisində təqribən 913 manat pul, kimə məxsus olmasına diqqət yetirmədiyi şəxsiyyət vəsiqəsi və bank kartı olduğunu görmüşdür. O, pulları götürüb cibinə qoymuş, pulqabını və içərisində olan digər əşyaları isə kiminsə tapıb sahibinə təhvil verməsi üçün binalardan birinin kənarına qoymuşdur. Pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3 dəymiş ziyanı tam ödəmişdir, onunla barışıq əldə olunmuşdur. Zərərçəkmiş şəxs X1 dəymiş ziyandan isə 600 manat ödəniş etmişdir. Həmçinin, törətmiş olduğu əməli səmimi etiraf etməsini və peşmançılıq çəkməsini nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə ilə müraciət edərək istintaq dövründə verdiyi ifadəni təsdiq etdiyini, ona dəymiş zərərin ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 28 iyul 2022-ci il tarixdə səhər saat 9 radələrində özünə paltar almaq üçün Bakı şəhəri, Nizami rayonunda yerləşən 8-ci km bazarına getmişdir. Bir neçə əşya aldıqdan sonra pul qabında 1090 manat pul qaldığını qeyd edərək daha sonra şalvar satılan mağazalardan birinə yaxınlaşdığını bildirdi. Mağazada məhsullar çölə qoyulmuş piştaxtanın üzərinə yığılmışdır, geyinib-soyunma otağı isə piştaxtanın baş tərəfində açılıb bağlanan pərdədən düzəldilmişdir. O, burada aldığı şalvarın əyninə olub-olmadığını yoxlamaq üçün geyinib-soyunma otağına girmiş, pulqabını isə rahat soyunmaq üçün piştaxtanın üzərində olan paltarların üstünə qoymuşdur. Daha sonra anlamışdır ki, ona məxsus pulqabı naməlum şəxslər tərəfindən oğurlanmışdır. Ona məxsus, içində 1090 (bir min doxsan) manat pul olan 10 manat qiymətindəki pulqabının oğurlanması nəticəsində ona 1100 ( bir min bir yüz) manat maddi ziyan dəymişdir. Hal-hazırda ona vurulmuş ziyan ödənilməmişdir, təqsirləndirilən şəxsdən şikayətçidir, təqsirləndirilən şəxsin cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş X2 ifadəsində göstərmişdir ki, 15 ildir ki, Bakı şəhəri, Nizami rayonunda yerləşən “Xalqlar Dostluğu” ticarət mərkəzində satıcı kimi işləyir. İşlədiyi mağazada əsasən kişi geyimləri satır. 10 avqust 2022-ci il tarixdə şəxsi işləri ilə bağlı Naxçıvan Muxtar Respublikasına getdiyindən ticarət mərkəzində olan işlərini Fikrət adlı tanışına tapşırmışdır. Bundan əlavə qızı Aysel də Firkətə bu işlərdə kömək etmişdir. 10 avqust 2022-ci il tarixdə saat 19 radələrində qızı Aysel mağazada olarkən mağazaya orta boylu, iri cüssəli, keçəl bir şəxs gəlmiş, bir qədər mağazada kostyumlarla maraqlandıqdan sonra, kostyumlardan birinin qiymətini sorumuş, qızı Aysel qiyməti öyrənmək üçün mağazadan çıxıb Fikrəti çağırmış, yenidən mağazaya daxil olduqları zaman həmin şəxs Fikrətə və Ayselə kostyumu daha sonra alacağını bildirmiş və mağazanı tərk edərək getmişdir. Bundan bir qədər sonra qızı Aysel asılqandan asdığı çantasına baxarkən, çantasının içərisində olan ona məxsus çəhrayı rəngli pulqabının yerində olmadığını görümüşdür. Həmin çəhrayı rəngli pulqabının içərisində 913 manat pul, qızı Zərərçəkmiş şəxs4 məxsus yeni nəsil şəxsiyyət vəsiqəsi, onun adına olan “Beynəlxalq Bank" tərəfindən verilmiş balansında pul vəsaiti olmayan “Tamkart” adlı debit kart olmuşdur. Həmin oğurluq nəticəsində ona 913 manat maddi ziyan dəymişdir. Dəymiş ziyan qismən ödənmiş, həmin məbləğdən 350 manat bu günə kimi ödənilməmiş qalmışdır. Hal-hazırda təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və ona dəymiş zərərin tam ödənilməsini tələb etdiyini bildirdi. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş X4 ifadəsində göstərmişdir ki, anası Zərərçəkmiş şəxs1 şəxsi işləri ilə bağlı Naxçıvan Muxtar Respublikasına getdiyindən, işlədiyi Bakı şəhəri, Nizami rayonu, “Xalqlar Dostluğu” metrostansiyasında olan geyim mağazasını ona və tanışları Fikrətə tapşırmışdır. 10 avqust 2022-ci il tarixdə saat 18 radələrində mağazada olarkən bir şəxs müştəri qismində mağazaya daxil olmuş geyimlərlə, əsasən isə kostyumlarla maraqlanmağa başlamışdır. O, içərisində anasına məxsus 913 manat pulu, özünə məxsus şəxsiyyət vəsiqəsi və “Beynəlxalq bank” tərəfindən verilmiş “Tamkart” adlı debit kart olan çəhrayı pulqabını, özünə məxsus çantanın içərisinə qoymuşdur və onu mağazada olan masanın yanındakı asılqandan asmışdır. Həmin şəxs onun çantasına yaxınlaşaraq orada olan kostyumla bağlı ona suallar vermiş və qiymətini ondan soruşmuş, o, həmin kostyumun qiymətini soruşmaq üçün mağazadan çıxıb tanışları Fikrəti çağırmağa getmişdir. Bir neçə dəqiqədən sonra onlar mağazaya qayıtmış, Fikrət həmin kostyumun qiymətini həmin şəxsə dedikdən sonra, həmin şəxs ona sabah yaxınlaşacağını bildirmişdir. O, gedəndən sonra çantanı açıb baxdıqda pulqabının yerində olmadığını görmüşdür. Həmin pulqabı və içərisində olan debit kartı ona məxsus olmuşdur. Pulqabının içində olan 913 manat pul isə anası Samiləyə məxsus olmuşdur. Hal-hazırda təqsirləndirlən şəxsdən şikayətçi olduğunu qeyd edərək, ona dəymiş zərərin ödənilmədiyini bildirdi. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, əsil adı Şərif olsa da, onu çox adam Fikrət kimi tanıyır və bu cür səsləyirlər. O da Samilə kimi Bakı şəhəri, Nizami rayonu, “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında ‘Xalqlar Dostluğu” yarmarkasında geyim mağazası işlədir. Samilə 10 avqust 2022-ci il tarixdə ona bildirmişdir ki, şəxsi işləri ilə bağlı mağazaya gələ bilməyəcək, buna görə də mağazanı qızı Ayselə tapşıracaqdır. Ondan Ayselin mağazada olduğu müddətdə ehtiyacı olduğu vaxtlarda ona kömək etməyini xahiş etmişdir. 10 avqust 2022-ci il tarixdə saat 18 radələrində yarmarkada olarkən Aysel ona yaxınlaşıb bir nəfər müştərinin bir kostyumla maraqlandığını, lakin kostyumun qiymətini bilimədiyi üçün müştəriyə kömək edə bilmədiyini bildirib, onun da mağazaya gəlməyini xahiş etmişdir. Mağazaya girdikdə iri cüssəli, keçəl bir şəxs ondan kostyumun qiymətini soruşmuş, o, kostyumun qiymətini dedikdə, həmin şəxs daha ucuz bir şey axtardığını bildirib, mağazanı tərk etmişdir. Həmin şəxs getdikdən bir qədər sonra Aysel ona yaxınlaşaraq çantasından içində pul və bəzi sənədlər olan pulqabısının oğurlandığını bildirmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bununla da Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(007)- 472/2022 nömrəli qərarı ilə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə o, hökm çıxarıldığı hazırkı vaxtadək həbsdədir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd balansında pul vəsaiti olmayan 4189 8000 8942 5225 nömrəli “Rabitə Bank” tərəfindən verilmiş plastik kart, 01 ədəd balansında pul vəsaiti olmayan 4169 7413 2522 7674 nömrəli “Kapital Bank” tərəfindən verilmiş plastik kart Zərərçəkmiş şəxs3 təhvil verilməsi nəzərə alınmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay (iki il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 26 avqust 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut kimi tanınmış 01 ədəd balansında pul vəsaiti olmayan 4189 8000 8942 5225 nömrəli “Rabitə Bank” tərəfindən verilmiş plastik kartın və 01 ədəd balansında pul vəsaiti olmayan 4169 7413 2522 7674 nömrəli “Kapital Bank” tərəfindən verilmiş plastik kartın Zərərçəkmiş şəxs3 təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 66 (altmış altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar