Məhkəmə qərarları › İş №1(007)-94/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-94/2022

19.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-94/2022 19.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Ələsgərov Elvin Hidayət oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsi – “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X3 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN E T D İ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X7 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23.11.2021-ci il tarixli, 1(011)-482/2021 saylı qərarı ilə şikayətdə göstərilən hadisələr Bakı şəhəri Nizami rayonunun inzibati ərazisində baş verdiyindən X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında X7 tərəfindən verilmiş şikayət aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət ərizəsi onunla əsaslandırılır ki, 10.10.1970-ci ildə Cəlilabad rayonunda anadan olmuş, əvvəllər soyğunçuluq, hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə cinayətlərinə görə məhkumluğu olan, hazırda ünvan 1 ünvanında qeydiyyatda olan X5 ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1. 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş böhtan və təhqir cinayətlərini törətmişdir. X5 “Tik Tok” internet sosial şəbəkə vasitəsində @efqanxaneliyev152 və @efqanxaneliyev02 profilləri ilə qeydiyyatdan keçərək həmin sosial şəbəkədə yalan olduğunu bilə-bilə onun və digər vəzifəli şəxslərin şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatları kütləvi və mütəmadi şəkildə video müraciət formasında qəsdən yaymış, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə qəsdən böhtan atmış və onun, habelə ailəsinin şərəf və ləyaqətini qəsdən nalayiq formada alçaltmışdır. Belə ki, X5 Bakı şəhər İcra Hakimiyyəti Başçısı Eldar Əzizov və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Çevik X10 polis general mayoru Səhlam Bağırov tərəfindən guya onun vasitəsi ilə Bakı şəhəri, Nizami rayonu, “8-ci km bazarı”nda qanunsuz küçə ticarətinə rəhbərlik olunduğu və onlar tərəfindən guya onun vasitəsi ilə həmin bazardan qanunsuz küçə ticarətindən küllü miqdarda çirkli pullar qazanıldığı, habelə guya o, adı çəkilən yuxarı vəzifəli şəxslərin qanunsuz göstərişlərini icra edən qeyri-rəsmi işçisi olaraq həmin vəzifəli şəxlərin qanunsuz göstərişlərinə əsasən guya X4 həmin bazarda 5 kv.metr yerindən məhrum etməyi barədə, habelə özündə onun və həmin vəzifəli şəxslərin şərəf və ləyaqətini nalayiq formada alçaldan məlumatlar əks olunan videogörüntülərini (müraciətlərini) qəsdən “Tik Tok” internet sosial şəbəkə vasitəsi ilə @efqanxaneliyev152 və @efqanxaneliyev02 profilləri adı altında mütəmadi olaraq paylaşmış, nəticə etibarı ilə onun digər vəzifəli şəxslərlə əlbir olub onlarla birlikdə ağır və xüsusi ağır cinayətlər törətməyi barədə ona böhtan atılmış, habelə onun tərəfindən təhqir olunmuşdur. X5 qeyd olunan böhtan və təhqir məzmunlu barəsindəki video müraciətləri “Tik Tok” internet sosial şəbəkə vasitəsi ilə yaymaqla kifayətlənməyərək, 07.10.2021-ci il tarixdə səhər saatlarında onun iş yerinə gələrək iş yerinin girişində insanların kütləvi şəkildə olduğu yerdə, yəni “8-ci km bazarı”nın girişində üzərində ünvanına nalayiq söyüşlər yazılmış fotoşəkillərini çap etdirərək divarlara yapışdırmış və onu təhqir etmişdir. Həmçinin, 08.10.2021-ci il saat təxminən 15:00 radələrində o, onun və ailəsinin faktiki yaşadığı ünvan 2 ünvanına gələrək onun evdə olmadığından sui-istifadə edərək qapılarını döymüş və özünü qonşu olduğunu bildirərək qapının açılmasını xahiş etmiş və onun ailə üzvləri onu tanımadıqlarına görə ona qapını açmamışlar və bundan sonra o, onun və ailəsinin ünvanına nalayiq ifadələr, nalayiq söyüşlər yazılmış fotoşəkillərini yaşadığı yaşayış binasının giriş blokuna yapışdıraraq onu təhqir etmişdir. Buna görə də onun tərəfindən 08.10.2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” Çağırış xidmətinə zəng olunaraq X2 qanunsuz hərəkətləri haqqında şikayət olunmuşdur. Bununla bağlı o, 24-cü Polis Bölməsinə dəvət olunaraq ərizə və izahatı alınmış, habelə ona xüsusi ittiham qaydasında aidiyyəti məhkəməyə şikayət etmək hüququ izah edilmiş, X5 həmin polis orqanına dəvət edilsə də o, çağırışa gəlməmişdir. X5 ona yönəlmiş “Tik Tok” internet sosial şəbəkə vasitəsi ilə @efqanxaneliyev152 və @efqanxaneliyev02 profili adı altında paylaşılan böhtan və təhqir məzmunlu video müraciətlərindən sonra onun cəmiyyət arasında, dostları, qohumları, onu tanıyanlar, təmasda olduğu iş yoldaşları arasında nüfuzuna, cəmiyyətdəki mövqeyinə, iş yerində işgüzar nüfuzuna xələl gəlmiş, ona həm maddi, həm də mənəvi ziyan vurulmuşdur. X5 tərəfindən onun barəsində böhtan və təhqir məzmunlu video müraciətlərin “Tik Tok” internet sosial şəbəkə vasitəsi ilə yayılması nəticəsində 100000 manat məbləğində maddi və ******* manat məbləğində mənəvi ziyan vurulmuşdur. Göstərilənlərə əsasən X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə təqsirli bilinərək barəsində hökm çıxarılması xahiş edilmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X3 nümayəndəsi Müdafiəçi şikayətin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 müdafiəçisi Altay Hüseynovun vəsatəti əsasında Xətai Rayon Məhkəməsi tərəfindən şikayət baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Göstərilənlərə əsasən şikayətin məhkəmənin icraatına qəbul edilməsini və baxışa təyin edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 müdafiəçisi X8 bildirmişdir ki, şikayətin məhkəmənin icraatına qəbul edilib baxılmasına etiraz etmir. X1 07.10.2021 və 08.10.2021-ci il tarixlərdən sonra “TikTok” sosial şəbəkəsində çıxışları olmuşdursa xüsusi ittiham qaydasında şikayətə axırıncı əməlin törədildiyi yer üzrə birinci instansiya məhkəməsində baxılmalıdır. “TikTok” sosial şəbəkəsinin hüquqi ünvanı xaricdə qeydiyyata alındığından xüsusi ittiham qaydasında şikayətə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 axırıncı yaşayış yeri üzrə, yəni Xətai Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmədən aidiyyət məsələsinin həll edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.11-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası barədə vaxtında məlumat verilmiş bu Məcəllənin 299.8 və 299.9-cu maddələrində göstərilənlər nəzərə alınmaqla cinayət prosesi iştirakçılarının məhkəmənin hazırlıq iclasına gəlməməsi, həmin iclasın keçirilməsinə və müvafiq qərarın qəbul edilməsinə mane olmur. Məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 və xüsusi ittiham qaydasında şikayət vermiş X7 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin ərazi aidiyyətinin müəyyənləşdirilməsi üçün apellyasiya instansiyası məhkəməsinə müraciət edilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş “fləş-kart”a köçürülmüş X2 @efqanxaneliyev152 profili adı altında “TikTok” sosial şəbəkəsində yayılan videomüraciətlərinə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, həmin videomüraciətlərin birində X5 müraciətini 10.10.2021-ci il tarixdə etdiyini və X3 yaşadığı binanın blokunun giriş qapısına fotoşəklini yapışdırdığını bildirmişdir. Göründüyü kimi, X2 07.10.2021-ci il və 08.10.2021-ci il tarixlərdə X3 işlədiyi “8-ci km” bazarının girişinə və yaşadığı binanın blokuna fotoşəkillərini yapışdırdıqdan sonra, yəni 10.10.2021-ci il tarixdə “TikTok” sosial şəbəkəsində X3 barəsində videomüraciəti olmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.3.1-ci maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə məsələlərə baxılır. Həmin Məcəllənin 299.4.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası zamanı, həmçinin verilmiş vəsatət və etirazların təmin edilməsi və ya onların təmin edilməsinin rədd edilməsi barədə məsələlər həll edilir. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarının 12-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən uzanan və ya davam edən cinayətlərin törədilməsi ilə bağlı cinayət işlərinin məhkəmə aidiyyəti aşağıdakılara əsasən müəyyənləşdirilir: 74.2.1. uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur; 74.2.2. cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Həmin Məcəllənin 300.1.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir. Məhkəmə qeyd edir ki, X2 hazırkı iş üzrə son əməli törətdiyi yer “TikTok” sosial şəbəkəsi hesab olunmaqla, X2 Azərbaycan Respublikasında axırıncı yaşayış yerinə uyğun olaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalı olsa da, xüsusi ittiham qaydasında şikayət həmin məhkəmənin qərarı ilə aidiyyəti üzrə göndərildiyindən, işin təkrarən həmin məhkəməyə qaytarılması yolverilməzdir, ona görə işin ərazi aidiyyəti mübahisələndirilməli və aidiyyət məsələsi apellyasiya instansiyası məhkəməsi tərəfindən həll edilməsi üçün göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 74, 75, 77, 299 və 300-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X3 xüsusi ittiham qaydasında şikayəti, işin ərazi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərilməsi məsələsinin həlli üçün, Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar