Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-95/2023 24.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1989-cu ildə Bərdə rayonu, Qasımbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, Bərdə rayonu, Qasımbəyli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, binaya qanunsuz daxil olmaqla özgə əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, o, özgə əmlakını gizli olaraq talama məqsədi ilə, 09 avqust 2022-ci il tarixdə, saat 02 radələrində ünvan 2 ünvanında yerləşən “Arabaçı” adlı avtomobil təmir sexinə həmin sexin pəncərəsində olan dəmir barmaqlıqları aralayıb, qanunsuz daxil olmaqla orada olan Zərərçəkmiş şəxs məxsus 2020-ci il istehsalı olan “BMW X5” markalı avtomobilə aid 01 ədəd 2500 manat qiymətində sağ ön faranı gizli olaraq talamaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs 2500 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, təqribən 5 ildir ki, narkotik vasitə heroindən istifadə edir. Narkotik vasitəni üzdən tanıdığı, haqlarında başqa heçnə bilmədiyi şəxslərdən alır. Uzun müddət Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə 39/31 ünvanında yerləşən “Arabaçı” adlı avtoservisdə dəmirçi kimi işləmişdir. O, Şahid2 da burada işlədiyi dövrdən tanıyır. Təqribən 3 ay bundan əvvəl şəxsi işləri ilə əlaqədar həmin yerdən işdən ayrılmışdır. Fəqan ilə münasibətləri daim normal olmuşdur, onunla heç bir ədavəti olmamışdır. O, işsiz olduğundan narkotikə olan ehtiyacını və digər ehtiyaclarını qarşılaya bilməmiş, bu səbəbdən də oğurluq etmək fikrinə düşmüşdür. 09 avqust 2022-ci il tarixdə gecə saatlarında yaşadığı Bakı şəhəri, Qaraçuxur qəsəbəsində yerləşən evdən çıxaraq piyada gəzə-gəzə Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində yerləşən əvvəllər işlədiyi “Arabaçı” servisin yaxınlığına gəlmiş, həmin servisin yerləşdiyi binanın kənarına keçmiş, həmin gün saat 02 radələrində orada olan dəmir konstruksiyalı qarajın üzərinə çıxmış, həmin binanın divarına çəkilmiş dəmir turbanın üzəri ilə hərəkət edərək, həmin sexə girən pəncərənin barmaqlıqlarının arasından keçərək sexə daxil olmuşdur. Sexdə sökülərək yerə qoyulmuş 01 ədəd “BMW X5” markalı avtomobilə aid sağ faranı götürmüşdür. Daha sonra faranı çıxara bilmək üçün sexin daxil olduğu pəncərisini barmaqlıqlarını aralamış, daha sonra faranı çıxarıb çöl tərəfindən keçən turbanın üzərinə qoymuş, daha sonra həmin ətrafda səhərin açılmağını gözləmişdir. Səhər faranı götürərək Nizami rayonunda yerləşən “Maşın bazarı” adlanan bazara getmiş, burada təsadüfən rastlaşdığı, əvvəllər tanıdığı Şahid1 ilə rastlaşmışdır. O, həmin faranı Azərə 300 manata satmışdır. Azərə həmin faranı oğurluq yolu ilə əldə etdiyini deməmişdir, oğurluqda ona kömək edən olmamışdır, o, bu oğurluğu tək törətmişdir. Sonda Təqsirləndirilən şəxs, törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş zərəri ödəyərək onunla barışıq əldə etdiyini bildirdi və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, farası oğurlanmış 01 ədəd “BMW X5” markalı avtomobil sənəd üzrə onun tanışı X3 məxsus olsa da, həmin avtomobil faktiki olaraq onun sahibliyindədir. Belə ki, Taleh Nəzərli bununla bağlı ona etibarnamə vermişdir. Təqribən avqust ayının əvvəllərindən özünə məxsus 2020-ci il istehsallı “BMW X5” markalı avtomobili müəyyən təmir işlərinin görülməsi üçün “Arabaçı” avtoservisdə işləyən Şahid2 həvalə etmişdir. Bu səbəbdən ona məxsus həmin avtomobil həmin sexdə qalır. Təqribən 1 ay bundan əvvəl Fəqan ilə əlaqə yaradarkən ona məlum olmuşdur ki, ona məxsus “BMW X5” markalı avtomobilin sağ ön farası naməlum şəxslər tərəfindən oğurlanmışdır. Ona məlum olan qədər həmin faranın qiyməti təqribən 2500 manatdır. Həmin faranın oğurlanması nəticəsində ona 2500 manat maddi ziyan dəymişdir. Onun avtomobilindən başqa heçnə oğurlanmamışdır. Təqsirləndirilən şəxs “Arabaçı” adlı sexdə görmüşdür, onunla heç bir münasibəti, o cümlədən ədavəti yoxdur. İş materiallarında olan baxış keçirilməsi barədə 24 avqust 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində yerləşən “Arabaçı” adlı təmir sexində baş vermişdir. İş materiallarında olan maddi sübutun götürülməsi barədə 25 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Şahid1 01 ədəd “BMW X5” markalı avtomobilin farasını könüllü olaraq istintaqa təqdim etmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 27 avqust 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə ünvan 2 ünvanında yerləşən “Arabaçı” adlı avtomobil təmiri sexində baş vermişdir. İfadəsi yerində yoxlanılarkən Təqsirləndirilən şəxs, bir daha istintaq zamanı vermiş olduğu ifadəsini əyani qaydada təsdiq edərək, cinayət törətdiyi yeri göstərmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 31 oktyabr 2022-ci il tarixli, 9/7228 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd 2020-ci il istehsalı olan “BMW X5” markalı avtomobilə məxsus sağ ön faranın istifadədə olması nəzərə alınmaqla, 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti təxminən 2500 manatdır. İş materiallarında olan sübutların qiymətləndirilməsi barədə 14 noyabr 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs 27 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamın məzmununa əlavə və dəyişiklik edilməklə həmin maddə ilə yenidən ittiham elan edilməsi və barəsində seçilmiş həbs qətimkan tədbirinin seçilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 180-ci maddələri ilə cinayət təqibinin rədd edilməsi, Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsi ilə cinayət təqibinin rədd edilməsi, cinayət işi üzrə əldə edilmiş 01 ədəd 2020-ci il istehsalı olan “BMW X5” markalı avtomobilə məxsus sağ ön faranın maddi sübut kimi tanınması və təqsirləndirilən şəxs və onun müdafiəçisi cinayət işi materialları və maddi sübut ilə tanış olduqdan sonra Zərərçəkmiş şəxs təhvil verilməsi, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab olunması qərara alınmışdır. İş materiallarında olan qəbzdən görünür ki, ********* saylı cinayət işi üzrə oğurlanmış 01 ədəd “BMW X5” markalı avtomobilə məxsus sağ ön fara Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs Bakı şəhəri Nizami RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Ayxan Təhməzliyə ünvanladığı 18 noyabr 2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs vurduğu maddi və mənəvi ziyan tam şəkildə ödənilmişdir, hazırda heç bir şikayəti yoxdur, təqsirləndirilən şəxslə barışmışdır, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan AZ-İİ seriyalı 135988 saylı nikah haqqında şəhadətnamənin və AA ******* və AA ******* saylı şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ilə X1 rəsmi nikaha daxil olmuşlar, birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X6 doğulmuşlar. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 01 nömrəli qərarının 1, 19 və 20-ci bəndlərinə əsasən, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Avtomobil və digər nəqliyyat vasitəsinin kabinəsi, oturacaq salonu saxlanc yerlərinə aid olmadığından oradan hər hansı əşyanın gizlin götürülməsi saxlanc yerlərinə daxil olma kimi qiymətləndirilə bilməz. Yaşayış sahəsi dedikdə yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş zərəri ödəyərək onunla barışıq əldə etməsini və himayəsində iki azyaşlı uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 03 noyabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli tutma protokolundan, xx.xx.2022-ci il tarixli qərardan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 26 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 27 avqust 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 26 avqust 2022-ci il tarixdən hesablanmış, həmin məhkəmənin 25 noyabr 2022-ci il tarixli qərarı ilə, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 16 dekabr 2022-ci il tarixədək hesablanmışdır. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə məhkəmə baxışı təyin edilmiş və onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı 26 avqust 2022-ci il tarixdən 24 yanvar 2023-cü il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla və təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Habelə, Azərbaycan Respublikası CPM-nin 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda, daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin həbsdə saxlanılmaqla, azadlıq və bir sıra digər hüquqlarına məhdudiyyətlər qoyulmasına zərurət yoxdur və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Habelə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə uyğun olaraq, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “BMW X5” markalı avtomobilə məxsus sağ ön faranın ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi müddət 18 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 108 manat (18x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X4 dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı 26 avqust 2022-ci il tarixdən 24 yanvar 2023-cü il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddət nəzərə alınmaqla, həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq, üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 04 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Bakı şəhərini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbsdən azad edilsin. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “BMW X5” markalı avtomobilə məxsus sağ ön faranın ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 18 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X4 VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 108 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-95/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-95/2023
24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver