Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-95/2025 25.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X5, Məhkəmə iclasının katibi: X7, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 15 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxxxx 1984-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ında faktiki yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 310-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2024-cü ilin aprel ayının sonu-may ayının əvvəllərində Zərərçəkmiş şəxs ilə tanış olub sonuncunun əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs ilə görüşüb aralarında olan söhbət zamanı özbaşına özünü Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Məktublar şöbəsinin müdiri, malik olmadığı səlahiyyətlərin daşıyıcısı olan vəzifəli şəxs kimi təqdim edib vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməklə təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyasının yerinə yetirilməsi üzrə hüquq və vəzifələrini qanunsuz olaraq öz üzərinə götürüb Zərərçəkmiş şəxs Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin (hazırda Azərbaycan Dövlət Su Ehtiyatlan Agentliyi) balansında olmaqla istismar müddəti bitmiş dəmir su borularının dövriyyədən çıxarılmasına dair silinmə aktlarını əldə edib təqdim edəcəyinə dair yalan vəd verib inandırmaqla aldadaraq etibarından sui istifadə edərək bu məqsədlə 18 may 2024cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev metrostansiyasmın yaxınlığında yerləşən “Word Telecom” telefon dükanının qarşısında Zərərçəkmiş şəxs 10.000 manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirməklə sonuncuya xeyli miqdarda əmlak xarakterli ziyan vuraraq dələduzluq edib dövlət orqanlarının nüfuzunu ləkələməklə onların hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4 və 310-cu maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən, yəni CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilərək, CM-nin 310-cu maddəsi ilə təqsirli bilməyətək ifadəsində göstərmişdir ki, 2024-cü ilin aprel ayının əvvəllərində Türkiyə Respublikasının İstanbul şəhərində yaşayan qardaşı Cavid Niftalıyev ona zəng edərək dostu Şahid1 qardaşı Zərərçəkmiş şəxs uşağının xəstə olduğunu bildirib sonuncunun uşağını müayinə və müalicə üçün tanışı olan həkimin yanına aparmasını xahiş etmiş, bundan əvvəl övladı Sunay Niftaliyeva xəstə olduğuna görə onu Laçın ticarət mərkəzinin yaxınlığında yerləşən “X17”nə, Cəfər adlı həkimin yanına aparıb müalicə etdirdiyindən razılaşmış, sabahsı gün Zərərçəkmiş şəxs onunla telefonla əlaqə saxlamış, lakin işi olduğuna görə Eytramla görüşə bilməmiş, qızını müalicə etmiş həkimin mobil nömrəsini ona verib həkimin yanma getməsini, oradan ona zəng etməsini və onu həkimə tapşıracağını söyləmişdir. Aradan təxminən 5 gün keçdikdən sonra Zərərçəkmiş şəxs zəng edib onunla işinin olduğuna görə görüşmələrini xahiş etmiş, həmin gün axşamçağı onlar Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev metrostansiyasının yaxınlığında yerləşən adını xatırlamadığı çay evində görüşmüş, söhbət zamanı Eytram maddi imkanı olmadığına görə xəstə olan övladını xəstəxanaya apara bilmədiyini demiş, o, Eytrama köməklik etmək üçün üzərində olan 500 manat pulu ona vermək istəmiş, lakin o utandığına görə həmin pulu ondan ala bilməyəcəyini demişd, daha sonra onlar sağollaşıb ayrılmış, növbəti gün, səhər saatlarında Zərərçəkmiş şəxs “Whatsapp” vasitəsi ilə mesaj yazıb dünən utandığına görə ondan pul almadığını və bu gün uşağını həkimə aparmaq üçün ona maddi köməklik etməsini xahiş etmiş, ona 200 manat pul verə biləcəyini deyib Eytramın "xxxx" ASC-yə məxsus hesab nömrəsini xatırlamadığı kartına 200 manat göndərmişdir. Aradan iki gün keçdikdən sonra o, Eytrama zəng edib uşağı həkimə aparıbaparmaması ilə maraqlanmış, sonuncu isə başqa ehtiyaclarının olduğuna görə verdiyi pulu xərclədiyini və uşağı həkimə apara bilmədiyini demiş, aradan iki-üç gün keçdikdən sonra Zərərçəkmiş şəxs yenə ona zəng edib atasının xəstə olduğunu, onu həkim aparmaq istədiyini deyib atasını həkimə aparmaq üçün ondan 500 manat pul istəmiş, o, ona həmin məbləğdə pulunun olmadığını, lakin işdən pul götürə biləcəyi təqdirdə ona verə biləcəyini söyləmiş, lakin işdən pul götürə bilmədiyinə görə bu barədə Eytrama məlumat vermiş, növbəti gün Zərərçəkmiş şəxs yenidən ona zəng edib xeyli miqdarda borclarının olduğunu bildirib bu dəfə ondan 5000 manat borca pul istəmişdir. Sonuncunun istəyinə əsasən onlar 2024-cü ilin may ayının dəqiq xatırlamadığı tarixində 8-ci km bazarının qarşısında görüşmüş, həmin vaxt maddi imkanı olmadığına görə istədiyi pul məbləğini verə bilməyəcəyini Eytrama demiş, o isə heç olmasa ona 100 manat pul verməsini xahiş etdiyindən həmin vaxt üzərində olan 50 manat pulu Eytrama vermişdir. Həmin gün, axşam saat 23 radələrində Zərərçəkmiş şəxs yenidən ona zəng edib atasının vəziyyətinin ağır olduğuna görə onu xəstəxanaya aparmalı olduğunu qeyd edib onun üçün faizə və girova 5000 manat pul tapmasını xahiş etmiş, ona maddi vəziyyətinin yaxşı olmadığını və uşağının xəstə olduğunu, bu səbəbdən həmin məbləğdə pulu tapa bilməyəcəyini demişdir. Eytramın mütəmadi olaraq ondan pul istəməsindən şübhələnib növbəti gün onun Türkiyədə yaşayan qardaşı Şahid1 mobil nömrəsinə “Whatsapp” vasitəsi ilə zəng edib bu barədə ona məlumat vermiş, Natiq isə Eytramın yalan danışdığını, onun ayrı-ayrı şəxslərə çoxsaylı borclarının olduğunu, bu səbəbdən ondan mütəmadi pul istədiyini demişdir. Həmin ərəfələrdə Türkiyədə yaşayan qardaşı Cavid ona zəng edib xəstə olan digər uşaqları Sunay və Nilay Niftaliyevaların vəziyyəti ilə maraqlanmış, danışıq zamanı o qardaşına maddi imkanının olmamasına görə uşaqlarını müalicə etdirə bilmədiyini, bunun üçün xeyli miqdarda, yəni 10.000 manata yaxın pul lazım olduğunu demiş, aradan bir neçə gün keçdikdən sonra qardaşı Cavid ona zəng edib xəstə olan uşaqlarının müalicəsi üçün dostu Şahid1 dəqiq bilmədiyi məbləğdə pul yığdığını, həmin pulu Zərərçəkmiş şəxs göndərəcəyini və sonuncunun pulu ona verəcəyini demişdir. O qardaşına iki-üç ay ərzində həmin pulu Natiqə qaytaracağını bildirmişdir. Bundan sonra Natiq Türkiyədən qardaşı Eytramın adına bank vasitəsi ilə pul göndərmiş, sonuncu pulu alandan sonra zəng edib görüşmələrini təklif etmiş, onlar xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev metrosunun yaxınlığında, “Word Telecom” telefon dükanının qarşısında görüşmüş, həmin vaxt Eytram ona 9500 manat pul verib pulun 500 manatının sürətli pul köçürməsinə görə bank tərəfindən tutulduğunu bildirmişdir. Eytram pulu ona verərkən onların yanında digər bir şəxs olmamışdır. Həmin vaxt o Natiqin 10.000 manat pul göndərdiyini bilmişdir. O, pulu alandan sonra qızı Sunayın müalicəsi ilə bağlı əvvəldən yaranmış borclarını bağlamış, aradan 15 gün keçdikdən sonra Eytram Natiqin göndərdiyi pulu ona verilməsi ilə bağlı onunla danışdığını demiş, öz növbəsində Eytramla razılaşıb pulu ona qaytaracağını bildirmiş, 2024-cü ilin iyun ayında Zərərçəkmiş şəxs ona zəng edib borclarının olduğunu, bu səbəbdən şəhid ailəsindən alaraq ona verdiyi 9500 manat pulu geri qaytarmasını tələb etməyə başlamış, o, isə pulu hissə-hissə qaytarmaq üçün Eytramdan möhlət istəmiş, lakin sonuncu xeyli miqdarda borcunun olduğuna görə pulu dərhal və tam olaraq ona qaytarmasını tələb etmiş, bundan sonra mütəmadi olaraq pulu ondan tələb etməyə başlamış, o, məcbur qalıb Natiqə zəng edib bu barədə məlumat vermiş, sonuncu isə həmin pulu borc olaraq yığdığını, Eytrama heç bir aidiyyətinin olmadığını, şəhid ailəsindən almadığını, onun borcları olduğuna görə pulu ondan istədiyini qeyd edib pulu Eytrama verməməsini tapşırmışdır. Lakin bir müddət keçdikdən sonra Natiq təkrarən ona zəng edərək borc sahiblərinin Zərərçəkmiş şəxs sıxdığını, ona görə də təcili olaraq 9500 manat pulu tapıb Eytrama verməsini xahiş etmişdir. Lakin maddi imkanı olmadığına görə o, pulu tam halda Zərərçəkmiş şəxs qaytara bilməmiş, ondan borcu hissə-hissə qaytarmasına şərait yaratmasını xahiş etməsinə baxmayaraq Eytram razılaşmayıb pulu tam olaraq qaytarmağı tələb etmiş, o, borcu qaytarmaq üçün pensiya alan anası Şahid3 adına "xxxx" ASC-də kredit götürmək istəsə də, anasının adına bankda gecikmə olduğuna görə kredit verilməmişdir. O, heç vaxt Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Məktublar şöbəsində işçi, müdir vəzifəsində, o cümlədən digər dövlət orqanlarında heç bir vəzifədə işləməmiş, həmişə fərdi qaydada usta işləyib çörək pulu qazanmışdır. O, heç vaxt hər hansı məqsəd üçün digər şəxsləri aldatmamış və bunun müqabilində pul almamışdır. O, özünü Zərərçəkmiş şəxs, eləcə də digər bir şəxsə vəzifəli şəxs kimi təqdim etməmiş, "xxxx" ASC-nin balansında olmaqla istimarı bitmiş su borularının silinmə aktını əldə edib ona verəcəyi, sənədlər alındıqdan sonra həmin boruları müxtəlif yerlərdən götürüb metal şəklində sata biləcəyi ilə əlaqədar Zərərçəkmiş şəxs heç bir vəd verməmiş və bunun müqabilində ondan pul tələb edib almamış, guya ondan aldığı pulla DTX-nin rəisinə qızıl-zinət əşyası aldığını deməmişdir. Onun heç bir dövlət orqanının hər hansı vəzifəli şəxsi ilə qohumluq və tanışlıq əlaqəsi yoxdur. O, qardaşı Cavidə hər hansı yüksək vəzifədə işləməsi ilə bağlı bir söz deməmiş, uşağının müalicəsi ilə bağlı qardaşı Cavidlə danışıb bunun üçün 10.000 manat pul lazım olduğunu dediyinə görə ola bilsin ki, Natiq Cavidlə arasındakı yaxın münasibətinə görə ona borca pul göndərmişdir. Törətmiş olduğu əməli səmimi etiraf etməsini və peşmançılıq çəkməsini, himayəsində 3-ü azyaşlı olmaqla 4 uşağının olmasını, həmçinin uşaqlarından ikisinin xəstə olmasını, hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, təxminən bir il bundan əvvəl Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin balansında olan istismar müddəti bitmiş su borularına dair silinmə aktı alandan sonra satışının aparıla biləcəyini eşitmiş və bu səbəbdən istismardan çıxarılmış boruları alıb metal kimi yenidən sataraq pul qazanacağını düşünmüş, 2024-cü ilin aprel ayının sonlarında hazırda Türkiyə Respublikasında yaşayan qardaşı Şahid1 ilə danışdığı zaman sonuncu ona X1 şöbəsində işləyən X12 adlı şəxsin müxtəlif dövlət orqanlarının balansında olmaqla silinməkdə olan boruların alışını təşkil edə biləcəyini bildirmiş, onun dediyinə görə Təqsirləndirilən şəxs həmin vəzifədə işlədiyini sonuncunun qardaşı olan iş yoldaşı Cavid Niftalıyev demişdir. Həmin vaxt Natiq Həsənin mobil nömrəsini ona verib danışaraq məsələ ilə bağlı söhbət etməsini məsləhət görmüş, 2024cü ilin aprel ayının sonlarında o, Həsənə zəng etmiş, Həsən hazırda işdə olduğunu və daha sonra ona zəng edəcəyini demiş, 2024-cü ilin may ayının əvvəllərində Təqsirləndirilən şəxs ona zəng edib Bakı şəhəri, “Neftçilər” metrosunun yaxınlığında görüşmələrini təklif etmiş, onunla razılaşıb həmin ərəfələrdə dediyi yerdə Təqsirləndirilən şəxslə görüşmüş və X10 balansında olan istismar müddəti bitmiş su borularını almaq üçün müvafiq sənədləşdirmə işləri, yəni silinmə aktlarının əldə edilməsində ona yardımçı olmasını xahiş etmiş, görüş zamanı Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası X1 şöbəsinin rəisi kimi təqdim edərək tanıdığı vəzifəli şəxslər vasitəsi ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin balansında olmaqla istismar müddəti bitmiş su borularının silinmə aktını əldə edib ona verəcəyini, sənədlər alındıqdan sonra həmin boruları müxtəlif yerlərdən götürüb metal şəklində sata biləcəyini bildirib bunun müqabilində ondan 11.000 manat pul istəmiş, sonra onlar bir neçə dəfə görüşüb qeyd etdiyi məsələ barədə müzakirə aparmış, görüş zamanı Təqsirləndirilən şəxs silinmə aktının alınmasından sonra Əmlak Məsələləri Dövlət Xidmətindən də müvafiq sənədləri almaqda ona köməklik edəcəyini demişdir. Ona inandığına görə Həsənlə razılaşmış, lakin istədiyi məbləğdə pulu olmadığına görə o, Türkiyə Respublikasında yaşayan qardaşı Şahid1lə danışıb ondan 11.000 manat məbləğində borc pul istəmiş, Natiq də həmin ərəfələrdə bank vasitəsi ilə ona Türkiyədən 11.000 manat pul göndərmiş, o, həmin pulun 10000 manat hissəsini 18 may 2024-cü il tarixdə, Bakı şəhəri, Qara Qarayev metrostansiyasının yaxınlığında yerləşən “Word Telecom” dükanının qarşısında Təqsirləndirilən şəxslə görüşüb ona vermiş, yerdə qalan 1000 manatı da işi həll etdikdən sonra verəcəyini demişdir, pulu verərkən onların yanında başqa bir şəxs olmamışdır. Təqsirləndirilən şəxs pulu aldıqdan sonra bir həftə ərzində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin balansında olan istismar müddəti bitmiş boruların silinmə aktını ona təqdim edəcəyinə dair söz vermiş, bir həftə keçdikdən sonra o, Həsənə zəng edib sənədlərin hazır olub-olmadığını soruşmuş, sonuncu bir az səbirli olmasını və qısa müddət ərzində məsələni həll edəcəyini demiş, lakin daha sonra Həsən müxtəlif bəhanələr gətirərək vəd etdiyi sənədləri ona verməmiş, Həsənin onu aldatdığını başa düşdüyünə görə 11.000 manat pulu geri qaytarmağı tələb etmiş, Həsən isə həmin pulla guya Dövlət Təhlükəsizliyi Xidmətinin ən yüksək vəzifəli şəxsinə qızıl-zinət əşyası alaraq hədiyyə etdiyini və pulu geri istəməyin mümkün olmadığını ona demişdir. Bu səbəbdən o, Həsənin barəsində şikayət etmişdir. Onlar bir neçə dəfə görüşüb söhbət etdikləri zaman Təqsirləndirilən şəxs vədini yerinə yetirəcəyinə dair ona söz vermiş, onlar mütəmadi olaraq “Whatsapp” vasitəsi ilə danışıb mesajlaşmış və bir-birilərinə səs atmışlar. X2 əməkdaşı olması barədə ona heç bir sənəd göstərməmiş, sadəcə olaraq Məktublar şöbəsinin müdiri olduğunu demişdir. Birinci dəfə görüşdükləri zaman Həsən boz rəngli kostyum geyinmiş, növbəti görüşlərdə isə o adi mülki geyimdə olmuşdur. Qardaşı Şahid1 Həsənin onun iş yoldaşı Cavidin doğma qardaşı olduğunu, X6 şöbəsinin müdiri vəzifəsində işlədiyini dediyi, Həsən özü də həmin vəzifədə işlədiyini bildirdiyi üçün ona inanıb pul vermişdir. Sonda zərəçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tamamilə ödənildiyini, bu səbəbdən ondan şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Təqsirləndirilən şəxs orta təhsilli olmaqla fərdi qaydada usta işləməklə ailəsini dolandırmış, o, heç vaxt hər hansı dövlət orqanında işləməmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs ilə nə kimi əlaqəsinin olması barədə daha əvvəl onun heç bir məlumatı olmamış, bir neçə ay bundan əvvəl oğlu Həsən Zərərçəkmiş şəxs Türkiyədə yaşayan qardaşı Natiq Xudoevdən övladının xəstəliyi ilə bağlı 10.000 manat pul istədiyini, Natiqin geri qaytarmaq şərti ilə qardaşı Eytramın adına onun üçün 10.000 manat pul göndərdiyini, Eytramın həmin pulu ona verdiyini, sonra həmin pulun 500 manatını Eytrama geri qaytardığını, beləliklə Natiqə 9500 manat borclu qaldığını, Eytramın mütəmadi olaraq həmin pulu qaytarmasını ondan tələb etdiyini, lakin maddi imkanı olmadığına görə həmin pulu ona geri qaytara bilməyədiyini ona demişdir. O, bir neçə dəfə Zərərçəkmiş şəxs Mehdiabad qəsəbəsində yaşadığı evə gedərək Həsənin borclu olduğu pulu hissə-hissə geri qaytarmasına şərait yaratmasını xahiş etmiş, lakin sonuncu razılaşmayıb pulun birdəfəlik geri qaytarılmasını, əks təqdirdə Həsənin barəsində şikayət edəcəyini demişdir. Həmin ərəfələrdə o, bankdan 4000 manat kredit götürüb üzərinə də 1000 manat pul qoyub Eytrama qaytarmaq istəsə də, o, pulu götürməyib Həsənin borcu tam qaytarmasını tələb etmişdir. Lakin maddi imkanı olmadığına görə Həsən borcunu geri verə bilməmiş, Eytram onun barəsində şikayət etmiş və nəticədə Həsən “həbs” olunmuşdur. Oğlu Həsənin özünü vəzifəli şəxs kimi təqdim edərək Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin balansında olmaqla istismar müddəti bitmiş su borularına dair silinmə aktını verəcəyi müqabilində Zərərçəkmiş şəxs 11.000 manat pul istəməsi və sonuncunun ona 10.000 manat pul verməsi barədə onun heç bir məlumatı yoxdur. Həsənin dediyinə görə həmin pulu Eytramdan borc kimi almışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.1982-ci il Ermənistan SSRİ-nin Əzizbəyov rayonunda anadan olmuş, hal-hazırda Türkiyə Respublikasının İstanbul şəhərində yaşayır. Zərərçəkmiş şəxs doğma qardaşıdır, onunla narazılığı və ziddiyyəti olmamışdır. Eytram öz ailə üzvləri və valideynləri ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yaşayır. Sonuncu heç vaxt hər hansı dövlət orqanında işləməmiş və fərdi əməklə məşğul olmuşdur. 2024-cü ilin aprel ayının sonlarında Zərərçəkmiş şəxslə mobil telefon vasitəsilə danışdığı zaman sonuncu ona Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin balansında olmaqla istismar müddəti bitmiş su borularına dair silinmə aktı əldə etdikdən sonra metal kimi yenidən sataraq pul qazanmaq istəyində olduğunu deyərək bu məsələdə ona köməklik etmək lazım olduğunu bildirmişdir. Həmin vaxt yanında olan Yevlax şəhər sakini hazırda Türkiyə Respublikasının İstanbul şəhərində yaşayan tanışı və keçmiş iş yoldaşı X8 qardaşı X9 Azərbaycan Respublikası Prezidenti Aparatının Məktublar şöbəsinin müdiri vəzifəsində işlədiyini və qeyd etdiyi məsələ ilə əlaqədar Eytrama yardımçı ola biləcəyini demişdir. Cavidin dediyinə görə həmin vəzifədə işlədiyini Həsən özü ona demişdir. Odur ki, qardaşına sənədləşmə işlərində köməklik etməsi üçün Caviddən qardaşı Həsənin istifadəsində olan ***-***-**-** mobil nömrəni alaraq Eytrama vermiş və Həsənlə danışmasını məsləhət görmüşdür. Aradan bir neçə gün keçdikdən sonra yəni 2024-cü ilin may ayının əvvəllərində Eytram zəng edib özünü ona Azərbaycan Respublikası X1 şöbəsinin rəisi kimi təqdim edən X12 ilə görüşdüyünü, sonuncunun Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin balansında olmaqla istismar müddəti bitmiş su borularına dair silinmə aktı əldə edib verəcəyi müqabilində ondan 11.000 manat pul istədiyini ona demiş və maddi imkanı olmadığına görə həmin məbləğdə pulu ona borc kimi göndərməsini xahiş etmişdir. Daha əvvəl o şəhid ailəsi olan xalası Zeynəbdən 10.000 manat borca pul almış və pulu ona geri qaytarmaq üçün hazırlamışdır. Eytramın dediyinə görə pulun borc olaraq ona verilməsi ilə bağlı Zeynəblə danışmış, sonuncu da ona borclu olduğu 10.000 manat pulu Eytrama borc kimi verməsinə etiraz etmədiyini demişdir. Hər ehtimal bu barədə özü də Zeynəblə danışaraq onun razılığını almışdır. Odur ki, o həmin ərəfələrdə 10.000 manat pulun üzərinə özündən əlavə olaraq 1000 manat pul qoyub bank vasitəsi ilə qardaşı Zərərçəkmiş şəxs göndərmişdir. 2024-cü ilin may ayının sonları-iyun ayının əvvəllərində qardaşı Eytramla telefon əlaqəsi zamanı sonuncu ona göndərdiyi pulu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin balansında olmaqla istismar müddəti bitmiş su borularına dair silinmə aktı əldə edib verməsi müqabilində Təqsirləndirilən şəxs verdiyini, lakin sonuncunun pulu almasına baxmayaraq aldadıb vəd verdiyi sənədləri ona təqdim etmədiyini, bu səbəbdən pulu geri istəyəndə həmin pulla DTX-nin vəzifəli şəxsinə qızıl-zinət əşyası aldığını dediyini ona danışmışdır. Daha sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs qeyd etdiyi kimi Prezident Administrasiyasında heç bir vəzifədə işləməmiş, fərdi qaydada usta işləmiş, buna baxmayaraq etibarından sui-istifadə edib ayrı-ayrı vəzifəli şəxslərin adından istifadə edərək bu yolla qardaşı Zərərçəkmiş şəxs aldadıb ona göndərdiyi pulu ələ keçirmişdir. O Eytramın Həsənə nə qədər pul verdiyini bilməmiş, sonuncunun dediyinə görə pulun hamısını Həsənə vermişdir. Həsən Niftəliyev yalan danışmaqla məsuliyyətdən yaxa qurtarmağa çalışır. Onun Həsənlə heç bir əlaqəsi olmamış, qardaşı Cavidlə yaxşı münasibəti olmuş, onlar Türkiyədə bir yerdə işləmiş və bir-birilərinə köməklik etmişlər. Əgər Həsən uşağının xəstə olmasına görə borca pul istəyirdisə bunu ilk növbədə qardaşı Caviddən istəyə bilərdi. Onunla heç bir münasibəti olmadığı halda uşağının xəstə olmasına görə Həsənə Türkiyədən 10.000 manat borca pul göndərməsi barədə Həsənin söylədikləri tamamilə absurddur. Yəni o həmin pulu Həsənə borca yox, qardaşı Eytramın işinin həlli üçün göndərmişdir. Eytramın hər hansı şəxs və yaxud şəxslərə borcunun olub-olmaması barədə onun heç bir məlumatı yoxdur. Eytram bu barədə ona heç nə deməmişdir. Bundan əlavə o göndərdiyi pulun borclarını ödəməsi üçün Eytrama verməsi barədə Həsənə heç nə deməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid X3 ibtidai istintaqa verdiyi ifadəsində bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşayır. Vətən müharibəsi şəhidi X4 anasıdır, Zərərçəkmiş şəxs və Şahid1 onun bacısı oğlanlarıdır, onlarla heç bir narazılığı və ziddiyyəti yoxdur. Şahid1 altı ilə yaxındır ki, ailə üzvləri ilə birlikdə Türkiyə Respublikasının İstanbul şəhərində yaşayır. Təxminən iki il bundan əvvəl Şahid1 şəxsi ehtiyacına görə ona 10.000 manat borca pul verməsini xahiş edib imkanı olan kimi həmin pulu geri qaytaracağını bildirmişdir. Qohumu olduğuna görə o həmin ərəfələrdə Azərbaycanda olan Şahid1 10.000 manat məbləğində pul vermişdir. Lakin daha sonra imkanı olmadığına görə Natiq verdiyi pulu ona geri qaytara bilməmişdir. Qohum olduqlarına görə bu barədə Natiqə heç nə deməmişdir. 2024cü ilin may ayının əvvəllərində digər bacısı oğlu Zərərçəkmiş şəxs ona Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin balansında olmaqla istismar müddəti bitmiş su borularına dair silinmə aktı əldə etdikdən sonra metal kimi yenidən sataraq pul qazanmaq istəyində olduğunu, bu məsələnin həll olunması müqabilində özünü ona Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Məktublar şöbəsinin müdiri kimi təqdim edən Təqsirləndirilən şəxs adlı şəxsin ondan 11.000 manat pul istədiyini deyərək həmin məbləğdə pulu borc kimi ona verməsini və bir ay ərzində borcunu geri qaytaracağını demişdir. Həmin ərəfələrdə Şahid1 borclu olduğu 10.000 manat pulu hazır edib mənə geri verəcəyini bildirdiyinə görə o Zərərçəkmiş şəxs qardaşı Natiqlə danışıb borc verdiyi pulu ondan almasım və bir aydan sonra ona qaytarmasını bildirmişdir. Bu barədə Natiqlə də danışmış və sonuncu onun təklifi ilə razılaşmışdır. Daha sonra Eytramın dediyinə görə qardaşı Natiq Türkiyədən ona 11.000 manat pul göndərmiş, o da həmin pulun 10.000 manatını işinin həlli üçün Təqsirləndirilən şəxs vermiş, lakin sonuncu onu aldadaraq istədiyi sənədi verməmiş və pulunu geri qaytarmamışdır. Bunun nəticəsidir ki, Natiq və Zərərçəkmiş şəxs qardaşları borclu olduqları 10.000 manat pulu ona geri qaytarmaqda çətinlik çəkirlər. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin, şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4 və 310-cu maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı CM-nin 310-cu maddəsi ilə özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi həmin ifadə həqiqətə uyğun deyildir, şahidlərin bir-birinə və işin faktiki hallarına uyğun gələn ifadələri, iş materiallarına əlavə edilmiş mesaj mətnləri və cinayət işinin digər materialları ilə tam təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumların islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın, 310-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan isə islah işləri növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Qeyd edilən Sərəncamdan da görünür ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət əməlləri üzrə vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi, həm “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə cəza təyin edilməlidir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarına olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. İş materiallarında olan AA5364127, AA5364129, AA2163445 və AA7231837 seriyalı şəxsiyyət vəsiqələrinin surətinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2010, xx.xx.2019, xx.xx.2015 və xx.xx.2024-cü il təvəllüdlü uşaqları vardır. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsinə əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənildiyindən ona qarşı heç bir iddia və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməldən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, himayəsində 3-ü azyaşlı olmaqla 4 uşağının olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxslə barışmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək azadlığın məhdudlaşdırılması növündə və CMnin 310-cu maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək islah işləri növündə cəzalar təyin edilməlidir. Cinayət Məcəlləsinin 68.3.1-ci maddəsinə əsasən islah işləri cəzasının 02 günü azadlığın məhdudlaşdırılması cəzasının 01 gününə bərabər tutulmaqla azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməli, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 02 noyabr 2024-cü il tarixdə axtarışda olan təqsirləndirilən şəxs qismində tutulmuş, 04 noyabr 2024-cü il tarixdə barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-313/2024 nömrəli qərarı ilə əvvəli xx.xx.2024cü il tarixdən hesablanmaqla barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, o, hökm çıxarıldığı hazırki vaxtadək həbsdədir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış 04 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay (iki il altı ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.3.1-ci maddəsinə əsasən təyin edilmiş islah işləri cəzasının 02 günü azadlığın məhdudlaşdırılması cəzasının 01 gününə bərabər tutulmaqla, 02 il müddətinə islah işləri cəzası 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu və həbsdə qaldığı 07 ay 23 gün müddət (01 gün həbsdə olma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 08 ay 14 gün (bir il səkkiz ay on dörd gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Barəsində seçilmiş həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış 04 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilmək üçün 400 (dörd yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-95/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-95/2025
25.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver