Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-97/2021 07.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Həsənova Vəfa Oruc qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mirzəyev Ceyhun Namiq oğlunun, müdafiəçi – Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs oğlunun iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1993-cü ildə Ağsu rayonunun Qəşəd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağsu rayonu, Qəşəd kəndində qeydiyyatda olan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə Ağsu şəhərində istintaqa məlum olmayan şəxsdən, satış məqsədi ilə ümumi təmiz çəkisi 65,630 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, xx xxxxxxx 2020-ci il tarixdə saat 21:00 radələrində Nizami RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanda yerləşən “Alov” parkının qarşısında saxlanılaraq ünvan 2 ünvanda yerləşən Nizami RPİnin inzibati binasına gətirilmiş və RPİ-də əlində olan bir ədəd üzərində “Belıy Volk” sözləri yazılmış sellofan paketdən 24 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 2,753 qram, 2,581 qram, 2,906 qram, 2,581 qram, 2,606 qram, 2,592 qram, 3,151qram, 2,798 qram, 3,098 qram, 2,888 qram, 2,584 qram, 2,596 qram, 2,679 qram, 2,786 qram, 2,619 qram, 2,492 qram, 2,659 qram, 2,677 qram, 2,864 qram, 2,461 qram, 2,659 qram, 2,928 qram, 2,788 qram, 2,884 qram ümumi təmiz çəkisi 65,630 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Ağsu rayonunun Qəşəd kəndində qeydiyyatda olmaqla yaşayır. O, narkotik vasitə olan marixuanadan istifadə edir. xx xxxxxxx 2020-ci il tarixdə Ağsu rayonunda olan zaman Ağsu rayonu, mərkəzi poçt şöbəsinin yaxınlığında üzdən tanıdığı, lakin adını və harada yaşamasını bilmədiyi şəxslə qarşılaşdıqda həmin şəxs ona narkotik vasitə qurudulmuş marixuana sata biləcəyini bildirmişdir. O, fikirləşmişdir ki, fürsət düşmüşkən çox alsın və həmin narkotik vasitələri saxlayıb ürəyi istəyəndə istifadə etsin. O, həmin şəxslə hər qutusu 30 manatdan razılaşmış və həmin şəxs ondan aralanaraq harasa gedib bir qədər sonra qayıdaraq üzərində “Belıy Volk” yazısı olan sellofan torbanı ona vermişdir. O, torbanı açıb baxdıqda içərisində 24 ədəd kibrit qutusu və hər birinin içərisində narkotik vasitə olan qurudulmuş marixuana olmasını görüb həmin narkotik vasitəyə görə ümumilikdə 720 manat pul ödəmişdir. O, kənd təsərrüfatı məhsullarının Bakı şəhərinin Buzovna və Mərdəkan qəsəbələrində satışı ilə məşğul olur. xx xxxxxxx 2020-ci il tarixdə günorta saatlarında o, tanışı olan Hikayət ilə razılaşaraq onun idarə etdiyi “VAZ- 2107” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhərinə gəlmişdir. Bakı şəhərində heç kimi tanımadığı üçün narkotik vasitə ala bilməyəcəyini düşünərək həmin narkotik vasitələri də özü ilə götürmüşdür. Həmin gün Hikayət ilə birlikdə “Koroğlu” metrostansiyasının yaxınlığında “Alov” parkının qarşısında avtomobildən düşərək dayanıb siqaret çəkmişlər. Bu zaman polis əməkdaşları onlara yaxınlaşaraq onlarla birlikdə Nizami rayon Polis İdarəsinə getməyi xahiş etmişlər. Hikayət və o, polis əməkdaşları ilə razılaşaraq polis idarəsinə getmişlər. Orada Hikayətlə birlikdə xidməti otaqların birində ona videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılacağı elan edilmişdir. O, polis əməkdaşlarının təklifi ilə razılaşaraq əlində olan üzərində “Belıy Volk” yazısı olan sellofan paketi təqdim edərək həmin paketdə narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və həmin narkotik vasitəni şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Hikayət onu taksi sürücüsü kimi Bakı şəhərinə gətirmiş və o, ona 50 manat yol haqqı ödəyəcəyini vəd vermişdir. Hikayətin onun üzərində olan narkotik vasitələrdən xəbəri olmamışdır. O, heç vaxt narkotik vasitə satmamış və narkotik vasitə satmaq niyyəti olmamışdır. O, özü narkotik vasitə istifadəçisidir, heç kimin uşağının belə olmasını istəmir. Məhkəmədən əməlinin Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxxxx 2020-cı il tarixdə Rasim və Hikayət adlı şəxslərin qanunsuz olaraq narkotik vasitələri əldə etmələri, daşımaları, qəbul etmələri və satışı ilə məşğul olmaları barədə daxil olmuş məlumatın yoxlanılması ilə bağlı olaraq idarə rəisinə müraciət edilərək icazə alındıqdan sonra əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin gün keçirilmiş əməliyyat tədbirləri nəticəsində saat 21 radələrində Təqsirləndirilən şəxs və Şahid3 “Koroğlu” metrostansiyasının yaxınlığında “Alov” parkının qarşısında dayanıb siqaret çəkən zaman yaxınlaşıb onları Nizami RPİ-nə dəvət etmişlər. RPİ-də ilk əvvəl Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə razılıq verdikdən sonra ona videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılacağı elan edilmiş, bundan sonra onların təklifləri ilə razılaşaraq əlində olan üzərində “Belıy Volk” yazısı olan sellofan paketi təqdim edərək həmin paketdə narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və həmin narkotik vasitəni şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra Şahid3 üzərinə şəxsi axtarış keçirilmiş və onun üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra Şahid3 mülkiyyətində olan “VAZ-2107” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilmiş və baxış zamanı avtomaşından heç bir qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni satması faktını müəyyən etməmişlər. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, “VAZ-2107” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomaşınla taksiçilik fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanıyır, onunla normal münasibətləri vardır. xx xxxxxxx 2020-ci il tarixdə Rasim onu Bakı şəhərinə gətirməsini xahiş etmiş və onlar yol haqqı kimi 50 manata razılaşmışlar. Həmin gün onlar birlikdə onun idarə etdiyi “VAZ-2107” markalı avtomaşınla Bakı şəhərinə gəlmişlər və təxminən saat 21 radələrində Rasim “Koroğlu” metrostansiyasının yaxınlığında “Alov” parkının qarşısında avtomobildən düşmüşlər. Dayanıb siqaret çəkən zaman polis əməkdaşları onlara yaxınlaşaraq onları Nizami rayon Polis İdarəsinə dəvət etmişlər. O və Rasim polis əməkdaşları ilə razılaşaraq polis idarəsinə getmişlər. Polis idarəsində xidməti otaqların birində o, ərizə ilə müraciət edərək vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə razılıq verdikdən sonra ona videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılacağı elan edilmişdir. Baxış zamanı onun üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra polis əməkdaşları tərəfindən hal şahidlərinin iştirakı ilə ona məxsus avtomaşına baxış keçirilmiş, baxış zamanı avtomaşından heç bir qanunsuz əşya aşkar edilməmişdir. Onun Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması və nə məqsədlə Bakı şəhərinə gəlməsi barədə məlumatı olmamışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami rayonu ərazisində “Rasim və Hikayət” adlı şəxslərin narkotik vasitələrin qanunsuz saxlanması, qəbulu və satışı ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında təxirə salınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin TŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Fəxri İsmayılov, Bakı şəhəri Nizami RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, əməliyyat müvəkkili, polis leytenantı Şahid2 iştirakı ilə, Bakı şəhəri Nizami RPİ-nə daxil olmuş məlumat əsasında xx.xx.2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat axtarış tədbiri zamanı saat 21:00-da Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 279da yerləşən “Alov” parkının yaxınlığında saxlanılaraq Nizami RPİ-nə gətirilmiş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməyi təklif etmişlər. Təqsirləndirilən şəxs üzərində “Belıy Volk” yazısı olan sellofan torbanın içərisində 24 ədəd kibrit qutusunu təqdim edərək həmin qutuların içərisində narkotik vasitə olan nəşə-marixuana olmasını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni özü istifadə etmək üçün Ağsu rayonunda tanımadığı adamdan bir qutusu 30 manat olmaqla ümumilikdə 720 manata aldığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən videoçəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmiş, protokol iştirakçılar tərəfindən imzalanmışdır. - şübhəli şəxsin tutulması barədə xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 7/703 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddi sübut” yazılar və imzalar olan kağız paketdə 24 (iyirmi dörd) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri - 2,753 qram, 2.581 qram, 2.906 qram, 2, 581qram, 2,606 qram, 2,592 qram, 3,151 qram, 2,798 qram, 3,098qram, 2,888 qram, 2,584 qram, 2,596 qram, 2,679 qram, 2,786 qram, 2,619 qram, 2,492 qram, 2,659 qram, 2,677 qram, 2,864 qram, 2,461qram, 2,659 qram, 2,928 qram, 2,788 qram, 2,884 qram ümumi çəkisi - 65,630 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Həmin marixuanalar tərkiblərinə görə eynidirlər. - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. - vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Nizami RPİ-nin İŞ-nin müstəntiqi Rəşad Məmmədovun vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir. - xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X1-Narkoloji tibbi yoxlamanın xx.xx.2020-ci il tarixli, 2871 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından periodik istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. - toplanmış sübutların qiymətləndirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs aşkar edilmiş ümumi çəkisi 65,630 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış, tədqiqatdan sonrakı qalıq çəkisi 65,150 qram maddi sübut saxlanc kamerasına təhvil verilmişdir. - təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmiş və o, həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. - Ağsu rayonu Qəşəd Bələdiyyəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. - 01 ədəd “CD” diskə köçürülmüş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan üzərində “Belıy Volk” yazısı olan sellofan paketi təqdim edərək həmin paketdə narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Paketə baxış keçirilən zaman orada ümumilikdə 24 ədəd kibrit qutusunda ota bənzər maddələr olması müəyyən edilmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli, 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Nizami rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması, qəbul etməsi və satışı ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 21:00 radələrində Nizami RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanda yerləşən “Alov” parkının qarşısında saxlanılaraq Bakı şəhəri, Nizami RPİ-nin inzibati binasına gətirilmiş və üzərində olan sellofan paketin içərisində 24 ədəd kibrit qutusunda qablaşdırılmış 65,630 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin çəkisi, yəni 65,630 qram olması, həmin narkotik vasitənin bölünərək 24 ədəd kibrit qutusunda qablaşdırılması onun həmin narkotik vasitəni satış məqsədilə əldə edərək üzərində saxlamaqla daşımasını təsdiq edir. Eyni zamanda nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs Ağsu rayonunun Qəşəd kəndində qeydiyyatda olmaqla yaşayır və Bakı şəhərində daimi yaşayış yeri yoxdur. Təqsirləndirilən şəxs ondan aşkar olunmuş 24 ədəd kibrit qutusunda olan 65,630 qram narkotik vasitəni satış məqsədilə deyil, şəxsi istifadəsi üçün əldə edərək Bakı şəhərinə daşımasına dair ifadəsində göstərdiyi xüsusat məsuliyyətini yüngülləşdirmək məqsədilə verilmiş ifadə kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin əsas obyektini əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektini isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrin normal fəaliyyətini təmin edən ictimai münasibətlər, konkret insanın-fərdin sağlamlığı təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 2 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə iclas zalından dərhal həbs edilməli; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni xx.xx.2021-ci il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 65,150 qram narkotik vasitə- qurudulmuş marixuana məhv olunmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 66,46 (altmış altı manat, qırx altı qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 2 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq üzərində 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 65,150 qram narkotik vasitə- qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 66,46 (altmış altı manat, qırx altı qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-97/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-97/2021
07.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver