Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-97/2022 21.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Ələsgərov Elvin Hidayət oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mirzəyev Ceyhun Namiq oğlunun, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, 28.09.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 30.09.2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talama məqsədi ilə 26 sentyabr 2021-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 106 ünvanda fəaliyyət göstərən “Kainat” Ticarət Mərkəzinin qarşısında saxlanılmış Şahid1 məxsus “Mercedes C230” markalı, ** EN *** dövlət qeydiyyat nişanlı avtomaşının arxa sağ qapısının pəncərəsinin açıq şüşəsindən avtomaşının salonunda arxa oturacaqda əyləşmiş sonuncunun övladı xx.xx.2013-cü il təvəllüdlü Şahid2 əlində olan anası Zərərçəkmiş şəxs məxsus üzərində 10 manat dəyərində ***-***-**-** GSM nömrəsi ilə istifadə olunan 720 manat dəyərində “Samsung A52” markalı mobil telefonu götürüb açıq talamaqla ələ keçirib Zərərçəkmiş şəxs ümumilikdə 730 manat məbləğində ziyan vurmaqla soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, yoldan keçən zaman orada olan avtomobillərdən birinin arxa oturacağında uşaq oturduğunu, əlində telefon olduğunu və avtomobilin şüşəsinin açıq olduğunu görmüşdür. O, uşağın əlindən telefonu alıb oradan uzaqlaşmışdır. Həmin telefonu “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən telefon mağazalarından birinə 200 manata satmışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilmişdir. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 26 sentyabr 2021ci il tarixdə o və yoldaşı bazara getmişlər. Oğlu Elay isə avtomaşında arxa oturacaqda oturmuş, oyun oynaması üçün özünə məxsus mobil telefonu oğluna vermişdir. Təxminən 3-5 dəqiqə sonra qayıtdıqda uşağın ağladığını görmüşlər. Uşaq onlara avtomaşında oturan zaman bir nəfər oğlanın əlindən telefonu alıb qaçdığını demişdir. O, bu barədə DİNnin 102 xidmətinə məlumat vermişdir. Ona dəymiş ziyan ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs ilə oxşar məzmunda ifadə vermişdir. İş üzrə Şahid3 Babamir oğlu məhkəməyə ərizə ilə müraciət edərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, heç bir əlavəsinin olmadığını və məhkəmə prosesini onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid3 Babamir oğlu istintaqda verdiyi ifadəsində göstərmişdir ki, 26 sentyabr 2021ci il tarixdə təxminən saat 18 radələrində əvvəllər yaşadığı ünvandan tanıdığı Fərid adlı oğlan mağazaya yaxınlaşaraq ona “Samsung A52” markalı mobil telefon satmaq istədiyini bildirmişdir. O, həmin telefonun kimə məxsus olduğunu soruşduqda Fərid telefonu özünə pul borcu olan şəxsdən pul əvəzi aldığını və satmaq istədiyini bildirmişdir. Mobil telefonu yoxladıqda həmin telefon format olunmuş vəziyyətdə olmuş və telefonun qutusunu soruşduqda Fərid axşam gətirib verəcəyini bildirmişdir. Həmin mobil telefonu 200 manata almış və aldıqda Fərid adında oğlanın şəxsiyyət vəsiqəsinin surətini alaraq nüsxələmişdir. Fəridlə aralarında alqı-satqı olduqdan sonra Fərid mağazanı tərk edərək getmişdir. Mobil telefonu isə satışa qoymış və 27 sentyabr 2021-ci il tarixdə tanımadığı müştəriyə satmışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul olunması haqqında 28.09.2021-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. - zərərçəkmiş şəxs kimi tanınma haqqında 28.09.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs kimi tanınmışdır. - 28.09.2021-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 30.09.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30.09.2021-ci il tarixli, 4(007)-301/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. - sübutların qiymətləndirilməsi haqqında 22.12.2021-ci il tarixli qərardan görünür ki, 1 ədəd “CD” disk və Şahid3 Babamir oğlu tərəfindən təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 19.01.2022-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki:”… 3. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər... 4. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir.Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs AR CM-nin 180-cı maddəsi ilə məsuliyyət daşımalıdır...
7. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə məxsus əmlakı açıq talayaraq soyğunçuluq etməsi zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin şikayətinin və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.20-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı; onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni 28.09.2021-ci il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 1 ədəd “CD” disk və Təqsirləndirilən şəxs məxsus AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2—193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 30 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 20 iş saatı, cəmi 50 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 300 (üç yüz) manat (50x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi oğluna dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 28.09.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd “CD” disk və Təqsirləndirilən şəxs məxsus AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs istintaqda 30 saat, məhkəmədə 20 saat, cəmi 50 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi oğluna 300 (üç yüz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən Mətanət Hacıyeva