Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-97/2023 07.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi Əsədullayev İrfan İlyas oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməyən, sonuncu dəfə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 15 noyabr 2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.4-cü bəndi barəsində tətbiq edilməklə, həmin qərarın 36-cı bəndinə əsasən barəsində təyin edilmiş narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra cəzadan azad edilməsi qərara alınmış, 22 dekabr 2021-ci ildə cəzadan azad edilmiş, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 65A, mənzil 34 ünvavında qeydiyyatda olsa da, daimi yaşayış yeri olmayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talama məqsədilə 18 avqust 2022-ci il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs icarəyə işlətdiyi Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 124 nömrəli ünvanda yerləşən qarajın giriş qapısının üzərində olan qıfılı özü ilə gətirdiyi dəmir alət ilə sındırıb qanunsuz olaraq qapıdan qaraja daxil olub oradan Zərərçəkmiş şəxs məxsus 01 ədəd 140 manat dəyərində direli, 01 ədəd 160 manat dəyərində lobziki, 01 ədəd 170 manat dəyərində elektriklə işləyən laqondanı, 01 ədəd 110 manat dəyərində elektriklə işləyən taxta kəsən mexanizmi, 02 ədəd hər birinin ayrı-ayrılıqda dəyəri 45 manat olan elektriklə işləyən mıx vuran tapançanı, 160 manat dəyərində açar dəstini, 01 ədəd 70 manat dəyərində hava vuran vintlyatoru, 01 ədəd 20 manat dəyərində dəmirkəsən qayçını, 35 manat dəyərində olan 25 metr uzunluğunda elektrik kabelini, 01 ədəd 8 manat dəyərində çəkici, 02 ədəd hər birinin ayrıayrılıqda dəyəri 6 manat olan kəlbətini, 02 ədəd hər birinin ayrı-ayrılıqda dəyəri 2,5 manat olan bıçağı və 01 ədəd 20 manat dəyərində olan qaz açarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1000 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,676 qram psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinin əməkdaşları tərəfindən 31 avqust 2022-ci il tarixdə saat 21:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən “Sabunçu” bazarının qarşısında X2 icarəyə işlətdiyi qarajdan oğurluq etməkdə şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 81B ünvanında yerləşən Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə əldə edərək saxladığı və daşıdığı şəxsi istehlak miqdarından artıq miqdarda 0,676 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, hər hansı cinayət əməli törətməmişdir. İstintaq zamanı ona edilmiş təzyiqlər nəticəsində məcbur olaraq etirafedici ifadələr vermişdir. Sonda Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə (o cümlədən, istifadəsində olan mobil telefon nömrəsinə elektron qaydada sms-bildiriş çatdırılmasına) baxmayaraq, hər hansı bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, o cümlədən məhkəmənin qərarı ilə barəsində məcburi gətirilmə tətbiq edilməsinə baxmayaraq, onun məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamışdır. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 4 ilə yaxındır ki, Nizami rayonu, Q.Qarayev prospekti 124 ünvanında yerləşən qarajı icarəyə götürmüşdür. Həmin qarajda işlənmiş mebellərin təmiri ilə məşğul olmuşdur. xx.xx.2022-ci il tarixdə İşlərini bitirdikdən sonra, təxminən saat 20:15 radələrində işlədiyi mebel qarajının qapısını qıfılla bağlayaraq kirayə yaşadığı evə getmişdir. xx.xx.2022-ci il tarixdə saat 08:15 radələrində iş yerinə gəldikdə qarajın dəmir qapısının qıfılının üzərində olmadığını, qarajın qapısının qabağında olan stolun üzərində olan dəmir barmaqlığın da qırılaraq daş hasarın yanında sökənili vəziyyətdə olduğunu görmüşdür. Qarajı belə gördükdə kiminsə buradan oğurluq etdiyini başa düşmüşdür. Həmin vaxt qarajın qapısı üzərində olan qıfılın qırılaraq yerə atıldığını və qarajın pəncərəsinin üzərində olan dəmir məhəccərin də yerindən çıxarıldığını bildirmişdir. Pəncərənin üzərində olan məhəccər yerindən çıxarılsa da plastik pəncərənin açılmadığını bildirmişdir. Buradan belə qənaətə gəlmişdir ki, qaraja girən şəxs qapının üzərində olan qıfılı sındıraraq qapıdan içəri daxil olmuşdur. Çünki, pəncərədəki məhəccər çıxarılsa da, plastik pəncərəyə toxunulmamışdır. Bu səbəbdən xx.xx.2022-ci tarixdə saat 08:40 radələrində DİN-in 102 xidmətinə zəng edərək oğurluq hadisəsi barədə məlumat vermişdir. Sonradan qarajın içərisinə baxdıqda, bir ədəd 140 manat dəyərində direl, bir ədəd 160 manat dəyərində lobzik, bir ədəd 170 manat dəyərində laqonda, bir ədəd 110 manat dəyərində taxta kəsici mexanizm, iki ədəd ayrı-ayrılıqda hər birinin dəyəri 40 manat olan mismar vuran tapança (hava vuran şlankları ilə birlikdə, hava vuran şlankların ümumi dəyəri 10 manat), dəyəri 160 manat olan açar dəsti, bir ədəd 70 manat dəyərində vintilyator, bir ədəd 20 manat dəyərində dəmir kəsən qayçı, iki ədəd ümumi dəyəri 35 manat olan uzunluğu 25 metrə yaxın olan naqil, bir ədəd 8 manat dəyərində çəkic, iki ədəd hər birinin ayrı-ayrılıqda dəyəri 6 manat olan kəlbətin, iki ədəd hər birinin ayrı-ayrılıqda dəyəri 2,5 manat olan bıçaq və bir ədəd dəyəri 20 manat olan qaz açan açar olmaqla ona məxsus ləvazimatların və avadanlıqların oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 1000 manat zərər dəydiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Nizami RPİ-nin 24-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, Nizami RPİ-nin 24cü PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Namiq İsmayılov tərəfindən Nizami rayonu, Q.Qarayev prospekti 124 ünvanında yerləşən Zərərçəkmiş şəxs istifadəsində olan qarajdan oğurluq edilməsi faktı ilə bağlı Nizami RPİ-nin 24-cü PŞ-nin əməliyyat müvəkkili Şahid4 icraatına daxil olmuş əməliyyat tapşırığı əsasında tərəflərindən bir sıra əməliyyataxtarış tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq cinayətini törətmiş şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində Sabunçu rayonu, Sabunçu qəsəbəsində “Sabunçu bazarı” adlanan ərazidə qeyd edilən oğurluq hadisəsini törətməkdə şübhəli şəxs qismində saxlamışlar. Həmin şəxsə özlərini təqdim etmişlər və Zərərçəkmiş şəxs istifadəsində olan qarajdan edilən oğurluqda şübhəli olduğunu bildirmişlər və onu özləri ilə birlikdə polis şöbəsinə dəvət etmişlər, həmin şəxs də onların dəvətlərini qəbul edərək onlarla birlikdə şöbəyə gəlmişdir. Xidməti otaqların birində 24-cü polis şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Namiq İsmayılov tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş və Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün ərazi aidiyyatı üzrə Bakı şəhəri 6 saylı Vəkil bürosundan dövlət hesabına vəkil dəvət olunmuşdur. Vəkil tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılması bildirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən vəkilin iştirakına ehtiyacı olmadığını bildirərək bu barədə ərizə yazmışdır. Bundan sonra vəkilin iştirakı olmadan videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanmışdır. Videoçəkiliş zamanı Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunarkən yenidən vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmasına etirazının olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmasına heç bir etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmamışdan qabaq üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmamasını, olduğu təqdirdə təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən qəhvəyi rəngli üzərində ağ zolaqlar olan cib dəsmalını, göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxardaraq təqdim etmişdir. 01 ədəd şəffaf sellofan bükümdəki maddənin “patı” olaraq tanıdığı psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni xx.xx.2022-ci il tarixdə tanımadığı şəxsdən 30 manata alaraq üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, ucadan oxunmuş, heç bir əlavə və qeyd daxil olmadığından protokol düzgün yazıldığı üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Həmin predmet qeyd etdiyi şəxslərin iştirakı ilə zərfə qoyulmuş, iştirakçılar tərəfindən imzalanaraq möhürlənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Nizami RPİ-nin 24-cü PŞ-nin cinayətaxtarış üzrə əməliyyat müvəkkilləri Şahid4 və Şahid2 da eyni məzmunlu ifadə verərək, Şahid1 göstərdiklərini təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hadisədən çox vaxt keçdiyindən ətraflı danışa bilməyəcək. Onu deyə bilər ki, özünə məxsus “Mercedes-Benz” markalı C190 modelli **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 18 avqust 2022-ci il tarixdə tanımadığı bir orta yaşlı kişi cinsli şəxs taksini saxlamaq üçün əl etmişdir. Həmin şəxsin yanında saxlamış və həmin şəxslə razılaşıb onu Sabunçu qəsəbəsində olan “Rus” bazarına aparmışdır. Bundan sonra həmin şəxs metronun çıxışının yanında olan üç ədəd qara sellofanda olan bağlamanı və bir ədəd üzəri tozlu olan vintelyatoru avtomobilin arxa baqajına qoymuş və yola düşmüşlər. Bundan başqa, o, məhkəmə iclasında verilmiş suallara cavab olaraq göstərmişdir ki, həmin şəxsi ilk dəfə idi ki görürdü. 24-cü polis şöbəsindən onu çağırdılar və dedilər ki, “həmin şəxsi taksiyə götürən zaman müşahidə kamerasına düşmüsən”. Müşahidə kamerasının görüntülərini ona göstərməyiblər. Polis şöbəsinin zirzəmisində olarkən ona həmin şəxsi göstərdilər və dedilər ki, Nizami budur. Üzdən həmin şəxsin hazırki təqsirləndirilən şəxs olub-olmadığını xatırlamır. Hadisədən çox vaxt keçdiyindən yadından çıxıb. Polis şöbəsində ona dedilər ki, Nizami budur və şəkil çəkdilər. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Namiq İsmayılov tərəfindən tərtib edilmiş 18 avqust 2022-ci il tarixli «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, oğurluq hadisəsinin baş verdiyi yer Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 124 ünvanıdır. - Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Namiq İsmayılov tərəfindən tərtib edilmiş 31 avqust 2022-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zamanı ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş, ağ rəngli kristal hissəciklərdən ibarət olan maddəni təqdim edir. O, həmin maddəni polis əməkdaşına təqdim edərkən bildirir ki, həmin maddə “patı” kimi tanıdığı narkotik vasitədir və onu xx.xx.2022-ci il tarixdə öz şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 30 manata almışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd, içərisində narkotik vasitəyə bənzər maddələr olan büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 165 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilməmişdir. - 30 avqust 2022-ci il tarixli ifadənin yerində yoxlanması istintaq hərəkətinin keçirilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 124 ünvanında yerləşən, üzərində “Divan, kreslo, stul hər növ mebellərin yenisi və təmiri” sözləri yazılmış qarajı göstərərək 18 avqust 2022-ci il tarixdə qeyd olunan qarajın qapısındakı qıfılı sındıraraq buraya daxil olduğunu və oradan 01 ədəd elektriklə işləyən direli, 01 ədəd elektriklə işləyən laqondanı, 01 ədəd elektriklə işləyən taxta kəsən mexanizmi, 02 ədəd elektriklə işləyən mıx vuran tapançanı, 01 ədəd açar dəstini, 01 ədəd elektriklə işləyən hava vuran vintlyatoru, 01 ədəd dəmir kəsən qayçını, təxminən 25 metr uzunluğunda elektrik kabelini, 01 ədəd çəkici, 02 ədəd kəlbətini, 02 ədəd bıçağı və 01 ədəd qaz açarını oğurladığını bildirmişdr. - 01 noyabr 2022-ci il tarixli «diskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, 31 avqust 2022-ci il tarixdə şəxsi axtarış və götürmə aparılması barədə prosessual hərəkətlər həyata keçirilən zaman çəkilmiş videogörüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, Nizami RPl-nin 24-cü PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Namiq İsmayılov tərəfindən polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zamanı ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş, ağ rəngli kristal hissəciklərdən ibarət olan maddəni təqdim edir. O, həmin maddəni polis əməkdaşına təqdim edərkən bildirir ki, həmin maddə “patı” kimi tanıdığı narkotik vasitədir və onu xx.xx.2022-ci il tarixdə öz şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 30 manata almışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd, içərisində narkotik vasitəyə bənzər maddələr olan büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 165 saylı mönürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilməmişdir. - 18 noyabr 2022-ci il tarixli tanınma istintaq hərəkətinin keçirilməsi haqqında protokoldan görünür ki, “Mercedes C190" markalı **-VU-*** dövlət nömrə nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olan Şahid3 tanınmaya təqdim edilmiş şəxslər arasından Təqsirləndirilən şəxs göstərərək 18 avqust 2022-ci il tarixdə Nizami rayonu, "Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında yerləşən “Ağ çiçəyim” mağazasının yanında müştəri qismində əyləşən şəxsin Təqsirləndirilən şəxs olduğunu göstərərək həmin şəxsin qeyd edilən tarixdə ona məxsus avtomobil ilə müştəri qismində əyləşdiyini, əyləşən zaman avtomobilin yük yerinə 03 ədəd qara sellofan və 01 ədəd üzəri tozlu vintlyator qoyduğunu və həmin şəxsi Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən ”Rus" bazarı kimi tanıdığı yerdə düşürtdüyünü demiş və ifadəsini bir daha təsdiqləmişdir. - 18 noyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Kazımov X3 Nizami Rəfail oğlu ilə keçirilən üzləşdirmə zamanı Şahid3 ifadəsində göstərdiklərini bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demiş, vermiş olduğu ifadəni təsdiqləyib, 18 avqust 2022-ci il tarixdə Nizami rayonu, “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında yerləşən “Ağ çiçəyim” mağazasının yaxınlığında Təqsirləndirilən şəxs müştəri qismində onun avtomobilinə əyləşdiyini, əyləşən zaman avtomobilin yük yerinə 03 ədəd qara sellofan və 01 ədəd üzəri tozlu vintlyator qoyduğunu və həmin şəxsi Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən “Rus bazarı” kimi tanınan ərazidə düşürtdüyünü bildirmişdir. - Cinayət işi üzrə təyin edilmiş materialların məhkəmə ekspertizasının 30 avqust 2022-ci il tarixli 6/4635 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №164” möhür əksi, “Təqsirləndirilən şəxs aşkar edilmiş...” və s. sözlər, imzalar olan zərfdəki 01 bükümdə təmiz çəkisi 0,676 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (Siyahı İİ) daxildir. Həmin maddənin 0.05 qram hissəsi tədqiqata sərf olunmuş, 0.626 qram hissəsi isə tədqiqatdan sonra qalıq qalmışdır. - Məhkəmə-narkoloji ekspertizasının 20 oktyabr 2022-ci il tarixli 6177 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - Toplanmış sübutların qiymətləndirilməsi barədə 19 noyabr 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertizadan sonra qalan 0.626 qram psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınaraq məhkəmə baxışınadək saxlanılması üçün Bakı şəhəri Nizami rayon Polis İdarəsinin “maddi sübutların saxlanılması otağına” təhvil verilməsi, 01 ədəd CD formatlı diskin iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, hər hansı cinayət əməli törətməməsi, ibtidai istintaq zamanı polis əməkdaşlarının ona təzyiq etməsi nəticəsində etirafedici ifadələr verməsi barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla, o cümlədən şahid ifadələri ilə təsdiq olunmadığına görə qəbul edilə bilməz və özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin aşkar edilməsi barədə protokola imza etməsini, sonradan isə şübhəli və təqsirləndirilən şəxs qismində etirafedici ifadələr verdiyini, həmin ərəfədə ibtidai istintaqı aparan müstəntiqə bilavasitə şikayət etmək imkanı olduğunu, lakin heç nə bildirməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs guya yalnız cinayət işinə mahiyyəti üzrə baxan hakimə şikayət etmək istəməsi səbəbindən heç nə bildirməməsi barədə dəlili qəbul edilə bilməz. İş materiallarında olan baxış keçirilməsi haqqında protokoldan görünür ki, 01 ədəd “CD” diskə baxış keçirildikdən sonra müvafiq protokol tərtib olunmuş və Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, heç bir şikayət və ərizə daxil olmamışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 10 noyabr 2022-ci il tarixli arayışından və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli hökmünün surətindən görünür ki, sonuncu dəfə Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını “ümumi” rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli 27 dekabr 2020-ci il tarixdən hesablanmış, 15 noyabr 2021-ci ildə “8 Noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndi barəsində tətbiq edilməklə, həmin qərarın 36-cı bəndinə əsasən barəsində təyin edilmiş narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra cəzadan azad edilməsi qərara alınmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli sorğusuna Penitensiar Xidmətin 5 saylı Cəzaçəkmə Müəssisəsinin cavabından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəzadan “8 Noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən 22 dekabr 2021-ci ildə azad olunmuş, həmçinin həmin hökmlə barəsində təyin edilmiş narkomaniyadan məcburi müalicənin Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Səhiyyə Nazirliyi yanında X1 davam etdirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinə əsasən, həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət az ağır cinayətlər kateqoriyasına aiddir. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən bu Qərarın 2.2-ci və 2.3-cü bəndlərində göstərilən şəxslərdən başqa, az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olmayan şəxslərin cəzadan azad edilmələri, həmin Qanunun 7-ci hissəsinə əsasən bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluğun götürülməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə görə məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasından görünür ki, həmin maddələrlə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə növündə cəzalardan birinin təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsinə görə yalnız azadlıqdan məhrumetmə növündə cəzalar təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməli, Azərbaycan Respublikası CMnin 66.2-ci maddəsi tətbiq edilməklə, həmin cəzalar toplanmalı və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssəsində müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 29 avqust 2022-ci il tarixli protokoldan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31 avqust 2022-ci il və 03 noyabr 2022-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 29 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 29 avqust 2022-ci il tarixdən hesablanmış, həmin məhkəmənin 03 noyabr 2022-ci il tarixli qərarına əsasən həbsdə saxlama müddəti 19 dekabr 2022-ci il tarixədək uzadılmışdır. Bundan başqa, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli qərarı ilə, cinayət işi məhkəmə baxışına verilmiş və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93 və 93-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin müvəqqəti saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış xalis çəkisi 0.626 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 110 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, Sumqayıt şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi müqavilə əsasında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirmişdir, ona görə CPM-nin 193-cü maddəsinin tələbləri baxımından vəkilə münasibətdə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə isə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, ona çəkilməsi üçün qəti olaraq, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 29 avqust 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 110 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin müvəqqəti saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış xalis çəkisi 0.626 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-97/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-97/2023
07.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver