Məhkəmə qərarları › İş №1(007)-98/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-98/2021

25.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-98/2021 25.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada işləmiş, əvvəllər məhkum olunmamış, Ağdam rayonunun İsmayılbəyli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi ev 5, mənzil 4-də yaşamış, hazırkı işlə bağlı 25 iyul 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 26 iyul 2020-ci il tarixdə tutmadan azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, qətimkan tədbirinin şərtlərini pozduğu üçün barəsində axtarış elan edilməklə 02 yanvar 2021-ci il tarixdə tutulmuş, 04 yanvar 2021-ci il tarixdə tutmadan azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, törətdiyi digər cinayət əməlinə görə 12 aprel 2021-ci il tarixdə tutulmuş, 14 aprel 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etmiş, daşımaqla saxlamışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq 24 iyul 2020-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində istintaqa məlum olmayan şəxsdən 30 manat müqabilində şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf sellofan bükümdə ümumi xalis çəkisi 0,543 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış və 25 iyul 2020-ci il tarixdə saat 01:00 radələrində ünvan 1 ünvanın qarşısında Nizami RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılaraq ünvan 3 ünvanda yerləşən Nizami RPİ-nə gətirilmiş və Polis İdarəsində onun üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş xalis çəkisi 0,543 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə olan heroin və digər narkotik vasitələri qəbul edir. 24 iyul 2020-ci il tarixdə günorta saatlarında Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən bazarın yaxınlığında təsadüfən rastlaşdığı şəxsdən şəxsi istifadəsi üçün 30 manata şəffaf sellofanda olan heroini almışdır. Dişi ağrıdığı üçün heroini istifadə etməyib əynindəki şalvarının sağ cibində saxlamışdır. 25 iyul 2020-ci il tarixdə yaşadığı Özbəkistan küçəsi 1, bina 4-ün qarşısında dayanan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirib Nizami rayon Polis İdarəsinə getməsini xahiş etmişlər. O, heç bir etiraz etməyərək onlarla birlikdə Polis İdarəsinə getmişdir. Polis İdarəsində xidməti otaqların birində polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılaraq üzərinə baxış keçiriləcəyi elan edilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları ona üzərində qeyri-qanuni hər hansı bir əşya varsa, könüllü təqdim etməsini bildirmişlər. O, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofanın içərisində olan bükümü polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroindir və həmin heroini şəxsi istifadəsi üçün əldə etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən bu barədə protokol tərtib edilməklə aşkar olunmuş maddə qablaşdırılmış, o, zərfin və protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs daha sonra əməlindən səmimi peşmançılıq hissləri keçirdiyini nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, sonradan adı məlum olan Təqsirləndirilən şəxs adlı şəxsi əvvəllər tanımamış və heç bir münasibəti olmamışdır. 25 iyul 2020-ci il tarixdə Orxan adlı həmin şəxsin qanunsuz olaraq narkotik vasitə əldə etməsi və Bakı şəhəri Nizami rayonu ərazisində saxlamaqla daşıması barədə daxil olmuş məlumat raportla əməliyyat tədbirlərinin keçirilməsi məqsədi ilə idarə rəisinə məruzə olunaraq icazə verildikdən sonra, əməliyyat axtarış-tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul olunaraq əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün keçirilmiş əməliyyat tədbirləri nəticəsində Orxan adlı şəxsin Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsində olması dəqiqləşdirildikdən sonra həmin gün saat 01 radələrində əməliyyat qurupu üzvləri ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi 1, 4 saylı binanın qarşısına gəldikdə xarici əlamətləri Orxan adlı şəxsin xarici əlamətləri ilə üst-üstə düşən şəxsin olmasını görüb, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olmalarını bildirərək, həmin şəxsə özünü təqdim etməsini təklif etmişlər. Həmin şəxs özünü təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz əldə edərək, saxlamaqla daşıması barədə əməliyyat məlumatı daxil olmasını bildirərək onlarla birlikdə Nizami RPİ-nə getməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs təkliflə razılaşdıqdan sonra birlikdə Nizami RPİ-nə getmişlər, İdarədə videoçəkilişlə şəxsi axtarış və götürmə aparılması keçirilmişdir. Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra ona üzərində qanunla qadağan edilmiş əşya varsa təqdim etməsi təklif olunduqda, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol cibindən bir ədəd alışqan, şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofanın içərisində bükümü təqdim edərək həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, narkotik vasitəni şəxsi istifadə üçün 24 iyul 2020-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində tanımadığı şəxsdən 30 manata almasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış davam etdirilsə də, heç bir qanunsuz əşya müəyyən edilməmiş və aşkar olunmuş büküm qablaşdırılmaqla bu barədə protokol tərtib edilmiş, o, da protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid2, Şahid1la eyni məzmunlu ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 25 iyul 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v. 1) - 25 iyul 2020-ci il tarixli protokoldan görünür ki, polis əməkdaşları tərəfindən, videoçəkiliş aparılmaqla, Təqsirləndirilən şəxs üzərinə həmin tarixdə saat 03:40-da Nizami RPİ-nin inzibati binasında baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində saxlanılması qadağan olunmuş əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif olunmuş, həmin vaxt o, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofanın içərisində bükümü təqdim edərək həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, özü istifadə etmək üçün 24 iyul 2020-ci il tarixdə Suraxanı ryaonu, Qaraçuxur qəsəbəsində tanımadığı adamdan 30 manata aldığını bildirmişdir. Aşkar olunmuş bir ədəd şəffaf sellofanın içərisində bükümdə olan açıq qəhvəyi rəngli, spesifik iyə məxsus olan kütlə qablaşdırılaraq ekspertizaya göndərilməsi üçün götürülmüşdür. (i.v. 27-28) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 25 iyul 2020-ci il tarixli 6/1380 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs götürülmüş...” yazısı olan zərfdəki, bir ədəd bükümdə, təmiz çəkisi 0,543 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” 1 siyahısına daxildir. Qeyd: heroinin təmiz çəkisi 0,543 qr, tədqiqata sərf edildi 0,05 qr, qalıq 0,493 qr. (i.v. 35-39) - 28 iyul 2020-ci il tarixli protokoldan görünür ki, Nizami RPİ-nin TŞ-nin təhqiqatçısı tərəfindən şəxsi axtarış və götürmə aparılan zamanı Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan edilərək üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif edilir, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf selafon bükümdə olan bir ədəd bükümü təqdim edərək həmin bükümdə narkotik vasitə olan heroin olmasını bildirir. (i.v. 70) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasına dair 30 iyul 2020-ci il tarixli 2103 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 85-86) -Sübutların qiymətləndirilməsi haqqında 18 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, ondan aşkar edilmiş 0,543 qram narkotik vasitə olan heroin və bir ədəd CD disk maddi sübut kimi tanınmış, tədqiqatdan sonrakı qalıq çəkisi 0,493 qram olan heroin maddi sübutların saxlanc kamerasına təhvil verilmiş, bir ədəd CD disk cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, ibtidai istintaq zamanı keçirilmiş istintaq əməliyyat tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs narkotik vasitə əldə etdiyi naməlum mənbənin müəyyən edilməsi mümkün olmadığından cinayət işinin materiallarından həmin naməlum mənbəyə dair material ayrılmış və naməlum mənbənin müəyyən edilməsi məqsədilə Nizami RPİ-nə göndərilmişdir. (i.v. 87- 90) Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 25 iyul 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 18) -Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 26 iyul 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami rayon prokuroru tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqda Nizami RPİ İstintaq şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən imtina olunmuşdur. (i.v. 63-66) -Bakı şəhəri Nizami RPİ-nin İstintaq şöbəsinin müstəntiqinin 26 iyul 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs müvəqqəti tutulmaqdan azad edilmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 67) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 02 sentyabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 71) -Bakı şəhəri Nizami RPİ-nin İstintaq şöbəsinin müstəntiqinin 18 oktyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin şərtlərini pozduğu üçün barəsində axtarış elan edilərək tutulması qərara alınmışdır. (i.v. 93) - 02 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. (i.v. 99) -Bakı şəhəri Nizami RPİ-nin İstintaq şöbəsinin müstəntiqinin 04 yanvar 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs müvəqqəti tutulmaqdan azad edilmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 105- 106) -Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli 4(005)- 370/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi 13 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulmuş, 13 aprel 2021-ci il tarixdə həmin maddədə nəzərdə tutulan ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həbsetmənin əvvəli 12 aprel 2021-ci il tarixdən hesablanmaqla barəsində 04 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 25 iyul 2020-ci il tarixdən 26 iyul 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 gün və qətimkan tədbirinin şərtlərini pozduğu üçün 02 yanvar 2021-ci il tarixdən 04 yanvar 2021-ci il tarixədək tutulduğu 02 gün, cəmi 03 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəlinin hansı tarixdən hesablanmalı olması məsələsinə hüquqi qiymət verərək məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin icraatında olan cinayət işi ilə bağlı olmuşdur, hazırkı işlə bağlı onun barəsində yalnız başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, sonrakı mərhələdə həbs qətimkan tədbirinə dəyişdirilməmişdir. Bununla da, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs digər cinayət işi üzrə 12 aprel 2021-ci il tarixdən həbsdə olduğu müddət, hazırda məhkəmənin icraatında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan cinayət işi üzrə ona təyin olunacaq cəza müddətinə daxil ola bilməz, cəzaçəkmə müddətinin əvvəli hazırkı hökmün çıxarıldığı tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri ilə bağlı məsələni həll edərək hesab edir ki, təqsirləndirilən şəxsin barəsində hazırkı işlə bağlı seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin icraatında Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə olan cinayət işi üzrə barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır, azadlıqdan məhrum etmə cəzası təyin edilərkən həbs qətimkan tədbirinin təkrarən seçilməsi üçün isə əsaslar yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış 0,493 qram narkotik vasitə heroin məhv edilməli, bir ədəd CD disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Cinayət işinin materiallarından görünür ki, dövlət hesabına dəvət olunmuş vəkil Müdafiəçi1 ibtidai istintaqda və məhkəmə icraatının ilkin mərhələsində iştirak edərək Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir, məhkəmə icraatının davamında təqsirləndirilən şəxs həmin vəkilin xidmətindən imtina etdiyindən, dövlət hesabına dəvət olunmuş digər vəkil Müdafiəçi2 iştirak edərək təqsirləndirilən şəxsə hüquqi yardım göstərmişdir. Məhkəmə hesab edir ki, dövlət hesabına təyin olunmuş vəkillərin iş materialları ilə tanış olmaqla birlikdə həmin təqsirləndirilən şəxslərə göstərdikləri hüquqi yardıma görə iştirak etdikləri müddət üçün, Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən, hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla, müdafiəçilərə əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 25 iyul 2020-ci il tarixdən 26 iyul 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün və qətimkan tədbirinin şərtlərini pozduğu üçün 02 yanvar 2021-ci il tarixdən 04 yanvar 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün, cəmi 03 (üç) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti olaraq 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 25 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində hazırkı işlə bağlı seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, Azərbaycan Respublikası DİN-nin Baş Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin icraatında Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə olan cinayət işi üzrə barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış 0,493 qram narkotik vasitə-heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd CD disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan cəmi 114 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə icraatının ilkin mərhələsində, iş materialları ilə tanış olmaqla birlikdə, iştirak edərək 20 saat göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Müdafiəçi1 120 manat əmək haqqı, məhkəmə icraatının sonrakı mərhələsində, iş materialları ilə tanış olmaqla birlikdə, iştirak edərək 10 saat göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Müdafiəçi2 60 manat əmək haqqı “xxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ013501**********1944, S.Wİ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar