Məhkəmə qərarları › İş №1(007)-98/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-98/2022

21.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-98/2022 21.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi ilə, məsləhətçi (məhkəmə iclas katibi) İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin küçəsi 42- də qeydiyyatda olan, hazırda cəza çəkən Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 30 aprel 2021-ci il tarixdə saat 01:19-da Zərərçəkmiş şəxs işlədiyi Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 10 ünvanda yerləşən «Biş-Miş» şirniyyat evinin pəncərəsinin dəmir jalüzünü çıxarıb əli ilə pencərəyə mexaniki təsir göstərərək açıb qanunsuz olaraq binaya daxil olmuş, saxlanc yeri hesab edilən stolun siyirtməsini açaraq 850 manat nağd pulu və 1 ədəd 10 manat qiymətində ***-***-**-** mobil nömrəsi ilə işləyən 250 manat dəyərində «Samsung J 5» markalı mobil telefon aparatını gizli olaraq talayıb, ümumilikdə Zərərçəkmiş şəxs 1110 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin aprel ayının sonlarında gecə saat 02 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 10 ünvanda «Biş-Miş» şirniyyat evindən oğurluq etmək məqsədilə, şirniyyat evinin pəncərəsinin qarşısında olan dəmir barmaqlığı əli ilə dartıb çıxarıb pəncərədən şirniyyat evinə daxil olmuş və oradan bir ədəd «Samsung» markalı mobil telefon və təxminən 850 manat pul götürmüş, götürdüyü telefonla onu tapa biləcəklərini düşünərək xatırlamaldığı yerdə telefonu atmış, pulları isə şəxsi ehtiyaclarına xərcləmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, habelə iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunmuşdur. Belə ki, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 10 ünvanda yerləşən «Biş-Miş» şirniyyat evini işlətmiş, hər gün səhər saat 07 radələrində şirniyyat evini açaraq işə başlamış və saat 22-dək işini davam etdirmişdir. 29 aprel 2021-ci il tarixdə işdən sonra şirniyyat evini bağlayıb getmiş və 30 aprel 2021-ci il tarixdə şirniyyat evinin qapısını açaraq içəri daxil olan zaman yan hissədə yerləşən pəncərənin qarşısında olan dəmir barmaqlığın açılaraq pəncərədən şirniyyat evinə daxil olunaraq oğurluq edildiyini aşkar etmiş və hadisə barədə DİN-in 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Şirniyyat evində olan kassa aparatı qoyulan masanın siyirməsində olan 1 ədəd üzərində 10 manat dəyərində ***-***-**-** mobil nömrə olan 250 manat dəyərində «Samsung J 5» markalı mobil telefonun və 850 manat nağd pulun oğurlandığını müəyyən etmişdir. Polis əməkdaşları gəlib hadisə yerini müayinə etmiş və mağazada olan müşahidə kameralarına baxış keçirilərkən bir nəfər kişi cinsli şəxsin mağazadan oğurluq etdiyi müəyyən olunmuş və həmin görüntü polis əməkdaşları tərəfindən götürülmüşdür. Hadisə nəticəsində ona ümumilikdə 1110 manat məbləğində maddi ziyan dəymişdir. Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsindən görünür ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan anası Zərərçəkmiş şəxs ünvan 1 ünvanda yerləşən «Biş-Miş» şirniyyat evini işlətmişdir. Anası ilə birlikdə işləmiş və hər gün onlar səhər saat 07 radələrində şirniyyat evini açaraq işə başlamış və saat 22-dək işləri davam etmişdir. 29 aprel 2021-ci il tarixdə şirniyyat evini bağlayıb getmişlər və 30 aprel 2021-ci il tarixdə şirniyyat evinin qapısını açıb içəri daxil olan zaman yan hissədə yerləşən pəncərənin qarşısında olan dəmir barmaqlığın açılaraq pəncərədən şirniyyat evinə daxil olunaraq oğurluq edildiyini aşkar etmişlər. Anası DİN-in 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Şirniyyat evindən kassa aparatı qoyulan masanın siyirməsində olan anası Üzdiyata məxsus 1 ədəd üzərində 10 manat dəyərində ***-***-**-** mobil nömrə olan 250 manat dəyərində «Samsung J 5» markalı mobil telefon və 850 manat nağd pul oğurlanmışdır. Polis əməkdaşları gəlib hadisə yerini müayinə etmiş və mağazada olan müşahidə kameralarına baxış keçirilərkən bir nəfər kişi cinsli şəxsin mağazadan oğurluq etdiyi müəyyyən edilmiş və həmin görüntü polis əməkdaşları tərəfindən götürülmüşdür. Şahid2 oğlunun ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsi, Şahid1 elan olunmuş ifadəsi ilə eyni məzmunlu olmuşdur. İşdə olan 30 aprel 2021-ci il tarixli «Baxış keçirilməsi haqqında» protokoldan görünür ki, hadisə yeri ünvan 1 ünvanda yerləşən «Biş-Miş» şirniyyat evidir. İşdə olan 29 noyabr 2021-ci il tarixli «Videogörüntüyə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, 30 aprel 2021-ci il tarixdə baş vermiş oğurluq hadisəsini özündə əks etdirən 1 ədəd CD diskdə olan videogörüntüyə baxış keçirilən zamanı, görüntüdə xx.xx.2021-ci il tarixdə saat 01.20-də ağız nahiyəsində tibbi qoruyucu maska olan şəxsin masanın siyirməsində axtarış apardığı, siyirmədən tapdığı mobil telefon aparatını masanın üzərinə qoyduqdan sonra axtarışı davam etdirməsi müəyyən edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin görüntüdə olan şəxsin özünün olmasını və həqiqətəndə həmin görüntünün «Biş-Miş» şirniyyat evində törətmiş oğurluq hadisəsi zamanı qeydə alınmış görüntü olduğunu bildirmişdir. İşdə olan 29 noyabr 2021-ci il tarixli qərardan görünür ki, 30 aprel 2021-ci il tarixli oğurluq hadisəsini özündə əks etdirən 1 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmışdır. İşdə olan Azərbaycan Respublikası DİN-in KTİ-nin xx.xx.2021-ci il tarixli 011-4163- 1221 nömrəli məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev 10 ünvanda Zərərçəkmiş şəxs işlətdiyi biş-miş şirniyyat evində baş vermiş oğurluq hadisəsi yerinin müayinəsi zamanı götürülmüş əl izlərindən 01 ədədi Təqsirləndirilən şəxs sol əlinin ovucunun əksi ilə eynilik təşkil etmişdir. İşdə olan məhkəmə sənədlərindən və Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayon məhkəməsinin 02 mart 2016-cı il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 185.2.2-ci maddələri ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə hökm dəyişdirilmiş, CM-nin 185.2.4-cü maddəsi hökmdən xaric edilmiş, CM-nin 66.3-cü maddəsi, həmin Məcəllənin 66.2-ci maddəsi ilə əvəz edilmiş, Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin xx.xx.2018-ci qərarı ilə cəzası 01 ay azaldılmış və həmin məhkəmənin 08.10.202-ci il qərarı ilə xx.xx.2020-ci tarixli Qanun tətbiq edilməklə üzərində 04 il 11 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış və xx.xx.2021-ci tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhər, Nərimanov rayon məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzaçəkmə müddətinin əvvəli 26 may 2021-ci il tarixdən hesablanmışdır. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutların məcmuyuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmiş, CM-nin 61-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal qismində müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq, onun azadlıqdan məhrum edilməklə cəza çəkmədən islah olunmasını mümkün saymır və hesab edir ki, ona real cəza təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs qəti cəza, barəsində olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli hökmünə münasibətdə, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbinə əsasən təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası 66.5-ci madəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs cəzasını çəkməsi üçün ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. İş üzrə maddi sübut – 01 CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsi ilə müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.5-ci maddələrinin tələblərinə əsasən, vəkilin məhkəmədə iştirak etdiyi cəmi 25 iş saatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 150 manat (25x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X2 dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökm üzrə təyin olunmuş cəza ilə qismən toplanılmaqla onun üzərində qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 26 may 2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut - 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 25 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi X2 VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 150 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami rayon məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar