Məhkəmə qərarları › İş №1(007)-98/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-98/2024

08.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-98/2024 08.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X2, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs: xx.xx.1964-cü ildə Naxçıvan MR, Babək rayonu, Kültəpə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumilikdə təmiz çəkisi 0,583 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 22 avqust 2023-cü il tarixdə, saat 16:05 radələrində Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanda yerləşən Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə gətirilmiş, bölmədə üzərinə şəxsi axtarış aparılarkən əynində olan boz rəngli şalvarın sağ yan cibindən, şəffaf rəngli sellofan bükümün içərisində, təmiz çəkisi 0,583 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə ilk öncə özünü təqsirli bildiyini qeyd etsə də, sonradan üzərində aşkar olunmuş narkotik vasitənin ona məxsus olmadığını qeyd etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Bakı şəhəri Nizami RPİ-nin Nizami RPİ-nin 23-cü PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 22 avqust 2023-cü il tarixdə xidməti ərazidə xidmətdə olarkən saat 16:05 radələrində Bakı şəhəri Nizami rayonu, Keşlə qəsəbəsi Davud Aslan küçəsi ev 9 qarşısında zahirən narkotik vasitələrin istifadəçisinə oxşayan sonradan bildiyi Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanaraq 23-cü Polis bölməsinə dəvət edilmiş, Polis bölməsində inzibati binasında xidməti iş otaqlarının birində video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, həmin təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ cibindən 01 ədəd sellofan bükümdə olan kütləni çıxararaq təqdim etmiş və bükümdə olan kütlənin heroin olduğunu şəxsi istifadəsi üçün Yasamal rayonu yaxınlığında tanımadığı şəxsdən 15 manata aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid2, Nizami RPİ-in 23-cü PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdiklərini bir daha təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə tərəfindən iş materiallarına əlavə edilmiş diskə baxış keçirilərkən vəkilin iştirakı ilə təqsirləndirilən şəxsin üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs tərəfindən əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümü təqdim etməsi, verilmiş suallara cavab olaraq Yasamal rayonu ərazisindən tanımadığı şəxsdən 15 manat müqabilində almasını bildirməsi müəyyən edilmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli 6/4507 saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi- 0,583 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Amblator X1 xx.xx.2023-cü il tarixli 5742 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan aslılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş özünü təqsirli bilməməsi və aşkar olunmuş narkotik vasitənin ona məxsus olmaması barədə ifadələr məhkəmə tərəfindən özünümüdafiə xarakteri daşıması kimi qiymətləndirilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır İş materiallarına əlavə olunmuş Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs AR-sı CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 02 gün müddət nəzərə alınmaqla qəti olaraq 08 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməli xx.xx.2023-cü il tarixdə törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti əvvəlki hökm olan Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü çıxarılmazdan əvvəl törətdiyindən CM-nin 66.5-ci maddəsi nəzərə alınmaqla cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə, saat 16:05 dəqiqədə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bununla da, o, ibtidai istintaq dövründə 02 gün müddətinə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə əsasən narkomanlıq xəstəliyinə düçar olmuş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara məcburi müalicə tətbiq oluna bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hökm çıxarıldığı vaxtda 60 yaşı tamam olduğundan onun barəsində narkomaniyadan məcburi müalicə təyin olunmamalı, o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin olunmuş 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 09 müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla 01 il 03 ay (bir il üç ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırkı iş üzrə ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 2 gün və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə müəyyən edilmiş şübhəli şəxs qismində tutulduğu 2 gün, cəmi 4 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 02 ay 26 gün (bir il iki ay iyirmi altı gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 81 manat məbləğində pul vəsaiti məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami Rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,533 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut olan 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı dövlət hesabına 26 saat hüquqi yardım göstərmiş Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 156 manat pul dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu, məhkum Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar