Məhkəmə qərarları › İş №1(008)-100/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-100/2023

18.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-100/2023 18.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,997 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və şəxsi istehlak miqdarında təmiz çəkisi 0,036 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Qala Ramana ərazisində yerləşən qəbiristanlığın qarşısına qədər daşımış, özünü şübhəli apardığı üçün 26 iyun 2022-ci il tarixdə, saat 02:00-da Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Qala Ramana ərazisində yerləşən qəbiristanlığın qarşısında saxlanılaraq Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-yə gətirilmiş, üzərində aparılmış şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0.997 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və gümüşü rəngli kağız bükülüdə şəxsi istehlak miqdarında təmiz çəkisi 0,036 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs iş üzrə verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 avqust 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 01 (bir) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 may 2016-cı il tarixli qərarı ilə barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. Bundan başqa, o, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 15 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “amnistiya” qararının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. 26 iyun 2022-ci il tarixdə yaşadığı ünvan 1 ünvanında olduğu zaman Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları onun yaşadığı evə gələrək onu 12-ci Polis Şöbəsinə dəvət etmişlər. O, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis Şöbəsində olarkən üzərində narkotik vasitə olmamasına baxmayaraq, polis əməkdaşları ona təzyiq göstərmiş və hansısa sənədləri imzalamasını tələb etmişlər.O, məcbur qalaraq videoçəkilişlə üzərinə keçirilən baxış zamanı üzərindən aşkar olunan narkotik vasitə özünə məxsus olduğunu, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 35 manata aldığını etiraf etmişdir. Polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldığı üçün məcbur qalaraq özünə qarşı ifadə vermiş və hansısa sənədləri imzalamışdır. Özünü təqsirli bilməyərək barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır və polis leytenantı xüsusi rütbəsi daşıyır. 26 iyun 2022-ci il tarixdə, saat 02 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Qala Ramana ərazisində Sabunçu RPİ 12-ci Polis Şöbəsinin əməkdaşı Şahid3 ilə xidmət apararkən bir nəfər şəxsin onları görərək özünü şübhəli apararaq oradan iti addımlarla uzaqlaşdığını görüb həmin şəxsə yaxınlaşmış, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək həmin şəxsdən özünü təqdim etmələrini xahiş etmişlər. Bu zaman həmin şəxs sənədlərinin üzərində olmadığını bildirərək, suallarına dağınıq cavablar verməklə onlardan yayınmağa çalışmış, həmin şəxsin üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən maddə, əşya və ya predmet olmasından şübhələnərək onlu Sabunçu RPİ-nin 12-ci PŞ-yə dəvət etmiş və həmin şəxs etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə getmişlər. Polis şöbəsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra müvafiq olaraq həmin şəxs barəsində tutma haqqında protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra hüquq və vəzifələri izah olunaraq üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. 12-ci PŞ-də xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə videogörüntü ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etməyi təklif olunmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə tünd qəhvəyi rəngli maddə, 01 ədəd gümüşü rəngli kağız bükülüdə ağ rəngli, kristal şəkilli psixotrop maddə təqdim edərək həmin maddələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, 25 iyun 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsinə gedərək üzdən tanıdığı, lakin, adını, soyadını və harada yaşamasını bilmədiyi şəxsdən istifadəsi üçün 35 manat müqabilində aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bükümlər zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək ekspertizaya göndərilmiş, bu barədə müvafiq protokol tərtib edilmiş, həmin protokol baxış iştirakçılarına ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsindən görünür ki, o, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 12-ci vərəqəsində olan 26 iyun 2022-ci il tarixli şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 26 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 24-25-ci vərəqəsində olan 26 iyun 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Şahid3 və Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə tünd qəhvəyi rəngli maddə, 01 ədəd gümüşü rəngli kağız bükülüdə ağ rəngli, kristal şəkilli psixotrop maddə aşkar olunaraq götürülmüşdür. Cinayət işinin 35-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 55 (əlli beş) manat müəyyən edilmişdir. Cinayət işinin 36-37-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 iyun 2022-ci il tarixli 6/3552 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddələr» yazıları, soyadlar və imzalar olan zərfdəki bir ədəd zərfdəki, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,997 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,036 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata sərf edildikdən sonra heroinin qalıq çəkisi 0.947 qram, psixotrop maddə metamfetaminin qalıq çəkisi 0.016 qramdır. Cinayət işinin 63-65-ci vərəqələrində olan 27 iyun 2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Cavid Əhmədovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 66-67-ci vərəqələrində olan 27 iyun 2022-ci il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 87-88-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 13 iyul 2022-ci il tarixli, 3761 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 90-95-ci vərəqəsində olan 03 avqust 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs gətirilmiş sovqata baxış zamanı aşkar edilmiş və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0.947 qram olan narkotik vasitə heroin və 0.016 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış saxlanılması üçün Sabunçu Rayon Polis İdarəsinin saxlanc kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış görüntülərini əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 73-75-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 07 iyul 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 avqust 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 01 (bir) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 may 2016-cı il tarixli qərarı ilə barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. Bundan başqa, o, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 15 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “amnistiya” qararının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-276/2023 nömrəli, 02 iyun 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddətinin azadlıqdan məhrumetmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 02 (iki) gün çıxılaraq üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəli 02 iyun 2023-cü il tarixdən hesablanmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidin məhkəmə iclasında verdiyi ifadə ilə, digər iş materialları ilə onun satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq narkotik vasitə olan heroini əldə edib saxlama əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-276/2023 nömrəli, 02 iyun 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-276/2023 nömrəli, 02 iyun 2023-cü il tarixli hökmündən əvvəl törətmişdir və bu səbəbdən ona cinayətlərin məcmusu ilə cəza təyin edilməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-276/2023 nömrəli, 02 iyun 2023-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkmə müddətinin əvvəli 02 iyun 2023-cü il tarixdən hesablandığından məhkəmə hesab edir ki, sonuncunun hazırkı hökm üzrə cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 26 iyun 2022-ci il tarix saat 02:00-dan 27 iyun 2022-ci il tarix saat 11:30-dək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu 02 (iki) gün və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-276/2023 nömrəli, 02 iyun 2023-cü il tarixli hökmü ilə tutulduğu 02 (iki) gün, cəmi 04 (dörd) günü nəzərə alaraq hesab edir ki, azadlıqdan məhrumetmə cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Мəhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli, barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-276/2023 nömrəli, 02 iyun 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə iş üzrə aparılmış ambulator X1 nəticəsində verilən rəyə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbiri təyin olunmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs gətirilmiş sovqata baxış zamanı aşkar edilərək götürülmüş, Sabunçu rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, tədqiqata sərf olunmuş hissəsi nəzərə alınmaqla qalıq çəkisi 0.947 qram olan narkotik vasitə heroin və 0.016 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 55 (əlli beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-276/2023 nömrəli, 02 iyun 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu 02 (iki) gün və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-276/2023 nömrəli, 02 iyun 2023-cü il tarixli hökmü ilə tutulduğu 02 (iki) gün, cəmi 04 (dörd) gün müddət azadlıqdan məhrumetmə cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla, onun cəzasından 04 (dörd) gün çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 02 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli, barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-276/2023 nömrəli, 02 iyun 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut - ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.947 qram olan narkotik vasitə heroin və 0.016 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi 55 (əlli beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar