Məhkəmə qərarları › İş №1(008)-1004/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-1004/2023

29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-1004/2023 29.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X3 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1999-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, bərbər işləyən, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçlmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən onun tərəfindən nəqliyyat vasitələrini idarə hüququ olmadan idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 10 fevral 2022-ci il tarixdə, saat 17 radələrində «X2» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan atası Şahid1 etibarnamə əsasında idarə etdiyi X1 məxsus texniki cəhətdən saz vəziyyətdə olan «VAZ-21061» markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməklə Bakı şəhəri, Zabrat- Kürdəxanı yolu ilə Abşeron rayonu Məmmədli kəndi istiqamətində saatda 60 km sürətlə hərəkətdə olarkən, «X2» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, Zabrat-Kürdəxanı yolunun Məmmədli kəndindən keçən hissəsində piyada Zərərçəkmiş şəxs2 217 saylı marşurut avtobusun arxasından çıxıb 2003-cü təvəllüdü qızı Zərərçəkmiş şəxs1 əlindən tutaraq yolun solundan sağ tərəfinə keçdiyini və hərəkət üçün təhlükə yarandığını gördüyü halda nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbir görməmiş, avtomobilin qabaq hissəsi ilə onları vuraraq, Zərərçəkmiş şəxs2 ehtiyatsızlıqdan sağ qasıq-oturaq və burun sümüklərinin yerini dəyişən qapalı sınıqları, alın-sol qaş nahiyyəsinin əzilmiş yarası ilə nəticələnən ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, azyaşlı Zərərçəkmiş şəxs1 isə sağ bud sümüyünün yerini dəyişən qapalı sınığı və sifət nahiyyəsinin sıyrıqları ilə nəticələnən ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirərək ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 sağlamlıqlarına az ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, «VAZ-21061» markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobil atası Yəhya Tağıyevə məxsus olmuş, sürücülük vəsiqəsi olmasa da avtomibil idarə etməyi bacarmış və hərdən atasına məxsus avtomobili idarə etmişdir. Bundan başqa o, göstərmişdir ki, 10 fevral 2022-ci il tarixdə saat 17 radələrində işə gedərkən həyətdən atasına məxsus «VAZ-21061» markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobili götürərək Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-Kürdəxanı yolu ilə Məhəmmədli qəsəbəsi istiqamətində saatda 50-60 km sürətlə hərəkətdə olmuş, bu zaman qəfildən qarşıda yolun solunda dayanmış sərnişin avtobusunun arxasından bir nəfər qadının azyaşlı uşaqla yolu keçməsini görmüş, avtomobilin sürətini azaltsa da həmin qadın sürətini artıraraq yoluna davam etmiş, ona görə hadisənin qarşısını ala bilməyərək idarə etdiyi avtomobilin qabaq hissəsi ilə onları vurmuş, hadisədən sonra dərhal avtomobili saxlayıb yerə düşmüş, onların hər ikisinin xəsarət almalarını görərək valideynlərinə və yaxın tanışlarına zəng vurub törətdiyi yol-nəqliyyat hadisəsi barədə məlumat vermiş, sonra hadisə yerinə gələn tanımadığı şəxslər TTYS-yə zəng etmiş, həmin qadını və azyaşlı uşağı götürüb 3 saylı şəhər kiliniki xəstəxanasına aparmış, daha sonra hadisə yerinə gələn polis əməkdaşları onun iştirakı ilə hadisə yerini müayinə edib sxem tərtib etmişdir. Daha sonra o, göstərmişdir ki, sürücülük vəsiqəsi olmasa da avtomobili idarə etməyi bacarmış, hərdən atasından icazə alaraq kəndin işərisində avtomobil idarə etmiş, hadisə baş verən gün atası evdə olmamış və atasından xəbərsiz avtomobilin açarını evdən götürərək işlədiyi bərbər dükanına getmək istəmiş və həmin vaxt hadisə baş vermiş, hadisə zaman avtomobildə tanışı Şahin olmuş, idarə etdiyi, atasına məxsus «VAZ-21061» markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobil texniki cəhətdən saz zəziyyətdə olmuş, hadisə zamanı özü və tanışı Şahin xəsarət almamış, piyadanı vurduqdan sonra hadisə yerindən uzaqlaşmayaraq polisin gəlməsini gözləmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 10 fevral 2022-ci il tarixdə, təxminən saat 15 radələrində on yaşlı qızı Zərərçəkmiş şəxs1 ilə birlikdə Abşeron rayonu, Digah qəsəbəsindən 217 saylı marşrut avtobusu ilə gəlib Sabunçu rayonu Məmmədli qəsəbəsində yolun kənarında avtobusdan düşmüş, avtobusun arxa tərəfindən adi yerişlə yolun əks tərəfinə keçmək istəyərkən üzü Məmmədli kəndi istiqamətində hərəkət edən ağ rəngli, «VAZ-2106» markalı, **-TJ-*** dövlət nömrə nişanlı avtomobilin gəldiyini görüb iti addımla hərəkətini davam etdirmiş, həmin vaxt «VAZ-21061» markalı avtomobilin sürücüsü avtomobilin qabaq hissəsi ilə onu və azyaşlı qızı Zəhranı vurmuş, hadisə yerinə toplaşan tanımadığı adamlar X5 zəng edərək həkim briqadası çağırmış və onları 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdirmiş, baş vermiş həmin yol-nəqliyyat hadisəsi nəticəsində hər ikisi az ağır dərəcəli bədən xəsarəti almışdır. Daha sonra o, göstərmişdir ki, hadisənin şokunda olduğuna görə təhqiqat araşdırması zamanı izahatında «VAZ-2106» markalı avtomobilin sürücüsünün hadisə yerindən uzaqlaşdığını göstərmiş, sonradan isə onu və azyaşlı qızını vuran maşının «VAZ-21061» markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobil olmasını və sürücüsü Təqsirləndirilən şəxs Yəhya oğlunun hadisə yerini tərk etmədiyini bilmiş, həmin sürücü onun və azyaşlı qızı Zəhranın müalicəsi ilə əlaqədar bütün xərcləri ödəmiş, hazırda həmin yol-nəqliyyat hadisəsi ilə əlaqədar Təqsirləndirilən şəxs Yəhya oğlundan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Məmmədli kəndi, Kəndli küçəsi ev 16-da qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. 2021-ci ilin sentyabr ayında maşın bazarından özü üçün 3300 manata «VAZ-21061» markalı, **-TJ-*** dövlət nömrə nişanlı avtomobil almış və həmin avtomobili etibarnamə ilə idarə etmiş, Təqsirləndirilən şəxs oğlu olmaqla Abşeron rayonu, Məmmədli kəndində bərbər işləmişdir. Onun icazəsi ilə oğlu Sənan mütəmadi olaraq yaşadığı evin həyətində avtomobili park etmək məqsədi ilə önə və arxaya versə də sənədlərinin olmaması səbəbindən heç vaxt avtomobili magistral yolda və ya kənd içərisində idarə etməmişdir. Bundan başqa o, göstərmişdir ki, 10 fevral 2022ci il tarixdə saat 17 radələrində evdə olmadığı vaxt oğlu Sənan maşının açarını evdən götürərək işə getmək istəmiş və Məmmədli kəndində sərnişin avtobusunun arxasından çıxıb azyaşlı uşağı ilə yolun əks tərəfinə keçmək istəyən qadını vurmuş, bu barədə məlumat aldıqda 3 saylı Sabunçu Xəstəxanasına getmiş, sonradan adlarını bildiyi Zərərçəkmiş şəxs2 və onun azyaşlı qızı Zəhranın bütün müalicə xərclərini çəkmiş, halhazırda onların hər ikisi xəstəxanadan çıxmış və vəziyyətləri yaxşıdır. Daha sonra o, ifadəsində göstərmişdir ki, oğlu Sənanın deməsinə görə piyada qadın və azyaşlı uşaq dayanmış vəziyyətdə olan avtobusun arxasından çıxaraq yolu keçmək istədikdə və idarə etdiyi avtomobilin qarşısına çıxdıqda təxminən aralarında 6 metr məsafə olmuş, heç bir tədbir görə bilməyərək onları vuraraq maşını saxlamış və maşından düşərək vurduğu piyadalara yaxınlaşmış, sonra isə hadisə yerində qalmış, hadisə günü evdə olmadığından oğlu Sənanın ona məxsus «VAZ-21061» markalı, **-TJ-*** dövlət nömrə nişanlı avtomobili götürməsindən xəbəri olmamış, həmin avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, hadisə zamanı avtomobilinə yüngül zədə dəymiş, lakin bununla bağlı oğlundan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 və Şahid2 iştirak etmədiklərindən onların ibtidai istintaq zamanı verilmiş ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 10 fevral 2022-ci il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri, Zabrat-Kürdəxanı yolu ilə Abşeron rayonu Məmmədli kəndi istiqamətində olan yoldur. Hadisə yerində maddi sübut, videomüşahidə kamerası aşkar edilməmişdir (i.v.06-11). “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair 10 fevral 2022-ci il tarixli, 1/646 saylı rəydən görünür ki, hadisə günü Təqsirləndirilən şəxs ayıq olmuşdur (i.v.12). Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi X6 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 15 fevral 2022-ci il tarixli, 264 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 tibbi müayinəsi zamanı onun bədən səthində sağ bud sümüyünün yerini dəyişən qapalı sınığı və sifət nahiyəsinin sıyrıqları kimi xəsarətlər aşkar edilmiş, həmin xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən, xx.xx.2022-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi zamanı törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aiddir (i.v. 26-28). Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi X6 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 15 fevral 2022-ci il tarixli, 265 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 tibbi müayinəsi zamanı onun bədən səthində sağ qasıq-oturaq və burun sümüklərinin yerini dəyişən qapalı sınıqları, alın-sol qaş nahiyəsinin əzilmiş yarası kimi xəsarətlər aşkar edilmiş, həmin xəsarərtər bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi zamanı törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aiddir (i.v. 29-31). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən verilmiş 11 sentyabr 2022-ci il tarixli, 016-30021-1222 saylı məktubdan görünür ki, DİN-in Baş X7 İdarəsinin Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx xxxx 1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir (i.v.82). Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 28 aprel 2022-ci il tarixli, 8/963 nömrəli rəyindən görünür ki, VAZ-2106» markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «X2» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük hüququ olmadan idarə etdiyindən onun hərəkətlərində «X2» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur (i.v.89-92). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 25 oktyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.134-135). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün və zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (AR CM 59.2), zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını (CM- 59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tam ödənilməsini (CM- 59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş əsas cəza növlərindən cərimə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6000 manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödəsilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan edildiyi gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar