Məhkəmə qərarları › İş №1(008)-101/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-101/2023

03.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-101/2023 03.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Vəliyeva Elnarə Fəxrəddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – “Verdiktum” vəkil bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Salyan rayonu, Seyidsadıqlı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 17 aprel 2022-ci il tarixdə, saat 20 radələrində qohumuna məxsus “Opel Astra” markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək ünvan 2 ünvanında yerləşən, əvvəllər işlədiyi, təmir işləri ilə əlaqədar müvəqqəti fəaliyyət göstərməyən, Zərərçəkmiş şəxs məxsus iki mərtəbəli ticarət obyektinin qarşısına gəlmiş, ətrafda bir müddət müşahidə apardıqdan sonra obyektdə heç kimin olmadığına əmin olub obyektin divarına dırmanaraq ikinci mərtəbəsinə qalxmış, oradakı plastik pəncərəni sıxıb itələməklə qıfılını sındıraraq pəncərəni açıb binanın içərisinə qanunsuz daxil olmuş, daha sonra ikinci mərtəbədə yerləşən, əvvəllər özünün də işlədiyi, lakin, işdən çıxarıldığı üçün həmin vaxt artıq icazəsiz sərbəst keçmə hüququna malik olmadığı saxlanc yeri hesab edilən qapı-pəncərə sexinin plastik qapısını əvvəllər işlədiyi dövrdən təhvil verməyib özündə saxladığı açar nüsxəsi ilə açaraq içərisinə qanunsuz daxil olmaqla orada saxlanılan bir ədəd dəyəri 1500 manat olan «KİRMİZİ CT30» markalı elektrik mişarını, hər birinin qiyməti 90 manat olmaqla ümumi dəyəri 180 manat olan iki ədəd elektrik drellərini, hər birinin qiyməti 120 manat olmaqla ümumi dəyəri 4800 manat olan 40 top elektrik naqillərini, bir qutusunun qiyməti 2 manat olmaqla ümumi dəyəri 40 manat olan 20 qutu şurupları, hər birinin qiyməti 3 manat olmaqla ümumi dəyəri 60 manat olan 20 ədəd fırçaları, hər birinin qiyməti 5 manat olmaqla ümumi dəyəri 200 manat olan 40 ədəd «Clipsal» markalı elektrik qapayıcılarını, hər birinin qiyməti 20 manat olmaqla ümumi dəyəri 200 manat olan 10 ədəd «Nova» markalı «sifon» adlanan plastik boru dəstlərini, hər birinin qiyməti 11 manat olmaqla ümumi dəyəri 1100 manat olan 100 ədəd bürünc boru başlıqlarını hissə-hissə götürüb obyektin birinci mərtəbəsinə daşımış, birinci mərtəbədə yerləşən giriş qapısını içəri tərəfdən açmaqla həmin əşyaları obyektdən bayıra çıxarıb hadisə yerinə gəldiyi nəqliyyat vasitəsinə yükləməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 8080 (səkkiz min səksən) manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Salyan Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum olunmuş, 30 may 2013-cü il tarixdə barəsində Azərbaycan Respubliksı Milli Məclisinin 07 may 2013cü il tarixli “Amnistiya haqqında” Qərarının 1.4-cü bəndi tədbiq edilməklə təyin edilmiş cəzadan azad edilmişdir. O, əvvəllər Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən obyektdə plastik qapı-pəncərə sexi işlətmiş, lakin sonradan münasibətləri pozulduğu üçün oradan çıxmışdır. 17 aprel 2022-ci il tarixdə, axşam saatlarında yaşadığı evdə bir qədər spirtli içki qəbul etmiş, daha sonra evində qonaq olan qohumu Nəzərdən işə getmək adı ilə sonuncuya məxsus «Opel Astra» markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobili götürərək ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus obyektin qarşısına getmişdir. O, ətrafda bir müddət müşahidə apardıqdan sonra obyektdə heç kimin olmadığına əmin olub obyektin yan tərəfinə keçərək digər obyektlə aralarında olan boş dalandan oradakı divara dırmaşaraq obyektin ikinci mərtəbəsinə qalxmış, açıq olan pəncərədən içəri daxil olmuşdur. O, ikinci mərtəbəyə qalxdıqdan sonra orada yerləşən plastik qapı-pəncərə sexinin qapısını, əvvəllər işlədiyi vaxtdan özündə qalmış açar nüsxəsi ilə açaraq sexin içərisinə daxil olmuş, orada qaranlıqda tapa bildiyi əşyaları birinci mərtəbəyə düşürmüşdür. Daha sonra isə birinci mərtəbədəki plastik giriş qapısını içəridən açaraq aşağı yığdığı bir neçə qutu şurupları, bir ədəd «KİRMİZİ CT30» markalı elektrik mişarını, plastik boru başlıqlarını, «Sifon» adalanan plastik boruları, köhnədən qalmış bir neçə top elektrik naqillərini, fırça və «Clipsal» markalı elektrik qapayıcılarını oradakı torbalara və qutulara dolduraraq avtomobilin arxa yük yerinə yığmış, avtomobilə əyləşərək yaşadığı ünvana getmişdir. O, yaşadığı ünvana taksi sifariş edərək oğurladığı əşyaları həmin taksiyə yükləyib, Salyan rayonunda yaşayan qaynatasıgilin həyətinə aparmışdır. Bir gün sonra, həmin əşyaların bir hissəsini rayondakı metal qəbulu məntəqəsinə 75 manata satmış, bir ədəd elektrik mişarını və şurupları isə rayonda mebel ustası kimi fəaliyyət göstərən üzdən tanıdığı, lakin, adını bilmədiyi şəxsə 180 manata satmışdır. Obyektin ətrafına quraşdırılmış müşahidə kameraları vasitəsi ilə oğurluq edərkən idarə etdiyi «Opel Astra» markalı avtomobilin dövlət qeydiyyat nömrəsi müəyyən edilərək, qaynı Nəzər polis əməkdaşları tərəfindən saxlanılmış, bundan sonra, oğurluğun onun tərəfindən edildiyi müəyyən olunmuşdur. Zərəçəkmiş şəxsin şikayət ərizəsində preferatorların, drellərin və 40 top elektrik naqillərini oğurlandığını qeyd etməsinə baxmayaraq, həmin əşyalar onun tərəfindən oğurlanmamışdır. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında yerləşən ticarət obyekti ona məxsusdur və fərdi sahibkar kimi həmin obyekti özü işlətmiş, aparılan təmir işləri ilə əlaqədar obyektin fəaliyyəti dayandırılmışdır. 17 aprel 2022-ci il tarixdə obyekti bağlayaraq evə getmiş, 18 aprel 2022-ci il tarixdə obyektə gəldiyi zaman ikinci mərətbədəki qapı-pəncərə sexindən oğurluq edildiyni müəyyən edərək ətrafa nəzər yetrmiş,qapı-pəncərə sexində saxlanılan bir ədəd dəyəri 1500 manat olan «KİRMİZİ CT30» markalı elektrik mişarının, hər birinin dəyəri 90 manat olmaqla ümumi dəyəri 180 manat olan iki ədəd elektrik drellərin, hər birinin dəyəri 120 manat olmaqla ümumi dəyəri 4800 manat olan 40 top elektrik naqillərinin, hər bir qutusunun dəyəri 2 manat olmaqla ümumi dəyəri 40 manat olan 20 qutu şurupların, hər birinin dəyəri 3 manat olmaqla ümumi dəyəri 60 manat olan iyirmi ədəd fırçaların, hər birinin dəyəri 5 manat olmaqla ümumi dəyəri 200 manat olan qırx ədəd «Clipsal» markalı elektrik qapayıcılarının, hər birinin dəyəri 20 manat olmaqla ümumi dəyəri 200 manat olan 10 ədəd «Nova» markalı «sifon» adlanan plastik boru dəstlərinin, hər birinin dəyəri 11 manat olmaqla ümumi dəyəri 1100 manat olan 100 ədəd bürünc boru başlıqlarının oğurlandığını aşkar etmişdir. O, baş vermiş oğurluq hadisəsi ilə bağlı DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermiş, bir müddət sonra hadisə yerinə gəlmiş polis əməkdaşları tərəfindən araşdırılma aparılmış, araşdırma nəticəsində oğurluğun Təqsirləndirilən şəxs tərəfindən edildiyi müəyyən edilmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 8080 manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, dəymiş ziyanın ödənildiyini bildirmişdir. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. xx.xx.2022-ci il tarixdə Elşən əvvəllər işlədiyi obyektdən oğurluq etdiyinə görə həbs olunduğu zaman ona məlum olmuşdur ki, Elşən gecə saatlarında onlarda qonaq olan qaynı Nəzərə məxsus «Opel» markalı avtomobili götürərək əvvəllər sürücü kimi işlədiyi, Akif adlı şəxsə məxsus ticarət obyektinə getmiş, oranın qapısını özündə olan açar nüsxəsi ilə açaraq orada olan tikinti materialları və təmir ləvazimatlarını «Opel» markalı avtomobilə yükləyib Salyan rayonuna apararaq satmışdır. Bundan sonra o, qardaşı Elməddinə və Elşənin qaynatası Arifə zəng edərək Elşənin həmin əşyaları kimə satdığını öyrənmələrini tapşırmış, həmin şəxsi müəyyən etdikdən sonra elektrik mişarını pulunu ödəməklə ondan geri alaraq Bakı şəhərinə gəlmiş, elektrik mişarını istintaq orqanına təhvil vermişlər. Digər əşyaların satıldığı şəxslər barəsində məlumat əldə edə bilməmişlər. Elşən bildirmişdir ki, zərərçəkmiş şəxs şikayət ərizəsində talanmış əmlakının çeşidini, sayını və qiymətlərini həddən artıq şişirdilmiş şəkildə yazmış, o, həmin obyektdən zərərçəkmiş şəxsin göstərdiyi sayda təmir ləvazimatı oğurlamamışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs onun bacısının əridir. O, Bakı şəhərinə Elşəngilə qonaq getdiyi zaman, Elşən onun icazəsi ilə ona məxsus olmuş, hazırda satdığı «Opel Astra» markalı ** UV *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. O, 17 aprel 2022-ci il tarixdə, axşam saatlarında Elşən işə getmək üçün ona məxsus «Opel Astra» markalı ** UV *** dövlət qeydiyyat nişanlı avtomobili istəmiş, o, etiraz etməmişdir. Daha sonra ona məlum olmuşdur ki, Elşən ona məxsus «Opel Astra» markalı ** UV *** dövlət qeydiyyat nişanlı avtomobil ilə əvvəllər işlədiyi obyektə gedərək oradan tikinti materialları və təmir ləvazimatlarını avtomobilə yükləyərək oradan uzaqlaşmış, daha sonra taksi vasitəsi ilə həmin əşyaları Salyan rayonuna apararaq müxtəlif şəxslərə satmışdır. Elşən satdığı elektrik mişarı və həyətdə qalan elektrik naqillərinin bir hissəsi sonradan istintaq orqanına təhvil verilmişdir. Elşən oğurluq etməsi barədə ona heç bir məlumat verməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, bir neçə ildir ki, Salyan şəhəri, Ələt-Astara Yolunun 96-cı kilometrliyində yerləşən metal qəbulu məntəqəsini icarəyə götürərək işlədir. Metal qəbulu məntəqəsi qış aylarında saat 09:00dan saat 17:00-dək, yay aylarında saat 16:00-dan 20:00-dək fəaliyyət göstərir. Məntəqədə videoqeydiyyat aparan müşahidə kamerası mövcuddur və qeydə alınmış görüntülər bir ay ərzində yaddaş qurğusunda saxlanılır. 2022-ci ilin 15 iyul tarixinədək məntəqədə oğlu Elşad işçi kimi işləmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, qeyd olunan əşyaların metal qəbulu məntəqəsinə Təqsirləndirilən şəxs tərəfindən verilməsi barədə iş dəftərində hər hansı qeyd aparmamışdır. Təqsirləndirilən şəxs əşyaları satdığı şəxsin əlamətləri onun oğlunun əlamətəri ilə üst-üstə düşür, lakin, hal-hazırda oğlu Rusiya Federasiyasında olduğu üçün onunla əlaqə saxlaya bilmir. O, güman edir ki, oğlu Təqsirləndirilən şəxs metal qəbul edərkən məsuliyyətsizlik edərək iş dəftərində qeyd aparmamışdır. Cinayət işinin 23-24-cü vərəqəsində olan 20 may 2022-ci il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 20 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 60-63-cü vərəqələrində olan Sabunçu Rayon Məhkəməsinin 4(008)- 413/2022 saylı, 21 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin əvvəli 20 may 2022-ci il tarixdən hesablanılmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 89-cu vərəqəsində olan 01 avqust 2022-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, 17 aprel 2022-ci il tarixdə ünvan 2 ünvanında baş vermiş oğurluq hadisəsinin videogörüntülərini özündə əks etdirən 01 ədəd CD disk cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işi üzrə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin 117-ci vərəqəsində olan AZ-İİİ seriyalı, 690127 nömrəli, AZ-İİİ seriyalı, 045963 nömrəli və AZ-İİ seriyalı, 546936 nömrəli doğum haqqına şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı övladı var. Cinayət işinin 119-cu vərəqində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 119-cu vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 avqust 2022-ci il tarixli, 9/5655 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd göy rəngli, «KİRMİZİ» markalı “CT30” modelli mühərrikli elektrik mişarının (künckəsənin) istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin aprel ayına olan orta bazar qiyməti təxminən 700 manat müəyyən edilir. Cinayət işinin 120-ci vərəqəsində olan 20 sentyabr 2022-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, ibtidai istintaq zamanı aşkar edilərək götürülmüş 01 ədəd «KİRMİZİ CT30» markalı göy rəngli elektrik mişarı, elektrik naqillərinin qalıqları, 05 ədəd fırçalar, 02 ədəd «Clipsal» markalı elektrik qapayıcıları, 05 ədəd «Nova» markalı «sifon» adlanan plastik boru dəstləri, 68 ədəd bürünc boru başlıqları iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. Cinayət işinin 79-80-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 29 iyul 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Rzayev X1 Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum olunmuş, 30 may 2013-cü il tarixdə barəsində Azərbaycan Respubliksı Milli Məclisinin 07 may 2013-cü il tarixli “Amnistiya haqqında” Qərarının 1.4-cü bəndi tədbiq edilməklə təyin edilmiş cəzadan azad edilmişdir. Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 731/2022 saylı, 03 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz olunaraq o, məhkəmə iclas zalında həbsdən azad olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, digər iş materialları ilə onun yaşayış sahəsinə və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurması tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs “…Zərəçəkmiş şəxsin şikayət ərizəsində preferatorların, drellərin və 40 top elektrik naqillərini oğurlandığını qeyd etməsinə baxmayaraq, həmin əşyalar onun tərəfindən oğurlanmadığını” deməsi məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadələr kimi qəbul edilərək əsassız sayılır və bu hal iş üzrə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, protokollar, həmçinin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələr və digər iş materialları ilə təkzib olunmaqla rədd edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, himayəsində üç azyaşlı övladının olmasını, dəymiş zərərin ödənilməsini, zərərçəkmiş şəxsin şikayətinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində CM-nin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublilası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 20 may 2022-ci il tarixdən 03 aprel 2023-cü il tarixədək faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında olduğu 10 (on) ay 14 (on dörd) gün müddətinin 01 günü azadlığın məhdudlaşdırılması cəzasının 02 gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, X2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməli və X2 barəsində hökm qanuni qüvvəyə minənədək polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi ibtidai istintaq zamanı aşkar edilərək götürülmüş 01 ədəd «KİRMİZİ CT30» markalı göy rəngli elektrik mişarı, elektrik naqillərinin qalıqları, 05 ədəd fırçalar, 02 ədəd «Clipsal» markalı elektrik qapayıcıları, 05 ədəd «Nova» markalı «sifon» adlanan plastik boru dəstləri, 68 ədəd bürünc boru başlıqlarının Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında olduğu 10 (on) ay 14 (on dörd) gün müddətinin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 02 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilsin. İş üzrə maddi ibtidai istintaq zamanı aşkar edilərək götürülmüş 01 ədəd «KİRMİZİ CT30» markalı göy rəngli elektrik mişarı, elektrik naqillərinin qalıqları, 05 ədəd fırçalar, 02 ədəd «Clipsal» markalı elektrik qapayıcıları, 05 ədəd «Nova» markalı «sifon» adlanan plastik boru dəstləri, 68 ədəd bürünc boru başlıqlarının Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar