Məhkəmə qərarları › İş №1(008)-101/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-101/2024

01.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-101/2024 01.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Bəxdiyarlı Röyalə Qabil qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 1,067 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi, Xanlar küçəsinə daşımış, özünü şübhəli apardığına görə xx.xx.2023-cü il tarixdə saat 01 radələrində həmin yerdə Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin 14-cü PB-nə gətirilmiş, polis bölməsində üzərinə şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 1,067 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən bir neçə ay əvvəl psixotrop maddə olan metamfetamindən arada istifadə etmişdir. Adətən psixotrop maddəni Bakı şəhərində müxtəlif ərazilərində tanımadığı şəxslərdən alır. Sonuncu dəfə polis əməkdaşları tərəfindən saxlanılmazdan təxminən bir gün əvvəl Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün psixotrop maddə olan metamfetamin almış və sonra istifadə etməsi üçün üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 01 radələrində yaşadığı Sabunçu rayonu Maştağa qəsəbəsi Xanlar küçəsində gəzərkən, Sabunçu rayonu Balaxanı qəsəbəsindən aldığı metamfetamini də əynində olan boz rəngli şalvarın sağ cibinə qoymuşdur. xx.xx.2023-cü il tarixdə saat 01 radələrində Sabunçu rayonu Maştağa qəsəbəsi Xanlar küçəsində gəzərkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər. Polis əməkdaşları ondan şəxsiyyət vəsiqəsi və ya şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd təqdim etməsini bildirmişlər. Üzərində psixotrop maddə olan metamfetamin olduğu üçün o, həyəcanlanmış, bu da polis əməkdaşlarında şübhə yaratmışdır. Bundan sonra polis əməkdaşları ona 14-cü PŞ-nə getməyi təklif etmiş, o da etiraz etməyib polis əməkdaşları ilə birlikdə 14-cü PŞ-nə getmişdir, polis şöbəsində olarkən şəxsiyyəti müəyyən edildikdən sonra hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuş, vəkil ona təqdim edilmiş, şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs qismində Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir, sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməsi təklif edildikdə o etiraz etməmiş, lakin ərizə ilə müraciət edərək bildirmişdir ki, üzərinə şəxsi axtarış vəkilin iştirakı olmadan keçirilsin. Şəxsi axtarış keçirilərkən ona üzərində saxlanılması qanunla qadağan olunmuş maddə və ya əşya olub-olmaması barədə sual verilmiş, o da əynində olan boz rəngli şalvarın sağ yan cibindən içərisində psixotrop maddə saxladığı bir ədəd selofana bükülmüş bükümü təqdim etmişdir. Polis əməkdaşları həmin bükümü açdıqda içərisində ağ rəngli kristal şəkildə olan maddə olması müəyyən edilmişdir. Sorğu zamanı o, bildirmişdir ki, həmin maddə “patı” kimi tanıdığı psixotrop maddə metamfetamindir, həmin metafetamini şəxsi istifadəsi üçün əldə etmişdir, tanımadığı şəxsdən Sabunçu rayonu Balaxanı qəsəbəsində 20 manata almışdır. Ondan aşkar edilmiş psixotrop maddə polis əməkdaşları tərəfindən götürülərək zərfə qoyulmaqla qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərfi o və iştirakçılar imzalamışlar. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı heç bir fiziki zor və ya təzyiq tətbiq edilməmişdir, əməlindən səmimi peşmandır. Şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 14-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 01 radələrində Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Xanlar küçəsində 14-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid1lə xidmətdə olarkən bir nəfər şəxsin özünü şübhəli aparmasını görüb həmin şəxsə yaxınlaşmışlar. Özlərini təqdim edib yaxınlaşdıqları şəxsə şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini xahiş etmişlər. Həmin vaxt yaxınlaşdıqları şəxs üzərində şəxsiyyətini təsdiq edən sənədin olmamasını bildirərək onlardan yayınmaq istəmiş, suallara konkret cavab verməmiş, həmçinin nə isə gizlətməyə çalışmaqla onlarda şübhə yaratmışdır. Bu da onlarda yaxınlaşdıqları şəxsdə saxlanılması qanunla qadağan olunmuş əşya və ya predmet olması ilə bağlı şübhələr yaratmış, bu səbəbdən də həmin şəxsi Sabunçu RPİ-nin 14-cü PŞ-nə dəvət etmişlər. PŞ-də müəyyən edilmişdir ki, saxladıqları şəxs Təqsirləndirilən şəxsdur. Sonuncu ilə PŞ-də aparılan söhbət zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını ertiraf etmişdir. Bu səbəbdən də sonuncu PŞ-də xidməti otaqların birinə dəvət edilmiş, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, şübhəli şəxs qismində Azərbaycan Respublikası CPM-ninn 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilməklə bildiriş verilmişdir. Qeyd olunanlarla bağlı 14-cü PŞ-nin təhqiqatçısı tərəfindən müvafiq protokollar tərtib edilmiş, həmin protokolları Təqsirləndirilən şəxs imza etmişdir. Sonra sonuncunun üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməsi təklif edildikdə Təqsirləndirilən şəxs etiraz etməmiş, lakin ərizə ilə müraciət edərək bildirmişdir ki, üzərinə şəxsi axtarış vəkilin iştirakı olmadan keçirilsin. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs üzərində saxlanılması qanunla qadağan olunmuş maddə və ya əşya olub-olmaması barədə sual verilmiş, sonuncu əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd selofan bükümü təqdim etmişdir. Həmin bükümü açdıqda içərisində ağ rəngli kristal şəkildə olan maddə olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddə “patı” kimi tanıdığı psixotrop maddə metamfetamindir, həmin metamfetamini şəxsi istifadəsi üçün əldə etmişdir, tanımadığı şəxsdən Sabunçu rayonu Balaxanı qəsəbəsində 20 manata almışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə təhqiqatçı tərəfindən götürülərək zərfə qoyulmaqla qablaşdırılmış, qablaşdırılmış zərf PŞ-nin 100 saylı möhürü ilə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərfi Təqsirləndirilən şəxs və iştirakçılar imzalamışlar. Şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 14-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid2 ifadəsi ilə oxşar məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 23 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 01:00-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.13); şəxsi axtarış və götürmə aparılması haqqında 23 iyun 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf kiçik polietilenə bükülmüş maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin maddə barədə soruşduqda 01 ədəd şəffaf kiçik polietilenə bükülmüş maddənin “patı” deyilən narkotik vasitə metamfetamin olmasını, həmin maddəni Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 20 manata aldığını, özü istifadə etmək məqsədi ilə götürüb üzərində saxlayaraq daşımasını bildirmişdir. Götürülmüş maddə sübut əhəmiyyəti kəsb etdiyi üçün qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 100 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən videoçəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir (i.v. 24-25); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 iyun 2023cü il tarixli, 6/3506 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün №100” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,067 qram olan ağ rəngli kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir (i.v. 31-34); СD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə 23 iyun 2023-cü il tarixli protokoldan görünür ki, təhqiqatçı, polis kapitanı Müsəllim Müsəllimovun qarşısında dayanmış şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə rutulmuş hüquq və vəzifələrini izah edir və ona üzərində hər hansı qanunsuz saxlanılan əşya, maddə olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif edilir. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümü çıxarıb təqdim edir. Təhqiqatçı həmin bükümü açır və içərisində ağ rəngli kristalik şəkilli maddə olduğu aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilmiş maddənin “patı” kimi tanıdığı metamfetamin olduğunu və həmin metamfetamini Sabunçu rayonu Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 20 manata özünün istifadəsi üçün alaraq üzərində saxladığını bildirir. Daha sonra təhqiqatçı, polis kapitanı Müsəllim Müsəllimov tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bükümdə olan maddə zərfə qoyularaq qablaşdırılır, zərfin üzəri möhürlənir, Təqsirləndirilən şəxs və şəxsi axtarış zamanı iştirak etmiş digər iştirakçılar zərfin üzərini imzalayır (i.v.43); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 24 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin tarixdə saat 10:00-da həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v.44-45); vəsatətlərin müdafiə edilməsindən imtina edilməsi haqqında 24 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və onun dərhal Sabunçu RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır (i.v.63-65); polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında 24 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir(i.v.66-67); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 335.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat cərimə cəzasına məhkum edilmişdir(i.v.77-78); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 Şəxsinin 25 oktyabr 2023-cü il tarixli 6992 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs opoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.89-90); Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 25 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 1,067 qram olan ağ rəngli kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış, tədqiqatlardan sonra qalıq qalmış bir ədəd bükümdə təmiz çəkisi 1,017 qram psixotrop maddə metamfetamin Sabunçu RPİ-nin saxlancına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk sübüt əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə olunmuşdur (i.v.92-97); Məhkəmə iclasında bir ədəd “DVD” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, həmin görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 23 iyun 2023-cü il tarixli protokola uyğun olmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-101/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qismində qətimkan tədbirinə dəyişdirilməklə barəsində axtarış elan edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli 3-16-17/40/2-805/2024 nömrəli məktubundan görünür ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli axtarış qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə Bakı istintaq təcridxanasına gətirilmişdir. Gəncə Hərbi Məhkəməsindən daxil olmuş xx.xx.2018-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Gəncə Hərbi Məhkəməsinə 200 manat ödənilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz çəkisi 1,067 qram olan psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını(CM-59.2) cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü üzrə olan məhkumluğu Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən ödənilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixli hökm üzrə məhkumluğu ödənildiyindən, eyni zamanda azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluq olduğundan CM-nin 18.4-cü maddəsinə əsasən cinayətin residivi kimi nəzərə alına bilməz. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 23 iyun 2023-cü il tarixdən 24 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02(iki) gün müddət, 02 fevral 2024-cü il tarixdən 01 mart 2024-cü il tarixədək həbsdə saxlanıldığı 28(iyirmi səkkiz) gün müddət, ümumilikdə 30(otuz) gün müddət təyin edilmiş cəzaya hesablanmalı(CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli, dərhal məhkəmə iclas zalında azad olunmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, narkomaniyadan məcburi müalicə təyin edilməli(CM-93.1.2) və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı (CPM-132), 65 (altmış beş) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 iyun 2023-cü il tarixdən 24 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02(iki) gün müddət, 02 fevral 2024-cü il tarixdən 01 mart 2024-cü il tarixədək həbsdə saxlanıldığı 28(iyirmi səkkiz) gün müddət, ümumilikdə 30(otuz) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02(iki) ay azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış 1,017 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB **********2000207120, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar