Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-102/2024 09.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X3 iclas katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sabunçu rayon məhkəməsinin 30 mart 2023-cü il tarixlin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsi ilə 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş və qanunla müəyyən edilmiş qaydada götürülməmiş, ünvan 1-də qeydiyyatda olmaqla yaşayan, hal-hazırda barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs elan olunmuş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop madldəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 08 fevral 2023-cü il tarixdə səhər saatlarında Sabunçu rayonu, Nardaran qəsəbəsində yaşayan X1 20 müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq 01 ədəd bükümdə ümumi təmiz çəkisi 0,240 qram psixotrop maddə metamfetamini əldə edib üzərində daşıyaraq saxlamış, xx.xx.2023-cü il tarixdə saat 14:30 radələrində Sabunçu RPİ-42-ci PBnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, A.Zeynallı küçəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılmış və Sabunçu RPİ-nin 42ci bölməsinin inzibati binasına aparılmış, orada video çəkilişlə üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd siqaretin qızılı kağızına bükülmüş həmin 0,240 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bir müddət psixotrop maddə olan “şüşə”dən yəni, metamfetamindən istifadə edir. O, həmin maddəni müxtəlif ünvanlardan tanımadığı şəxslərdən almışdır. Təxminən iki aydır ki, Nardaran qəsəbəsi sakini olan X1 narkotik vasitə almışdır. 08 fevral 2023-cü il tarixdə səhər saatlarında Cavanşir Mövlanzadənin yaşadığı ünvana getmiş və 01 ədəd bükümdə metamfetamini 20 manata almışdır. Həmin tarixdə günorta saatlarında o, Nardaran qəsəbəsi, A.Zeynallı küçəsində X2 və X5 ilə görüşmüşdür. Həmin vaxt Cavanşirdən aldığı bir bükümdə metamfetamin onun üzərində olmuşdur. 08 fevral 2023-cü il tarixdə saat təxminən 14:40 radələrində X2 və X5 ilə Sabunçu rayonu, Nardaran qəsəbəsi, A.Zeynallı küçəsində olanda üç nəfər mülki geyimli şəxs onlara yaxınlaşmışdılar. Həmin şəxslər özlərini təqdim edərək 42-ci polis bölməsinin əməkdaşları olduğunu bildirib xidməti vəsiqələrini onlara təqdim etmişdilər. O, üzərində narkotik vasitə olduğundan polislərdən yayınmaq istəmişdir. Polislər onun yayındırıcı cavablarını görüb onu bölməyə dəvət etmişdilər. Bundan sonra polislər ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu polis bölməsinə dəvət etmişdilər. O, etiraz etmədən polis bölməsinə getmişdir. Orada onu xidməti otaqların birinə dəvət etmişdilər və narkotik vasitələrin qanunsuz saxlanılmasında, daşınmasında və gəzdirilməsində şübhəli olduğunu bildirmişdilər. Onun hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət edilmiş, vəkilinin iştirakı ilə şübhəli şəxs qismində tutulma protokolu tərtib edilmiş və ona hüquq və vəzifələri izah edilmişdir. Daha sonra onun üzərinə və üzərində olan əşyalara şəxsi axtarış keçiriləcəyini bildirmişdilər. Onun üzərində psixotrop maddə olan metamfetaminin olduğundan o, istəməmişdir ki, onu müdafiə edən vəkil bunu görsün. Ona görə ərizə ilə müraciət edərək şəxsi axtarış keçirilən zaman vəkilinin iştirakından imtina etmişdir. Bu zaman təhqiqatçısının otağında polis əməkdaşlarının iştirakı ilə video çəkilişdən istifadə etməklə üzərinə şəxsi axtarış keçirilmişdir. Polis bölməsində üzərinə baxış keçirilərkən ona üzərində olan əşyaları təqdim etməyini bildirdikdə o, əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir qızılı rəngli siqaret kağızına bükülmüş metamfetamini masanın üzərinə qoymuşdur. Həmin büküm polis əmskdaşları tərəfindən açılmışdır. Həmin bükümün içərisində ağ rəngli kristal şəkilli maddə metamfetaminə bənzər maddə olmuşdur. O, aşkar olunmuş maddənin psixotrop maddə olan metamfetamin olduğunu, həmin psixotrop maddəni 08 fevral 2023-cü il tarixdə səhər saatlarında Sabunçu rayonu, Nardaran qəsəbəsində yaşayan X1 20 manat müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan başqa üzərində hər hansı qanunsuz əşya və ya maddə aşkar edilməmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş və iştirak edən digər şəxslər həmin protokolu imzalamışdılar. Əməlindən səmimi peşman olmasını, Sabunçu rayon xəstəxanasında cərrahi əməliyyat keçirdiyindən hazırda səhhətində ciddi problemlər olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ 42-ci PB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Bakı şəhəri, Sabunçu rayon polis idarəsinin 42-ci polis bölməsinin baş əməliyyat müvəkkili işləyir, daxil olmuş əməliyyat məlumatına əsasən rəhbərlik tərəfindən Cavanşir Mövlanzadənin, Təqsirləndirilən şəxs və Pərviz Qasımovun barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilmişdir. Bundan sonra o, Cavanşir Mövlanzadənin, Pərviz Qasımovun və Təqsirləndirilən şəxs saxlanılması, üzərlərinə şəxsi axtarış, həmçinin, əşyalarına, nəqliyyat vasitəsinə və yaşayış yerlərinə baxış keçirilməsi məqsədi ilə 08 fevral 2023-cü il tarixdə əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul etmişdir. Həmin tədbirin həyata keçirilməsi üçün onun, 42-ci polis bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 və Şahid2 iştirakı ilə əməliyyat qrupu təşkil edilmişdir. Keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cavanşir Mövlanzadə, Təqsirləndirilən şəxs və Pərviz Qasımov birlikdə 08 fevral 2023-cü il tarixdə saat 14:40-da Nardaran qəsəbəsi A.Zeynallı küçəsində saxlanılaraq 42-ci polis bölməsinə aparılmış və nəzarətləri altında saxlanılmışdır. O, bu barədə polis bölməsinə raport yazmışdır. Polis bölməsinin təhqiqatçısı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini sadalamış, hüquqlarının müdafiəsi üçün vəkil tutmaq hüququnu izah etmişdir. Ona müdafiəçi təyin edilmiş, müdafiəçi polis bölməsinə dəvət olunaraq Hüseynə təqdim edilmiş, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuşdur. Hüseyn polis bölməsinə ərizə ilə müraciət edərək üzərində şəxsi axtarışın müdafiəçisi olmadan aparılmasını xahiş etmişdir. Saat 16:30 radələrində Hüseynin üzərində video çəkiliş vasitəsilə şəxsi axtarış aparmışdır. Onlar özlərini təqdim etmişdirlər. Şəxsi axtarış zamanı Hüseyn əynində olan qara rəngli cins şalvarının sol yan cibində olan qızılı rəngli siqaret kağızına bükülmüş bir ədəd bükümü çıxarıb masanın üzərində qoymaqla təqdim etmişdir, bundan başqa, Hüseynin üzərindən qanunsuz maddə, əşya, predmet aşkar edilməmişdir. Bükümün içərisində psixotrop maddə metamfetaminə bənzər maddənin olduğu müəyyən edilmişdir. Hüseyn həmin maddəni istifadə etmək məqsədi ilə Cavanşir Mövlanzadədən 20 manat pul müqabilində aldığını bildirmişdir. Təhqiqatçı metamfetaminə bənzər maddəni bükümdə bir ədəd zərfdə qablaşdırıb möhürləmişdir. Zərfin üzərində müvafiq qeydiyyat aparıldıqdan sonra imzalanmış və ekspertiza tədqiqatına göndərilməsi üçün zərf götürülmüşdür. Bununla da, Hüseynin üzərində aparılan şəxsi axtarış başa çatmışdır. Təhqiqatçı protokol tərtib etmiş, onlar protokolla tanış olub doğruluğunu imza ilə təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ 42-ci PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə verərək həmin xüsusatları bir daha təsdiq etdi. Şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 42-ci PB-nin baş əməliyyat müvəkkili Şahid3 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində şahidlər Şahid1 və Şahid2 ifadələrinə uyğun ifadə verərək onların göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir(i.v.90-92). İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 08 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:20 dəqiqədə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.20); şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla qadağan olunan yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş 01 bükümdə ağ rəngli kristalşəkilli maddə aşkar edilmişdir. Həmin maddənin metamfetaminə bənzər maddə olması aşkar edilmişdir. Həmin narkotik vasitəni Sabunçu rayonu Nardaran qəsəbəsində yaşayan X1 adlı 20 manata aldığını və istifadə üçün saxladığını bildirmişdir. Aşkar olunmuş metamfetaminə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 241 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir (i.v.26-27); məhkəmə-kimyəvi ekspertizasının 09 fevral 2023-cü il tarixli, 6/801 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: Tədqiqata təqdim edilmiş, üzərində “...(imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,240 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasnın Qanunu ilə təsdiq “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İİ) daxildir (i.v.37-40); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 10 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və dərhal saxlanıldığı MSY-dən azad edilməsi qərar alınmışdır (i.v.64-66); qətimkan tədbiri seçilməsi haqqında 10 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (i.v.67-68); məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 836 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulatorların birgə qəbul edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.79-80); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(008)-130/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla, onun cəzasından 04 (dörd) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (i.v.91-96); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sabunçu rayon məhkəməsinin 30 mart 2023-cü il tarixlin hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir (i.v.102-103); diskə baxış keçirilməsi haqqında 10 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, 08 fevral 2023-cü il tarixdə Sabunçu RPİ-nin 42-ci PB-nin inzibati binasında xidməti otaqların birində şəxsi axtarış və götürmə aparılması hərəkəti zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş kütləni və bir neçə ədəd özünə məxsus əşyaları çıxarıb təqdim etmiş, qızılı rəngli kağıza bükülmüş kütlənin “şüşə” adlandırdığı psixotrop maddə olan metamfetamin olduğunu bildirdi. Həmin narkotik maddəni “Cavanşir” adlı şəxsdən aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirdi. Daha həmin psixotrop maddə zərfə qoyularaq qablaşdırılmışdır (i.v.130); sübutların qiymətləndirilməsi barədə 11 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,240 qram psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış və tədqiqat zamanı aparılmış kimyəvi ekspertizası nəticəsində qalmış 0,190 qram qalığı təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir (i.v.133-139); Məhkəmə iclasında bir ədəd CD diskə baxış keçirilmiş, diskdə olan video görüntülərdən görünür ki, həmin görüntülər, şəxsi axtarış və götürmə aparılması haqqında 08 fevral 2023-cü il tarixli protokola uyğun olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli 152647-21-1/3-2618-9 saylı məktubundan görünür ki, Sabunçu rayon məhkəməsinin 1(008)-130/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış, xx.xx.2024-cü il tarixə cəzasının 06 ay 25 gün hissəsini çəkmiş, çəkilməmiş qalan cəza müddəti 02 il 05 ay 01 gün təşkil edir. X7 TQS 027 nömrəli xəstəlik tarixindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə bədənin çoxsaylı kəsilmiş deşilmiş yaraları diaqnozu ilə cərrahiyyə şöbəsinə qəbul edilərək əməliyyat olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz çəkisi 0,240 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qayda üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar (cinayətlərin məcmusu) üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(008)-130/2023 saylı hökmü üzrə olan məhkumluğunun hazırki cinayət əməlindən sonra baş verdiyini nəzərə alaraq hesab edir ki, CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(008)-130/2023 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar (CM-59.2) və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(008)-130/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03(üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökm ilə təyin edilmiş cəza ilə qismən toplanmaqla qəti cəza təyin edilməli(CM-66.2, 66.5), 19 iyun 2022-ci il tarixdən 20 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02(iki) gün, 08 fevral 2023-cü il tarixdən 10 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02(iki) gün, ümumilikdə 04(dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vemə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı, narkomaniyadan məcburi müalicə təyin edilməli(CM-93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə şəffaf rəngli sellofan bükümündə saxladığı təmiz çəkisi 0,240 qram olan, tədqiqatdan sonra qalıq qalan 0,190 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), 01 ədəd CD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, 81 (səksən bir) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02(iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(008)-130/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03(üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 02(iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 04(dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 iyun 2022-ci il tarixdən 20 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02(iki) gün, 08 fevral 2023-cü il tarixdən 10 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02(iki) gün, ümumilikdə 04(dörd) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 08 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 04(dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 03 il 11 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 15 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş qalıq qalmış 0,190 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 81(səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********0000001944, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-102/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-102/2024
09.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver