Məhkəmə qərarları › İş №1(008)-1021/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-1021/2023

13.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-1021/2023 13.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi- 0,303 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və şəxsi istehlak miqdarında təmiz çəkisi- 0,026 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 16 avqust 2023- cü il tarixdə saat 16:30-da Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində özünü şübhəli apardığma görə Sabunçu RPİ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb, 13-cü polis şöbəsinə gətirilərək, üzərində keçirilən şəxsi axtarış zamanı, əynində olan boz rəngli cins şalvarının sol cibindən bir ədəd qara rəngli sellofan bükümün içərisində saxladığı təmiz çəkisi- 0,303 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd ağ rəngli kağız bükümün içərisində saxladığı şəxsi istehlak miqdarında təmiz çəkisi - 0,026 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 5 ilə yaxındır ki, “patı” kimi tanıdığı psixotrop maddə metamfetamindən falqada çəkmə yolu ilə, “kakos” kimi tanıdığı narkotik vasitə heroindən isə bədəninə iynə vurma yolu ilə istifadə edir, istifadə etdiyi psixotrop maddəni və narkotik vasitəni Bakı şəhəri ərazisində müxtəlif yerlərdə tanımadığı şəxslərdən alır. 16 avqust 2023-cü il tarixdə təxminən saat 11 radələrində “patı” kimi tanıdığı psixotrop maddə və “kakos” kimi tanıdığı narkotik vasitə heroin almaq məqsədilə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsinə getmişdir. Zabrat qəsəbəsi ərazisində üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi “Fuad” adlı şəxsdən ümumilikdə 30 manata istifadəsi üçün bir ədəd qara rəngli sellofan bükümdə “kakos” kimi tanıdığı narkotik vasitə heroin, bir ədəd ağ rəngli kağız bükümdə “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin almış və həmin bükümləridə əynində olan boz rəngli cins şalvarının sol cibinə qoyaraq saxlamışdır ki, axşam istifadə etsin. Həmin gün təxminən saat 16:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi ilə piyada yaşadığı evə gedərkən, iki nəfər polis geyimində olan şəxslər ona yaxınlaşaraq Sabunçu RPİ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşları olduqlarını bildirərək adını, soyadını soruşmuşlar və şəxsiyyətini təsdiq edən sənəd istəmişlər, həmin vaxt onun üzərində heç bir sənəd olmadığından, cibində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğundan polis əməkdaşlarına üzərində sənəd olmadığını bildirmiş və tez bir zamanda polis əməkdaşlarından yayınmaq istəsə də, polis əməkdaşları buna imkan verməmişlər. Polis əməkdaşları onu sorğu sual etməyə başlamışlar, polis əməkdaşları ilə bir qədər söhbət etdikdən sonra narkotik vasitələrin, eləcə də psixotrop maddələrin istifadəsində ondan şübhələndiklərini deyib, onlarla birlikdə Sabunçu RPİ-nin 13-cü polis şöbəsinə getməsini təklif etmişlər. O, da etiraz etməmiş və polis əməkdaşlarının təklifi əsasında onlarla birlikdə 13-cü polis şöbəsinə getmişdir. Polis şöbəsində otaqların birində polis əməkdaşlarından biri ona qanunla dövriyyəsi əldə edilməsi, saxlanılması, daşınması qadağan olunmuş şübhəli bilinən əşya və predmetlərin saxlanmasında və gəzdirməsində şübhəli bilindiyi üçün Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanıldığını və polis şöbəsinə gətirildiyini bildirmişdir. Bundan sonra həmin polis əməkdaşı ona hüquqlarının müdafiə olunması üçün vəkil dəvət etmiş, vəkilin iştirakı ilə ona hüquq və vəzifələrini izah etmiş və video çəkliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasının zəruri olmasını bildirərək, müdafiəçinin iştirakı ilə və yaxud müdafiəçinin iştirakı olmadan video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasına etirazının olub-olmamasını soruşmuş, o, da müdafiəçinin iştirakı olmadan video çəkliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasına etiraz etməmiş və bu barədə ərizə vermişdir. Bundan sonra polis əməkdaşı ona üzərində qanunla saxlanılması, daşınması, istifadəsi qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməsini xahiş etmişdir. O, artıq hər bir şeyin polis əməkdaşlarına aydın olduğunu dərk etdiyindən və başqa çıxış yolu görmədiyindən, əynində olan boz rəngli cins şalvarının sol cibindən özünə məxsus bir ədəd “Huavei” markalı mobil telefonunu, içərisində “kakos” kimi tanıdığı narkotik vasitə heroin olan bir ədəd qara rəngli sellofan bükümünü və içərisində “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olan bir ədəd ağ rəngli kağız bükümünü çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra həmin bükümlər polis əməkdaşı tərəfindən bir-bir açılqdıqa içərisindən istifadəsi üçün aldığı narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilmişdir. Polis əməkdaşı təqdim etdiyi bükümlərdən aşkar olunmuş maddələrin nə olduğunu soruşanda, o, səmimi olaraq təqdim etdiyi ağ rəngli kağız bükümün içərisindən aşkar olunmuş maddənin “patı”, qara rəngli sellofan bükümün içərisindən aşkar olunmuş maddənin isə “kakos” deyilən narkotik olduğunu deyərək, 16 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən ümumilikdə 30 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, ondan götürülmüş içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olan bükümlər qablaşdırılaraq möhürlənmiş və orada olan şəxslərlə yanaşı o, da protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, Sabunçu RPİ-nin 13-cü polis şöbəsində polis əməkdaşları tərəfindən ona qarşı fiziki zorakılıq göstərilməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini ona satan “Fuad” adlı şəxsin anket məlumatları barədə heç nə bilmir, onu elədə yaxından tanımır, yaşadığı yeri də dəqiq bilmir, ona Balaxanı qəsəbəsində yaşadığını demişdir, bir neçə dəfə ondan narkotik vasitə və psixotrop maddə metamfetamin almışdır. “Fuad” adlı şəxslə 3-4 aya yaxındır ki, Balaxanı qəsəbəsi ərazisində tanış olmuşdur, ona Maştağa qəsəbəsi ərazisində yaşadığını desə də, yaşadığı ünvanı dəqiq deməmişdir, ancaq özü tanıdığı şəxslərə narkotik vasitə və yaxud psixotrop maddə satırmış, əlaqə nömrəsi də verməmişdir, Zabrat qəsəbəsi ərazisində yerləşən “Ayxan” market var, onunla həmişə orada səhər saatlarında görüşmüşlər. Təsadüfən görəndə ondan narkotik vasitə heroin və yaxud psixotrop maddə metamfetamin almışdır. Əməlindən səmimi peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid2 ifadəsində göstərdi ki, Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri vəzifəsində xidmət edir. 16 avqust 2023-cü il tarixdə saat 16:30 radələrində Sabunçu Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis serjantı Şahid1 ilə birlikdə 6866 çağırışlı avtopatrulda inzibati ərazidə xidmət apararkən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində bir nəfər tanımadıqları şəxsin piyada hərəkət etdiyini, özünü şübhəli apardığını və onları görüb uzaqlaşmaq istədiyini görmüşlər. Həmin şəxs özünü şübhəli apardığı üçün ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etməklə polis əməkdaşları olduqlarını deyərək, ondan şəxsiyyətini təsdiq edən sənədini təqdim etməsini xahiş etmişlər, lakin həmin şəxs üzərində heç bir sənədinin olmamasını bildirmiş və onlardan yayınmağa çalışmışdır. Onlar həmin şəxslə bir qədər söhbət etdikdən sonra onun narkotik vasitənin təsiri altında olması, eləcə də, üzərində qanunla əldə edilməsi, saxlanması, daşınması qadağan edilən maddə, əşya və narkotik vasitə olması onlarda şübhə yaratmışdır. Bu səbəbdən də, onlar həmin şəxsi xidmət etdikləri inizbati ərazidə yerləşən Sabunçu RPİ-nin 13-cü polis şöbəsinə dəvət etmişlər. Həmin şəxs də, onlarla razılaşmış və onu qeyd etdiyi polis şöbəsinin Növbətçi Hissəsinə gətirib təhvil vermişlər. Polis şöbəsində həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs şöbəyə gətirilməsi ilə bağlı raportla şöbənin rəhbərliyinə məruzə olunmuşdur. Raport üzrə araşdırmanın aparılması 13-cü polis şöbəsinin təhqiqatçısına həvalə edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə şübhə yarandığından təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması ilə bağlı qərar qəbul edilmiş, ona şübhəli şəxs qismində tutulması ilə bağlı hüquq və vəzifələri izah edilərək dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Müdafiəçi gəldikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və barəsində şəxsi axtarış aparılacağı izah edilərək bununla bağlı qərar qəbul edilmişdir. Qərar qəbul edildikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarışın video çəkilişlə həyata keçiriləcəyi bildirilərək etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs video çəkilişlə şəxsi axtarış keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra ondan vəkilinin iştirakı ilə və yaxud vəkilinin iştirakı olmadan şəxsi axtarışın keçirilməsinə etirazının olubolmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs şəxsi axtarışın vəkilinin iştirakı olmadan keçirilməsinə etirazının olmadığını bildirmiş və bu barədə ərizə verdikdən sonra onun üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış zamanı ona təklif edilmişdir ki, üzərində saxlanması, daşınması, istifadəsi qanunla qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etsin. Təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sol cibindən bir ədəd qara rəngli sellofan bükümünü, bir ədəd ağ rəngli kağız bükümünü və bir ədəd “Huavei” markalı mobil telefonunu çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi bükümlər təhqiqatçı tərəfindən açıldıqda qara rəngli sellofan bükümün içərisindən qəhvəyi rəngli, tozşəkilli, spesifik iyə malik maddə, ağ rəngli kağız bükümün içərisindən isə ağ rəngli kristallardan ibarət maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd qara rəngli sellofan bükümün içərisindən aşkar olunmuş maddənin kakos deyilən narkotik vasitə, bir ədəd ağ rəngli kağız bükümün içərisindən aşkar olunmuş maddənin isə patı olduğunu deyərək, Zabrat qəsəbəsi ərazisində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən hər iki bükümdə olan maddəni ümumilikdə 30 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş içərisində maddələr olan bükümlər təhqiqatçı tərəfindən zərfə qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş, daha sonra bu barədə protokol tərtib edilmiş, həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalanmışdır. Şahid qismində dindirilmiş Sabunçu Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid2 ifadəsi ilə oxşar məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir(i.v.81-83); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 16 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:30-da Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.14); şəxsi axtarış və götürmə aparılması haqqında 16 avqust 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, avtomobilində, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sol cibindən bir ədəd “HUAVEİ” markalı mobil telefonu, bir ədəd qara rəngli sellofana bükülmüş və bir ədəd ağ rəngli kağıza bükülmüş bükülüləri çıxarıb təqdim etdi. Təqdim etdiyi 01 ədəd qara rəngli sellofan bükümü açıldıqda içərisində qəhvəyi rəngli, tozşəkilli maddə və bir ədəd ağ rəngli kağıza bükülmüş büküm açıldıqda isə içərisində ağ rəngli kristal formalı maddə aşkar olundu. Həmin şəxs sorğu zamanı qara rəngli sellofanda olan qəhvəyi rəngli, tozşəkilli maddənin narkotik maddə heroin, bir ədəd ağ kağıza bükülmüş bükümdəki ağ rəngli kristal formalı maddənin “Patı” olduğunu, xx.xx.2023-cü il tarixdə Zabrat qəsəbəsində üzdən tanıdığı, heç bir anket məlumatlarını bilmədiyi şəxsdən 30 manat pulun müqabilində şəxsi istifadəsi üçün aldığını, bundan sonra həmin günü saat 16:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq 13-cü PŞ-nə gətirildiyini bildirdi. Vətəndaş Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd qara rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli, tozşəkilli və bir ədəd ağ rəngli kağıza bükülmüş içərisində ağ rəngli kristal formalı maddələr bir ədəd kağız zərfdə qablaşıdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 160 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən iş üçün sübut əhəmiyyətinə malik ola biləcək heç bir digər əşya, predmet və ya maddə aşkar olunmadı. Şəxsi axtarış və götürmə gündüz vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən videoçəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir(i.v. 28-29); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 avqust 2023-cü il tarixli, 3-16-16/2-6/4403 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 160” dairəvi möhür əksi və ‘‘ ...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr 2 büküm; Şübhəli şəxs: imza, iki imza, Təhqiqatçı: K.Əliyev - imza ...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi - 0,303 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 01 (bir) ədəd bükümdəki təmiz çəkisi - 0,026 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfelamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir (i.v. 34-37); CD diskdə olan video görüntüyə baxış keçirilməsi haqqında 18 avqust 2023-cü il tarixli protokoldan görünür ki, video çəkiliş zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları ilə birlikdə polis şöbəsindəki xidməti otağa daxil olurlar, əvvəlcə Sabunçu RPİ-nin 13-cü polis şöbəsinin təhqiqatçısı, polis kapitanı Kənan Əliyev özünü təqdim edir, sonra Sabunçu RPİ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşları və Təqsirləndirilən şəxs özlərini təqdim edirlər. Bundan sonra Post Patrul Xidməti Bölüyünün əməkdaşı Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində xidmət apararkən Təqsirləndirilən şəxs özünü şübhəli apardığını və narkotik vasitələrin istifadəsində ondan şübhələndiklərini deyərək, Sabunçu RPİ-nin 13-cü polis şöbəsinə gətirdiklərini bildirir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edir, daha sonra video çəkliş vasitəsi ilə üzərində şəxsi axtarış keçiriləcəyini bildirərək, müdafiəçinin iştirakı olmadan video çəkliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasına etirazının olub-olmamasını soruşur, Təqsirləndirilən şəxs da etiraz etmir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməsini xahiş edir. Təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sol cibindən bir ədəd “Huavei” markalı mobil telefonu, bir ədəd qara rəngli sellofan bükümünü və bir ədəd ağ rəngli kağız bükümünü çıxardaraq masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi bükümlər təhqiqatçı tərəfindən açıldıqda içərisindən maddələr aşkar olunur. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd ağ rəngli kağız bükümün içərisindən aşkar olunmuş maddənin patı, bir ədəd qara rəngli sellofan bükümün içərisindən aşkar olunmuş maddənin isə kakos deyilən narkotik olduğunu deyərək, səhər saatlarında Zabrat qəsəbəsi ərazisində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən hər iki bükümdə olan maddəni ümumilikdə 30 manata şəxsi istifadəsi üçün aldığmı bildirir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş içərisində maddələr olan bükümlər təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılır, qablaşdırılmış zərf möhürlənir, şəxsi axtarış və götürmədə iştirak edən şəxslər tərəfindən imzalanır və bununla da çəkiliş sona çatır (i.v.68-69); Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi haqqında vəsatətin müdafiə olunmasından imtina edilməsi haqqında 18 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və onun dərhal Sabunçu RPİ-nin MSYdən azad edilməsi qərara alınmışdır (i.v.78-80); Qətimkan tədbirinin seçilməsi barədə 18 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir(i.v.81-83); Maddi sübut kimi tanıma haqqında 21 avqust 2023-cü il tarixli qərradan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bir ədəd qablaşdırılmış kağız paketin içərisində bir ədəd bükümdə təmiz çəkisi – 0,303 qram olmuş narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi – 0,026 qram olmuş psixotrop maddə metamfetamin maddi sübut hesab olunmuş, heroinin tədqiqata 0,05 qram sərf edilməsi nəzərə alınmaqla 0,253 qram qalığı, metamfetaminin tədqiqata 0,02 qram sərf edilməsi nəzərə alınmaqla 0,006 qram qalığı saxlanılması üçün Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir (i.v.90); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir(i.v.101-102); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 Şəxsinin xx.xx.2023-cü il tarixli 7168 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.104-105); şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü azyaşlı uşağı vardır(i.v.106-107); Sübutların qiymətləndirilməsi haqqında 09 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış və götürmə aparılması zamanı video görüntüləri əks olunmuş CD disk cinayət işi üzrə maddi sübut hesab edilmiş və cinayət işinə əlavə edilmişdir(i.v.108-116); Məhkəmə iclasında bir ədəd “CD” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, həmin görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 16 avqust 2023-cü il tarixli protokola uyğun olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,303 qram olan narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz çəkisi 0,026 qram olan psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunmur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ümumi təmiz çəkisi 0,026 qram olan psixotrop maddə metamfetaminin çəkisi şəxsi istehlak miqdarından, yəni 0.15 qramdan az olduğundan və tərkib yaratmadığından həmin bənd ona verilmiş ittihamdan çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını(CM-59.1.4), həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını(CM-59.2) cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs ACDİÜ AR məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü üzrə olan məhkumluğu Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən ödənilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2010-cu il tarixli hökm üzrə məhkumluğu ödənildiyindən cinayətin residivi kimi nəzərə alına bilməz. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 16 avqust 2023-cü il tarixdən 18 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət təyin edilmiş cəzaya hesablanmalı(CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, narkomaniyadan məcburi müalicə təyin edilməli(CM-93.1.2) və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə və psixotrop maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “CD” disk iş materiallarında saxlanılmalı (CPM-132), 92 (doxsan iki) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 avqust 2023-cü il tarixdən 18 avqust 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il 06(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Sabunçu RPİ-nin saxlancına təhvil verilmiş, bir ədəd bükümdə təmiz çəkisi - 0,303 qram, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,253 qram narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi - 0,026 qram, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.006 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 14 iş saatına görə 84 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB **********2000207120, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar