Məhkəmə qərarları › İş №1(008)-1043/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-1043/2023

22.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-1043/2023 22.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X23 İmanovanın sədrliyi, Nuri Nihal Yusif oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, tərcüməçi Axund-zadə Ayşən Elmixan qızının, zərərçəkmiş şəxs X1, müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1976-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə (dərzi) məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2vanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən o, silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 14 radələrində. işlədiyi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsində yerləşən Bakıxanov Ticarət Mərkəzindəki dərzi otağında olarkən 2022-ci ilin avqust ayından İsmailova Gyulmıradan (X2) götürdüyü don sifarişini 15 gün ərzində tikəcəyinə söz verərək hazır etmədiyinə görə sonuncunun ondan ödənişini, donunu və ya dona görə verdiyi parçasını geri istəməsini cüzi səbəb kimi bəhanə edərək əsaslı səbəb olmadan öz şəxsiyyətini digər şəxslərin şəxsiyyəti fövqündə qoyub, özünün üstünlüyünü nümayiş etdirmək, müstəsna şəxsiyyət olmasını və başqalarından əsaslı surətdə fərqlənməsini təsdiq etmək niyyəti ilə istifadə etdiyi qayçını Gyulmıra İsmaılovaya (Gülmira İsmailovaya) nümayiş etdirərək sonuncunun çiynindən tutub sinəsindən itələməklə dərzi yerindən ticarət mərkəzinin dəhlizinə çıxarmış, ictimai qaydanı, yəni insanlar arasında bərqərar olmuş davranış və etik qaydalarını, əxlaq normalarını kobud surətdə pozmuş, ticarət mərkəzində olan satıcı və müştərilərin gözü qarşısında cəmiyyətin üzvlərinə qarşı açıqca hörmətsizlik, ictimai qaydaya etinasızlıq ifadə edib xuliqanlıq əməlini törədərək, silah qismində istifadə etdiyi qayçı ilə qəsdən Gyulmıra İsmaılovanın (Gülmira İsmailovanın) sol əlindən vuraraq ona sol əlin deşilmiş-kəsilmiş yarası ilə nəticələnən xəsarət yetirdikdən sonra əlləri ilə müdafiə olunan Gyulmıra İsmaılovanın (Gülmira İsmailovanın) əlini buraraq sol əlin İV və V barmaqlarının ağrı və qismən hərəkət məhdudluğu ilə müşayiət olunan qançırları ilə nəticələnən, hər biri ayrı-ayrılıqda sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vuraraq silah qismində istifadə olunan əşyadan istifadə etməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona CM-nin 221.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, İsmailova Gyulmıranı (X4) 2022-ci ilin avqust ayının əvvəllərindən müştəri kimi tanımış, ədavətləri və ya düşmənçilikləri olmamışdır. 2022-ci ilin avqust ayının əvvəllərində İsmailova Gyulmıra (X9) işlədiyi Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsində yerləşən Bakıxanov Ticarət Mərkəzindəki dərzi yerinə gəlib özü ilə gətirdiyi parçadan don tikməsini istəmişdir. O, sifarişi qəbul edərək donun tikilməsinə 40 manat istəmiş, söz vermişdir ki, donu 15 günə hazır edəcək. Təxminən 15 gün sonra sifarişi tam hazır etmiş, həmin ərəfədə İsmailova Gyulmıra (X9) donunu götürüb getmişdir. Növbəti gün İsmailova Gyulmıra (X9) donu götürüb yanına gəlmiş və donda köhnədən düymə yerinin qaldığını bildirmiş, düymə yerini tikməsini istəmişdir. O, heç bir söz demədən problemi aradan qaldıracağını bildirərək donu götürmüşdür. Təxminən 3 ay sonra İsmailova Gyulmıra (X9) yanına gələrək donunu istəmiş, o, bildirmişdir ki, çoxlu sifariş götürdüyü üçün donunu düzəldə bilmir, getsin, hazır olanda özü xəbər edəcək. Lakin onun sifarişləri çox olduğundan həmin sifarişləri işləmiş, İsmailova Gyulmıranım (X3) donunu hazır etməyə vaxtı qalmamışdır. xx.xx.2023-cü il tarixdə, saat 14 radələrində İsmailova Gyulmıra (X9) onun yanına gəlib içəri keçmiş və paltarını istəmişdir. O, son zənglə əlaqədar çoxlu sifarişlər götürdüyü üçün donu hazır etmədiyini demişdir. İsmaılova Gyulmıra (X9) paltarını və ya 40 manat pulunu geri qaytarmasını istəmişdir. O, hazırdaz pulunun olmadığını, sabah ona pulunu qaytaracağını demişdir. Bu zaman Gülmira Şaxbanova masanın üzərində olan çayniki götürüb masaya vurmuşdur. Bu zaman çaynikdə olan isti su masanın, o cümlədən, onun üzərinə tökülmüşdür. O, Gülmira Şaxbanovaya çıxıb getməsini bildirmiş, Gülmira isə pulunu almadan heç yerə getməyəcəyini bildirmişdir. Bu zaman o, Gülmiranın qolundan tutaraq onu dükandan çölə çıxarmışdır. Həmin vaxt hər ikisi ucadan danışdıqlarından digər mağazalarda olan satıcılar da oraya gəlmişlər. Lakin o, Gülmira Şaxbanovanı vurmamış və onlardan heç biri digərinə qarşı söyüş və nalayiq ifadələrdən istifadə etməmişlər. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi dükandan çölə itələyərkən əlində qayçı olduğunu, lakin qayçını zərərçəkmiş şəxsi vurmaq üçün götürmədiyini, zərərçəkmiş şəxs dükana gələn zaman onun əlində qayçı ilə iş gördüyünü, bu səbəbdən də qayçının əlində qaldığını, zərərçəkmiş şəxsi qayçı ilə vurmadığını, nə də əlini burmadığını, zərərçəkmiş şəxsin 102 Xidmətinə zəng edən zaman əlində qan olmadığını, lakin bir qədər sonra polis əməkdaşları ilə gələn zaman əlində qan olduğunu, həmin xəsarətin zərərçəkmiş şəxsə onun tərəfindən yetirilmədiyini bildirmişdir. Sonrakı məhkəmə iclasında təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını bildirərək əməlinin AR CM-nin 128-ci maddəsinə tövsif edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs dərzi kimi 2022-ci ilin avqust ayından tanımışdır. 2022-ci ilin avqust ayında don tikdirmək üçün tanış axtararkən ona Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsində yerləşən, el arasında “Razin Talkuçkası” adlanan Bakıxanov Ticarət Mərkəzində dərzi işləyən Təqsirləndirilən şəxs məsləhət bilmişlər. O, 2022-ci ilin avqust ayında özünə don tikdirməsi üçün parça alaraq Təqsirləndirilən şəxs işlədiyi Bakıxanov Ticarət Mərkəzində yerləşən dərzi yerinə getmişdir. Təranə ondan ölçü götürərək donun tikilməsi üçün 40 manat istəmiş, 10-15 gün ərzində hazır olacağını bildirmişdir. Sifariş verdiyi vaxtdan 15 gün keçdikdən sonra donunu götürməsi üçün Təranənin iş yerinə getmiş və donu götürərək evinə getmişdir. Evdə dona baxarkən paltarın tikilməsində ciddi qüsurlar olduğunu, tikişlərin düzgün qoyulmadığını görmüşdür. Səhərisi gün dərzi dükanına yaxınlaşaraq Təranəyə donun düzgün tikilmədiyini bildirmiş, Təranə isə ona qüsuru aradan qaldıracağını bildirmişdir. Ondan sonra o, dəfələrlə Təranə ilə əlaqə saxlasa da, Təranə işlərinin çox olduğunu, onun sifarişini hələ hazır edə bilmədiyini demişdir. Bu minvalla donunun hazır olması 5-6 ay, yəni 2023-cü ilin yanvar-fevral ayınadək uzanmış, donunun hazır olması üçün 5-6 ay ərzində dəfələrlə Təranənin yanına gedib gəlməli olmuşdur. O, Təranənin yanına gedib gəlməkdən yorulduğundan artıq Təranə ilə mobil telefonu vasitəsi ilə əlaqə saxlamış, lakin son dövrlər Təranə artıq onun zənglərinə də cavab verməmişdir. Odur ki, xx.xx.2023-cü il tarixdə Təranənin işlədiyi Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsində yerləşən Bakıxanov Ticarət Mərkəzindəki dərzi yerinə gəlmişdir. Təranə dərzi yerində tək olmuş və öz yerində oturaraq paltar tikirmiş, o, isə ayaq üstə masanın arxasında dayanmışdır. O, Təranədən paltarı barədə soruşduqda Təranə ona paltarının hazır olmadığını bildirmişdir. Bu zaman o, Təranədən 40 manat pulunun qaytarılmasını tələb etmiş, Təranə isə hazırda pulunun olmadığını deyərək “nə vaxt pulum olar onda da verərəm” bildirmişdir. O, Təranədən pulunun həmin an verilməsini tələb etmiş və aylardır onu aldatdığını, paltarını hazır etmədiyini bildirmiş və ondan şikayət edəcəyini demişdir. Təranə isə ona “get hara şikayət edirsən et” demişdir. Bu zaman o, getməyəcəyini dedikdə Təranə əlində olan qayçı ilə onun üzərinə gəlmişdir. O, qorxduğundan yanındakı stolun üstündə olan elektrik çayniki vurub aşırmış və çaynikdəki su yerə dağılmışdır. Bundan sonra Təranə onu itələyərək dükandan şölə çıxarmışdır. Onların hər ikisinin səsinə orada olan adamlar gəlmişlər. Bu zaman o, Təranənin əlində olan qayçıdan müdafiə olunmaq üçün əlini ona tərəf uzatdıqda Təranə qayçını onun əlinin üstünə batırmış və əlini burmuşdur. Bundan sonra o, 102 Xidmətinə zəng etmiş və ticarət mərkəzindən çölə çıxaraq polislərin gəlməsini gözləmişdir. Daha sonra polislərlə birlikdə hadisə yerinə qayıtmışdır. Hadisə vaxtı Təranə ilə bir-birilərinə qarşı söyüş və nalayiq sözlər işlətməmişlər. Hazırda təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödədiyindən o, təqsirləndirilən şəxslə barışmış və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun illərdir ki, Bakıxanov ticarət mərkəzində dərzi kimi işləyir. Onun özünün dükanı isə Təranənin dükanının düz yanında yerləşir. Hadisə günü o, Təranənin dükanından səslər gəldiyini eşitmişdir. O, öz dükanından çölə çıxan zaman Təranə ilə bir qadının mübahisə etdiyini, Təranənin paltarının su içində olduğunu, Təranə ilə həmin qadının biri-biriləri ilə uca səslə danışdıqlarını görmüş, lakin onlardan heç biri nalayiq ifadələr işlətməmişlər. Təranə həmin qadını vurmamış, qadının əlində heç bir xəsarət olmamışdır. Həmin qadın, yəni zərərçəkmiş şəxs onların yanında 102 Xidmətinə zəng etmiş və həmin vaxt heç bir xəsarət olmamış, qadın polis əməkdaşları ilə qayıdan zaman isə əlində xəsarət olmuşdur. Həmin xəsarəti ona Təranə yetirməmişdir. Əksinə həmin qadın Təranəyə demişdir ki, onun başına oyun açacaq. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid müstəntiqə məhz Təranənin səsinə çölə çıxaraq hadisə yerinə gəldiyini bildirmədiyini, Təranə və onunla mübahisə edən qadınının, yəni hər ikisinin səsinə gəldiyini, gələrkən Təranənin paltarının su içində olduğunu gördüyünü dediyini, lakin müstəntiqin diktəsi ilə onun dediklərini yazdığını, müstəntiqin ona “sən mənim dediklərimi yaz, narahat olma, mən insan incidən adam deyiləm” dediyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, o, Bakıxanov Ticarət Mərkəzində işləyir. Təqsirləndirilən şəxs uzun illərdir ki, həmin ticarət mərkəzində dərzi kimi işləyir. İndiyədək Təranənin kiminləsə mübahisə etdiyini görməmişdir. Hadisə günü o, öz dükanında olarkən səs-küy eşitmiş və dükanından çıxararaq səs-küy gələn tərəfə gedərkən görmüşdür ki, hadisə yerinə çox sayda insan yığışmış, lakin artıq mübahisə sona çatmışdır. O, hadisə yerində Təranənin kimisə vurmasını, ümumiyyətlə zərərçəkmiş şəxsi hadisə yerində görməmişdir. Şahid məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Məhkəmə iclasında dindirilmiş ekspert X13 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxsdə aşkar edilmiş deşilmiş-kəsilmiş xəsarət onun əlinin elə nahiyyəsindədir ki, həmin hissədən dərhal qan gəlməməsi, qanın bir neçə saniyə və ya dəqiqə sonra gəlməsi mümkündür. Belə ki, əlin həmin hissəsindən arterial venalar keçmədiyindən xəsarət nəticəsində həmin hissədən dərhal qan gəlməməsi realdır. Lakin həmin xəsarətin şəxsin özü tərəfindən yetirilməsi də mümkün olan haldır. Sadəcə ərərçəkmiş şəxsin özünün göstərdiyi xüsusatlar, o cümlədən, ekspertizaya təqdim edilmiş sənədlər əsasında həmin xəsarətin şəxsin özü tərəfindən yetirilməsinin istisna olunduğu göstərilmişdir. Zərərçəkmiş şəxsin barmaqlarında olan hərəkət məhdudluğunun isə onun əlinin harasa dəyməsi nəticəsində yaranması və ya həmin xəsarətin şəxsin özü tərəfindən yetirilməsi istisna olunur. Məhkəmə iclasında dindirilmiş müstəntiq X16 ona ünvanlanmış suallara cavab olaraq göstərmişdir ki, əslində o, Təqsirləndirilən şəxs əməlinin AR CM-nin 128-ci maddəsi ilə tövsif edilməsi qənaətində olmuşdur. Sonradan təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi vurmadığını bildirərək onun tərəfindən olan şahidlərin dindirilməsini xahiş etmişdir. Şahidlər dindirildikdən sonra şahidlər səs-küyə şahid olduqlarını bildirdiklərindən təqsirləndirilən şəxsin əməlində xuliqanlıq cinayətinin tərkibinin olması nəticəsinə gəlmişdir. Şahidləri hadisə baş verən ticarət mərkəzində dindirilmiş və onlar hər biri öz xətti ilə ifadələrini yazmışlar. Şahidlərdən heç biri Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi vurmasını görməsə də, Təranənin səsinə yığışmılar ki, bu da ictimai qaydanın pozulması və şəxsin əməlində AR CM-nin 221-ci maddəsinin tərkibinin olması nəticəsinə gəlməyə kifayət edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” 18 iyun 2023-cü il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsindəki “Bakıxanov” Ticarət Mərkəzinin içərisindəki “Dərzi” yazılan obyektin qarşısıdır (i.v.4-5). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X14” X25 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş məhkəmə Tibb Ekspertizasının 25 iyun 2023-cü il tarixli, 1412 saylı rəyindən görünür ki, İsmaılova Gyulmırada (X5) sol əlin deşilmiş-kəsilmiş yarası və sol əlin İV, V barmaqlarının ağrı və qismən hərəkət məhdudluğu ilə müşayiət olunan qançırları müəyyən edildi. Xəsarətlərdən sol əlin deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşya (alət) təsirindən törənmişdir, qayçı ilə törənə bilər, sol əlin İV, V barmaqlarının ağrı və qismən hərəkət məhdudluğu ilə müşaiyət olunan qançırları isə bərk küt əşya'(əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixə və şəraitə uyğun gəlir; dərəcəsinə görə ümumilikdə və hər biri ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də, müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur (i.v.22-24). “Maddi sübut kimi tanıma haqqında” 02 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi 01 ədəd qayçı iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır (i.v.50). “Qətimkan tədbirinin seçilməsi haqqında” 18 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.93). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 01 sentyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v.99). Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş yazılı ərizədən görünür ki, ona dəymiş zərər təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyindən o, təqsirləndirilən şəxslə barışmış və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş və onun əməli düzgün tövsif edilməmişdir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə 18 iyun 2023-cü il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla baş vermiş hadisəyə hüquqi qiymət verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə təqsirləndirilən və zərərçəkmiş şəxsin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən edilərək təhlil olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm ibtidai araşdırma, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələri müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə münasibətdə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Hadisə ilə bağlı həm ibtidai araşdırma materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, 18 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsində yerləşən Bakıxanov Ticarət Mərkəzində Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin əlinə öz əlində olan qayçı ilə xəsarət yetirmiş, daha sonra isə onun əlini burmuş və nəticədə zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutmaqla işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara qanuna və öz daxili inamına əsaslanıb qiymət verərək belə nəticəyə gəlir ki, 18 iyun 2023-cü il tarixdə baş vermiş hadisə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsində yerləşən Bakıxanov Ticarət Mərkəzində, yəni ictimai yerdə baş versə də, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə qarşı zor tətbiq edərkən hadisə yerində hər hansı kənar şəxs (şəxslər) olmamış, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi vurmasını hər hansı kənar şəxs (şəxslərin) görməsi müəyyən edilməmişdir ki, bu da onu deməyə əsas verir ki, ictimai qaydanın pozulması başqa şəxs üzərində zor tətbiq edilməsi və ya belə zorun tətbiq edilməsi hədəsi ilə və ya özgənin əmlakının məhv edilməsi yaxud zədələnməsi ilə müşayiət olunmadığından, belə olan halda təqsirləndirilən şəxsin hərəkətlərinin hüquqi təbiətini dəyişərək onun hərəkətlərinin şəxsin sağlamlığına qarşı yönəlmiş cinayətdən xuliqanlığa çevrilməsi yolverilməzdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. AR CM-nin 221.3-cü maddəsində isə AR CM-nin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduğu halda həmin maddə ilə cinayət məsuliyyətinin yaranması təsbit olunmuşdur. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Belə ki, "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.3-cümaddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Həmin qərarın 2-ci bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” 12 oktyabr 2022-ci il tarixli qərardadında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən əməl subyektiv cəhətdən ictimai qaydanın məhz xuliqanlıq motivi ilə kobud surətdə pozulması niyyətində ifadə olunur. Belə ki, təqsirkarın, şəxslər üzərində zor tətbiq etməklə və ya əmlakı məhv etmək yaxud zədələməklə ictimai qaydanı pozduğunu və cəmiyyətə açıq hörmətsizlik etdiyini dərk etməsi və bunu arzulaması, yalnız o halda cəmiyyət və ictimai qayda əleyhinə yönələn hərəkət kimi qiymətləndirilə bilər ki, bu əməl xuliqanlıq motivindən irəli gəlsin və şəxsi münasibətlər zəminində törədilməmiş olsun. Təhqir, xəsarət yetirmə, sağlamlığa zərər vurma və şəxsi-qərəzçilik münasibətlərinə əsaslanan, məişətdə və ya istehsalatda ailə üzvlərinə, qohumlara, tanışlara və ya həmkarlara qarşı törədilən digər əməllər yalnız o zaman xuliqanlıq cinayət tərkibini yarada bilər ki, onlarda ictimai qaydanı kobud surətdə pozmağa dair qəsd əlamətləri olsun. Bu baxımdan, “xuliqanlıq meyli və niyyəti” Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri əlamətini təşkil etdiyindən, belə məqsədin mövcudluğu sübutetmə predmetini təşkil edir. Məhkəmə təqdim edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsin hərəkətlərində xuliqanlıq motivinin olmaması qənaətinə gəldikdə, yəni təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğunu müəyyən etmədikdə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Məhkəmə, həmçinin, qeyd edir ki, xuliqanlıq formal tərkibli cinayət olduğundan və başa çatmış cinayət tərkibinin mövcud olması üçün ictimai təhlükəli nəticələrin baş verməsi tələb olunmadığından, kifayətdir ki, təqsirkar qərəzli hərəkətlərinin (digər şəxsə zor tətbiq etməsinin, zor tətbiq etməklə hədələməsinin, özgə əmlakını məhv etməsinin və yaxud zədələməsinin) xuliqanlıq kimi alçaq niyyətdən, yəni məhz ictimai qaydanı pozmaq istəyindən, bu qaydalara etinasızlığından, cəmiyyətin qəbul etdiyi dəyərlərə hörmətsizliyindən irəli gəlidiyini dərk etsin və məhz bu şəkildə (özünün ictimai qaydalardan, cəmiyyətin təqdir etdiyi dəyərlərdən üstün olduğunu nümayiş etdirməklə) şəxsə qarşı zor tətbiq etməsini, zor tətbiq etməklə hədələməsini, özgə əmlakını məhv etməsini və yaxud zədələnməsini arzu etsin (belə olan halda, təqsirkarın qərəzli hərəkətləri xuliqanlıq niyyətindən irəli gəlməklə xaraktercə də, yəni özü– özlüyündə ictimai qaydaları pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən məzmun daşıdığından, təqsirkarın əməlində xuliqanlıq cinayətinin tərkibini şərtləndirən bütün zəruri əlamətlər mövcud olur). Məhkəmə ilk növbədə istintaq orqanının Təqsirləndirilən şəxs AR CM-nin 221.3-cü maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi sübutların qiymətləndirilməsini zəruri hesab edir. Belə ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadələrindən görünür ki, o, ümumiyyətlə zərərçəkmiş şəxsi vurmadığını, aralarında paltar üstündə mübahisə olduğunu, hadisə günü zərərçəkmiş şəxslə mübahisə etsələr də, ona xəsarət yetirmədiyini bildirmişdir. Zərərçəkmiş şəxsin hadisə günü, yəni 18 iyun 2023-cü il tarixli izahatından görünür ki, o, həmin izahatında hadisə günü Təranə ilə aralarında mübahisə yarandığını, Təranənin qayçı ilə onun üzərinə gəldiyini, bu zaman arxaya doğru gedərək dərzi sexindən çölə çıxdığını, Təranənin onun sol əlinə qayçı ilə vurduğunu, sol əlinin ikinci barmağını vurub barmağını möhkəm zədələdiyini, 102 Xidmətinə zəng edərək bu barədə məlumat verdiyini bildirmiş, lakin izahatında həmin hərəkətlər baş verən zaman hadisə yerində başqa şəxslərin olması ilə bağlı xüsusata toxunmamış, yalnız 26 avqust 2023-cü il tarixdə zərərçəkmiş şəxs qismində dindirilərkən komputer vasitəsi ilə yazılmış ifadəsində Təranənin onu çoxsaylı insanların gözü qarşısında qayçı ilə vurduğunu, şillələdiyini, daha sonra isə barmaqlarını burduğunu, özünün isə ümumiyyətlə səsini çıxarmadığını bildirmiş, müstəntiq tərəfindən onun çayniki Təranəyə tərəf atması ilə bağlı verilmiş suala isə “Bunlar yalandır, mən bu tip insan deyiləm, mən Təranəyə səsimi belə qaldırmamışam, mən sakit dayanıb ağlayırdım” kimi cavab vermişdir (Halbuki, məhkəmə iclasında zərərçəkmiş şəxs özü Təranənin dərzi dükanında olan çayniki əli ilə vurub yerə atdığını, Təranənin ona getməsini bildirərkən pulunu qaytaranadək oradan çıxıb getməyəcəyini təkidlə dediyini və Təranə ilə mübahisə etdiyini göstərmişdir). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid, X15, X8, X18, X11 və X12 hər biri müstəntiqə eyni məzmunda verdikləri ifadələrində Təranənin səsini eşidərək onun işlədiyi dükana tərəf getdiklərini, lakin hadisə yerində kiminsə kimisə vurmasını görmədiklərini bildirmişlər. İbtidai istintaqı aparan müstəntiq dindirilmiş şahidlərinin bir nəfərinin belə ifadəsi ilə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi vurmasını görməsinin müəyyən edilməməsinə baxmayaraq şahidlərin Təranənin səsini və qışqırığını eşidərək onların Təranənin işlədiyi dükana tərəf getmələrini və hadisə yerində çoxlu sayda insanların yığışmalarını gördüklərini bildirmələrini xuliqanlıq cinayətinin tərkibinin yaranması və təqsirləndirilən şəxsin əməlinin AR CM-nin 221.3-cü maddəsi ilə tövsif edilməsi üçün yetərli hesab etmişdir. Məhkəmə iclasında sualları cavablandıran müstəntiq şahidlər dindirildikdən sonra şahidlərin səsküyə şahid olduqlarını bildirdiklərindən təqsirləndirilən şəxsin əməlində xuliqanlıq cinayətinin tərkibinin olması nəticəsinə gəldiyini, şahidlərdən heç birinin Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi vurmasını görmədiklərinə rəğmən Təranənin səsinə yığışmalarının ictimai qaydanın pozulması və şəxsin əməlində AR CM-nin 221-ci maddəsinin tərkibinin olması nəticəsinə gəlmək üçün kifayət etdiyini bildirmişdir ki, məhkəmə müstəntiqin göstərilən bu əsaslandırmasını absurd, qanunvericinin müəyyən etdiyi AR CMnin 221-ci maddəsinin dispozitiv şərtləri ilə bir araya sığmayan mövqe kimi qiymətləndirir. Müstəntiqin həmin yanaşmasına əsasən bir şəxsin öz səsi və qışqırığı ilə başqa şəxsləri narahat etməsi və onların dincliyini, yəni ictimai qaydanı pozması başqa şəxs üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməsə belə xuliqanlıq cinayətinin tərkibinin yaranması üçün yetərlidir. Halbuki, AR CM-nin 221.1-ci maddəsinin dispozisiyası qanunverici tərəfindən dəqiq müəyyən olunmuş və əməlin xuliqanlıq kimi tövsif olunması üçün nə başqa şəxs üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət olunmadan ayrılıqda ictimai qaydanın pozulması, nə də ictimai qaydanın pozulması müəyyən edilmədən ayrılıqda başqa şəxs üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin edilməsi kifayət etməməklə hər iki halın-həm ictimai qaydanın pozulmasının, həm də təqsirləndirilən şəxsin yuxarıda sadalanan qərəzli hərəkətlərinin birgə mövcud olması birmənalı şəkildə müəyyən edilmişdir ki, bu da müstəntiqin hazırki iş üzrə gəldiyi qənaətlə cinayət qanunu normasına şəxsi mülahizələri əsasında şərh verərək şəxsin əməlinə düzgün hüquqi qiymət verməməsinə dəlalət edir. Göründüyü kimi, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs əməlini AR CM-nin 221.3-cü maddəsi ilə tövsif edərkən istinad etdiyi yeganə sübut heç bir şahid ifadəsi və ya digər mötəbər sübutla öz təsdiqini tapmayan zərərçəkmiş şəxsin ifadəsidir ki, həmin ifadədə göstərilən və təqsirləndirilən şəxsin əməlinin xuliqanlıq kimi tövsif edilməsinə əsas olan hallar isə nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı sübuta yetirilməməklə təkzib edilmişdir. Bununla yanaşı, məhkəmə zərərçəkmiş şəxsin hadisədən 02 aydan artıq vaxt keçdikdən sonra 26 avqust 2023-cü il tarixdə müstəntiq tərəfindən guya zərərçəkmiş şəxsin sözlərindən yazılmış ifadəsinin ilkin izahatından fərqləndiyini, müstəntiqin həmin ifadədən sonra verilmiş suala cavab olaraq guya zərərçəkmiş şəxsin müstəntiqə hadisə vaxtı ümumiyyətlə səsini çıxartmadığını, Təranənin dərzi dükanında olan çayniki yerə atmadığını bildirməsinə dair həqiqətə uyğun olmayan ifadələri qeyd etməsini, bununla da təqsirləndirilən şəxsin əməlinə xuliqanlıq donu geyindirmək üçün zərərçəkmiş şəxsin ifadəsini təhrif etməsini də nəzərə alır (Belə ki, zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı hadisə zamanı Təranə ilə qarşılıqlı şəkildə mübahisə etdiklərini, Təranənin dükanında olan çayniki yerə atdığın və suyun yerə dağıldığını bildirmişdir). Məhkəmə proses iştirakçılarının məhkəmə iclasında verdikləri ifadələrə də ayrılıqda qiymət verilməsini və daha sonra həmin ifadələrlə müstəntiqin istinad etdiyi ifadələrinin müqayisəli təhlilinin aparılmasının məqsədəmüvafiq olması qənaətinə gəlir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ilkin olaraq zərərçəkmiş şəxsi ümumiyyətlə vurmadığını göstərsə də, sonradan zərərçəkmiş şəxsi vurduğunu etiraf edərək əməlindən peşman olduğunu, hadisə zamanı zərərçəkmiş şəxsə xəsarət yetirən zaman hadisə yerində heç kəsin olmadığını, zərərçəkmiş şəxslə onun səsinə digər mağazalardan başqa şəxslər gələn zaman onun zərərçəkmiş şəxslə sadəcə sözlü mübahisə etdiyini, həm zərərçəkmiş şəxsin, həm də özünün əsəbi olduğunu, lakin biri-birilərinə qarşı nalayiq ifadələr və söyüş işlətmədiklərini bildirmişdir. Bununla bağlı zərərçəkmiş şəxsə suallar ünvanlandıqda zərərçəkmiş şəxs hadisə yerinə çoxsaylı insanlar yığışsa da, onların Təranənin onu vurmasını görüb-görmədiklərini dəqiq bilmədiyini, Təranənin qışqırdığını, lakin onun ünvanına nalayiq ifadələr işlətmədiyini, sadəcə qışqıraraq ona çıxıb getməsini dediyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş şahidlər X12 və X11 hadisə günü hadisə yerinə yalnız Təranənin səsini eşidərək deyil, Təranə ilə bir qadının mübahisə etdiklərini eşidərək getdiklərini, onlar gedən zaman artıq demək olar ki, mübahisənin sonlandığını, Təranənin zərərçəkmiş şəxsi vurmasını görmədiklərini bildirmişlər. Göründüyü kimi, 18 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsində yerləşən Bakıxanov Ticarət Mərkəzində Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X7 xəsarət yetirən zaman hadisə yerində heç kəsin olmaması, həmin hadisəyə hər hansı kənar şəxsin şahidlik etməməsi, hadisə yerində yalnız təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin olması, kənar şəxslərin yalnız bundan sonra Təranə ilə Gülmiranın mübahisə etdiklərini və ucadan danışdıqlarını eşidərək hadisə yerinə gəlmələri və kənar şəxslərin yığışdığı zaman ictimai qaydanın pozulmasının başqa şəxsə zor tətbiq edilməsi və ya zor tətbiq edilməsi hədəsi ilə müşayiət olunmaması, bununla da təqsirləndirilən şəxsin əməlində xuliqanlıq cinayətinin tərkibinin olmaması mübahisəsiz qaydada müəyyən edilmişdir. Bununla yanaşı, nəzərə alınsa ki, xuliqanlıq cinayətin dispozitiv əlamətlərindən biri olan “cəmiyyətə açıqca hörmətsizlik etmə” özündə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsini ehtiva edir, hazırki halda isə hadisənin ictimai yerdə baş verməsinə baxmayaraq hadisə vaxtı zərərçəkmiş şəxsə xəsarət yetirilən zaman hadisə yerində heç kəsin olmaması, həmin hadisəni birbaşa görən bir nəfər şəxsin belə müəyyən edilməməsi Təqsirləndirilən şəxs əməlində xuliqanlıq cinayətinin tərkib əlamətlərindən biri olan obyektiv cəhətinin mövcud olmamasına dəlalət edir. İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamdan görünən odur ki, istintaq orqanı iki hala istinad edərək şəxsin əməlində xuliqanlıq cinayətinin tərkibinin olması qənaətinə gəlmişdir: 1. Hadisənin cüzi səbəbdən baş verməsi; 2. Hadisənin ictimai yer hesab olunan ticarət mərkəzində baş verməsi. Məhkəmə qeyd edir ki, əgər Təqsirləndirilən şəxs niyyəti müstəntiqin irəli sürdüyü ittihamda göstərdiyi kimi ictimai qaydanı pozmaq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək öz şəxsiyyətini digər şəxslərin şəxsiyyətlərinin fövqündə qoymaq olsa idi, o, zərərçəkmiş şəxsi digər şəxslərin görmədiyi şəraitdə deyil, səs-küy salaraq hadisə yerinə digər şəxslərin də gəlməsinə nail olduqdan sonra məhz digər şəxslərin görməsinin mümkün olduğu şəraitdə vurardı ki, bu hal isə nə ibtidai istintaq, nə də ki, məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamış, əksinə cinayət prosesi iştirakçılarının hər birininin ifadəsindəki xüsusatlarla təkzib olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan görünür ki, müstəntiq təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham irəli sürərkən həmin maddənin dispozisiyasında xuliqanlıq hadisəsini xarakterizə edən əlamətləri sadalamaqla kifayətlənmiş, təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmasını müəyyənləşdirməmiş və öz ehtimalları əsasında şəxsə ittiham irəli sürmüşdür. Halbuki, məhkəmə istintaqı zamanı şübhəsiz qaydada müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hərəkətlərində ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi əlamətləri mövcud olmamış və onun belə niyyətinin olması öz təsdiqini tapmamışdır. Göründüyü kimi, hadisənin baş verdiyi yerdə ictimai qaydanın məhz kobud şəkildə pozulmasına, bu pozuntunun nədə ifadə olunduğunu göstərən, o cümlədən, cəmiyyətə açıqca hörmətsizlik edilməsinə dəlalət edən konkret hallar məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. Halbuki, “Məhkəmə hökmü haqqında” AR Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 30-cu bəndində göstərilmişdir ki, CM-in müvafiq maddəsində bu və ya digər əlamət şəxsin təqsirli bilindiyi cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlaməti kimi nəzərdə tutulduqda, cinayət əməli təsvir edilərkən həmin əlamətin sadəcə qeyd edilməsi ilə kifayətlənməməli, cinayətin təsvirində bu əlamətin mövcud olduğunu göstərən konkret faktlar da əksini tapmalıdır. Məsələn, xuliqanlıq cinayəti təsvir edilərkən CM-in 221.3-cü maddəsinin dispozisiyasına əsasən bu cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlamətləri kimi çıxış edən “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər” ifadəsi sadəcə təsvir edilməməli, bununla yanaşı cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən, hərəkətin qərəzliliyini aşkarlayan hallar əməlin təsvirində yer almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına əsasən cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən hüquqi qiymətdir. Lakin göründüyü kimi, ibtidai araşdırma orqanı AR CM-nin 221.3-cü maddəsinin dispozisiyasında xuliqanlıq cinayətini xarakterizə edən əlamətləri sadalamaqla kifayətlənərək, təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmasını müəyyənləşdirmədən, Təqsirləndirilən şəxs əməlinin hansı əlamətlərə əsasən məhz xuliqanlıq kimi qiymətləndirilməsinin, yəni onun xuliqanlıq hərəkətlərinin mahiyyətinin nədən ibarət olmasının, ictimai qaydanı pozmasının və cəmiyyətə qarşı açıqca hörmətsizliyinin onun konkret hansı hərəkətləri ilə ifadə olunmasını ona qarşı irəli sürülmüş ittihamda göstərmədən, təqsirləndirilən şəxsin şəxsiyyətini, əvvəlki davranışını, o cümlədən hadisəyə qədər sosial əlaqələrində hamılıqla qəbul edilmiş qaydalara, ictimai dəyərlərə münasibətini öyrənmədən sadəcə təqsirləndirilən şəxsin səsini eşidən şəxslərin narahat olaraq onun işlədiyi dükana tərəf gəlmələrinə əsaslanaraq əməli xuliqanlıq kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər.» Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, ibtidai araşdırma orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif etmişdir. Odur ki, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs qəsdi Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan onun əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa yüngül zərər vurma kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma— min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə baxışı zamanı məhkəməyə təqdim edilmiş zərərçəkmiş şəxs X3 ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənilmiş və onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs X6 ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət təqibinə AR CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan 01 ədəd qayçı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar