Məhkəmə qərarları › İş №1(008)-1044/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-1044/2023

13.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-1044/2023 13.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Salyan rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə, 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş, Salyan şəhəri, Ş.Ə.Hüseynzadə küçəsi ev 2-də qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Şəhər Şossesi yolu nömrəsiz evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 180.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmiş, özgənin əmlakını açıq talayıb təkrarən soyğunçuluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 26 avqust 2023-cü il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs2 Əlimurad oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yeni yaşayış massivi nömrəsiz fərdi evin həyətinin dəmir qapısının üzərindən həyətə qanunsuz daxil olub evin qabaq plastik pəncərəsinin şüşəsini özü ilə əvvəlcədən götürdüyü vintaçanla sındırdıqdan sonra pəncərəni açmaq yolu ilə evə daxil olaraq evin yataq otağındakı paltar dolabının içərisindən dəyəri 100 manat olan 01 ədəd Acer markalı notbuk, həmin dolabın içərisindən dəyəri 800 manat olan 01 ədəd qızıl üzük və evin digər otağındakı stolun üzərində olan pul kisəsindən 200 manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1100 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını açıq talama məqsədilə 29 avqust 2023-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən “Rus bazarı” nın yaxınlığında Zərərçəkmiş şəxs1 yaxınlaşaraq siqaret və siqareti yandırmaq üçün alışqan istədikdən sonra sonuncunun arxa sağ cibində pulqabı olduğunu görüb cinayətkar niyyətini həyata keçirmək üçün sonuncu ilə yanaşı Rus bazarı istiqamətində gedən zaman ünvan 1 ünvanında yerləşən Rus bazarının qarşısında Zərərçəkmiş şəxs1 əynindəki şalvarının arxa sağ cibindən həmin içərisində 670 manat pul olan 6 manat dəyərində pul qabını dartıb götürərək ələ keçirməklə açıq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 676 manat məbləğində maddi ziyan vurmaqla təkrarən soyğunçuluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,825 qram narkotik vasitə olan heroin əldə edərək üzərində saxlamaqla daşımış, 31 avqust 2023-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri, Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Sabunçu bazarının qarşısında özünü şübhəli apardığına görə ünvan 2 ünvanında yerləşən Bakı şəhəri, Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binasına gətirilib xidməti otaqda üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,825 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Vətən müharibəsi iştirakçısıdır. 4-5 aya yaxın müddətdir ki, narkotik vasitələrdən istifadə edir. Sabunçu rayonu ərazisində kafelərdə aşbaz işləmiş, son vaxtlar işləmədiyinə görə pulu olmamış və narkotik vasitəyə olan tələbatını və gündəlik maddi tələbatını ödəyə bilməmişdir. Bu səbəbdən oğurluq etmək qərarına gəlmişdir. 26 avqust 2023-cü il tarixdə saat 13 radələrində Binə qəsəbəsi, Atçılıq yeni yaşayış massivində küçədə gəzmiş, bir həyətin qarşısında dayanıb qapısına baxıb görmüşdür ki, qapı bağlıdır, bilmişdir ki, evdə heç kim yoxdur. Həmin həyətin dəmir darvazasından həyətə daxil olmuşdur. Həyətdə bağ olmuş, yerdə bir taxta nərdivan görmüş, həmin nərdivanı evin qabaq pəncərəsinin qarşısına söykəmiş və plastik pəncərəni özü ilə əvvəlcədən götürdüyü vintaçanla aça bilmədiyinə görə elə onunla da vurub pəncərənin şüşəsini sındırmışdır. Sonra pəncərəni açıb evə daxil olmuşdur. Tez evin otaqlarını axtarmağa başlamış, yataq otağındakı dolabı açıb görmüşdür ki, orada bir notbuk var, onu oğurlamış, sonra dolabın içərisini axtarmış və bir ədəd qızıl üzük tapmış, onu da oğulamışdır. Bundan sonra digər otağa keçmiş və stolun üstündə pul kisəsini görmüş, götürüb içərisinə baxıdıqda görmüşdür ki, içərisində 200 manat pul var, onu da oğurlayıb evə daxil olduğu pəncərədən evdən çıxmış və həyətin darvazasından küçəyə keçib oradan uzaqlaşmışdır. Həmin evdən oğurladığı notbuku tutulmamışdan əvvəl kirayədə yaşadığı evdə saxlamışdır. Oğurladığı pulu özünün gündəlik maddi tələbatına və narkotik vasitə almağına xərcləmişdir. Qızıl üzüyü isə Zabrat qəsəbəsində hazırda xatırlamadığı qızıl alışı-satışı yerinə satmışdır. Ondan da əldə etdiyi pulu öz maddi tələbatına xərcləmişdir. 29 avqust 2023-cü il tarixdə Sabunçu rayonunda yerləşən Sabunçu bazarının içərisində sonradan tanıdığı Zərərçəkmiş şəxs1 görmüşdür. Onun arxa cibində uzun, qara rəngli pulqabı olmuşdur. Həmin pul qabının içərisində pul olduğunu düşünüb onu talamaq qərarına gəlmişdir. Zərərçəkmiş şəxs1 toyuq almaq istədiyini görüb ona yaxınlaşaraq sonuncuya özündə xoruz olduğunu bildirmişdir. Məqsədi onu həmin yerdən uzaqlaşdırıb cibindəki pulqabını götürüb qaçmaq olmuşdur. Çünki, həmin vaxt maddi sıxıntıları olmuşdur. Təxminən 3 ay qabaq dostuna məxsus mobil telefonu Lombarda qoyub pul götürmüş və həmin pulla ailəsi ilə birlikdə kirayə qaldığı evin aylıq ödənişini vermişdir. Qara ilə söhbət edərək birlikdə Sabunçu rayonu, Sabunçu vağzalına tərəf hərəkət etmişlər. Anidən Qaranın arxa cibindəki pulqabını götürüb qaçmağa başlamışdır. Dəmiryolu vağzalının yaxınlığında olan ara məhlələrə qaçaraq izini itirmişdir. Pulqabını açdıqda içərisində 457 manat pul, sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi, iş vəsiqəsi və 03 ədəd bank kartı olmuşdur. Həmin puldan 430 manatını Xətai rayonu, Əhmədli qəsəbəsinədə yerləşən Lombarda ödəyib dostuna məxsus mobil telefonu Lombarddan götürmüş, qalan pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Pulqabının içərisində olan sənədləri pulqabı ilə birlikdə Əhmədli qəsəbəsində zibil qabına atmışdır. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni 30 avqust 2023-cü il tarixdə tanımadığı İran İslam Respublikası vətəndaşının hesabına 25 manat pul ödəyərək Sabunçu rayonu, ABU petrolun yaxınlığında ona deyilən yerdən götürüb şəxsi istifadə məqsədilə üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Sabunçu rayonu, Sabunçu bazarının yaxınlığında olan zaman iki nəfər şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmişlər və xidməti vəsiqələrini təqdim edərək şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Üzərində heç bir sənəd olmadığından və üzərində narkotik vasitə olduğu üçün ifşa olunmağından qorxub onlardan yayınmağa çalışmışdır. Polis əməkdaşları ondan şübhələnmişlər və onu 12-ci polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində inzibati otaqların birində təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq hüquqları və vəzifələri izah edildikdən sonra ona hüquqlarını müdafiə etməkdən ötrü müdafiəçi təqdim edilmişdir. Daha sonra üzərinə videoçəkiliş aparılmaqla axtarış keçirilmişdir. Şəxsi axtarış aparılmazdan qabaq təhqiqatçı tərəfindən üzərində dövriyyəsi qadağan edilmiş hər hansı maddə, əşya və ya predmet olduğu halda təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə kakosu çıxarıb təqdim etmişdir. Şəxsi axtarış zamanı üzərindən başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və iştirak edən şəxslər protokolu imzalamışlar. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni 30 avqust 2023-cü il tarixdə tanımadığı İran İslam Respublikası vətəndaşının hesabına 25 manat pul ödəyərək Sabunçu rayonu, ABU petrolun yaxınlığında ona deyilən yerdən götürüb şəxsi istifadə məqsədilə əldə etmişdir. Əməlindən səmimi peşmandır, oğurluq etdiyi evdən götürdüyü notbuku qaytarmışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 29 avqust 2023-cü il tarixdə günorta saat 14:42 dəqiqədə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev küçəsində yerləşən “ARAZ” supermarketin qarşısında yerləşən ATM-də adına olan və istifadəsində olan Azərbaycan Beynəlxalq Bankına məxsus bank kartından 750 manat pul nağdlaşdırmış və üzərində gəzdirdiyi pulqabının içərisinə qoymuşdur. Həmin vaxt pulqabının içərisində 01 ədəd 20 manatlıq, bir neçə ədəd 1 manatlıq kağız pul əskinasları, şəxsiyyətini təsdiq edən sənəd, TamKart alışveriş kartı, Azərbaycan Beynəlxalq Bankına məxsus əmək haqqı kartı, sürücülük vəsiqəsi, avtomobilinin qeydiyyat şəhadətnaməsi, iş vəsiqəsi olmuşdur. Bundan sonra Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən Sabunçu Dəmiryolu vağzalının yaxınlığında fəaliyyət göstərən kafedə bir neçə bokal pivə içdikdən sonra elə Sabunçu qəsəbəsində, Dəmir yol vağzalının yanında yerləşən Rus bazarı deyilən bazara toyuq almaq üçün getmişdir. Üzərindəki puldan bəzi xərcləmələr etmişdir. Rus bazarının yanında olarkən təxminən saat 18 radələrində sonradan tanıdığı Təqsirləndirilən şəxs ona yaxınlaşaraq ona siqaret və yandırmaq üçün alışqan verməyini xahiş etmişdir. Ona bir ədəd siqaret vermiş və sonuncu onunla yanaşı söhbət edərək bazara doğru getməyə başlamışdır. Pulqabını arxa sağ cibinə qoymuş, pulqabı uzun olduğundan yarısı arxa cibindən çıxmışdır. Təqsirləndirilən şəxs onunla yanaşı gedərkən anidən arxa cibindəki pulqabını götürüb qaçmağa başlamışdır. O da sonuncunun arxasında qaçmağa başlamış, lakin ona çata bilməmiş və onun izini itirmişdir. Ertəsi gün ona iş yoldaşı Whatsapp mesajlaşma proqramı vasitəsilə səs qeydi göndərərək sənədlərinin olduğu pulqabının Ruslan adlı şəxs tərəfindən tapıldığını, həmin şəxsin Əhmədli qəsəbəsində Soliton mağazasının yaxınlığında olduğunu, onun da ora gedərək sənədlərini götürə biləcəyini bildirmişdir. O da 31 avqust 2023-cü il tarixdə həmin şəxsin mobil telefonuna zəng edərək onunla görüşmüş, Ruslan adlı şəxsin ona verdiyi pulqabı ona məxsus olmamış, lakin, sadaladığı sənədlər ona məxsus olmayan pulqabının içində olmuşdur. Hadisə 29 avqust 2023-cü il tarixdə saat 18 radələrində Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən Rus bazarı deyilən bazarın yaxınlığında baş vermişdir. Üzərində olan pullardan xərcləmələr etdikdən sonra pulqabında təxminən 670 manat pul qaldığını bilmişdir. Əlavə olaraq pulqabı da dəyişdirilmişdir. Həmin pulqabını 6 manata almışdır. Ona görə də hadisə nəticəsində ona 676 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona qarşı heç bir zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs yalan danışır. Pulqabının içərisində 670 manat pul olmuşdur. Ona dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Əlimurad oğlu ifadəsində göstərdi ki, hazırda Bakı şəhəri, Binə qəsəbəsi, Atçılıq yeni yaşayış massivi nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə yaşayır. 26 avqust 2023-cü il tarixdə evə tək olmuş, atası və anası bir neçə gün əvvəl Şamaxı rayonuna getmişlər. Həmin gün səhər saat 08:30 radələrində evdən çıxıb işə getmişdir. Saat təxminən 15:10 radələrində evə gəlib həyətə daxil olmuşdur. Həyətə daxil olanda görmüşdür ki, evin qabaq plastik pəncərəsinin qarşısında həyətdə olan taxta nərdivan söykənmiş və pəncərə açıq vəziyyətdədir, eyni zamanda şüşəsi sındırılmışdır. Evdən oğurluq olduğunu başa düşmüşdür. Evə daxil olub görmüşdür ki, evin əşyaları dağınıq haldadır. Tez öz yataq otağına daxil olmuş və orada olan paltar dolabında ona məxsus dəyəri 100 manat olan 01 ədəd Acer markalı notbuk və ona məxsus dəyəri 800 manat olan qızıl üzük oğurlanmışdır. Bundan sonra digər otağa keçmiş və orada anasına məxsus pul kisəsində olan 200 manat pulun oğurlandığını da aşkar etmişdir. Həmin 200 manat pul ona məxsus olmuş, anasına vermişdir ki, onun üçün saxlasın. Bundan sonra DİN-nin 102 zəng xidməti mərkəzinə zəng edərək məlumat vermişdir. Oğurluq nəticəsində ona ümumilikdə 1100 manat maddi ziyan dəymişdir. Qeyd etdiyi əmlakından başqa heç bir əşya və ya əmlakı oğurlanmamışdır. Pəncərənin şüşəsinin sındırılması nəticəsində ona əlavə olaraq 15 manat maddi ziyan dəymişdir. Onun mənzilindən oğurlanmış notbuk ona qaytarılmışdır, hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 12-ci PŞ-nin sahə inspektoru, polis baş leytenantı Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi, ədavəti olmamışdır. 31 avqust 2023-cü il tarixdə saat 16 radələrində Sabunçu RPİ-nin 12-ci PŞ-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Sabunçu bazarının yaxınlığında inzibati ərazidə xidmətdə olan zaman, sonradan adı məlum olan Təqsirləndirilən şəxs özünü şübhəli apardığını müəyyən edib ona yaxınlaşmışlar. Özlərini saxlanılan şəxsə təqdim edərək polis əməkdaşı olduqlarını və şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini bildirmişlər. Saxlanılan şəxs sənədlərinin üzərində olmadığını bildirib onlardan yayınmağa çalışmışdır. Onun özünü şübhəli apadığını, verdikləri suallardan yayınmağa çalışdığını görüb üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən hər hansı maddə və ya predmet olduğundan şübhələnərək onu Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət etmişlər. Saxlanılan şəxs heç bir etiraz etmədən onlarla birlikdə 12-ci PŞ-nə gəlmişdir. Şöbədə həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılan və şöbəyə gətirilən zaman nəzarətdə olduğundan üzərinə axtarış aparılana kimi olan müddət ərzində üzərindən hər hansı əşya və predmet atmağa imkanı olmamışdır. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirdikdən sonra xidməti otaqda təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq hüquqları izah edilmiş və ona hüquqlarını müdafiə etməkdən ötrü müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış aparılması barədə ərizə ilə müraciət etdikdən sonra onun üzərinə müdafiəçinin iştirakı olmadan videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olub-olmaması barədə soruşduqda o, əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxararaq təqdim edib masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu 01 ədəd sellofan büküm təhqiqatçı tərəfindən açılaraq içərisinə baxılan zaman həmin sellofan bükümün içərisindən tünd qəhvəyi rəngli heroinə bənzər kütlə aşkar olunmuşdur. Təhqiqatçının suallarına cavab olaraq, Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümdə olan maddənin kakos olduğunu, zakladka vasitəsilə tanımadığı şəxsdən şəxsi istifadə üçün əldə etdiyini və üzərində saxladığını, 4-5 aya yaxındır ki, narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə əlavə axtarış keçirilmişdir. Lakin, onun üzərində başqa qanunsuz maddə və ya predmet aşkar edilməmişdir. Tərtib edilmiş protokolla tanış olduqdan sonra imzası ilə təsdiq etmişdir. Şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 12-ci PŞ-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiqləmişdir(i.v.117-118); Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, hazırda ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayır. Maddi imkanları pis olduğuna görə yaşadıqları evin birinci mərtəbəsini kirayə verməyə məcbur olmuşdur. Belə ki, yaşadıqları yerə yaxın ərazidə qutab satan kimi tanıdığı bir nəfər adını hazırda xatırlamadığı qadın oğlu ilə birlikdə ona evində kirayə yaşamağı bildirmiş və o, sonuncuya razılıq vermişdir. Aralarında aylıq 100 manata razılaşmışlar. Belə ki, sonuncu oğlu ilə birlikdə təxminən 20 gün onun evində kirayə yaşamışlar. Sonra qadın onlardan xəbərsiz evdəki əşyalarını götürüb getmişdir. Sonuncunun əlaqə nömrəsi də onda olmamış, sonradan onu qutab satdığı yerdə də tapa bilməmişdir. Onun pulunu da verməmişlər. Bir neçə gün gözləsə də onlardan heç bir xəbər çıxmamışdır. Əmin olmuşdur ki, onlar bir daha gəlməzlər, ona görə həmin otağı təmizləməyə başlamış, otağı təmizləyəndə görmüşdür ki, onların yaşadıqları otaqdakı dolabın içərisində bir ədəd qara rəngli notbuk var, fikirləşmişdir ki, onlara məxsusdur. Ona görə düşünmüşdür ki, yəqin gəlib götürəcəklər. Lakin, onlar gəlməmişlər, sonradan məlum olmuşdur ki, evində kirayədə yaşayan qadının oğlu Elnur oğurluq etdiyinə görə tutulmuş və həmin notbuku da kiminsə evindən oğurlamışdır. Polis əməkdaşları Elnuru onun evinə gətirmişlər, sonuncu oğurladığı həmin notbuku saxladığı yeri göstərmiş, o da notbuku polis əməkdaşlarına təqdim etmişdir. Notbukun oğuluq yolu ilə əldə edildiyini bilməmiş, bu barədə polis əməkdaşları Elnurla birlikdə evinə gələndə bilmiş, elə bilmişdir ki, həmin notbuk Elnura məxsusdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi Bakı şəhəri, Sabunçu rayonunda yerləşən Sabunçu vağzalına baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur( i.v.4-6); şübhəli şəxsin tutulması haqqında 31 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:00 radələrində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.21); şəxsi axtarış və götürmə aparılması haqqında 31 avqust 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş içərisində tünd qəhvəyiu rəngdə maddə təqdim etmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq həmin maddələri narkotik vasitə “Kakos” olduğunu, zakladka vasitəsi ilə tanımadığı şəxsdən istifadə üçün aldığını və üzərində saxladığını bildirmişdir. Əlavə suallara cavab olaraq 4-5 aya yaxındır ki, narkotik vasitələrdən istifadə etdiyini qeyd etmişdir. Götürülmüş maddə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin Zərflər üçün” 159 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir(i.v.67-68); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-6/4640 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №159” dairəvi möhür əksləri olan, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,825 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (i.v.77-80); Diskə baxış keçirilməsi barədə 01 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, təhqiqatçı tərəfindən saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu 01 ədəd sellofan büküm təhqiqatçı tərəfindən açılaraq içərisinə baxılan zaman həmin sellofan bükümün içərisindən tünd qəhvəyi rəngli maddə aşkar olunur. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümdə olan maddənin kakos olduğunu, zakladka vasitəsilə tanımadığı şəxsdən şəxsi istifadə üçün əldə etdiyini və üzərində saxladığını, 4-5 aya yaxındır ki, narkotik vasitələrdən istifadə etdiyini bildirir. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı başqa əşya və ya predmet aşkar edilmir. Diskə baxış zamanı Təqsirləndirilən şəxs video görüntüdə üzərindən yuxarıda qeyd olunan narkotik vasitə aşkar olunan şəxsin özü olduğunu bildirmişdir (i.v.85); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-681/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 31 avqust 2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i.v.106- 109); Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 177.2.4, 234.1, 69.3-cü maddələrinə əsasən 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Nərimanov rayon məhkəməsinin qərarı ilə Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 5-ci bəndinə əsasən cəzası 01 il azaldılmış, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır (i.v.110-111); hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivində yerləşən 1 mərtəbəli fərdi yaşayış evinə baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v.130-133); Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə Atçılıq qəsəbəsi, N.Gəncəvi küçəsi nömrəsiz evdə yaşayan vətəndaş Zərərçəkmiş şəxs2 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri KTİ-nin Avtomatlaşdırılmış eyniləşdirilmə sisteminin məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 02 ədədi (Avtomatlaşdırılmış eyniləşdirilmə sisteminin məlumat bankına Suraxanı 31-ci PB-dən daxil olan) xx.xx.1994-cü ildə Salyan rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin ovucu (02 dəfə) ilə eynilik təşkil etmişdir (i.v.136); Maddi sübutun götürülməsi haqqında 03 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, iş üzrə ifadəsi alınmış Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi evindən oğurladığı əşyalardan biri olan bir ədəd “Acer” markalı notebooku tutulmamışdan əvvəl kirayədə yaşadığı Sabunçu rayonu, Zabrat qəsəbəsi, yeni yaşayış massivində yerləşən evdə saxladığını və həmin notebooku istintaqa təqdim edə biləcəyini bildirmiş, Təqsirləndirilən şəxs ilə birlikdə həmin ünvana gedilərək Zərərçəkmiş şəxs2 məxsus bir ədəd “Acer” markalı notebook mühüm əhəmiyyət kəsb etdiyindən götürülümüşdür (i.v.162-164); Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 03 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq Yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə oğurluq cinayət əməllərini hadisə yerlərində əyani olaraq göstərməklə bir daha təsdiq etmiş, bu barədə protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v.184-186); Maddi sübut kimi tanıma haqqında 04 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Acer” markalı notbuk işin faktiki hallarının müəyyən edilməsində sübut əhəmiyyəti kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs2 qaytarılması qərara alınmışdır (i.v.191); xx.xx.2023-cü il tarixli Qəbzdən görünür ki, Zərərçəkmiş şəxs2 01 ədəd “Acer” markalı notbuku təhvil almışdır(i.v.193); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 şəxsinin xx.xx.2023-cü il tarixli 6239 nömrəli ambulator Məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs Psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.201-202); 20 noyabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları Zərərçəkmiş şəxs1 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (i.v.213-216); Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(005)-46/2022 saylı qərarından görünür ki, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5ci bəndi tətbiq edilməklə məhkum Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(057)-77/2021 nömrəli hökmü ilə təyin edilmiş 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmışdır (i.v.231-234); Sübutların qiymətləndirilməsi haqqında 21 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,825 qram narkotik vasitə olan heroin iş üzrə əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0,775 qram narkotik vasitə olan heroin saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir.Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə dair videogörüntünün qeyd olunduğu 01 ədəd CD disk maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur.Təqsirləndirilən şəxs əl-barmaq və ovuc izləri əks olunmuş daktilolenlər olan 01 ədəd zərf maddi sübut qismində tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur (i.v.235-249); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-873/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 gün olmaqla, 20 dekabr 2023-cü il tarixadək uzadılmışdır. Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Medalının İ-32536 nömrəli, İ-14799 nömrəli və İ-12434 nömrəli vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən Müharibəsi iştirakçısı”, “Xocavəndin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü və xx.xx.2020-ci il təvəllüdlü iki azyaşlı uşağı vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxs və şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama təkrar törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,825 qram olan narkotik vasitə heroin istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 180.2.2 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını(CM- 59.1.4), cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini(CM-59.1.14), əməlindən səmimi peşman olmasını, “Vətən Müharibəsi iştirakçısı”, “Xocavəndin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilməsini(CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs Salyan rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Lakin, Təqsirləndirilən şəxs barəsində olan Salyan rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü üzrə olan məhkumluğu azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluq olduğundan CM-nin 18.4.4-cü maddəsinə əsasən cinayətin residivi zamanı nəzərə alına bilməz. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 7-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmasına yol verilməyən ödənilməyən və götürülməyən məhkumluqlar iş üzrə digər hüquqi məsələlərin həllində, məsələn Cinayət Məcəlləsinin 58.3 və yaxud 70-ci maddələrinin məqsədləri üçün təqsirləndirilənin şəxsiyyəti qiymətləndirilərkən nəzərə alına bilər. Məhkəmə, təqsirləndirildiyi cinayət əməllərinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının Təqsirləndirilən şəxs islah təsirinin yetərli olmamasını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, əvvəllər azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsinə baxmayaraq məhkumluğu ödənilmədən hazırki cinayət əməllərini törətməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3, 180.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin edilmiş cəzalar qismən toplanılmaqla qəti cəza təyin edilməli (CM-66.2), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzaçəkmə müddətinin başlanğıcı 31 avqust 2023-cü il tarixdən hesablanmalı(CPM-158.2.1., 158.6), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli(CM-93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan 0.825 qram, tədqiqatdan sonra qalıq qalan 0.775 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “Acer” markalı notbuk sahibinə geri qaytarılmalı, saxlanması üçün Zərərçəkmiş şəxs2 verilməsi nəzərə alınmalı, əl-barmaq və ovuc izləri əks olunmuş daktilolenlər olan 01 ədəd zərfin iş materiallarında saxlanılması nəzərə alınmalı(CPM-132), 65 (altmış beş manat) manat ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 180.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, Zərərçəkmiş şəxs1 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqlarının olması izah olunmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 31 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş 0.825 qram, tədqiqatdan sonra qalıq qalan 0.775 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 1 ədəd CD disk iş materiallarında saxlanılsın. 01 ədəd “Acer” markalı notbuk sahibinə geri qaytarılsın, saxlanması üçün Zərərçəkmiş şəxs2 Əlimurad oğluna verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs əl barmaq və ovuc izləri əks olunmuş daktilolenlər olan 01 ədəd zərfin iş materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatlarının dəyəri 65(altmış beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Zərərçəkmiş şəxs1 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqlarının olması izah olunsun. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar