Məhkəmə qərarları › İş №1(008)-1047/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-1047/2023

20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-1047/2023 20.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X3 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1978-ci il tarixdə Naxçıvan MR, Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmaqla cəza çəkən, işləməyən, Naxçıvan MR, Kəngərli rayonu, Qarabağlar kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, YYM nömrəsiz evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,970 qram narkotik vasitə tiryəki əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni yaşayış massivində yerləşən yaşadığı nömrəsiz evinin yaxınlığına daşımış və orada 01 avqust 2023-cü il tarixdə saat 20:40 radələrində Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı şübhəli şəxs qismində saxlanılaraq gətirildiyi 15-ci PB-də onun üzərinə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümündə təmiz çəkisi 1,970 qram şəxsi istehlak miqdarından artıq miqdarda spesifik iyə malik tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 01 avqust 2023-cü il tarixdə, səhər radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün narkotik vasitə tiryək alaraq üzərində saxlamışdır. Həmin gün, saat təxminən 20:40 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində piyada gəzən zaman yaşadığı evin yaxınlığında iki nəfər mülki geyimdə şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmişlər və üzərində narkotik vasitə olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Sabunçu RPİ 15-ci PB-yə dəvət etmişlər. Bundan sonra onun razılığı ilə Sabunçu RPİ 15-ci PB-yə aparılmışdır. Ona hüquq və vəzifləri izah edilərək video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilərkən təhqiqatçı ona üzərində qanunsuz hər hansı maddə, predmet varsa təqdim etməyi təklif edilmişdir. Həmin vaxt o əynində olan qara rəngli idman şalvarının sol yan cibindən şəffaf selofana bükülmüş 1 ədəd bükümdə narkotik vasitə tiryəki təqdim etmişdir. Sorğu-sual zamanı o həmin narkotik vasitəni 01 avqust 203-cü il tarixdə, səhər radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Hazırda narkomaniyadan müalicə olunmuş və narkotik vasitələr istifadə etmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 15-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 01 avqust 2023-cü il tarixdə 15-ci PB-nin sahə inpektoru kapitanı Şahid2 ilə birlikdə təşkil edilmiş əməliyyat qrupunun iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı yeri müəyyən edilən xx.xx.1978-ci ildə Şərur rayonunda doğulmuş Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni yaşayış massivində yaşadığı nömrəsiz evin qarşısında ona yaxınlaşaraq əvvəlcə özlərini təqdim etmiş, həmin şəxs də, özünü Təqsirləndirilən şəxs olduğunu bildirdikdən sonra onlar həmin şəxsi şübhəli olduğunu bildirməklə yanaşı bu şübhələrin yoxlanılması məqsədi ilə onu 15-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə PB-nə gəlmişdir. Onlar bu barədə raportla bölmənin rəisinə məruzə etdikdən sonra, araşdırmanın aparılması tapşırılan təhqiqatçı polis mayoru Anar Kərimov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və ona dövlət hesabına 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Talib oğlu müdafiəçi qismində təyin edilərək onların iştirakı ilə hüquq və vəzifələri izah edilmiş, üzərində videoçəkiliş aparılmaqla axtarış keçiriləcyi elan edilmişdir. Sonra Təqsirləndirilən şəxs özünün istəyi ilə müdafiəçinin iştirakı olmadan o və iş yoldaşı Şahid2 iştirakı ilə şəxsi axtarış aparılmışdır. Bu zaman əvvəlcə təhqiqatçı Anar Kərimova üzərində dövriyyəsi qadağan olunmuş əşya, maddə və predmetin olduğu təqdirdə təqdim etməsi təklif etmiş, bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol yan cibindən şəffaf selofana bükülmüş 1 ədəd bükümdə narkotik vasitə tiryəki təqdim etmişdir. Sorğu-sual zamanı o həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə səhər radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı şəxsdən 10(on) manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, o və digər iştirakçılar tərəfindən imzalanaraq zərfdəki narkotik ekspertizaya göndəriləcəyi elan edilmiş və o etiraz etmədiyini bildirmişdir. Üzərindən axtarış zamanı başqa heç bir qanunsuz maddə, predmet aşkar edilməmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və iştirak edən digər şəxslər həmin protokolu imzalamışdır. Şahid2 məhkəmə iclasında iştirak etmədiyindən onu ibtidai istintaq vaxtı verdiyi ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 01 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə PB-nin təhqiqatçısı polis mayoru Anar Kərimov tərəfindən şəxsi axtarış keçirilərkən ona təhqiqatçı tərəfindən üzərində dövriyyəsi qadağan olunmuş əşya, maddə və predmetin olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol yan cibindən şəffaf selofana bükülmüş 1 ədəd bükümdə narkotik vasitə tiryəki təqdim etmişdir. Sorğu-sual zamanı o həmin narkotik vasitəni 01 avqust 2023-cü il tarixdə, səhər radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, o və digər iştirakçılar tərəfindən imzalanaraq zərfdəki narkotik ekspertizaya göndəriləcəyi elan edilmiş və o etiraz etmədiyini bildirmişdir. Üzərindən axtarış zamanı başqa heç bir qanunsuz maddə, predmet aşkar edilməmişdir. Aşkar edilmiş büküm zərfə qoyularaq qablaşdırılmış, üzəri “Zərflər üçün” 161 nömrəli möhürlə möhürlənmiş və tərtib edilmiş protokol imzalarla təsdiq edilmişdir (i.v. 29-30). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 02 avqust 2023-cü il tarixli, 3-16-16/2-6/4113 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “ Azərbaycan Resoublikası DİN Zərflər üçün N°161 dairəvi möhür əksləri, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar... “soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi- 1,970 qram olan spesifik iyə malik tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir (i.v.38-42) Maddi sübut kimi tanıma haqqında” 05 avqust 203-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğıundan aşkar edilib götürülmüş yeddi ədəd bükümdə, təmiz çəkisi 1,970 qram olan narkotik vasitə tiryək maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalmış 1,920 qram narkotik vasitə tiryəkin Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilməsi qərara alınmışdır (i.v.92-93). Məhkəmə-narkoloji ekspertizasının 23 noyabr 2023-cü il tarixli, 7691 saylı rəyindən görünür ki, X1 opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.117-118). “Sübutların qiymətləndirilməsi haqqında” 23 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvədə saxlanılmış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin aparılması istintaq hərəkətini özündə əks etdirən diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v.119-124). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 0,5 qram olan tiryək şəxsi istehlak miqdarından artıq miqdar, 50 qram olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tam əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 01 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 avqust 2023-cü il tarixdə, saat 20:40-dan tutulmuş hesab edilmişdir (i.v.18). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 4(008)- 618/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və məhkəmə iclas zalında azad edilmişdir (i.v.84- 88). “Qətimkan tədbirinin seçilməsi haqqında” 03 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.89-90). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 28 oktyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (i.v.104-105). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 1(008)- 205/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, AR CM-nin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla üzərində qəti olaraq 02 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (i.v.106-111). Bakı Şəhər Probasiya İdarəsi tərəfindən verilmiş 08 dekabr 2023-cü il tarixli, 118488- 21-1/3-29126-9 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 1(008)-205/2022 saylı hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə 02 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, o, 08 dekabr 2023-cü il tarixə cəzasının 01 il 06 ay hissəsini çəkmiş, çəkilməmiş qalan cəzası 01 il 05 ay 28 gün təşkil edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini (CM- 59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəl də AR CM-nin eyni maddəsi ilə cinayət törətməsini, həmin cinayətə görə ona məhkəmənin hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan, maddənin sanksiyasında nəzərdə tutumuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinə baxmayaraq həmin hökmün çıxarılmasından sonra cəza çəkdiyi müddətdə yenidən eyni cinayət əməlini törətməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti (əvvəllər də AR CM-nin eyni maddəsi ilə məhkum olunması, ona məhkəmə tərəfindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinə baxmayaraq yenidən AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi), cəzasını yüngülləşdirən yuxarıda göstərilən hal, cəzasını ağırlaşdıran halların olmadığı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər də AR CM-nin 234.1-ci maddəsi ilə məhkum edilməsini, ona məhkəmə tərəfindən azadlıqdan məhrum edilmədən də islah olunmasının mümkün olması nəzərə alınmaqla azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinə baxmayaraq hökmün çıxarılmasından qısa müddət sonra yenidən eyni cinayət əməlini törətməsini, bununla da təqsirləndirilən şəxsə onun cəmiyyətdən tam təcrid edilməsini nəzərdə tutan azadlıqdan məhrum etmə cəzasından başqa digər cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olunmasının mümkün olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğundan ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal və cəzanın ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 1(008)-205/2022 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi AR CM-nin 68.1.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla AR CMnin 67.1-ci maddəsinə əsasən hazırki hökmklə təyin edilmiş cəzaya birləşdirilməklə ona qəti cəza təyin edilməli, onun şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-69.3), cəzaçəkmə müddətinin hökmün çıxarıldığı tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, o, məhkəmə iclas zalından həbs edilməli, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə olan tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 1(008)-205/2022 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 05 ay 16 gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla-08 ay 23 gün müddət, hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 01 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 01 avqust 2023-cü il tarixdən 03 avqust 2023cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 20 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Sabunçu RPİ-nin saxlancına 1,920 qram narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 65 manat Təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaq zamanı sərf etdiyi 15 iş saatına, məhkəmə istintaqı zamanı sərf etdiyi 10 il saatına, sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla ibtidai və məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar