Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-1049/2023 20.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X4 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1999-cu il tarixdə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, faktiki nikahda olan, orta təhsilli, məhkumluğu olmayan, Lerik rayonu, Günəşli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu, nömrəsiz fərdi evdə yaşamış, hazırda başqa cinayət işi üzrə barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.1-ci maddəsi ilə təqsirləndirməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, etibar edilmiş özgə əmlakını mənimsəməklə talamışdır. Belə ki, Təqsirləndirilən şəxs 2022-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs ilə tanış olaraq sonuncuya məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivi dalan 11-də yerləşən fərdi yaşayış evində aylıq 100 manat müqabilində kirayə qalmaqla əlaqədar aralarında bağlanmış şifahi razılaşmaya əsasən həmin bağ evinə, o cümlədən orada olan əşyalara dair istifadəetmə hüququ və saxlama səlahiyyəti əldə edərək ona etibar edilmiş 1300 manat dəyərində taxta və parça materialdan hazırlanmış 2 ədəd türkiyə istehsalı kreslo və 1 ədəd divan dəstini, 100 manat dəyərində dəmir və mis materialdan hazırlanmış 3 ədəd iran istehsalı qaz sobasını, 200 manat dəyərində 2 ədəd iran istehsalı qızdırıcı sobanı, 200 manat dəyərində yerli istehsal taxta materialdan hazırlanmış 1 ədəd masa və 4 ədəd yerli istehsal taxta və parça materialdan hazırlanmış oturacağı, 200 manat dəyərində taxta və dəmir materialdan hazırlanmış 3 ədəd çarpayını, 60 manat dəyərində yerli istehsal, uzunluğu 2.20 m, eni 1.50 m olan 1 ədəd toxunma xalçanı, 60 manat dəyərində 32 nəfərlik süfrə qabı dəstini 2022-ci ilin dekabr ayının ortalarında həmin ərazidən keçən, tanımadığı şəxsə məxsus “Qazel” markalı avtomobilə yükləyib Sabunçu rayonu ərazisində mövcud olan “Rus” bazarı adlanan yerdə şəxsi ehtiyaclarını təmin etmək məqsədi ilə tanımadığı şəxslərə sataraq, ümumilikdə 2120 manat dəyərində ona etibar edilmiş özgə əmlakını, yəni Zərərçəkmiş şəxs məxsus əşyaları vahid niyyətlə qanunsuz yolla ələ keçirib mənimsəməklə talamışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, zərərçəkmiş şəxsin evində arvadı və iki uşağı ilə qısa müddət kirayədə qalmış, kirayə pulunu ödəyə bilmədiyindən Zərərçəkmiş şəxs demədən evdən çıxıb getmişdir. Həmin evdən zərərçəkmiş şəxsə məxsus heç bir əmlak götürməmiş, götürdüyü əmlaklar isə özünə məxsus olan evə köçərkən gətirdiyi əmlaklar olmuşdur. Belə ki, zərərçəkmiş şəxsin onlara kirayə verdiyi evdə qaz sobasından başqa hər hansı əşya olmamış, onlar özlərİ ilə gətirdikləri döşəyi yerə sərərək onun üzərində yatmışlar. O, həmin evdən zərərçəkmiş şəxsə məxsus heç bir əmlakı götürməmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin onlara kirayə verdiyi evdə nə çarpayının, nə də stol-stulun, qab-qacaq və xalçanın olmadığını, onun zərərçəkmiş şəxsin evində 5-6 gün qaldıqdan sonra pulu ödəyə bilmədiyindən evdən çıxıb getdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2013-cü il tarixdə Sabunçu rayonu, Maştağa qəsəbəsi, X5 massivində 5 sot torpaq sahəsi alıb həyətdə bir mərtəbəli, üç otaqlı fərdi yaşayış evi tikdirib elə həmin tarixdən etibarən də həmin evi kirayə vermişdir. Sonuncu dəfə 2022-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs adlı şəxsə ayda 100 manat pul vəsaiti qarşılığında həmin evi kirayəyə vermişdir. Onunla aralarında olan şifahi razılaşmaya əsasən ilk ayın pulu olan 100 manatı qabaqcadan vermiş, o da həmin puldan həyətdə olan su kranını dəyişdirməsi məqsədi ilə Ələskərə kömək etmişdir. Növbəti ayın kirayə haqqının ödənilməsi vaxtı çatdıqda o, Təqsirləndirilən şəxs istifadə etdiyi ********** və ********** saylı mobil telefon nömrələri ilə əlaqə saxlamış, həmin vaxt sonuncu yalvararaq “imkanım yoxdur bu ayın pulunu birdən verəcəm, məhlədə olan “OBA” marketə pulu qoyaram oradan götürərsən” kimi ifadələr işlətmişdir. Bundan sonra o, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs istifadə etdiyi ********** və ********** saylı mobil telefon nömrələrinə zəng etmiş, sonuncu isə telefonu götürməmişdir. Bundan sonra o, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X5 massivində yerləşən və Təqsirləndirilən şəxs kirayə əsaslarla verdiyi evə getmiş, həyətə girmiş, həmin vaxt evin qapısı açıq vəziyyətdə olmuşdur. Evə daxil olub Əlsəkər Rəhimovun evdə olan əşyaları yığıb apardığını aşkar etmişdir. Bu barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat verib sonra da ərizə ilə Sabunçu RPİ-nin 14-cü PB-nə ərizə ilə müraciət etmişdir. O, həmçinin verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə aralarında olan şifahi razılşamya əsasən o, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X5 massivində yerləşən fərdi yaşayış evini və içərisində olan bütün əşyaları etibar edərək, həmin əşyalardan istifadə edə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs isə ona etibar edilmiş əmlakları, yəni 1 ədəd türkiyə istehsalı divan, 2 ədəd türkiyə istehsalı kreslo, 3 ədəd iran istehsalı qaz peçi, 1 ədəd iran istehsalı qızdırıcı qaz peçi, 4 ədəd yerli istehsal stul və 1 ədəd stol dəsti, 3 ədəd yerli istehsal çarpayı, xalça, qab-qaşıq, çaynik və başqa yadında qalmayan digər əşayalarını qanunsuz olaraq ələ keçirib sonradan isə dəyər-dəyməzinə satmışdır. 2022-ci ilin dekabr ayında qanunsuz olaraq ələ keçirilmiş taxta və parça materialdan hazırlanmış 2 ədəd türkiyə istehsalı kreslo hər biri taxta və parça materialdan hazırlanmaqla eni 80 sm, hündürlüyü 70 sm, uzunluğu isə 70 sm və 1 ədəd türkiyə istehsalı divan, 2 m uzunluğunda, 80 sm enində və 90 sm hündürlüyündə olmuşdur. Həmin divan və kresloları 2020-ci il tarixdə 1300 manat müqabilində əldə etmişdir. Dəmir və mis materialdan hazırlanmış 3 ədəd iran istehsalı yemək bişirmək üçün nəzərdə tutulmuş 90 sm uzunluğunda və 40 sm enində stolüstü, 4 gözlü qaz peçini 2019-ci il tarixdə 100 manat müqabilində, 2 ədəd iran istehsalı eni 50 sm, hündürlüyü 80 sm, uzunluğu isə 70 sm qızdırıcı sobanı 2021-ci il tarixdə 200 manat müqabilində, 1 ədəd yerli istehsalı taxta materiallı masa və 4 ədəd yerli istehsalı, taxta və parça materialdan hazırlanmış stulu 2020-ci il tarixdə 200 manat müqabilində, 1 ədəd yerli istehsal, 1.90 m uzunluğunda və 1,40 m enində olan taxta materialdan hazırlanmış çarpayını, 2 ədəd isə setkalı 1.90 m uzunluğunda və 90 sm enində dəmir materialdan hazırlanmış çarpayını 2020-ci il tarixdə ümumilikdə 200 manat müqabilində əldə etmişdir. Yerli istehsal, uzunluğu 2.20 m, eni 1.50 m olan 1 ədəd toxunma xalçanı 2015-ci il tarixdə 60 manat müqabilində, 32 ədəd süfrə qabı dəsti, keramik qab-qacaq qabı, yemək boşqabı, su içmək üçün fincan və qızılı paslanmayan poladdan hazırlanmış bıçaq dəstlərini isə 2017-ci il tarixdə 60 manat müqabilində əldə etmişdir. Həmin əşya və avadanlıqları Sabunçu rayonu ərazisində yerləşən rus bazarından ikinci əl aldığına görə ucuz əldə etmişdir. Təqsirləndirilən şəxs ona etibar etmiş olduğu əşyalarını qanunsuz olaraq talaması nəticəsində ona ümumilikdə 2120 manat məbləğində maddi ziyan dəymişdir. O, əvvəllər istintaq zamanı təxmini hesablamalarına görə 1800 manat ziyan dəydiyini desə də, hazırda isə vermiş olduğu ifadədə konkret olaraq hər bir əşya və avadanlığı aldığı qiymətləri xatırlayaraq hesablamalar aparmış, ona görə də 2120 manat maddi ziyan dəydiyini müəyyən etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs evi ondan kirayə götürərkən ilkin olaraq 100 manat verdiyini, aylıq kirayə haqqının 100 manat olduğunu, kirayə verdiyi evin zəruri əşyalarla təmin olunduğunu, kirayə verilmiş evin əşyasız olmasının real olmadığını, evində olan əşyaların götürülməsini müəyyən edən zaman evin qapısının açıq qoyulduğunu, qapıya hər hansı kənar müdaxilə olunmadığını, Təqsirləndirilən şəxs hazırda məhkəmə iclasında yalan ifadə verdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi” haqqında 24 mart 2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən ünvan Zərərçəkmiş şəxs məxsus olan Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan YYM-də yerləşən 18 metr uzunluğunda 3 girişi olan həyət evidir (cild 01;i.v.19-22). 02 may 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə zamanı sonuncu Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir ki, 2022-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs adlı şəxsə ayda 100 manat pul vəsaiti qarşılığında həmin evi kirayəyə vermişdir. Onunla aralarında olan şifahi razılaşmaya əsasən ilk ayın pulu olan 100 manatı qabaqcadan vermiş, o da həmin puldan həyətdə olan su kranını dəyişdirməsi məqsədi ilə Ələskərə 20 manat pul vermişdir. Növbəti ayın kirayə haqqının ödənilməsi vaxtı çatdıqda o, Təqsirləndirilən şəxs istifadə etdiyi ********** və ********** saylı mobil telefon nömrələri ilə əlaqə saxlamış, həmin vaxt sonuncu yalvararaq “imkanım yoxdur bu ayın pulunu birdən verəcəm, məhlədə olan “OBA” marketə pulu qoyaram oradan götürərsən” kimi ifadələr işlətmişdir. Bundan sonra o, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs istifadə etdiyi ********** və ********** saylı mobil telefon nömrələrinə zəng etmiş, sonuncu isə telefonu götürməmişdir. Bundan sonra o, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X5 massivində yerləşən və Təqsirləndirilən şəxs kirayə əsaslarla verdiyi evə getmiş, həyətə girmiş, həmin vaxt evin qapısı açıq vəziyyətdə olmuşdur. Evə daxil olub Əlsəkər Rəhimovun evdə olan əşyaları yığıb apardığını aşkar etmişdir. Bu barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat verib sonra da ərizə ilə Sabunçu RPİ-nin 14-cü PB-nə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs isə üzləşdirmə zamanı Sabunçu rayonu, Maştağa qəsəbəsi, X5 massivində yerləşən fərdi yaşayış evində olan Zərərçəkmiş şəxs məxsus əşyaları ailə vəziyyəti ilə əlaqədar ehtiyacı olduğu üçün qanunsuz yolla taladığını, əməlindən peşman olduğunu, mümkün qədər vurduğu ziyanı aradan qaldırmağa çalışacağını bildirmişdir (cild 01; i.v.55-57). “Şahidin ifadəsinin yerində yoxlanılması haqqında” 03 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan YYM 11-ci dalanda yerləşən Zərərçəkmiş şəxs məxsus bağevinin qarşısına gəlmiş, həmin evin darvaza qapısını göstərib 2022-ci ilin dekabr ayının ortalarında həmin yan-yana tikilmiş 3 fərdi yaşayış evindən mərkəzdə yerləşənində ailəsi ilə birlikdə kirayə yaşayarkən həmin evdən ev sahibinə demədən gizli olaraq çarpayı, qaz peçi, masa və sair əşyaları evdən kömərkən götürüb oğrulamış və “Qazel” markalı tanımadığı yük avtomobilinə yükləyib Xəzər rayonu, Binə qəsəbəsinə köçdüyü evə daşımışdır (cild 01; i.v.58-62). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 noyabr 2023-cü il tarixli, 9/8295 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 05 adda malların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin dekabr ayına olan orta bazar qiymətləri ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1145,00 manat müəyyən olunur. Digər 03 adda mallar haqqında kifayət qədər ətraflı məlumat (markası, modeli, istehsal yeri, istismar müddəti, materialı və digər texniki göstəriciləri) olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir (cild 02; i.v.52-55). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144- 146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.1-ci maddəsinə əsasən mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək zərərçəkmiş şəxsin ona kirayəyə verdiyi evdən zərərçəkmiş şəxsə məxsus hər hansı əmlak aparmadığını bildirsə də, məhkəmə onun həmin ifadələrini özünümüdafiə xarakterl ifadələr kimi qiymətləndirir. Belə ki, iş materiallarında olan təqsirləndirilən şəxsin ifadələrindən aydın olur ki, o, özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin oktyabr ayından etibarən Bakı şəhəri, Sabunçu rayonu, Savalan massivində “Aptek”in arxasında yerləşən, Zərərçəkmiş şəxs məxsus evdə aylıq 100 manat qarşılığında kirayə olaraq arvadı X1 və 2 azyaşlı uşaqları ilə birlikdə yaşamağa başlamışdır. Həmin ərəfədə təmir işlərində suvaq vurmaqla ustalıq etmişdir. İlk ayın kirayə pulunu ev sahibi Zərərçəkmiş şəxs ödəsə də sonradan maddi vəziyyəti imkan vermədiyi üçün sonuncu ilə danışıb növbəti ayda iki ayın pulunu bir yerdə verməyi xahiş etmişdir. 2022-ci ilin dekabr ayında 1998-ci il təvəllüdlü qardaşı X3 rayonu ərazisində yetkinlik yaşına çatmayan qız ilə ailə qurmaq üçün qaçırması səbəbindən cinayət işi üzrə tutularaq məhkəmə tərəfindən azadlıqdan məhrum edildiyi üçün öz ailəsi və qardaşı Arzumanın ailəsini saxlamalı olduğundan Xəzər rayonu, Binə qəsəbəsində yeni ev kirayə tutub ailəsi ilə birlikdə həmin evə köçmüşdür. 2022-ci ilin dekabr ayının ortalarında evdən köçərkən Zərərçəkmiş şəxs evindəki özünə məxsus əşyalarını da götürüb aparmışdır. Aylıq kirayə pulunu da ödəyə bilməmiş, təzə kirayə tutduğu evin sahibi də ilk ayın kirayə pulunu istədiyindən özündə də pul olmadığına görə Zərərçəkmiş şəxs evindən çıxanda evdə olan özünə məxsus əşyalarla birlikdə orada olan Zərərçəkmiş şəxs məxsus bəzi pula sata biləcəyi əşyaları da, yəni 2 ədəd kreslo və divan dəstini, 3 ədəd qaz sobasını, 2 ədəd qızdırıcı sobanı, 1 ədəd masa və 4 ədəd stulu, 3 ədəd çarpayını, 1 ədəd xalçanı, 32 nəfərlik süfrə qabı dəstini yoldan keçən “Qazel” markalı tanımadığı yük avtomobilinə yükləyib əvvəlcə öz əşyalarını təzə kirayə tutduğu evdə boşaltmışdır. Sonra da Zərərçəkmiş şəxs məxsus əşyaları Sabunçu bazarına aparmışdır. Həmin gün orada əşyaları dəyərdəyməz qiymətə satmış, əldə etdiyi puldan aparıb təzə kirayə tutduğu evin birinci ayının haqqını ödəmişdir. Qalan pulu isə evdə çatışmayan bəzi əşyaları almışdır. Sabunçu RPİ-nin İŞ-də verdiyi ifadədə əvvəl kirayədə yaşadığı Zərərçəkmiş şəxs məxsus evdən köçərkən ona məxsus ev əşyalarını öz əşyaları ilə birlikdə götürüb təzə kirayə tutduğu evə aparmağı ilə bağlı isə qeyd etmişdir ki, əslində Zərərçəkmiş şəxs məxsus əşyaları təzə kirayə tutduğu evə yerləşdirməmiş, çünki fikirləşmişdir ki, birdən Elmidar onu tapar və gəlib evdə həmin əşyaları görər. Düşünmüşdür ki, Zərərçəkmiş şəxs evindən çıxarkən heç bir əşya talamadığını deyəcəkdir. Zərərçəkmiş şəxs evindən qanunsuz yolla əldə etdiyi əşyaları isə tanımadığı şəxslərə satmış və əldə etdiyi pula özünə lazım olan işləri görmüşdür. Törətmiş olduğu əmələ görə peşmandır. O, həmçinin verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin vaxt yoldan keçən “Qazel” markalı avtomobilin sürücüsünü tanımamış, sadəcə olaraq həmin şəxsə yaxınlaşıb yaşadığı ünvandan köçdüyünü, ona görə də ev əşyalarını avtomobillə daşımaqda köməklik etməyini istəmişdir. Həmin avtomobilin ön hissəsi boz rəngli, yük yeri isə göy rəngli çadır materiallı örtüklə bağlanmışdır. Dövlət qeydiyyat nişanını isə xatırlamamışdır. Zərərçəkmiş şəxs məxsus olan və tərəfindən talanaraq satılmış əşyalar qarşılığında konkret olaraq hansı məbləğdə pul vəsaiti əldə etdiyini xatırlamamış, çünki həmin əşyaları qanunsuz yolla əldə etdiyinə görə istəmişdir ki, qısa zaman ərzində dəyər dəyməzinə satsın ki, hüquq mühafizə orqanları və yaxudda Zərərçəkmiş şəxs özü tərəfindən yaxalanmasın. Bununla yanaşı, məhkəmə iclasında müəyyən edilmişdir ki, zərərçəkmiş şəxsə məxsus olan Təqsirləndirilən şəxs istifadəsində olan evdən əşyalar evə qanunsuz şəkildə daxil olmadan, evin qapısına hər hansı kənar müdaxilə edilmədən aparılmışdır. Həm zərəçəkmiş şəxsin, həm də təqsirləndirilən şəxsin ifadələri ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə məxsus evdə kirayədə qalmış və həmin evin açarı mülkiyyətçidən başqa Təqsirləndirilən şəxs olmuşdur. Göstərilən bu hal özü evdən aparılmış əşyaların evə rahat giriş-çıxışı olan şəxs tərəfindən aparılmasına dəlalət edir ki, hazırki halda isə mülkiyyətçidən başqa həmin evə rahat şəkildə daxil olmaq, evdə olan əşyalardan istifadə etmək və onları rahat şəkildə aparmaq imkanı olan şəxs Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində zərərçəkmiş şəxs tərəfindən ona kirayə verilmiş evdə ümumiyyətlə heç bir əşya olmadığını göstərsə də, həmin xüsusat məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs tərəfindən təkzib edilməklə yanaşı məhkəmə özü də müvəqqəti yaşamaq üçün verilmiş mənzilin tam əşyasız vəziyyətdə, yaşamaq üçün zəruri olan əşyalarla təchiz edilmədən kirayəyə verilməsini, iki azyaşlı uşağı olan şəxsin isə tamamilə boş evdə kirayə qalmasını inandırıcı hesab etmir. Məhkəmə onu da qeyd edir ki, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə kirayə olaraq verdiyi mənzildə ittihamda göstərilən əşyaların olmadığı halda təqsirləndirilən şəxslə heç bir ədavət və düşmənçiliyi olmayan şəxsin evində olan əşyaların yoxa çıxması barədə polis orqanlarına müraciət etməsi, evindən aparılmış əşyaların həmin evdə kirayə yaşayan şəxs tərəfindən aparılmasına dair şübhələrinin olduğunu bildirməsi hər hansı məntiqə sığmamaqla real deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-zərərçəkmiş şəxsin ifadəsi və istintaq hərəkətinin protokolları, o cümlədən, müvafiq ekspert rəyi ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla yanaşı, məhkəmə əməlin tövsifinə təsir etməsə də, təqsirləndirilən şəxsə verilmiş ittihamın həcmi ilə razılaşmır və ittihamın həcminin azaldılmasını qanuni və əsaslı hesab edir. Belə ki, yuxarıda qeyd olunan 17 noyabr 2023-cü il tarixli, 9/8295 saylı məhkəməəmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 05 adda malların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin dekabr ayına olan orta bazar qiymətləri ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1145 manat müəyyən olunmuş, digər 03 adda mallar haqqında kifayət qədər ətraflı məlumat (markası, modeli, istehsal yeri, istismar müddəti, materialı və digər texniki göstəriciləri) olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Halbuki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Göründüyü kimi, hazırki iş üzrə talanmış əmlakların cinayət törədilən vaxtı olan faktiki dəyərinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən müstəntiq tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsinə və oğurlanmış həmin əmlaklardan 05 ədədinin orta istismar intensivliyi parametrlərinə uyğun olaraq dəyərinin cinayət törədilən vaxt üçün ekspert tərəfindən müəyyən edilməsinə baxmayaraq müstəntiq zərərçəkmiş şəxsin həmin əmlaklara verdiyi dəyəri müvafiq ekspert rəyindən üstün tutaraq bunun səbəbini əsaslandırmaq zərurəti görnədən zərərçəkmiş şəxsin göstərdiyi məbləğlə əmlakları qiymətləndirərək həmin məbləğlər əsasında da təqsirləndirilən şəxsə ittiham elan etmişdir. Halbuki, ekspert rəyi ilə talanmış əmlaklardan 05 ədədinin orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin dekabr ayına olan orta bazar qiymətləri ilə ümumi dəyəri ekspert rəyi 1145 manat müəyyən edilmiş, İran istehsalı, 2021-ci ildə alınmış, eni 50 sm, hündürlüyü 80 sm, uzunluğu 70 sm qızdırıcı sobanın, yerli istehsal, 2015-ci il tarixdə alınmış, uzunluğu 2.20 sm, eni 1.50 m olan toxuma xalçanın, 2017-ci il tarixdə alınmış 32 ədəd süfrə qabı dəsti, keramik qabqaca qabı, yemək boşqabı, su içmək üçün fincan və qızılı paslanmayan poladdan hazırlanmış bıçaq dəstlərinin qiymətinin müəyyən edilməsi isə mümkün olmamışdır. Məhkəmə müvafiq ekspert rəyi ilə cinayətin törədildiyi vaxt üçün talanmış əmlaklardan 05 ədədinin orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin dekabr ayına olan orta bazar qiymətləri ilə ümumi dəyəri ekspert rəyi 1145 manat müəyyən edilməsini, istintaq orqanı tərəfindən həmin məbləğin isə həmin 05 adda olan əmlaka münasibətdə 1800 manat məbləğində müəyyən edilməsini nəzərə alaraq məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərilən məbləğ əsas götürülməklə şəxsə ittiham verilməsinin qanuni olması və həmin 05 adda olan əmlakın dəyərinin 655 manat azaldılaraq 1145 manat həddində müəyyən edilməsini, İran istehsalı, 2021-ci ildə alınmış, eni 50 sm, hündürlüyü 80 sm, uzunluğu 70 sm qızdırıcı sobanın, yerli istehsal, 2015-ci il tarixdə alınmış, uzunluğu 2.20 sm, eni 1.50 m olan toxuma xalçanın, 2017-ci il tarixdə alınmış 32 ədəd süfrə qabı dəsti, keramik qab-qaca qabı, yemək boşqabı, su içmək üçün fincan və qızılı paslanmayan poladdan hazırlanmış bıçaq dəstlərinin qiymətinin ekspert rəyi əsaslnda müəyyən edilmədiyi nəzərə alınmaqla zərərçəkmiş şəxsin göstərdiyi məbləğlə hesablanmasını və ümumi ittiham verilmiş məbləğin 1465 məbləğində müəyyən edilməli olması qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, göstərilən hal əməlin tövsifinə təsir etmədiyindən Təqsirləndirilən şəxs AR CM-nin 179.1-ci maddəsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. İş materiallarında olan: Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 4(003)-139/2023 saylı qərarından görünür ki, AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə, yəni 11 iyun 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir (cild 01; i.v.36-37). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 17 oktyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş və cinayət işi məhkəməyə göndərilmişdir (cild 02; i.v.42-43). Elektron sistemdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 170.1, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin icraatındadır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2), himayəsində azyaşlı uşaqlarının olmasını (CM-59.1.4) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 179.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, onun başqa cinayət işi üzrə həbsdə olması və hazırki cinayət işi üzrə barəsində hər hansı qətimkan tədbirinin seçilməməsi nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 08:00-dək tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 179.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs başqa cinayət işi üzrə həbsdə olması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-1049/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-1049/2023
20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver