Məhkəmə qərarları › İş №1(008)-106/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-106/2021

09.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-106/2021 09.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim - Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Dondar Quşçu kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında qeydiyyatsız evdə yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair jinayət işinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il saat 20:30 radələrində ünvan 2 ünvanındakı yaşadığı qeydiyyatsız evin qarşısında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı qohumu Zərərçəkmiş şəxs baş və bədən nahiyyələrinə yumruq zərbələri vuraraq sol gicgah nahiyyəsinin dərialtı hematoması, sol bazu nahiyyəsinin qançır və sıyrığı, sol əlin İİİ barmağının dırnaq falanqasının travmatik qopması və ətraf yumşaq toxumalarda qansızma ilə müşayiət olunan, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan bədən xəsarətləri yetirərək qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun baldızı qızıdır. Onlarla qonşuluqda ərinin qardaşı Məhərrəm öz ailəsi ilə birlikdə yaşayır. Baldızı Şahid4 onlardan bir qədər aralı, qonşu məhəllədə ailəsi ilə birlikdə yaşayır. Hadisəyə qədər Afət və Günel ilə münasibəti yaxşı olmuşdur. xx xxxx 2020-ci il saat 21 radələrində o, yaşadığı evə tərəf gedərkən qonşusu Günel, Afət, Ləman, Xədicə, Ayşən və Aygün oturub çay içirmişlər. O, onların yanından keçən zaman Günel onun ünvanına atmaca sözlər işlətmiş, o, bununla bağlı sonuncuya iradını bildirmişdir. Bu səbəbdən də, aralarında sözlə mübahisə yaranmış və onlar bir-birilərinin saçını yolmuşlar. Bu zaman orada olan Afət, Xədicə, onların qızları onun üstünə hücum çəkərək onu yerə yıxıb döyməyə başlamışlar. Həmin vaxt o, Zərərçəkmiş şəxs saçından tutaraq yerə yıxmış, ola bilsin həmin vaxt axırınjı xəsarətlər almışdır. Daha sonra, səs küyə evdən çıxan Məhərrəm və Xədicənin əri Tolqay, eləcə də, onun yoldaşı Sabir yaxınlaşaraq onları ayırmış, əri Sabir onu evlərinə aparmışdır. Münaqişə zamanı Tolqay da, onu təpiklə vurmuşdur. Döyülməsi ilə bağlı polisə müraciət etmək istəsə də, yoldaşı Sabir bu məsələnin ailədaxili məsələ olduğunu deyərək ona polisə müraciət etməməsini bildirmişdir. Buna görə də, o, polisə şikayət etməmişdir. Hadisədən 5 gün sonra onlar Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət edilmiş və ona bildirilmişdir ki, barəsində Zərərçəkmiş şəxs onun tərəfindən döyülməsinə dair şikayət var. Bundan sonra da, Ləman Əhmədova, Şahid1, Şahid5, Zərərçəkmiş şəxs və Şahid4 tərəfindən döyülməsi bağlı polisə müraciət etmiş və tibbi müayinədən keçmişdir. Hal-hazırda zərər çəkmiş şəxslə barışmış və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, dəymiş ziyanın ödənildiyini bildirmiş və ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dayısının yoldaşıdır. Əvvəllər Təqsirləndirilən şəxs ilə münasibətləri normal olmuş, sonradan aralarında olan münasibət pisləşmişdir. xx xxxx 2020-ci il tarixdə ad gününü qeyd etmək münasibəti ilə anası ilə birlikdə dayısı Məhərrəmgilin evinə gəlmiş və onlar sonuncunun evin qarşısında qonşuları Günel və dayısı qızı Ləmanla oturub çay içməyə başlamışlar. Həmin vaxt Təqsirləndirilən şəxs bacısı Vəsilə ilə birlikdə öz evlərinin qarşısında olmuşlar. Təqsirləndirilən şəxs onların oturduqları yerə yaxınlaşaraq Günel ilə söz mübahisəsinə başlamış, onu təhqir etmişdir. Onlar Təranənin bu xasiyyətə malik olduğunu bildikləri üçün ona qarşılıq verməməyə çalışmışlar. Günel Təranəyə bu sözlərinə görə cavab verəcəyini bildirmiş və bu zaman Təranə Günelin arxasına keçərək əlləri ilə sonuncunun boğazığından tutub yerə yıxmış və saçını yolmuşdur. Günel onun əlindən çıxıb öz evinə girmişdir. Təranə əvvəl oturduğu yerə qayıdaraq oradan Güneli uca səslə nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. Təranənin bəzi söyüşlərinin onların ünvanına aid olduğunu eşidən anası Xədicə onların ünvanına söyüş söyməsini Təranəyə irad tutmuş, bu zaman dayısı Sabir Əhmədov onun anasına tərəf şüşə fincan atmış, lakin fincan anasına dəyməmişdir. Təranə dərhal onun anasının üstünə hücum çəkmiş, saçından tutaraq ona zərbələr vurmuşdur. Bu zaman dayısı Məhərrəm qohumu Elşadla küçənin başlanğıcından, Məhərrəmin arvadı Afət isə evlərindən gələrək anasını onlardan müdafiə edib Təranə sakitləşdirməyə çalışmışlar. Anidən Təranə onun üstünə hücum çəkərək onu yerə yıxmış, saçından tutaraq onun bədəninin müxtəlif nahiyyələrinə zərbələr endirmişdir. Dayısı Məhərrəm onları ayıraraq onu və anasını öz evinə salmışdır. Təqsirləndirilən şəxs ilə barışdığını göstərərək cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, qardaşları Məhərrəm və Sabir Əhmədovlar biri-biri ilə qonşuluqda eyni küçədə , o isə onlardan bir qədər aralıda digər küçədə yaşayır. Əvvəllər onlar arasındakı münasibətlər yaxşı olmuş, sonradan isə aralarındakı münasibət pisləşmişdir. xx.xx.2020-ci il tarixdə qızı Ayşənin ad gününü qeyd etmək məqsədi ilə qardaşı Məhərrəmgilə getmişlər. Həmin gün saat 20 radələrində o, qızı Ayşən, Afətin qızı Ləmanla birlikdə çay içdikləri zaman qonşuları Güneldə onlara qoşulmuşdur. Həmin vaxt Təranə bacısı Vəsilə ilə öz evlərinin qarşısında olmuş, Təranə Günel ilə kinayəli şəkildə danışmış, Günel əvvəl ona reaksiya verməsə də, sonradan Təranəyə cavab qaytarmış, Tərnanə Günelə yaxınlaşaraq onunla söz mübahisəsinə başlamış, sonra isə Günelin arxasına keçərək əlləri ilə sonuncunun boğazığından tutaraq yerə yıxmış və saçını yolmuşdur. Həmin vaxt orada olan Təranənin bacısı Vəsilə də, Günelə zərbələr vurmuşdur. Günel onların əlindən çıxıb öz evinə girmişdir. Həmin vaxtı səs-küyə Məhərrəm və Afət gəlmişlər. Məhərrəmin yanında sonuncunun dayısı oğlu Elşad olmuşdur. Ara sakitləşsə də, Təranə Güneli yüksək səslə söyməyi davam etmişdir. Təranə orada oturanların ünvanına nalayiq ifadələr işlətdiyi üçün o, Təranəyə öz iradını bildirmişdir. Bundan sonra Təranə bacısı Vəsilə ilə birlikdə onu üstünə hücum etmiş, saçını yolmuş və onun sifətinə cırmaqlar atmışlar. Bu zaman qardaşı Məhərrəm, qohumları Elşad, Afət, qızı Ayşən və Afətin qızı Ləman araya girərək onları aralamışlar. Daha sonra Təranə onun qızı Ayşənin saçından tutuaraq yerə yıxmış və onun bədəninin müxtəlif nahiyyələrinə zərbələr endirmişdir. Onlar Ayşəni ondan uzaqlaşdıraraq evə salmışlar. Həmin gün onlar polisin DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə baldızı Xədicə qızı Ayşənin ad gününü qeyd etmək qızı il birlikdə onlara gəlmişdir. Həmin gün saat 20 radələrində Ayşən anası Xədicə ilə onlara gəlmişlər. Evə girməmişdən əvvəl evlərinin qarşısında küçədə oturub çay içmiş, qonşuları Şahid5 da, onlarla birlikdə oturmuşdur. O, hazırlıq işləri görmək üçün evə girmişdir. Təxminən yarım saat sonra küçədən səs küy səsləri eşitdiyi üçün küçəyə çıxmış və Təranənin bacısı Vəsilə ilə birlikdə Güneli döydüklərini görmüşdür. Daha sonra Günel onların əlindən çıxaraq öz evinə girmiş, o yenidən evinə qayıtmışdır. Təxminən 5 dəqiqə sonra küçədən yenidən səs gəldiyini eşidib küçəyə çıxmış, Təranənin Vəsilə ilə birlikdə Xədicənin üstünə hücum çəkdiyini və sonuncunu döydüklərini görmüşdür. Bu zaman əri Məhərrəm də, oraya gəlmiş və onlar Xədicəni Təranənin əlindən alıb evlərinə aparmışlar. Bu zaman Təranə yerdən stulu götürüb onun üstünə atmış, sonra onunla əlbəyaxa olmuşdur. Münaqişəyə Məhərrəm müdaxilə edib aralarına girmiş və o, evlərinə girmişdir. Daha sonra Təranə Ayşənin saçından tutaraq onu yrə yıxmış və bədəninin müxtəlif nahiyyələrinə zərbələr endirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə bacısı qızı Ayşənin ad günü olmuş və ölkədə karantin tədbirləri tətbiq edildiyi üçün mərasimi restoranda keçirə bilmədiklərindən qərara gəlmişlər ki, onların evlərində yığışsınlar. Saat 20 radələrində Ayşən anası Xədicə ilə birlikdə onlara gəlmişdir. Həmin vaxt bacısı Xədicə, sonuncunun qızı Ayşən, yoldaşı Afət, qızı Ləman və qonşuları Günel evlərinin qarşısında küçədə oturub söhbət etmişlər. O, isə həmin vaxt dayısı oğlu Elşad ilə onlardan bir qədər aralıda söhbət etmişdir. Evlərinin qarşısında Təranənin və sonuncunun bacısı Vəsilənin qışqırıq səs eşidərək dayandığı yerdən evinin qarşısına gəlmiş, Təranə və Vəsilənin qonşualrı Günli döydüyünü görmüşdür. O, onları ayırmaq üçün onlara yaxınlaşarkən Günel Təranənin əlindən çıxaraq evinə girmişdir. O, Təranənin tez-tez münaqişə etdiyini bildiyindən bu məsələyə önəm vermədən Elşadla əvvəl durduğu yerə keçərək söhbətlərini davam etmişdir. Təxminən 2-3 dəqiqə sonra o, yenidən evlərinin qarşısında səs-küy eşitdiyi üçün yenidən ora gəlmiş, Təranə ilə Vəsilənin Xədicənin üstünə hücum çəkərək onu döydüyünü görmüşdür. Həmin vaxt onun həyat yoldaşı Afət də, evdən bayıra çıxmış, Təranə evinin qapısının qarşısındakı taxta oturacağı qaldırıb Afəti başından vurmaq istəsə də, Afət əlləri ilə başını tutduğundan stul əllərinə dəymişdir. Dayısı oğlu Elşadın köməyi ilə o, Afəti, Xədicəni və Ləmanı evlərinə aparmışdır. Bu zaman Xədicə qızı Ayşənin çöldə qaldığını və döyüldüyünü qbildirmiş, o, dərhal bayıra çıxmış, Təranənin Ayşəni yerə yıxıb döydüyünü görmüşdür. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, ekspert rəyi və digər sənədlərlə də sübuta yetir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 xx.xx.2020-ci il tarixli, 1107 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol gicgah nahiyyəsinin dərialtı hematoması, sol bazu nahiyyəsinin qançır və sıyrığı, sol əlin İİİ barmağının dırnaq falanqasınm travmatik qopması və ətraf yumşaq toxumalarda qansızma müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyaların) təsirindən törənmişdir, müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xarakterinə və lokalizasiyasma görə, xəsarətlərin müayinə olunan şəxsin tərəfindən özünə yetirilməsi inkar olunur. (i.v. 28-29) Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə uyğun olaraq, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə müvafiq olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Məhkəmə hesab edir ki, şəxs böyük ictimai təhlükə törətməyən cinayət əməli törətdiyindən, zərər çəkmiş şəxslə barışdığından və iş üzrə maddi ziyan olmadığından Təqsirləndirilən şəxs qarşı cinayət təqibinə xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməlidir. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə ijraata xitam verildiyi hallarda şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə xitam verilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 40.3, 43.1.2, 344-347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fəqan Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar