Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-106/2024 20.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1966-cı ildə Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, Qazax rayonu, Ağköynək kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs məhkəməyə verilmiş ittiham aktına əsasən təqsirləndirilir ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,135 qram psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 23 noyabr 2022-ci il tarixdə, saat 11:13 radələrində Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Zabrat qəsəbəsi, Çkalov küçəsində yerləşən evinin yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Sabunçu RPİ-nin 15-ci PB-yə gətirilmiş, polis bölməsinin inzibati binasında onun üzərinə şəxsi axtarış aparılarkən əynində olan boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd ağ rəngli sellofan bükümündə təmiz çəkisi 1,135 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Probasiya İdarəsində qeydiyyata alınaraq ona elektron nəzarət vasitəsi tətbiq edilmişdir. 22 noyabr 2022-ci il tarixdə, axşam saatlarında Rza adlı qonşu ilə birlikdə yaşadığı ünvan 1 ünvanında olduğu zaman Sabunçu RPİ-nin 15-ci PBnin əməkdaşları yaşadığı ünvana gələrək onu, qonşusu Rza ilə birlikdə Sabunçu RPİ-nin 15-ci polis bölməsinə aparmışlar. Sabunçu RPİ-nin 15-ci PB-nin inzibati binasında 1 gün saxlanıldıqdan sonra bölmənin təhqiqatçısının otağına aparılmış, orada olarkən üzərində narkotik vasitə olmamasına baxmayaraq polis əməkdaşları içərisində narkotik vasitə olan büküm təqdim edərək, həmin bükümü cibinə qoymasını təklif, lakin, o, təqdim olunan bükümü götürməkdən imtina etmişdir. Daha sonra polis bölməsinin ikinci mərtəbəsində yerləşən xidməti otaqlarında birinə qaldırılmış, orada polis əməkdaşı təqdim olunmuş bükümü qəbul etmədiyi üçün onun sifətinə iki şillə vurmuşdur. Həmin vaxt polis əməkdaşları onun yanında əvvəllər tanımadığı başqa şəxsi döymüş, narkotik vasitənin ona aid olmasını etiraf etməyəcəyi təqdirdə eyni aqibətin onu da gözlədiyini bildirmişlər. O, ürək xəstəsi və yaşlı olduğuna görə polis əməkdaşları tərəfindən döyülməkdən qorxmuş, bu səbəbdən, üzərində narkotik vasitə olmamasına baxmayaraq, polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldığı üçün məcbur qalaraq özünə qarşı ifadə vermiş və hansısa sənədləri imzalamışdır. Sabunçu RPİ-nin 15-ci PB-də 2 gün saxlanıldıqdan sonra o, Sabunçu RPİ-yə aparılaraq MSY-nə təhvil verilmiş, MSYdə 2 gün saxlanıldıqdan sonra Sabunçu rayon prokuroru tərəfindən müvəqqəti saxlama yerindən azad edilmişdir. Bununla əlaqədar özünü təqsirli bilməyərək barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhər Sabunçu RPİ-nin 15-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis leytenantı rütbəsi daşıyır. Vəzifə səlahiyyətlərinə narkotik, psixtrop maddələrin, güclü təsir edən preparatların qanunsuz dövriyyəsi ilə mübarizə daxildir. 23 noyabr 2022-ci il tarixdə xx xxxx 1966-cı ildə Qazax rayonunda doğulmuş, Qazax rayonu, Ağköynək kəndində qeydiyyatda olmaqla ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində daşıması barədə işlədiyi Sabunçu RPİ-nin 15-ci polis bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Bu məlumatın yoxlanılması məqsədi ilə müvafiq olaraq əməliyyat tədbirinin keçirilməsi zərurəti yarandığından, həmin tarixdə, ondan və Sabunçu RPİ-nin 15-ci polis bölməsinin sahə rəisi, polis polkovnik-leytenantı Şahid1 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Daha sonra keçirilmiş əməliyyat tədbirləri nəticəsində, həmin gün, yəni, 23 noyabr 2022-ci il tarixdə, saat 11:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Zabrat qəsəbəsi, Çkalov küçəsində yerləşən evinin yaxınlığında Təqsirləndirilən şəxs görüb ona yaxınlaşıb özlərini təqdim edərək, bir qədər onunla söhbət etdikdən sonra onu polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə işlədikləri polis bölməsinə gəlmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə şübhə yarandığından o, bölmənin təhqiqatçısı tərəfindən şübhəli şəxs qismində tutularaq saxlanılmışdır. Daha sonra videoçəkiliş aparmaqla əvvəlcə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, sonra isə ondan videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasına etirazının olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs etiraz etməmiş və bundan sonra ona üzərində qanunla istifadəsi qadağan olunmuş əşya, predmet və ya başqa nə varsa təqdim etməsi təklif edilmişdir. Təklifə əsasən, Təqsirləndirilən şəxs əynində olan şalvarının cibindən 01 ədəd ağ rəngli sellofan bükümü çıxararaq təqdim etmişdir. Sorğu zamanı, təqdim etdiyi bükümdə psixotrop maddə metamfetamin olduğunu, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində üzdən tanıdığı, lakin, anket məlumatlarını dəqiq bilmədiyi şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs götürülmüş içərisində narkotik maddə olan büküm qablaşdırılaraq DİNnin möhürü ilə möhürlənmiş, daha sonra, bu barədə tərəflərindən müvafiq protokol tərtib edilmiş, həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalanmışdır. Şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 15-ci PBnin sahə rəisi, polis polkovnik-leytenantı Şahid1 Şahid2 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 4-5-ci vərəqəsində olan Sabunçu RPİ-nin 15-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 23 noyabr 2022-ci il tarixli “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi” haqqında qərarından görünür ki, xx xxxx 1966-cı ildə Qazax rayonunda doğulmuş, Qazax rayonu, Ağköynək kəndində qeydiyyatda olmaqla ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində daşıması barədə Sabunçu RPİ-nin 15-ci PB-yə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə Sabunçu RPİ-nin 15-ci PB-nin polis əməkdaşlarında ibarət əməliyyat qrupunun yaradılması qərara alınmışdır. Cinayət işinin 8-ci vərəqəsində olan 23 noyabr 2022-ci il tarixli şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 23 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 27-28-ci vərəqəsində olan 23 noyabr 2022-ci il tarixli şəxsi axtarış və götürülmə aparılması barədə protokoldan görünür ki, Şahid2 və Şahid1 iştirakı ilə həmin gün saat 12:10-12:17 aralığında Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd ağ rəngli sellofan bükümündə ağ rəngli, kristal şəkilli maddə aşkar edilərək götürülmüşdür. Cinayət işinin 33-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 92 (doxsan iki) manat müəyyən edilmişdir. Cinayət işinin 34-35-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 noyabr 2022-ci il tarixli, 6/6712 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №161” möhür əksi və “...vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddi sübut; saxlanılan şəxs: Təqsirləndirilən şəxs-imza, iştirak etdilər - iki imza, Qablaşdırdı: F.Bədəlov imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki bir ədəd bükümdəki təmiz çəkisi 1,135 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata sərf edildikdən sonra psixotrop maddə metamfetaminin qalıq çəkisi 1.085 qramdır. Cinayət işinin 71-73-cü vərəqələrində olan 25 noyabr 2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Musa Məmmədovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 74-cü vərəqələrində olan 25 noyabr 2022-ci il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 79-80-ci vərəqəsində olan 30 noyabr 2022-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 1.085 qram psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınaraq məsul saxlanış üçün Sabunçu RPİnin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 94-95-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 26 noyabr 2022-ci il tarixli, 7161 saylı rəyindən görünür ki, müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs opioidlərin və psixomulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 97-103-cü vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-35/2022 nömrəli, 18 yanvar 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 02 (iki) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin 104-109-cu vərəqəsində olan 22 yanvar 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış görüntülərini əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 91-93-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 13 fevral 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 998/2023-cü il tarixli, 11 dekabr 2023-cü il tarixli qərarından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrələrinin, iş üzrə şahidlər Sabunçu RPİ-nin 15-ci Polis Şöbəsinin əməkdaşları Şahid1 istifadəsində olan ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı və Şahid2 istifadəsində olan ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil telefon nömrələrinin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər anten dairəsi barədə məlumatların əldə edilməsi məqsədi ilə "xxxx" MMC və "xxxx" MMC-yə sorğu verilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin 21/1-3-2872/2019 nömrəli, 23 fevral 2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs 16 iyun 2022-ci il tarixdə Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alınmış, 23 fevral 2024-cü il tarixə 01 (bir) il 03 (üç) ay 21 (iyirmi bir) gün çəkilməmiş cəzası qalmışdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin Təqsirləndirilən şəxs 22 noyabr 2022-ci il, saat 00:00-dan 23 noyabr 2022-ci il saat 23:59-dək olan müddət ərzində izləmə məlumatları barədə məlumatdan görünür ki, Təqsirləndirilən şəxs 22 noyabr 2022-ci il, saat 19:00-dan 22 noyabr 2022-ci il, saat 20:48-dək olan müddət ərzində ünvan 1 ünvanında, 22 noyabr 2022-ci il, saat 20:55-dən 22 noyabr 2022-ci il, saat 23:59-dək, 23 noyabr 2022-ci il saat 00:00-dan 23 noyabr 2022-ci il saat 23:59-dək olan müddət ərzində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 5 ünvanında olmuşdur. Cinayət işi materiallarında olan "xxxx" MMC-nin BKC/LGL-1306/2024 nömrəli, 08 yanvar 2024-cü il tarixli məktubundan görünür ki, ***-***-**-** və ***-***-**-** saylı nömrələr sorğulanan müddət ərzində Bakcell şəbəkəsində istifadə olunmamışdır. Cinayət işi materiallarında olan "xxxx" MMC-nin 07 yanvar 2024-cü il tarixli məktubundan görünür ki, Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin 23 noyabr 2022-ci il, saat 10:59-dan 23 noyabr 2022-ci il, saat 12:31-dək olan müddət ərzində anten dairəsi Abşeron rayonu, Zabrat dairəsi, Şahbazov küçəsi 29, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər Şossesi 50 ünvanları olmuşdur. ***-***-**-**, ***- ***-**-**, ***-***-**-** saylı mobil nömrələr Azercell şəbəkəsində istifadə edilməmişdir. Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin 23 noyabr 2022-ci il tarixdə saat 11:00-dan saat 11:20-dək anten dairəsi Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 7, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər Şossesi 50 ünvanları olmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir İlk olaraq məhkəmə qeyd edir ki, ibtidai araşdırma zamanı şəxsin özünü təqsirli bilməsinə dair etirafedici ifadə verməsi özü-özlüyündə həmin ifadələrə istinad edilməklə birmənalı şəkildə şəxsin cinayətin törədilməsində təqsirliliyin sübut olunması qənaətinə gəlinməsi üçün əsas deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həqiqətən Təqsirləndirilən şəxs təhqiqat zamanı vermiş olduğu ifadəsindən görünür ki, o, şübhəli şəxs qismində dindirilərkən ona elan olunmuş ittihamın məzmununa oxşar ifadə vermişdir. Lakin, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsini dəyişmiş, ilkin ifadəsini təzyiq və təsir nəticəsində imzaladığını göstərmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırkı halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəalarını nəzərə alaraq Təqsirləndirilən şəxs bütün ifadələrini yoxlamaqla, ifadəsinin dəyişməsinin səbəbini aydınlaşdırmaqla və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməklə onun ibtidai araşdırma zamanı ifadələrini təzyiq və təsir nəticəsində verməsi barədə dəlilini inandırıcı və işin hallarına uyğun hesab edir. Məhkəmə araşdırması zamanı cinayət işi üzrə təqdim edilən şahidlər dindirilməklə və cinayət işinin materiallarında olan sənədlər tədqiq edilməklə müvafiq məhkəmə istintaqı aparılmışdır. Lakin, yuxarıda təsvir olunan ifadələrdən görünür ki, iş üzrə keçirilən məhkəmə baxış iclaslarında dindirilən ittiham tərəfinin şahidləri Təqsirləndirilən şəxs elan edilmiş ittihamda nəzərdə tutulan cinayət hadisəsi ilə bağlı ziddiyyətli və yaxud səthi ifadələr vermişlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, şahidlərin müxtəlif vaxtlarda verdiklərı ifadələrı arasındakı uyğunsuzluqlar, habelə ittiham tərəfinin təqdim etdiyi müxtəlif növ dəlillər arasındakı ciddi uyğunsuzluqlar şahidlərin etibarlılığına və ifadələrinin sübut qismində dəyərinə etiraz etmək üçün ciddi əsas yaradır. Belə etiraz özlüyündə işin faktoloji hallarına həmin ifadələr əsasında verilmiş qiymətə və son nəticədə məhkəmə araşdırmasının nəticəsinə təsir göstərə bilən etirazdır. Yuxarıda təsvir olunanlardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ittiham olunduğu cinayət əməli üzrə özünü təqsirli bilməmiş və üzərindən heç bir narkotik vasitə çıxmadığını, eləcə də, onun 23 noyabr 2022-ci il tarixdə, saat 11:13 radələrində Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Zabrat qəsəbəsi, Çkalov küçəsində yerləşən evinin yaxınlığından deyil, 22 noyabr 2022-ci il tarixdə, axşam saatlarında Rza adlı qonşu ilə birlikdə yaşadığı ünvan 1 ünvanında olduğu zaman polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə aparılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları Şahid2 və Şahid1 ittihamı təsdiq edən ifadələr versələr də, məhkəmə istintaqı zamanı aparılmış araşdırma zamanı, Şahid1 istifadəsində olan ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı və Şahid2 istifadəsində olan ***- ***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil telefon nömrələrinin anten əhatə dairəsinin müəyyən edilməsi məqsədi ilə müvafiq mobil operatorlara sorğu verilmiş, Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin 23 noyabr 2022-ci il, saat 10:59-dan 23 noyabr 2022-ci il, saat 12:31-dək olan müddət ərzində anten dairəsinin Abşeron rayonu, Zabrat dairəsi, Şahbazov küçəsi 29, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər Şossesi 50 ünvanları, Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin 23 noyabr 2022-ci il tarixdə saat 11:00-dan saat 11:20-dək anten dairəsi Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 7, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər Şossesi 50 ünvanları olduğu müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 22 noyabr 2022-ci il, saat 00:00-dan 23 noyabr 2022-ci il saat 23:59-dək olan müddət ərzində izləmə məlumatları əldə edilməsi məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinə sorğu verilmiş, Təqsirləndirilən şəxs 22 noyabr 2022-ci il, saat 19:00-dan 22 noyabr 2022-ci il, saat 20:48-dək olan müddət ərzində ünvan 1 ünvanında, 22 noyabr 2022-ci il, saat 20:55-dən 22 noyabr 2022-ci il, saat 23:59-dək, 23 noyabr 2022-ci il saat 00:00-dan 23 noyabr 2022-ci il saat 08:00dək olan müddət ərzində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 5 ünvanında olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nin polis əməkdaşları Şahid2 və Şahid1 Təqsirləndirilən şəxs saxlanılması məqsədi ilə keçirilən əməliyyat-axtarış tədbirində iştirak etməmiş, əməliyyat-axtarış tədbirinin keçirildiyi tarixdə və saatda Abşeron rayonu, Zabrat dairəsi, Şahbazov küçəsi 29, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər Şossesi 50, ünvan 7 ünvanlarında olmuşlar. Qeyd olunanlar ittihamın əsasını təşkil edən Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nin polis əməkdaşları Şahid2 və Şahid1 tərəfindən verilmiş şahid ifadələrinin mötəbərliyini şübhə altına alır və həmin sübut Təqsirləndirilən şəxs elan edilmiş ittihamı təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Cinayət işinin materialları və məhkəmə istintaqının nəticələrindən aydın olmuşdur ki, Sabunçu RPİ-nin 15-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 23 noyabr 2022-ci il tarixli “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi” haqqında qərarına əsasən xx xxxx 1966cı ildə Qazax rayonunda doğulmuş, Qazax rayonu, Ağköynək kəndində qeydiyyatda olmaqla ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində daşıması barədə Sabunçu RPİ-nin 15-ci PB-nə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə Sabunçu RPİ-nin 15-ci PBnin polis əməkdaşlarından ibarət əməliyyat qrupunun yaradılması qərara alınmışdır. Lakin, Sabunçu RPİ-nin 15-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 tərəfindən 23 noyabr 2022-ci il tarixli “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi” qərar qəbul edilsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidməti tərəfindən məhkəməyə təqdim edilmiş Təqsirləndirilən şəxs 22 noyabr 2022-ci il, saat 00:00-dan 23 noyabr 2022-ci il saat 23:59-dək olan müddət ərzində izləmə məlumatlarından görünr ki, Təqsirləndirilən şəxs 22 noyabr 2022-ci il, saat 19:00-dan 22 noyabr 2022-ci il, saat 20:48-dək olan müddət ərzində ünvan 1 ünvanında, 22 noyabr 2022-ci il, saat 20:55-dən 22 noyabr 2022-ci il, saat 23:59-dək, 23 noyabr 2022-ci il saat 00:00-dan 23 noyabr 2022-ci il saat 08:00-dək olan müddət ərzində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 5 ünvanında olmuş, lakin, Təqsirləndirilən şəxs elan olunmuş ittihamda 23 noyabr 2022-ci il tarixdə, saat 11:13 radələrində Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Zabrat qəsəbəsi, Çkalov küçəsində yerləşən evinin yaxınlığında şübhəli şəxs qismində saxlanıldığı göstərilmişdir. Göründüyü kimi, Sabunçu RPİ-nin 15-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 23 noyabr 2022-ci il tarixli “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi” haqqında qərarına əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində daşıması barədə Sabunçu RPİ-nin 15-ci PB-nə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə Sabunçu RPİ-nin 15-ci PB-nin polis əməkdaşlarından ibarət əməliyyat qrupunun yaradılması qərara alınmış, lakin, əməliyyat-axtarış tədbirlərinin keçirildiyi vaxtdan 12 saatdan çox müddət fasiləsiz olaraq Osmanov X2 RPİ-nin 15-ci PB-də olmuşdur. Yəni Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Zabrat qəsəbəsi, Çkalov küçəsində yerləşən evinin yaxınlığında olmamış, o, 22 noyabr 2022-ci il, saat 20:55-dən etibarən Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci Polis Bölməsi inzibati binasında saxlanılmışdır. Bu hal, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin Təqsirləndirilən şəxs 22 noyabr 2022-ci il, saat 00:00-dan 23 noyabr 2022-ci il saat 23:59-dək olan müddət ərzində izləmə məlumatları ilə öz təsdiqini tapır. Odur ki, təqsirləndirlən şəxsin onun üzərinə baxış keçirilməyə başlandığı xx.xx.2022-ci il saat 12:10-dan 12 saatdan daha çox müddət fasiləsiz polis bölməsində olması, onların əməliyyat-axtarış tədbirinin keçirildiyi tarixdə və saatda fərqli ünvanlarda olması və bununla əlaqədar ittiham tərəfinin şahidlərinin təqsirləndirlən şəxsi 23 noyabr 2022-ci il tarixdə, saat 11:13 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Zabrat qəsəbəsi, Çkalov küçəsində yerləşən evinin yaxınlığında şübhəli şəxs qismində saxlanılması və daha sonra bölməyə gətirilməsi barədə ifadələrinin həqiqətə uyğun olmamasına dəlalət edir. Təqsirləndirlən şəxsin polis bölməsinə gətirildikdən 12 saatdan çox sonra üzərinə baxış keçirilərək ondan psixotrop maddə aşkar edilməsi onun təqsirliliyini əsaslı şübhə altına alan məqamdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Beləliklə də, yuxarıda təsvir olunanlardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsi barədə ittiham tərəfinin sübutları ziddiyyətli olmaqla və qanunvericiliyin tələbləri pozulmaqla əldə edilmiş olduğundan, həmin sübutlar Təqsirləndirilən şəxs elan edilmiş ittihamı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən insan və vətəndaşların konstitusiya hüququqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (maddə 125.2.1); şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə (maddə 125.2.3); cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə (maddə 125.2.6) və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda (maddə 125.2.7) - əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən, Cinayət-Prosessual Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Həmin Məcəllənin 125.5-ci maddəsinə əsasən, cinayət-prosessual qanunvericiliyinin tələblərinin ittiham tərəfindən pozulması nəticəsində sübuti əhəmiyyətini itirmiş hesab oluna bilən materialın sübut qismində qəbul edilməsinə müdafiə tərəfinin vəsatəti əsasında yol verilir. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, ümumilikdə 1.085 qram psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi ilə bağlı Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə Təqsirləndirilən şəxs saxlanılması və hazırkı cinayətin predmeti olan psixotrop maddənin aşkar edilməsi ilə bağlı tərtib edilmiş digər sənədlər də mahiyyət etibarilə bir-birinə zidd olmaqla, onun ittiham edildiyi cinayət əməlini törətməsini təsdiq etmir və həmin ittiham üzrə onun təqsirli olduğuna əsaslı şübhələr yaradır. Eləcə də, yuxarıda təsvir və tədqiq edilən şahid ifadələri və istintaq sənədləri ilə təqsirləndirilən şəxsə elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin aşkar edilməsi faktının gedişatının dəqiq, obyektiv və tam müəyyən edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibı üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yuxarıda təsvir edilən hallarla müəyyən edilir ki, ittihamın əsaslandığı sübut növləri ilə bağlı tərtib edilmiş prosessual sənədlərin əksəriyyəti ziddiyyətli olmaqla yanaşı, onlar həm də Cinayət-Prosessual qanunvericiliyin tələbləri pozulmaqla tərtib edilmişdir. Buna görə də, həmin sübut növləri mötəbər olmayan dəlilləri əks etdirdikləri və ziddiyyətli olduqları üçün Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı təqsirliliyinin müəyyən edilməsində mötəbər sübutlar kimi istifadə oluna bilməz. Cinayət prosesinin qanunçuluq prinsipinin təsbit olunduğu Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 10.5-ci maddəsinə əsasən, qanunun bu maddəsində (10- cu maddəsində) göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətləri və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən, Cinayət-Prosessual Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Azərbaycan Respublikası CPM-in 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikası CPM-in 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, Cinayət-Prosessual Məcəlləsinin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Yuxarıda təsvir olunanlardan görünür ki, ittiham tərəfi məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.4-cü maddəsinin tələbinə görə, məhkəmənin hökmü -Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda (349.5.1-ci maddə), bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (349.5.2-ci maddə) və məhkəmə-nin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (349.5.3-cü maddə) - məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə də, Təqsirləndirilən şəxs cinayət işi üzrə maddi sübut kimi tanınmış narkotik vasitə olan ümumilikdə 1.085 qram psixotrop maddə metamfetaminin qanunsuz əldə edilməsinə və saxlanılmasına aidiyyəti və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham olunduğu cinayətin törədilməsində təqsirliliyi məhkəmədə sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2 və 42.2.4-cü maddələrinə əsasən, Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-in 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Beləliklə də, məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Buna görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.1-ci maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli və barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qismində qətimkan tədbiri ləğv edilməli, o cümlədən, Təqsirləndirilən şəxs məhkəmə xərcləri tutulmamalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalıq qalan 1.085 qram psixotrop maddə metamfetamin xüsusi razılıq əsasında əldə olunan və saxlanılan maddələr kateqoriyasına aid olduğundan, həmin psixotrop maddə metamfetaminin mövcudluğu mübahisə doğurmadığından, onun qanunsuz olaraq əldə olunması, saxlanılması, satışı və s. cinayət təqibi üçün əsas götürülə bildiyindən, hazırkı iş üzrə hökm qanuni qüvvəyə mindikdən sonra narkotik vasitənin əldə olunmasında və saxlanmasında aidiyyəti şəxslərin cinayət təqibi məsələsinin həll edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat göndərilməlidir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış görüntülərini və Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı anten əhatə dairəsinin məlumatlarını özündə əks etdirən 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-nin 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 42, 55, 61, 62, 346-350, 352-353, 356- 358, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra narkotik vasitənin (ekspertiza tədqiqatından sonra qalıq qalan 1.085 qram psixotrop maddə metamfetamin əldə olunmasında və saxlanmasında aidiyyəti şəxslərin cinayət təqibi məsələsinin həll edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat göndərilsin, iş üzrə maddi sübut kimi saxlanılan 1.085 qram psixotrop maddə metamfetamin araşdırma sona çatanadək Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılsın. İş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış görüntülərini və Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı anten əhatə dairəsinin məlumatlarını özündə əks etdirən 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş 92 (doxsan iki) manat ekspertiza xərci (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 noyabr 2022-ci il tarixli, 6/6712 nömrəli rəyi) Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadə nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Hökmdən elan edildiyi gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti vəya apellyasiya protesti verilməzsə, hökm qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-106/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-106/2024
20.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver