Məhkəmə qərarları › İş №1(008)-106/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-106/2025

30.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-106/2025 30.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X16 Rafiq oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs Bınıatov Elchının iştirakları ilə, xx.xx.1993-cü ildə Gürcüstan Respublikası, Marneuli rayonunda anadan olmuş, Gürcüstan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Gürcüstan Respublikası, Marneuli rayonu, Kürtlər kəndində qeydiyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, yeni yaşayış massivi, nömrəsiz evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Bınıatov Elchının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bınıatov Elchın istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0.824 qr və 0,646 qr ümumi təmiz çəkisi 1,470 qram qəhvəyi rəngli toz şəkilli maddələr kustar üsulla hazırlanmış narkotk vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2021-ci il tarixdə saat 12:15 radələrində DİN-nin X17 Alayının 8-ci Patrul bölüyünün polis nəfərləri tərəfindən Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Şirvani küçəsində yerləşən avtoyuma məntəqəsinin yaxınlığında özünü şübhəli aparması səbəbindən saxlanılaraq Sabunçu RPİ-nin 15-ci PB-nin inzibati binasına gətirilib xidməti otaqda üzərinə şəxsi axtarış keçirilərkən əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,824 qr və 0,646 qr, ümumi təmiz çəkisi 1,470 qram qəhvəyi rəngli toz şəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Bınıatov Elchın Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılmazdan təxminən bir gün əvvəl yəni, xx.xx.2021-ci il tarixdə Sabunçu rayonu Bakıxanov qəsəbəsinə getmiş, orada xarici görünüşündən narkotik vasitə istifadəçisinə oxşayan bir nəfəri görüb ona yaxınlaşmışdır. Həmin şəxsdən şəxsi istifadəsi üçün narkotik vasitə istəmişdir. Sonuncu da bildirmişdir ki, onda narkotik vasitə olan heroin vardır, heroini ona 20 manata sata bilər. Razılaşdıqdan sonra həmin şəxs harasa gedərək təxminən 10 dəqiqədən sonra qayıtmış və ona iki bükümdə narkotik vasitə heroin vermişdir. O da razılaşdıqları kimi həmin şəxsə iki büküm heroin müqabilində 20 manat pul vermişdir. Heroinlər 2 ədəd şəffaf selofana bükülmüş vəziyyətdə olmuşdur. Bundan sonra oradan çıxıb getmişdir. xx.xx.2021-ci il tarixdə saat təxminən 12 radələrində yaşadığı evin yaxınlığında Sabunçu rayonu Zabrat qəsəbəsi Şirvani küçəsi kimi tanıdığı ərazidə gəzmişdir. Həmin vaxt ifadəsində qeyd etdiyi aldığı iki bükümdə heroini əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Həmin gün saat təxminən 12:15 radələrində Zabrat qəsəbəsi Şirvani küçəsi kimi tanıdığı ərazidə olarkən polis əməkdaşları yaxınlaşmışlar və özlərini təqdim etmişlər. Üzərində heroin olduğundan polis əməkdaşlarını görən kimi həyəcanlanmış və özünü şübhəli aparmağa başlamışdır. Onun hərəkətləri polis əməkdaşlarında şübhə yaratdığından onlar şəxsiyyətinin müəyyən edilməsi üçün yaxınlıqda yerləşən Sabunçu RPİ-nin 15-ci PB-nə getməyi təklif etmişlər. O da buna etiraz etməyərək polis əməkdaşları ilə birlikdə 15-ci PB-nə getmişdir. Həmin vaxt fürsət tapıb üzərindəki heroini tullamaq istəsə də tullaya bilməmişdir. PB-də olarkən şəxsiyyəti müəyyən edildikdən sonra hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuşdur. Bundan başqa o, şübhəli şəxs qismində tutulmuş və şübhəli şəxs qismində ona hüquq və vəzifələri izah edilməklə bildiriş verilmişdir. Qeyd olunanlarla bağlı 15-ci PBnin təhqiqatçısı tərəfindən müvafiq protokollar tərtib edilmişdir. Həmin protokolları o, imza etmişdir. Sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməsi təklif edildikdə etiraz etməmişdir. Lakin, ərizə ilə müraciət edərək bildirmişdir ki, üzərinə şəxsi axtarış vəkilin iştirakı olmadan keçirilsin. Bunun səbəbi də onunla bağlı olmuşdur ki, üzərində narkotik vasitə olan heroinin olmasını bilmiş və istəməmişdir ki, həmin heroin vəkilin yanında aşkar edilsin. Çünki fikirləşmişdir ki, əgər üzərində saxladığı heroin vəkilin yanında aşkar edilsə vəkil onu gələcəkdə məhkəmədə müdafiə edə bilməyəcəkdir. Məhz bu səbəbdən 15-ci PB-də üzərinə videoçəkilişlə şəxsi axtarış vəkilin iştirakı olmadan keçirilmişdir. Şəxsi axtarış keçirilərkən təhqiqatçı tərəfindən ona bildirilmişdir ki, üzərində saxlanılması qanunla qadağan olunmuş əşya və predmetin olduğu təqdirdə təqdim etsin. Həmin vaxt əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən içərisində 2 ədəd şəffaf rəngli sellofana bükülmüş heroini təqdim etmişdir. Həmin vaxt polis əməkdaşlarına bildirmişdir ki, 2 ədəd şəffaf rəngli sellofana bükülmüş vəziyyətdə olan maddə kakos kimi tanıdığı heroindir. Təxminən beş-altı aydır ki, narkotik vasitənin heroin növündən istifadə edir. Üzərindən aşkar edilmiş heroini təxminən bir gün əvvəl xx.xx.2021-ci il tarixdə Sabunçu rayonu Bakıxanov qəsəbəsində tanımadığı şəxdən şəxsi istifadəsi üçün almışdır. Aşkar edilmiş iki bükümdə heroin təhqiqatçı tərəfindən götürülərək zərfə qablaşdırılmış, möhürlə möhürlənmiş, zərfi o və şəxsi axtarış zamanı iştirak etmiş polis əməkdaşları imzalamışlar. Bildirilmişdir ki, aşkar edilmiş heroinin çəkisi, tərkibinin müəyyən edilməsi üçün ekspertizaya göndəriləcəkdir. Bundan başqa şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokola o və şəxsi axtarış zamanı iştirak etmiş polis əməkdaşları imza etmişlər. Sonda təqsirləndirilən şəxs Bınıatov Elchın əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 Alayının 8-ci Patrul Bölüyünün polis nəfəri Şahid2 ifadəsində göstərmişdir ki, 15 oktyabr 2021-ci il tarixdə saat 12:15 radələrində X17 Alayının 8-ci Patrul Bölüyünün polis nəfəri Şahid1 ilə birlikdə inzibati ərazidə xidmət aparan zaman Sabunçu rayonu Zabrat qəsəbəsi Şirvani küçəsində yerləşən avtoyuma məntəqəsinin yaxınlığında bir nəfər şəxsin özünü şübhəli aparmasını görüb həmin şəxsə yaxınlaşmışlar. Yaxınlaşdıqları şəxsə özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər və həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini xahiş etmişlər. Həmin şəxs sənədlərinin üzərində olmadığını bildirərək onlardan yayınmağa çalışmışdır. Həmin şəxsin üzərində qanunla qadağan edilmiş hər hansı maddə və ya predmet olması, onun narkotik vasitə istifadəçisi olması onlarda şübhə yaratdığından onu Sabunçu RPİ-nin 15-ci PB-nə dəvət etmişlər. Saxlanılan şəxs etiraz etməyərək onlarla birlikdə Polis Bölməsinə gəlmişdir. Bölmədə olarkən müəyyən edilmişdir ki, saxlanılan şəxs Gürcüstan Respublikası vətəndaşı Bınıatov Elchındır. Bölmədə xidməti otaqların birində təhqiqatçı tərəfindən Bınıatov Elchın şübhəli şəxs qismində tutularaq ona qanunla müəyyən edilmiş hüquq və vəzifələri izah edilmiş, müdafiə hüququnun təmin edilməsi məqsədilə vəkil bürosundan müdafiəçi dəvət edilərək ona təqdim edilmişdir. Bınıatov Elchınə üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirildikdə o etiraz etməmiş, lakin ərizə ilə müraciət edərək üzərinə keçirilən şəxsi axtarış zamanı müdafiəçisinin iştirak etməməsini xahiş etmişdir. Bundan sonra Bınıatov Elchının üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Bınıatov Elchınə üzərində qanunla dövriyyəsi qadağan olunmuş əşya və predmet olduğu təqdirdə təqdim etməsi bildirilmişdir. Bu zaman Bınıatov Elchın könüllü olaraq əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd ağ rəngli sellofan bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Təhqiqatçı tərəfindən həmin bükümlər açılaraq baxılan zaman içərisində qəhvəyi rəngli toz şəkilli narkotik vasitə olan heroinə bənzər maddələr aşkar edilmişdir. Təhqiqatçının suallarına cavab olaraq Bınıatov Elchın həmin narkotik vasitələri 14 oktyabr 2021-ci il tarixdə Bakıxanov qəsəbəsində üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxsdən 20 manata şəxsi istifadə məqsədilə alıb üzərində saxladığını bildirmişdir. Aşkar edilmiş iki ədəd büküm təhqiqatçı tərəfindən götürülərək ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, qablaşdırılmış zərf möhürləndikdən sonra Bınıatov Elchın və tərəflərindən imzalanmışdır. Bınıatov Elchının üzərinə şəxsi axtarış aparılarkən başqa hər hansı əşya, maddə və ya predmet aşkar edilməmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol tərəflərindən imzalarla təsdiq edilmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş X17 Alayının 8-ci Patrul Bölüyünün polis nəfəri Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid1 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 13-cü vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 15 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Bınıatov Elchın 15 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 23-24-cü vərəqələrində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 15 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nin təhqiqatçısı Vasif Calalov, Azərbaycan Respublikası CPM-nin 51, 86 və 242- 247-ci maddələrinin tələblərinə əsasən həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Sabunçu RPİ-nin 15-ci PB-nin inzibati binasında, xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Bınıatov Elchının barəsində şəxsi axtarış və götürmə aparıldı. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Bınıatov Elchını bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Bınıatov Elchın əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd ağ rəngli sellofana bükülmüş qəhvəyi rəngli toz şəkilli, narkotik vasitə olan heroinə bənzər madddəni çıxardaraq könüllü təhvil vermiş, bu narkotik vasitələri xx.xx.2021-ci il tarixdə Bakıxanov qəsəbəsində üzdən tanıdığı, lakin, adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 20 manata öz istifadəsi məqsədi ilə aldığını və üzərində saxlayıb gəzdirdiyini bildirdi. Aşkar olunmuş iki ədəd ağ rəngli sellofana bükülmüş narkotik maddə olan heroinə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 161 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edildi. Cinayət işinin 31-34-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 oktyabr 2021-ci il tarixli, 6/4600 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “saxlanılan şəxs: X3 üzərindən aşkar edilmiş...” yazısı olan kağız zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,824 qr və 0,646 qr, ümumi təmiz çəkisi 1,470 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Cinayət işinin 70-73-cü vərəqələrində olan “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 17 oktyabr 2021-ci il tarixli tarixli qərardan görünür ki, Bınıatov Elchın barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Sabunçu RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Əli Əhmədovun vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, Bınıatov Elchının dərhal saxlanıldığı yerdən azadlığa buraxılması qərara alınmışdır. Cinayət işinin 74-cü vərəqində olan “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 17 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Bınıatov Elchının barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi və qərarın ona elan edilməsi qərara alınmışdır. Cinayət işinin 77-78-ci vərəqələrində olan “Maddi sübut kimi tanıma haqqında” 18 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən təqsirləndirilən şəxs Bınıatov Elchının üzərindən aşkar olunaraq götürülmüş 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,824 qram və 0,646 qram, ümumi təmiz çəkisi 1,470 qram olan qəhvəyi rəngli toz şəkilli maddələr kustar üsulla hazırlanmış narkorik vasitə heroinin iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və tədqiqatlardan sonra qalıq qalmış 1,370 qram çəkidə narkorik vasitə heroinin saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 93-94-cü vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında” 17 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Bınıatov Elchının barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin şərtlərini pozması səbəbindən barəsində axtarış elan edilməsi, Bınıatov Elchın müəyyən edildiyi təqdirdə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin tələblərini pozduğu üçün tutularaq Sabunçu RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 99-101-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Bınıatov Elchın əvvəllər məhkum olunmuşdur. Belə ki, X11 Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 2800 manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci il tarixdə cəriməni tam ödəmişdir. Cinayət işinin 103-cü vərəqində olan “Saxlanılmış şəxsin təhvil-təslimi barədə” xx.xx.2024-cü il tarixli, 69 nömrəli Aktdan görünür ki, “Qırmızı Körpü” SNŞ-nin hərbi qulluqçuları S.Sairov, E.Tağıyev və Ə.Bayramov bu aktı ondan ötrü tərtib etmişlər ki, xx.xx.2024-cü il tarixdə saat 07:03 radələrində “Qırmızı Körpü” sərhəd nəzarət şöbəsində Azərbaycan Respublikasından Gürcüstana gedən Gürcüstan Respublikası vətəndaşı xx.xx.1993-cü il təvəllüdlü Bınıatov Elchın “İAMAS”da Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2024-cü il tarixdən “Saxla” statusu ilə nəzarətə qoyulduğu qeydə alındığı üçün sərhəd naryadı tərəfindən saxlanılmışdır. Saxlanılan şəxs müvafiq tədbirlər görülməsi üçün DİN-nin Qazax RPŞ-ə təhvil verilmişdir. Cinayət işinin 117-122-ci vərəqələrində olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(008)-666/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən Bınıatov Elchın barəsində 01 ay 29 gün müddətinə həbs qətimkan tədbirinin seçilməsi, həbsetmənin əvvəlinin 26 oktyabr 2024-cü il tarixdən, saat 12:00-dan hesablanması qərara alınmışdır. Cinayət işinin 124-125-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsinin Ambulator X1 dair xx.xx.2024-cü il tarixli, 7597 saylı rəyindən görünür ki, müayinə zamanı X4 qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 130-140-cı vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 19 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Bınıatov Elchının üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasını özünəd əks etdirən 01 ədəd DVD formatlı diskin cinayət işi üzrə maddi sübut hesab edilməsi və cinayət işi materiallarına əlavə edilməsi qərara alınmışdır. Məhkəmə iclasında Bınıatov Elchının üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd DVD diskə baxış keçirilərkən Bınıatov Elchının əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd ağ rəngli sellofana bükülmüş qəhvəyi rəngli toz şəkilli, narkotik vasitə olan heroinə bənzər madddənin aşkar edilərək götürülməsi müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs Bınıatov Elchın tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafından başqa mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxs Bınıatov Elchının üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 1,470 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Bınıatov Elchının cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür.”. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Bınıatov Elchının əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxs Bınıatov Elchın barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxs Bınıatov Elchının cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs Bınıatov Elchının törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini və himayəsində 2 (iki) azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Bınıatov Elchının əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Belə ki, Bınıatov Elchın əvvəllər məhkum olunsa da, onun məhkumluğu ödənilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni azadlığın məhdudlaşdırılması növündə cəzanın da təyin edilməsi nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarından görünür ki, X9 Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası CM-nin 52-1.6-cı maddəsinə əsasən azadlığın məhdudlaşdırılması hərbi qulluqçulara, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri olmayan şəxslərə təyin edilmir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələbindən göründüyü kimi əcnəbi olan təqsirləndirilən şəxs Bınıatov Elchınə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 23-cü bəndində məhkəmələrə, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etmələri tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinə əsasən məhkəmə müşavirə otağında cinayət işinə məhkəmə baxışının nəticələrinə dair digər məsələlərlə yanaşı həm də cinayətin törədilməsində təqsirli hesab edilmiş təqsirləndirilən şəxs barəsində əlavə cəzaların və məhz hansı cəzanın təyin edilməsinin zəruri olub-olmadığını da müzakirə etməli və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 353.2.7 və 353.2.8-ci maddələrinin tələblərinə uyğun olaraq ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində bu Məcəllənin 346.1.1-346.1.14-cü maddələrində nəzərdə tutulmuş məsələlərin həlli zamanı gəldiyi nəticələrin motivlərini göstərməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsində digər cəza növləri ilə yanaşı həmçinin Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə cəza nəzərdə tutulmuş və həmin Məcəllənin 43.3-cü maddəsinin tələblərinə görə, bu cəza yalnız əlavə cəza kimi tətbiq edilir. Məhkəmə hesab edir ki, Gürcüstan Respublikasının vətəndaşı olan Bınıatov Elchınə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza təyin edilməsinə əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Həmin Məcəllənin 52.2.6-cı maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan yetkinlik yaşına çatmayan uşağı olan şəxslərə şamil edilmir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş 4 saylı Bakı “Asan xidmət mərkəzi”nin Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 652386 nömrəli “Doğum haqqında şəhadətnamə”nin və AA6405611 nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X6 Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Binyatov Elçin, ana qrafasında X10 qeyd olunmuşdur və Azərbaycan Respublikasının vətəndaşıdır. Bundan başqa məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş 4 saylı Bakı “Asan xidmət mərkəzi”nin Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 652385 nömrəli “Doğum haqqında şəhadətnamə”nin və AA7263919 nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X7 Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Binyatov Elçin, ana qrafasında X10 qeyd olunmuşdur və Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Beləliklə iş materiallarından Bınıatov Elchının himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan iki azyaşlı uşağının olduğu müəyyən olunur. Belə olan halda məhkəmə hesab edir ki, Bınıatov Elchınə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza tətbiq edilə bilməz. Məhkəmə hesab edir ki, Bınıatov Elchınə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, 3 (üç) ildən artıq müddət ərzində ibtidai istintaqdan yayınması, qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilməsi və ölkə sərhədini tərk etmək istəyərkən tutulması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Bınıatov Elchınə Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bundan başqa məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, Bınıatov Elchının barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(008)-666/2024 saylı qərarında həbsetmənin əvvəlinin 26 oktyabr 2024-cü il tarixdən hesablanması göstərilsə də, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bınıatov Elchın xx.xx.2024-cü il tarixdə saat 07:03 radələrində “Qırmızı Körpü” sərhəd nəzarət şöbəsində Azərbaycan Respublikasından Gürcüstan Respublikasına gedən zaman “İAMAS”da Daxili İşlər Nazirliyi tərəfindən “Saxla” statusu ilə nəzarətə qoyulduğu qeydə alındığı üçün sərhəd naryadı tərəfindən saxlanılmış, müvafiq tədbirlər görülməsi üçün DİN-nin Qazax RPŞ-ə təhvil verilmiş və “Qırmızı Körpü” SNŞ-nin hərbi qulluqçuları S.Sairov, E.Tağıyev və Ə.Bayramov tərəfindən “Saxlanılmış şəxsin təhvil-təslimi barədə” xx.xx.2024-cü il tarixli, 69 nömrəli Akt tərtib olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Belə olan halda məhkəmə hesab edir ki, Bınıatov Elchının azadlığının faktiki məhdudlaşdırılması 26 oktyabr 2024-cü il tarixdə saat 12:00-da deyil, 25 oktyabr 2024-cü il tarixdə, saat 07:03 radələrində baş vermişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Bınıatov Elchınə cəza təyin edilərkən, yuxarıda qeyd olunan hallar mütləq nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs Bınıatov Elchın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Bınıatov Elchının istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəza çəkməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), Bınıatov Elchının barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut olan narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan - Bınıatov Elchının üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Bınıatov Elchınə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Bınıatov Elchının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxs Bınıatov Elchınə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Bınıatov Elchin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bınıatov Elchının istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Bınıatov Elchın cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 25 oktyabr 2024-cü il tarixdən hesablansın. Bınıatov Elchın barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bınıatov Elchınə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu RPİ-nin saxlancına təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 1,370 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - Bınıatov Elchının üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 114 (yüz on dörd) manat Bınıatov Elchındən tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxs Bınıatov Elchının hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar