Məhkəmə qərarları › İş №1(008)-110/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-110/2024

12.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-110/2024 12.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçili oğlunun, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1995-ci ildə Masallı rayonu, Kolatan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi işlə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Kolatan kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, R.Qəmbərov küçəsi, ev 12, mənzil 14-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 14 avqust 2023-cü il tarixdə, saat 20 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin, yəni “yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidir” tələbini pozaraq həmin məhdudiyyətdən artıq sürətlə etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz olan “Hyundai Elantra” markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanın qarşısında hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən yəni “sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir” kimi tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməyərək ehtiyatsızlıqdan yolu keçən piyada X3 vurmuş, nəticədə sonuncuya travmatik və hemorragik şok, qaraciyərin əzilmiş yaraları, sol said sümüklərinin yerini dəyişən, açıq sınıqları, sağ qalça nahiyəsinin əzilmiş yarası, alın, sol diz oynağı nahiyələrinin sıyrıqları ilə müşayiət edilən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olan bədən xəsarətləri yetirməklə ehtiyatsızlıqdan X2 həmin xəsarətlər nəticəsində baş vermiş travmatik və hemorragik şokdan ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs iş üzrə verilmiş ittiham üzrə özünü təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, “Hyundai Elantra” markalı **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobili almış və etibarnamə əsasında idarə etməyə başlamışdır. 14 avqust 2023-cü il tarixdə saat 20 radələrində o yaşadığı evə gedərkən ünvan 1 ünvanın yaxınlığında saatda 55-60 km sürətlə idarə etdiyi “Hyundai Elantra” markalı **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yolu sağdan-sola doğru VAZ 2106 markalı avtomobilin qarşısından çıxan qadını avtomobilinin sol qabaq hissəsi ilə vurmuşdur. O, dərhal avtomobili saxlamış və həmin qadına köməklik göstərmişdir. O, həmin qadını 3 saylı Sabunçu xəstəxanasına çatdırmış, lakin həkimlərin yardımlarına baxmayaraq həmin qadın xəstəxanada vəfat etmişdir. Avtomobildə ondan başqa heç kim olmamışdır. Qadın ani olaraq onun qarşısına çıxmış, ona görə də o avtomobili saxlaya bilməmişdir. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X7 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ona qarşı şikayət və tələblərinin olmadığını, dəymiş ziyanın ödənildiyini bildirərək ifadəsində göstərmişdir ki, 14 avqust 2023-cü il tarixdə saat 20 radələrində yol nəqliyyat hadisəsi zamanı vəfat etmiş X5 onun anasıdır. Həmin vaxt yəni hadisə zamanı anası işdən evə gələn zaman Bakı şəhəri Sabunçu rayonu icra Hakimiyyətinin yaxınlığında Təqsirləndirilən şəxs tərəfindən idarə etdiyi “Hyundai Elantra” markalı avtomobillə vurulmuş və vəfat etmişdir. Bu barədə ona zəng edib məlumat veriləndə o, Sabunçu rayonu 3 saylı şəhər klinik xəstəxanasına getmiş və anasının hadisə vaxtı dünyasını dəyişdiyini öyrənmişdir. Hadisəni törədən sürücü Cavidi o əvvəllər tanımamışdır. Cinayət işinin 11-ci vərəqəsində olan 14 avqust 2023-cü il tarixli, 1/3516 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, yol-nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin 25-ci vərəqəsində olan zərərçəkmiş şəxsin hüquqi varisi X4 22 avqust 2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət və tələbləri yoxdur. Cinayət işinin 36-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin 3-13-16/2-128916/2023 nömrəli, 18 sentyabr 2023-cü il tarixli Təqsirləndirilən şəxs 27 avqust 2021-ci il tarixdə BD 405845 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Cinayət işinin 42-45-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X6” X12 Sabunçu Rayon Şöbəsinin 216 saylı, 01 sentyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, X2 meyitində travmatik və hemorragik şok, qaraciyərin əzilmiş yaraları, sol said sümüklərinin yerini dəyişən, açıq sınıqları, sağ qalça nahiyəsinin əzilmiş yarası, alın, sol diz oynağı nahiyələrinin sıyrıqları xəsarətləri aşkar edilmişdir. Xəsarətlər həyati olub, bərk küt əşya (əşyalar) təsirindən mərhum X.M.X8 Mərkəzinə daxil olmasından (xx.xx.2023-cü il, saat 20:20) az əvvəl olmaqla qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə, yəni baş vermiş yol nəqliyyat hadisəsi zamanı törənə bilər, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. X1 ölümünə səbəb aldığı xəsarətlər nəticəsində baş vermiş travmatik və hemorragik şok olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 2-4 saat əvvələ uyğun gəlir. Cinayət işinin 38-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat müəyyən edilmişdir. Cinayət işinin 39-40-cu vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri üzrə ekspertizasının 8/2825 saylı 10 oktyabr 2023-cü il tarixli rəyindən görünür ki, Hyundai Elantra markalı **- XN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısın almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq sürətlə idarə etdiyi şəraitdə, onun hərəkətlərində Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin 64-cü vərəqəsində olan 31 oktyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 41-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 23 oktyabr 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X4 tərəfindən məhkəmə iclası zamanı təqdim edilmiş 07 dekabr 2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə təqsirləndirlən şəxsin məhkəmə iclasında verdiyi ifadəsində hadisə vaxtı “55-60 km/saat sürətlə hərəkət etməsi” barədə bildirdiklərinə tənqidi yanaşaraq qeyd edir ki, hadisədən dərhal sonra Təqsirləndirilən şəxs verdiyi ifadəsində 60-65 km/saat sürətlə hərəkət etməsini bildirmişdir ki, onun məhkəmə iclasındakı mövqeyi özünü müdafiə xarakteri daşımaqla iş materiallarında olan digər sübutlarla təkzib olunur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün etirafı, zərər çəkmiş şəxsin hüquqi varisinin ifadəsi, həmçinin iş üzrə keçirilmiş ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 2 N°li Qərarının 10cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmaqla ona qarşı şikayət və tələbinin olmamasını, əməlini etiraf edərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəzası təyin edilməli və o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin xeyrinə tutulsun. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar