Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-110/2025 28.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Nəzərov Xalid Xaliq oğlunun, Zərərçəkmiş şəxs – Məmmədov Ruslan Rafiq oğlunun müdafiəçisi – Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili Bağışov Arif Şəkur oğlu, Təqsirləndirilən şəxs – Cəlalov (Kamalov) Kənan Salik oğlunun iştirakları ilə, 19 iyun 2002-cı il tarixdə Ucar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, “Oba market”də satıcı-kassir olaraq işləyən, əvvəllər məhkum olunmamış, Ucar rayonu, Bərgüşad kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Y.Qasımov küçəsi, nömrəsiz ev ünvanında yaşayan, Cəlalov (Kamalov) Kənan Salik oğlunun Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Cəlalov (Kamalov) Kənan Salik oğlunun elan edilmiş ittihama əsasən o, xuliqanlıq, yəni vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşaiyət edilən ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etmişdir. Belə ki, Cəlalov (Kamalov) Kənan Salik oğlu 21 dekabr 2024-cü il tarixdə saat 00:40 radələrində ictimai yer hesab edilən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsində yerləşən satıcı işlədiyi “Oba market”in içərisində və qaşısında, ictimai qaydanı kobud şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək həmin hadisə ilə öz şəxsiyyətini hadisə yerində olan şəxslərin şəxsiyyətlərinin fövqündə qoyub onu cavab olaraq təhqir etdiyi üçün ictimai yer olub “Oba market”in içərisində və qarşısında küçədə kənar şəxslərin gözü qarşısında müştəri qismində həmin marketə gəlmiş Məmmədov Ruslan Rafiq oğlu ilə mübahisə edib yumruqla və təpiklə qəsdən sonuncunun baş və üz nahiyələrindən bir neçə dəfə zərbə vuraraq ona sağ gigahtəpə nahiyəsinin dərialtı hematoması və alt dodaq nahiyəsinin qançırı ilə müşayiət olunan xəsarətlər yetirməklə şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq cinayət əməlini törətmişdir. Bununla da Cəlalov (Kamalov) Kənan Salik oğlu AR CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Cəlalov (Kamalov) Kənan Salik oğlu ona CM-nin 221.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10 aydır ki, Aydınbəyov küçəsində yerləşən “Sabunçu 20 saylı Oba market”də satıcı-kassir vəzifəsində çalışmış, 21.12.2024-cü il tarixdə təxminən saat 00 radələrində tanımadığı bir müştərinin spirtli içkinin təsiri altında gələrək siqaret alıb çıxıb getdiyini, ancaq sonrasında həmin tarixdə saat 00:40-da şəxsin yenidən gələrək və ona siqaret vermədiyini bildirmiş və onu təhqir etmişdir. O da müşahidə videokamerasına baxmış və siqareti həmin şəxsə verdiyini gördükdə isə həmin şəxsə “işverənsən? məni şərləyirsən?” deyə suallar verən zaman şəxsin də onun ünvanına nalayiq ifadələr işlətdiyini və aralarında mübahisə yarandığını, mübahisə zamanı onu yumruqla vurduğunu, təpiklə vurmadığını ətrafda kimin olduğunu xatırlamadığını , gecə olduğuna görə mağazada müştəri olmadığını bildirmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxs hadisədən öncə toydan gəldiyini, həm içkili olması, həm də ailə vəziyyəti ilə əlaqədar bir az əsəbi olduğunu əlavə olaraq da Cəlalov Kənanın da ondan öncə başqa bir müştəri ilə əlaqədar əsəbləşmiş olduğunu bildirmiş və müşahidə videokamerasına baxdıqdan sonra ona “işverənsən? məni şərləyirsən?” suallarını ünvanlaması səbəbindən özünün də qıcıqlandıracaq ifadələr işlətdiyini qeyd etmiş, ancaq Cəlalov Kənanın ona qarşı hər hansı təhqiredici ifadə işlədibişlətməməsini xatırlamadığını, onunla barışdığını və hər hansı tələbi olmadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Əliyev Asif Bayandur oğlu ifadəsində göstərmişdir ki, yaşadığı evin yaxınlığında olan “Oba market”də mütəmadi olaraq getdiyi üçün orada işləyən Kənan adlı şəxsi tanıdığını bildirərək, 21.12.2024-cü il tarixdə təxminən saat 00 radələrində evə marketdən alış-veriş edib növbə gözləyən zaman Məmmədov Ruslan Rafiq oğlunun pulunu kartdan çıxarılmasına baxmayaraq pulunu ödəmiş olduğu siqaretin ona verilməməsi ilə əlaqədar söyüş söyərək içəri girdiyini bildirmişdir. Sərxoş halda olduğunu düşündürən hərəkətlər etməsi və dayanmadan söyüşlər söyməsi ilə əlaqədar Cəlalov (Kamalov) Kənan Salik oğlunun ona çölə çıxmasını təklif etməsinə baxmayaraq Məmmədov Ruslan Rafiq oğlu çıxmamışdır. Bu səbəbdən Cəlalov (Kamalov) Kənan Salik oğlu onu çölə itələmiş və həmin şəxs geriyə doğru yıxılaraq çöldəki maşına dəymişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid təhqiqatçıya eyni məzmunlu ifadə verdiyini, Cəlalov (Kamalov) Kənan Salik oğlunun söyüş söymədiyini, Məmmədov Ruslan Rafiq oğlunun söyüşlərini dayandırmaması səbəbi ilə onu çölə doğru itələdiyini və həmin şəxsin qırmızı rəngli “prius” markalı avtomobilə dəymiş olduğunu görmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi çıxış edərək Cəlalov (Kamalov) Kənan Salik oğlunun əməlində xuliqanlıq cinayətinin tərkibinin olmamasını Ali Məhkəmənin 2004-cü il tarixli 1 nömrəli plenumu ilə əsaslandırmış, Kənan Cəlalovun gənc olmasını, zərərçəkmiş şəxslə barışmağını nəzərə alaraq əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsindən 128-ci maddəsinə tövsif olunmasını, onun əməlinin məhkumluq yaratmaması üçün ona daha yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 21 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsində yerləşən “Oba market”də baş vermişdir (i.v.7-8). “Baxış keçirilməsi və götürmə aparılması haqqında” 21 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, müşahidə kamerasından götürülmüş 01 ədəd diskə baxış keçirilmiş və qeyd olunan tarixdə saat 00:40-da əynində yaşıl köynək olan Cəlalov (Kamalov Kənan Salik oğlunun əynində qara rəngli üst gödəkçəsi olan Rulan Məmmədovu üz və başından bir neçə dəfə vurub dükandan çölə çıxarır (i.v.10). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” Publik Hüquqi şəxs Sabunçu rayon şöbəsi tərəfindən verilmiş 21 dekabr 2024-cü il tarixli, 3118 saylı rəydən görünür ki, vətş. Məmmədov Ruslan Rafiq oğlunda sağ gicgah-təpə nahiyəsinin dərialtı hematoması və alt dodaq nahiyəsinin qançırı müəyyən edilmiş, xəsarətlərin bərk küt əşya (əşyalar) təsirindən törəndiyini, qərarda göstərilən və şəxsin qeyd etdiyi 21.12.2024-cü il tarixə və şəraitə uyğun gəlməsi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olması qeyd olunmuşdur(i.v.29-30). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” Publik Hüquqi şəxs Sabunçu rayon şöbəsi tərəfindən verilmiş məhkəmə 21 dekabr 2024-cü il tarixli, 3119 saylı rəydən görünür ki, vət. Cəlalov (Kamalov) Kənan Salik oğlunun məhkəmə tibbi ekspertizasına əsaslanaraq hadisə haqqında qərarda göstərilənləri nəzərə alıb qarşıya qoyulan suallara cavab olaraq onun bədənində xəsarət aşkar edilmədiyi ilə bağlı nəticəyə gəlindiyi qeyd olunmuşdur(i.v.31-32). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Cəlalov (Kamalov) Kənan Salik oğlu ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidin, zərərçəkmiş şəxsin ifadələri, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə keçirilmiş müvafiq ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Belə ki, "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1cimaddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Həmin qərarın 2-ci bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda qismən təqsirli bilərək mübahisəni zərərçəkmiş şəxsin başlatdığını bildirsə də, onun ifadəsindəki həmin xüsusat özünün ibtidai araşdırma zamanı verdiyi ifadəsi, iş materiallarında olan hadisənin videogörüntüləri ilə təkzib edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs təhqiqat araşdırması zamanı özünü ona elan edilmiş ittihamda təqsirli bilərək zərərçəkmiş şəxsin sifət nahiyyəsindən əli ilə vurduğunu, daha sonra təpiklə üzünə və başına vurduğunu etiraf etmiş və tərəflərin ifadələrində göstərdikləri xüsusat (Təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin üzünə və başına təpiklə vurması) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” Publik Hüquqi şəxs Sabunçu rayon şöbəsi tərəfindən verilmiş 21 dekabr 2024-cü il tarixli, 3118 saylı rəyi ilə öz təsdiqini tapmışdır. Bundan savayı, iş materiallarında olan hadisənin görüntülərini özündə əks etdirən videodiskdən də Cəlalov (Kamalov) Kənan Salik oğlunun bir neçə dəfə yumruqla zərərçəkmiş şəxsin baş və üz nahiyələrindən zərbələr vurduğu, həmin şəxsi vuraraq mağazadan çölə çıxardığı, zərərçəkmiş şəxs çöldə olduğu müddətdə bir neçə dəfə əsəbi halda mağazadan çölə çıxıb yenidən içəri qayıtdığı, gecə saatları olmasına baxmayraq ətrafda insanlar olması, mağazada olan şəxslərin Cəlalov (Kamalov) Kənan Salik oğlunu tutub saxlamağa çalışaraq sakitləşdirməkdə çətinlik çəkdikləri və bütün bu müddət ərzində mağazanın fəaliyyətinin dayandığı açıq-aşkar görünməkdədir. Təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin məhkəmə iclasında verdikləri ifadələr videogörüntüyə uyğun olmadığı halda sadələşdirilmiş icraat zamanı verilən izahat və ifadələr hadisənin mexanizminə və videogörüntüyə uyğun olduğundan Məhkəmə məhkəmə iclasında deyilənləri Cəlalov (Kamalov) Kənan Salik oğlunu müdafiə etmək məqsədilə deyildiyini qəbul edir və sadələşdirilmiş icraat zamanı verilən izahat və ifadələri həqiqətə uyğun hsab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm təhqiqat dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla zərərçəkmiş şəxsin ifadələri, yuxarıda sadalanan ekpert rəyi, hadisənin videogörüntüsü və istintaq hərəkətinin protokolları ilə müqayisəli şəkildə tədqiq edərək Cəlalov (Kamalov) Kənan Salik oğlunun təhqiqat araşdırması zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Cəlalov (Kamalov) Kənan Salik oğlunun törətdiyi əməli Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 29 avqust 2024-cü il tarixli tələbnamədən görünür ki, Cəlalov (Kamalov) Kənan Salik oğlunun məhkumluğu barədə məlumat yoxdur (i.v.52). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşman olmasını, əvvəllər məhkum olunmamasını (CM-59.2), onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Cəlalov (Kamalov) Kənan Salik oğlunun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Cəlalov (Kamalov) Kənan Salik oğluna cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Cəlalov (Kamalov) Kənan Salik oğlu Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli hökmün icraya yönəldiyi və qazancından tutulmaların aparıldığı tarixdən hesablanmalı, hökmün icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməli, hadisənin görüntülərini özündə əks etdirən 01 ədəd disk məhkəməyədək sadələşdirilmiş icraat materialında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Cəlalov (Kamalov) Kənan Salik oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Cəlalov (Kamalov) Kənan Salik oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından 5% dövlət nəfinə pul tutulmaqla 01 il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli hökmün icraya yönəldiyi və qazancından tutulmaların aparıldığı tarixdən hesablansın. Hökmün icrası Bakı Şəhər Probasiya İdarəsinə tapşırılsın. Hadisənin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk məhkəməyədək sadələşdirilmiş icraat materialında saxlanılsın. Hökmdən elan edildiyi andan 20 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Məmmədova
Məhkəmə qərarları › İş №1(008)-110/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-110/2025
28.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver