Məhkəmə qərarları › İş №1(008)-111/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-111/2023

23.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-111/2023 23.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Vəliyeva Elnarə Fəxrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Müdafiəçi - 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs – Mehtiyeva (Əhmədova) Sevinc Ağahüseyn qızının, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs 07 aprel 2017-ci il tarixdən başlayaraq hər ay, bir uşağa 136,60 manat olmaqla, iki uşağa cəmi 273,20 manat sabit pul məbləğində aliment tutularaq övladları 16 yanvar 2013-cü il təvəllüdlü X1 və 16 avqust 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Mehtiyeva (Əhmədova) Sevinc Ağahüseyn qızının xeyrinə ödənilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 06 sentyabr 2017-ci il tarixli, 2(008)-4884/2017 saylı qətnaməsinin icrasının təmin edilməsi ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyindən həmin məhkəmənin 3(008)-3108/2021 saylı, 06 iyul 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 15 gün müddətində inzibati həbs edilməsinə, məhkəmə aktının icra edilməsi ilə əlaqədar ona 26 iyul 2021-ci il, 13 oktyabr 2021-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq verilməsinə baxmayaraq cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 30 iyun 2022-ci il tarixədək şəxsi maraq niyyəti ilə cəmi 13419,62 manat aliment borcunu zərərçəkmiş şəxs Mehtiyeva (Əhmədova) Sevinc Ağahüseyn qızına ödəməməklə, habelə sonuncuya maddi ziyan vurmaqla məhkəmənin qanuni qüvvədə olan məlum qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı işin tədqiq olunmuş obyektiv halları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, Mehtiyeva (Əhmədova) Sevinc Ağahüseyn qızı ilə 2012-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahlarından 16 yanvar 2013-cü il təvəllüdlü X5 və 16 avqust 2014-cü il təvəllüdlü X7 dünyaya gəlmişdir. İlk vaxtlarda aralarında olan münasibətlər normal olsa da, sonradan münasibətləri pisləşmişdir. Məhkəmənin qərarı əsasən Mehtiyeva (Əhmədova) Sevinc Ağahüseyn qızı ilə arasında bağlanmış nikah pozulmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 sentyabr 2017-ci il tarixli, 2(008)-4884/2017 saylı qətnaməsinə əsasən ondan 07 aprel 2017-ci il tarixdən başlayaraq hər ay, bir uşağa 136,60 manat olmaqla, iki uşağa cəmi 273,20 manat sabit pul məbləğində aliment tutularaq övladları 16 yanvar 2013-cü il təvəllüdlü X1 və 16 avqust 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Mehtiyeva (Əhmədova) Sevinc Ağahüseyn qızının xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsindən sonra maddi vəziyyəti yaxşı olmadığı üçün aliment borcunu tam şəkildə ödəyə bilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-3108/2021 saylı, 06 iyul 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 15 gün müddətində inzibati qaydada həbs olunmuşdur. Daha sonra icra məmuru məhkəmə aktının icrasını təmin etməsinə dair ona yeni müddət təyin etməklə rəsmi xəbərdarlıq verməsinə baxmayaraq alimenti ödəmək imkanına malik olmamışdır. Hal-hazırda maddi imkanı zəif olduğu üçün aliment borcunu tam şəkildə ödəmək imkanına malik deyil. Мəhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Mehtiyeva (Əhmədova) Sevinc Ağahüseyn qızı ifadə verərək göstərdi ki, o, Təqsirləndirilən şəxs 2012-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahlarından 16 yanvar 2013-cü il təvəllüdlü X5 və 16 avqust 2014-cü il təvəllüdlü X7 dünyaya gəlmişdir. İlk vaxtlarda aralarında olan münasibətlər normal olsa da, sonradan münasibətləri pisləşmişdir. Məhkəmənin qərarı əsasən aralarında bağlanmış nikah pozulmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 sentyabr 2017-ci il tarixli, 2(008)-4884/2017 saylı qətnaməsinə əsasən ondan 07 aprel 2017-ci il tarixdən başlayaraq hər ay, bir uşağa 136,60 manat olmaqla, iki uşağa cəmi 273,20 manat sabit pul məbləğində aliment tutularaq övladları 16 yanvar 2013-cü il təvəllüdlü X1 və 16 avqust 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün onun xeyrinə ödənilməsi qət edilmişdir. Lakin, Təqsirləndirilən şəxs aliment borcundan ödəniş etməyərək qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməmişdir. Hal-hazırda təqsirləndirilən şəxsdən şikayətçidir və ona qanunla nəzərdə tutulmuş cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu rayon İcra şöbəsinin icra məmuru X6 ifadəsində göstərmişdir ki, 07 aprel 2017-ci il tarixdən hesablanmaqla, hər ay, bir uşağa 136,60 manat, iki uşağa cəmi 273,20 manat sabit pul məbləğində aliment tutularaq 16 yanvar 2013-cü il təvəllüdlü X1 və 16 avqust 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Zərərçəkmiş şəxs (Əhmədovanın) xeyrinə ödənilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 06 sentyabr 2017-ci il tarixli, 2(008)-4884/2017 saylı qətnaməsi icra edilməsi üçün Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə daxil olmuş, icra sənədi icraata qəbul edilərək icraata başlanma haqqında qərar qəbul edilmişdir. Aliment tələbinin təmin edilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs bildiriş təqdim edilməsinə baxmayaraq tələbi könüllü icra müddətində təmin etmədiyi üçün əmlak vəziyyətinin yoxlanılması məqsədilə üçün müxtəlif təşkilatlara ünvanlanmış sorğulara verilmiş cavablardan ona məxsus əmlakları aşkar etmək mümkün olmamışdır. Bundan sonra o, şöbəyə dəfələrlə dəvət olunaraq izahatları alınmış, qanunun tələbləri və məsuliyyəti ona izah edilmiş, o, isə izahatlarında fərdi əməklə məşğul olduğunu bildirsə də alimenti ödəməmişdir. Üzərindən uzun müddət keçsə də sonuncu icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən üzrsüz səbəbdən yayındığından məhkəmənin 06 iyul 2021-ci il tarixli, 3(008)-3108/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 15 gün müddətində inzibati həbs edilmişdir. Qətnaməni icra etməsindən ötrü ona yeni müddət təyin edilsə də, hərəkətlərini davam etdirməklə məhkəmə aktını qərəzli olaraq icra etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu rayon İcra Şöbəsinin icra məmuru Şahid2 şahid X2 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 9-11-ci vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4884/2017 saylı, 06 sentyabr 2017-ci il tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 16 yanvar 2013-cü il təvəllüdlü X1 və 16 avqust 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 136,6 manat olmaqla, cəmi 273,2 manat sabit məbləğdə alimentin alınaraq Mehtiyeva (Əhmədova) Sevinc Ağahüseyn qızına ödənilməsi qət edilmişdir. Cinayət işinin 19-cu vərəqəsində olan 19 oktyabr 2017 il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4884/2017 saylı, 06 sentyabr 2017-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, borclu Təqsirləndirilən şəxs 10 gün müddətində icranı könüllü təmin etməsi təklif edilmişdir. Cinayət işinin 20-ci vərəqəsində olan Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin 19 oktyabr 2017-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Cinayət işinin 25-ci vərəqəsində olan Sabunçu rayon İcra və Probasiya şöbəsinin 29 yanvar 2018-ci il tarixli qərarından görünür ki, aparılan icra tədbirləri nəticəsində icra sənədi üzrə Təqsirləndirilən şəxs yerini müəyyən etmək mümkün olmadığından onun barəsində axtarış elan olunmuşdur. Cinayət işinin 70-ci vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-3108/2021 saylı, 06 iyul 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Cinayət işinin 78-79-cu vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-743/2021 saylı, 05 avqust 2021-ci il tarixli qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Cinayət işinin 97-ci vərəqəsində olan Sabunçu Rayon İcra Şöbəsinin 26 iyul 2021-ci il tarixli bildirişinin surətindən görünür ki, Təqsirləndirilən şəxs borcu ödəmədiyi təqdirdə cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Cinayət işinin 100-101-ci vərəqəsində olan Sabunçu Rayon İcra Şöbəsinin 13 oktyabr 2021-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs icra şöbəsinə gəlmədiyi təqdirdə barəsində məcburi icra tədbirlərinin görüləcəyi və cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Cinayət işinin 167-168 vərəqəsində olan 22 avqust 2022-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 121-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən 26 iyul 2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 767/2022 saylı, 07 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilərək barəsində axtarış elan olunmuşdur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının 30 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 24 noyabr 2022-ci il tarixdə Sabunçu RPİnin əməkdaşları tərəfindən tutularaq 26 noyabr 2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, işdə olan protokolları və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını və himayəsində xəstə anasının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs məhkəmə qətnaməsində qeyd olunan borcu işləmədiyi üçün ödəmədiyini, yəni məhkəmə qərarının icrasından qərəzli olaraq yayınmır deməsi iş üzrə dindirilmiş zərərçəkmiş və şahid ifadələri ilə tam təkzib olunur. Beləliklə, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi işdə olan sübutlarla öz təsdiqini tapdığından, təkzib olunduğundan özünü müdafiə xarakterli ifadə kimi qəbul olunaraq əsaslı sayılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları nəzərə alır və Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzanı təyin etməyi məqsədəmüvafiq hesab edir və onun islah olunması üçün kifayət edə biləcəyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 24 noyabr 2022-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Мəhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 24 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar