Məhkəmə qərarları › İş №1(008)-113/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-113/2024

17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-113/2024 17.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X6 və onun vəkili “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Müdafiəçi - Bakı şəhəri 02 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, ali təhsilli, həkimstomatoloq vəzifəsində çalışan, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2-də yaşayan barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 17 fevral 2023-cü il tarixdə, saat 01 radələrində və 18 fevral 2023-cü il tarixdə, saat 11 radələrində yaşadığı ünvan 2 ünvanında ailə məişət münasibətlərin pozulması zəminində arvadı X6 ilə aralarında yaranmış mübahisə zamanı qəsdən yumruqla Zərərçəkmiş şəxs başından, sillə ilə sifətindən, təpiklə qarnından və ayağından zərbələr endirib, sağ təpəgicgah nahiyəsinə, sol bazunun yuxarı 1/3-nin bayır səthinə, orta 1/3-nin bayır səthinə, aşağı 1/3-nin iç səthinə, sağ bazunun yuxarı 1/3-nin bayır səthinə, aşağı 1/3-nin arxa səthinə, sol budun aşağı 1/3-nin ön-bayır səthinə, orta və yuxarı 1/3-nin bayır səthinə, sağ budun orta və yuxarı 1/3-nin ön-bayır səthinə, sol baldırın orta 1/3-nin ön-iç səthinə, sağ baldırın orta 1/3-nin ön səthinə qançırlar, sağ budun yuxarı, orta və aşağı 1/3-nin bayır-arxa səthinə 6 ədəd, sol budun orta 1/3-nin bayır səthinə 2 ədəd sıyrıqlar, sağ saidin yuxarı 1/3-nin arxa səthinə qançırlarla nəticələnən, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2-də yaşayır. Zərərçəkmiş şəxs X6 onun arvadıdır. 2021-ci ilin iyul ayında X6 ilə rəsmi nikaha daxil olmuş, birgə nikahdan 1 övladları var. 2021-ci ilin dekabr ayından etibarən X6 ilə münasibətləri pozulmuş, o, 2022-ci ilin noyabr ayının 25-də Mediasiya Xidmətinə nikahın pozulması ilə bağlı müraciət etmişdir. 2022-ci ilin dekabr ayının sonlarında X6 və anası onların evinə gələrək barışmaq istədiklərini bildirmiş, atası Çingiz İbadullayev yalnız X2 atası və əmisi gələrək Aytacın bir daha ailədə münaqişə yaratmayacağına söz verdikləri təqdirdə onların birgə yaşamasına razılıq verəcəyini bildirmişdir. 02 yanvar 2023cü il tarixdə onlar arasında barışıq yaranmış, yenidən birgə yaşamağa başlamışlar. 17 fevral 2023-cü il tarixdə, saat 21 radələrində yaşadığı evdə olarkən X2 uşağı ilə kobud rəftar etdiyi üçün ona irad bildirdikdə X6 uşağı götürüb çarpayının üzərinə atmış, bu səbəbdən aralarında mübahisə yaranmış, X2 hərəkətlərindən əsəbləşdiyi üçün mübahisə zamanı X5 əli və ayağı ilə müxtəlif bədən xəsarətləri yetirmişdir. Bundan əlavə, 18 fevral 2023-cü il tarixdə saat 12 radələrində yaşadıqları ünvan 2 ünvanında olduqları zaman X2 onun anasına xəsarət yetirdiyini öyrənmiş, bununla bağlı, X6 ilə aralarında yenidən mübahisə yaranmış, aralarında yaranmış mübahisə zamanı qəsdən yumruqla Zərərçəkmiş şəxs başından, sillə ilə sifətindən, təpiklə qarnından və ayağından zərbələr vuraraq ona müxtəlif xəsarətlər yetirmişdir. Törətdiyi əməldən səmimi peşmandır. Hal-hazırda zərərçəkmiş şəxslə barışmış və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, 2021-ci ilin iyul ayında Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olmuş, birgə nikahdan 1 övladları var. İlkin vaxtlar münasibətləri normal olmasına baxmayaraq sonradan münasibətləri pozulmuş, hamiləlik dövründə Təqsirləndirilən şəxs ona laqeyd yanaşmış, o, məcbur qalaraq atasına evinə getmiş, lakin, sonradan ailəsinin dağılmaması üçün geri qayıdaraq Təqsirləndirilən şəxs ilə yaşamağa davam etmişdir. O, geri qayıtdıqdan sonra Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək onunla mübahisə edib bədən xəsarətləri yetirmiş, onu atası evinə göndərmişdir. 17 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs çağırışı ilə ünvan 2 ünvanına geri qayıdaraq Təqsirləndirilən şəxs ilə yaşamağa davam etmişdir. O, geri qayıtdıqdan sonra Təqsirləndirilən şəxs yenidən əsassız olaraq onunla mübahisə edib bədən xəsarətləri yetirmişdir. 17 fevral 2023-cü il tarixdə, saat 01 radələrində uşağını ayağının üstündə yırğalayaraq yatızdırarkən Təqsirləndirilən şəxs uşağı ayağında yellətməsi nəticəsində uşağın başının silkələnə biləcəyini bəhanə gətirib əli ilə onun başına, üzünə və ayaqla qarnına zərbələr vuraraq onu döymüşdür. Bundan əlavə, 18 fevral 2023-cü il tarixdə, saat 10 radələrində Təqsirləndirilən şəxs yenidən onunla mübahisə edib onu sillə, təpik, yumruq zərbələri ilə vurub xəsarətlər yetirmişdir. Bununla bağlı, valideynlərinə məlumat vermiş, anası həmin gün, saat 14 radələrində gələrək onu öz evlərinə aparmışdır. Həmin gün, yəni, 18 fevral 2023-cü il tarixdə, saat 23:40 radələrində atası evə gəldikdən sonra ondan yaranmış xəsarətləri görərək ona tibbi yardım göstərilməsi üçün TTYS-nın 103 xidmətinə zəng edərək məlumat vermiş, ona ilkin tibbi yardım göstərilmişdir. 19 fevral 2023-cü il tarixdə atası Şahid3 DİN- in 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, 2021-ci ilin iyul ayında X6 ilə oğlu Təqsirləndirilən şəxs rəsmi olaraq nikaha daxil olmuş, birgə nikahdan 1 övladları var. 2021-ci ilin dekabr ayından etibarən Elvinlə gəlini Aytac arasında münasibətlər pozulmuş, buna səbəb, Zərərçəkmiş şəxs oğlu Elvinə və ona hörmətsizlik etməsi olmuşdur. Elvinlə gəlini Aytac arasında sözlə mübahisələri olsa da Elvin, digər oğlu Kamil və ya özü Aytacı döyməmiş, ona xəsarət yetirməmişdir. Elvinlə Aytacın münasibətləri pozulduğu üçün 2022-ci ilin noyabr ayının 25-də Mediasiya Xidmətinə nikahın pozulması ilə bağlı müraciət edilmiş, lakin, orada uşaqlarının 1 yaşı olmadığına görə nikahın pozulması təxirə salınmışdır. 2022-ci ilin dekabr ayının 31-də Aytac və anası Esmira onların yaşadığı evə gəlib barışıq istəmiş, əri Çingiz uşağa görə bir şərtlə razılaşmışdır ki, Aytacın atası və əmisi gəlib Aytacın əvəzindən söz versinlər ki, bir daha Aytac münaqişə etməyəcəkdir. 2023-cü ilin yanvar ayının 2-də Aytac İbadullayevə atası Hüseyn, əmisi Hafiz onların Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən evə gələrək əri Çingizlə danışıb söz vermişlər ki, Aytac İbadullayevə normal həyat yoldaşı olacaq və mübahisə etməyəcək. Elvin ailəsinin dağılmaması üçün Aytaca şans vermək üçün onu yenidən qəbul etmiş, lakin, yenə aralarında mübahisələr yaranmışdır. 17 fevral 2023-cü il tarixdə, saat 21 radələrində yaşadığı evdə olarkən Aytac və Elvin ikinci mərtəbədə öz otaqlarında olarkən səs-küy eşidib onların otağına qalxmış, lakin, onların mübahisəsinə heç bir müdaxilə etməmişdir. 18 fevral 2022-ci il tarixdə, saat 09 radələrində Elvindən arvadı Aytacla aralarında baş verən mübahisənin səbəbini soruşmuş, Elvin arvadı Aytacın uşaqla pis rəftar etdiyini, uşağın başını ayaqlarının arasında sıxıb yellətdiyi üçün ona irad tutduğunu, Aytacın isə uşağı qucağına alıb “yatırsan yat, yatmırsan cəhənnəmə yat" deyərək çarpayının üzərinə hündürlükdən atdığını bildirmişdir. Bu səbəbdən, Elvin əsəbləşərək Aytacın üstünə qışqırmış, lakin, hansısa xəsarət yetirməmişdir. Elvin artıq Aytacla yaşaya bilməyəcəyini bildirərək Aytacdan əşyalarını toplayaraq evi tərk etməsini tələb etmişdir. Aytac əşyalarını yığdıqdan sonra Elvin onunla birlikdə Aytacı atası Hüseynin yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən evinə aparmışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2021-ci ilin iyul ayında X6 ilə qardaşı Təqsirləndirilən şəxs rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 1 qız övladları dünyaya gəlmişdir. Elvin Aytac və övladı ilə anası Esmira və atası Çingizlə birlikdə Zabrat 1 qəsəbəsi, 1 May küçəsində yerləşən evdə yaşayıb, özü isə ailəsi ilə birlikdə Zabrat 1 qəsəbəsində, Nizami küçəsində yerləşən evdə yaşayır. 2021-ci ilin dekabr ayından etibarən Aytacla Elvin arasında münasibətlər pozulmuş və buna da səbəb Zərərçəkmiş şəxs Elvinə və anası Esmiraya hörmətsizliklər etməsi olmuşdur. Bundan sonra Aytaca atasının evinə çıxıb getməyə dəfələrlə başlamışdır. Artıq onların ailə münasibətləri pozulduğu üçün Elvin 2022-ci ilin noyabr ayının 25-də Mediasiya Xidmətinə nikahın pozulması ilə bağlı müraciət etmişdir. 2022-ci ilin dekabr ayının sonlarında Aytac və anası Esmira Elvinin yaşadığı evə gəlib barışıq istəmişdirlər. Atası Çingiz uşağa görə bir halda razılaşmışdır ki, Aytacın atası və əmisi gəlib Aytacın əvəzindən söz versinlər ki, bir daha Aytac münaqişə etməyəcəkdir. 2023-cü ilin yanvar ayının 2-də Aytac İbadullayevə atası Hüseyn, əmisi Hafiz Elvinin evinə gəlmişdirlər. Aytacın atası Hüseyngil atası Çingizlə danışıb söz vermişdirlər ki, Aytac İbadullayevə normal həyat yoldaşı olacaq və mübahisə etməyəcəkdir. Elvin də Aytacı yenidən qəbul etmiş, lakin yenə aralarında mübahisələr yaranmışdır. 17 fevral 2023-cü il tarixdə öz yaşadığı evdə olmuş, Elvingilin evinə getməmişdir. 18 fevral 2023-cü il tarixdə isə öz uşaqlarını Zabrat qəsəbəsi 192 nömrəli tam orta məktəbə aparmış və saat 11:30 radələrində qardaşı və anası Esmiranın yaşadığı evə gəlmişdir. Bu zaman görmüşdür ki, Aytac İbadullayevə və uşağı evdə yoxdur. Səbəbini soruşduqda Elvin Aytacla mübahisələri yarandığı üçün və anası Esmiranı vurub xəsarət yetirdiyi üçün Aytacı aparıb Maştağa qəsəbəsində atasi Hüseyngilin ünvanında düşürdüb qayıtdığını demişdir. Həmin münaqişədə şəxsən iştirak etməmiş və Zərərçəkmiş şəxs döyməmiş, ona heç bir xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs qardaşı Təqsirləndirilən şəxs və ya anası Esmira İbadullayevə tərəfindən fiziki zora məruz qalmasının, xəsarət yetirilməsinin şahidi olmayıb. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Aytac İbadullayevə onun doğma qızıdır. 2021-ci ilin iyul ayının 2-də Aytac Təqsirləndirilən şəxslə rəsmi nikaha daxil olmuş, 23 may 2022-ci il tarixdə birgə nikahlarından bir qız övladları dünyaya gəlmişdir. Evliliyin ilk günləri mehriban olsalar da, 2021-ci ilin oktyabr ayından etibarən, yəni toylarından 4-5 ay sonra ailə üzvlərindən eşidib bilmişdir ki, Elvinlə anası Esmira ailədə səbəbsiz olaraq narazılıqlar yaradıb Elvin Aytacı döyür. Hətta bir neçə dəfə Aytac onun yaşadığı evə gəlib müəyyən müddət yaşamış, lakin ailəsinin dağılmamasından ötrü onların təkidi ilə geri qayıtmış və baş vermiş hadisə barədə hüquq mühafizə orqanına şikayət etməmişdir. Düşünmüşdürlər ki, Elvin səhvini başa düşüb onunla münasibətlərini normallaşdırar. Ailənin dağılmamasından ötrü o, arvadı və digər ailə üzvləri Aytacgilin ailə söhbətlərinə müdaxilə etməmişlər. Lakin son zamanlar Elvinlə Aytac arasında narazılıqlar və mübahisələrin artdığını görüb o, ailə üzvləri ilə Elvinin valideyinləri ilə görüşüb ailənin dağılmamasından ötrü əllərindən gələn səyləri etmişlər. Lakin bu heç bir fayda verməmişdir. 18 fevral 2023-cü il tarixdə səhər saatlarında işi ilə bağlı evdən çıxmış, həmin günü axşam saatlarında evə qayıtdıqda görmüşdür ki, Aytac övladı ilə birlikdə yaşadığı evə gəlib. Başa düşmüşdür ki, yenə Elvinlə aralarında narazılıq yaranıb. Aytacdan nə baş verdiyini soruşduqda Aytac bildirmişdir ki, Elvin anası Esmiranın sözünə inanıb onunla mübahisə edib onu döymüşdür. Aytaca ailədə söz-söhbət olduğunu, ailəsinə geri qayıtmasını izah edib onu sakitləşdirmək istəsələr də, Aytac artıq Elvinlə anası Esmiranın hərəkətlərinə dözə bilmədiyini deyib artıq ondan ayrılmaq istədiyini bildirmişdir. Aytacın fikrinin qəti olduğunu başa düşüb onun razılığı ilə baş vermiş hadisə barədə DİN-nin 102 xidmətinə istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən zəng edib Aytacın əri Elvin tərəfindən döyülməsi barədə məlumat vermişdir. Eyni zamanda Aytacdan eşidib bilmişdir ki, Elvin onu anası ilə birlikdə gətirib evlərinin qarşısında övladı ilə avtomobildən düşürüb əşyalarını atıb getmiş, həmin vaxtı yaşadıqları evdə heç kim olmadığından qonşuları Amilə Aytacı övladı ilə birlikdə öz evində qəbul etmiş, onlar gəldikdən sonra isə Aytac evə gəlmişdir. Aytac fiziki cəhətdən zəif bir qadındır, onun Esmiraya qarşı zor tətbiq etməsi və ona xəsarət yetirməsi ağlasığmazdır. Şəxsən belə bir hadisənin şahidi olmamışdır. Çünki bu Aytacın tərbiyyəsinə uyğun deyil. Elvin və anası Esmira Aytaca qarşı etdikləri çirkin hərəkətlərini ört basdır etmək üçün guya Aytacın digər kişilərlə münasibət saxlaması, öz çılpaq fotoşəkillərini onlara göndərməsi ilə bağlı qızının barəsində həqiqətə uyğun olmayan, uydurma ifadələr verirlər. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, X6 onunla qonşuluqda atası Şahid3 və anası X7 ilə birlikdə yaşamışdır. Aytac 2021-ci ilin iyul ayının 2-də Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. 18 fevral 2023-cü il tarixdə saat 13 radələrində yaşadığı evdə olarkən küçədən səs-küy eşidib küçəyə baxdıqda görmüşdür ki, Aytacı və uşağını əri Elvin və qayınanası Esmira avtomobil ilə gətirib düşürdürlər. Küçəyə çıxdıqda Aytacın əri Elvin və qayınanası Esmiranın Aytacı və onun övladı Əsranın əşyalarını yerə atıb, Aytacın və onun valideyinlərinin ünvanına nalayiq ifadələr işlətdiklərini eşitmişdir. Elvin və Esmiraya buna görə iradını bildirmişdir. Daha sonra Elvin anası Esmiranı da götürüb avtomobilə əyləşib oradan uzaqlaşmışdırlar. Aytacın valideyinləri evdə olmadıqları üçün Aytacı və onun uşağını yaşadığı evə aparmışdır. Aytacı evə aparan zaman Aytacın döyüldüyünü, bədəninin müxtəlif yerlərində xəsarətlərin olduğunu görüb, Aytacdan nə baş verdiyini soruşduqda Aytac bildirmişdir ki, onu əri Elvin, qayınanası Esmira və qaynı Kamil yaşadığı evdə döymüşdürlər. Bundan sonra o, Aytacın valideyinlərinə zəng etmiş və onlar gəlib Aytacı evlərinə aparmışdırlar. Həmin gün Esmiranın bədəninin gözlə görünən nahiyəsində heç bir xəsarət görməmişdir. Aytacın əşyalarını yerdən yığarkən onun əşyalarının arasında hər hansı bir sənəd, qızıl-zinət əşyaları və pul görməmişdir. Cinayət işinin 13-15-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” X12 Sabunçu rayon şöbəsinin 23 fevral 2023-cü il tarixli, 359 nömrəli ekspert rəyindən görünür ki, məhkəmə-tibbi müayinəsi zamanı X1 təpə-gicgah nahiyəsinin, hər iki budun dərialtı hematomaları və hər iki budun sıyrıqları; hər iki bazunun, hər iki baldırın, sağ saidin qançırları; sol gicgah nahiyəsinin əzilmiş səthi yarası müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər. Xəsarətlərdən törənmə müddətinə görə sağ təpə-gicgah nahiyəsinin, hər iki budun dərialtı hematomaları və hər iki budun sıyrıqları; hər iki bazunun, hər iki baldırın, sağ saidin qançırları Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasından (20 fevral 2023-cü il tarixdə) 2-3 gün əvvələ uyğun gəlir, 17 və 18 fevral 2023-cü il tarixlərdə törənə bilər. Sol gicgah nahiyəsinin əzilmiş səthi yarasının müayinə olunan şəxsin dediyi 21 yanvar 2023-cü il tarixdə törənməsi inkar olunmur. Dərəcəsinə görə xəsarətlərdən sağ təpə-gicgah nahiyəsinin, hər iki budun dərialtı hematomaları və hər iki budun sıyrıqları; hər iki bazunun, hər iki baldırın, sağ saidin qançırları ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aiddir. Sol gicgah nahiyəsinin əzilmiş səthi yarası isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Lokalizasiyasına və xarakterinə görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Cinayət işinin 148-149-cu vərəqələrində olan 30 iyun 2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 160-164-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” X12 T390/2023 nömrəli, 19 iyun 2023-cü il tarixli ekspert rəyindən görünür ki, X1 təpə-gicgah nahiyəsinin, hər iki budun dərialtı hematomaları, hər iki budun sıyrıqları, hər iki bazunun, hər iki baldırın, sağ saidin qançırları, sol gicgah nahiyəsinin əzilmiş səthi yarası olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, sağ təpə-gicgah nahiyəsinin, hər iki budun dərialtı hematomaları, hər iki budun sıyrıqları, hər iki bazunun, hər iki baldırın, sağ saidin qançırları qərarda göstərilən vaxtda, yəni 17 və 18 fevral 2023-cü il tarixdə yarana bilərdilər, dərəcələrinə görə ilkin rəydə göstərildiyi kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Hal-hazırda xəsarətlərin 24 saat intervalı ilə yarana bilməsini təyin edən elmi-metodika işlənib hazırlanmadığından onların 17 və 18 fevral 2023-cü ildə yaranmasını ayırmaq mümkün deyildir. Sol gicgah nahiyəsinin əzilmiş səthi yarası ilə əlaqədar ilkin tibbi sənəd olmadığından onun konkret tarixi haqda dəqiq fikir söyləmək mümkün olmasa da, 21 yanvar 2023-cü il tarixdə yetirilə bilməsi inkar olunmur. Xəsarətlərin xarakteri və lokalizasiyası onların şəxsin özü tərəfindən yetirilə bilməsini inkar edir. Lakin sol gicgah nahiyəsinin səthi əzilmiş yarasının istər küt əşya ilə vurma, istərsə də öz boyu hündürlüyündən yıxılması zamanı hər hansı küt əşyaya dəymə nəticəsində yarana bilməsi inkar olunmur. Cinayət işinin 202-210-cu vərəqəsində olan 25 oktyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, X2 istifadəsində olmuş mobil telefondan köçürülərək istintaqa təqdim edilmiş, həmçinin, X6 ilə Təqsirləndirilən şəxs arasında aparılmış danışıqları özündə əks etdirən 02 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 97-ci vərəqəsində Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsi tərəfindən 19 may 2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını göstərmiş, bunları ifadə edən ərizəni məhkəməyə təqdim edərək barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda zərərçəkmiş şəxs X6 da, məhkəməyə yazılı ərizə təqdim edərək göstərmişdir ki, artıq Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, bununla əlaqədar onun barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, aşağıdakılara əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsindəki cinayət təqibi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə uyğun olaraq, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2- ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə müvafiq olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət əməli törətdiyindən, zərərçəkmiş şəxslə barışdığından və iş üzrə maddi ziyan olmadığından Təqsirləndirilən şəxs qarşı cinayət təqibinə xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməlidir. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə xitam verilməlidir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, X2 istifadəsində olmuş mobil telefondan köçürülərək istintaqa təqdim edilmiş, həmçinin, X6 ilə Təqsirləndirilən şəxs arasında aparılmış danışıqları özündə əks etdirən 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 40.3, 43.1.2, 344-347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə xitam verilsin. İş üzrə maddi sübut, X2 istifadəsində olmuş mobil telefondan köçürülərək istintaqa təqdim edilmiş, həmçinin, X6 ilə Təqsirləndirilən şəxs arasında aparılmış danışıqları özündə əks etdirən 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar