Məhkəmə qərarları › İş №1(008)-116/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-116/2025

05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-116/2025 05.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, H.Məmmədov küçəsində nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi toxumlardan istifadə etməklə yaşadığı Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi Həsən Məmmədov küçəsində yerləşən fərdi yaşayış evinin həyətində əkilib becərilməsi qadağan olunmuş 6 (altı) ədəd xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini əkib yetişdirməklə onlara aqrotexniki qaydada qulluq göstərib xx.xx.2024-cü il tarixədək kultivasiya etmiş, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşları tərəfindən “Xaşxaş-2024” şərti adlı Tədbirlər planının icrası ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə saat 17:30 radələrində aparılmış axtarış, baxış və götürmə zamanı yaşadığı Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi Həsən Məmmədov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətindən onun tərəfindən əkilib-becərilməklə kultivasiya edilmiş, ümumi sayı 6 (altı) ədəd, yaş vəziyyətdə ümumi təmiz çəkisi 3 kiloqram 440 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisi xeyli miqdarda aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, tutulana qədər Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi Həsən Məmmədov küçəsində nömrəsiz fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşamışdır. Uzun müddətdir ki, narkotik vasitənin marixuana növündən çəkmək yolu ilə istifadə edir. Narkotik vasitə olan marixuanadan istifadə etdiyi müddətdə Sabunçu rayonu ərazisində tanımadığı müxtəlif şəxslərdən almışdır. Bu səbəbdən də özü yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində şəxsi istifadəsi üçün narkotik vasitə marixuana əkmək qərarına gəlmişdir. Təxminən üç ay bundan qabaq Sabunçu bazarında təsadüfən tanımadığı şəxslə söhbət əsnasında onda narkotik vasitə marixuananın toxumları olması barədə ona dedikdə həmin şəxsdən həmin toxumlardan istəmiş və sonuncu etiraz etməmişdir. Həmin şəxslə ertəsi gün eyni məkanda görüşmüşlər və ondan yaşadığı evin həyətyanı sahəsində əkmək məqsədilə 6 ədəd çətənə bitkisininin şitilini almış və yaşadığı Sabunçu rayonu Bilgəh qəsəbəsi Həsən Məmmədov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətyanı sahəsində 6 ədəd narkotik tərkibli çətənə bitkisinin şitillərini əkmişdir. Sonra isə həmin şitillərə qulluq etməyə başlamışdır. Ailə üzvlərinə əkib becərdiyi şitillərin narkotik tərkibli çətənə bitkisinin toxumları olması barədə bildirməmişdir. Belə ki, ailə üzvləri onun marixuana istifadəçisi olduğunu bilməmişlər. 02 iyul 2024-cü il tarixdə yaşadığı Sabunçu rayonu Bilgəh qəsəbəsi Həsən Məmmədov küçəsində yerləşən fərdi yaşayış evində olan zaman darvaza döyülmüşdür. Həyətə düşüb darvazanı açdıqda görmüşdür ki, gələn şəxslər polis əməkdaşlarıdır. Polis əməkdaşları keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evin həyətyanı sahəsində qanunla qadağan olunmuş narkotik vasitələrin olması ilə bağlı həyətyanı sahəsində və evində axtarış keçirəcəklərini bildirmişlər. Axtarışın video çəkilişlə keçiriləcəyi barədə ona məlumat verilmişdir. Bundan sonra yaşadığı ünvanda olan həyətyanı sahəyə və yaşadığı evə axtarış və baxış keçirilməsinə etiraz etmədiyini və müdafiəçinin iştirakını tələb etmədiyini bildirmiş, bu barədə ərizə iiə müraciət etmişdir. Bundan sonra polis əməkdaşları yaşadığı evdə və həyətyanı sahədə saxlanılması qanunla qadağan olunmuş əşya və ya predmet olduğu təqdirdə təqdim etməyini təklif etmişlər. Çıxış yolu olmadığı üçün yaşadığı evin həyətyanı sahəsində öz istifadəsi üçün əkib-becərdiyi narkotik tərkibli çətənə kollarının yerini polis əməkdaşlarına göstərmişdir. Həmin çətənə bitkilərinin iki ədədini yaşadığı evin qarşısında, üç ədədini evin arxasında toyuq-cücə saxladığı hasara alınmış yerdə, bir ədədini isə həmin yerdə dibçəkdə əkmişdir. Həmin narkotik tərkibli çətənə bitkilərini şəxsi istifadəsi üçün əkib onlara xüsusi qulluq etmişdir. Baxış zamanı aqronom bildirmişdir ki, həmin kollara xüsusi qulluq olunmuşdur. Həmin 6 ədəd narkotik tərkibli çətənə kolları polis əməkdaşları tərəfindən kökündən çıxarılmış və torbalara qoyularaq qablaşdırılmış, təhqiqatçı tərəfindən möhürləndikdən sonra bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırma iştirakçılar tərəfindən imzalanmışdır. O da qablaşdırmanı imzalamışdır. Kolları özü əkmiş və öz istifadəsi üçün qulluq etmişdir. Əməlindən səmimi peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır və onunla yuxarıda qeyd olunan ünvanda yaşayır. 02 iyul 2024-cü il tarixdə saat 17 radələrində evdə olmadığı zaman polis əməkdaşları yaşadıqları evə gəlib evdə olan əri Təqsirləndirilən şəxs yaşadıqları evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkilərinin əkilib-becərilməsi barədə məlumatlarını olduğunu, bu səbəbdən yaşadıqları evdə və evin həyətyanı sahəsində axtarış aparılmasının zəruri olduğunu bildirmişlər. Həsənin ərizəsi ilə razılığı əsasında həyətə daxil olaraq axtarış aparan polis əməkdaşları həyətyanı sahədə əkilmiş ümumilikdə 6 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar etmişlər. Bu barədə o, evə gəldikdə əri Həsən ona dedikdə ona məlum olmuşdur ki, əri Həsən həqiqətən yaşadıqları evin həyətyanı sahəsində çətənə kolları əkib becərməklə qulluq etmişdir. Əri Təqsirləndirilən şəxs birgə yaşadıqları evin həyətyanı sahəsində çətənə kolları əkib-becərməsi barədə heç bir məlumatı olmamış, ona bu barədə heç bir söz deməmişdir. Həsənin həmin çətənə bitkilərini əkməsini və onları suvarmasını, qulluq etməsini görməmişdir. Çətənə bitkilərini tanımadığı üçün həmin kollar onun diqqətini çəkməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, hazırda Sabunçu rayon Polis İdarəsinin 14-cü PŞ-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı ədavət və düşmənçiliyi olmamışdır. 02 iyul 2024-cü il tarixdə Xaşxaş-2024 şərti adlı tədbirlər planına uyğun olaraq Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X1 ilə birlikdə tərəflərindən keçirilmiş əməliyyat tədbirləri zamanı ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində əkilməsi və becərilməsi qanunla qadağan edilmiş narkotik tərkibli çətənə bitkilərinin olması müəyyən edilmişdir. 02 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs tərəflərindən saxlanılaraq bu barədə tərəfindən şöbə rəhbərliyinə raportla məruzə edilmişdir. Bundan sonra rəhbərlik tərəfindən araşdırma aparılması təhqiqatçıya tapşırılmışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə axtarış, baxış və götürmə aparılması haqqında qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəsinə video çəkilişlə baxış və axtarış keçiriləcəyi barədə məlumat verilmiş, Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəsinə axtarış və baxış keçirilməsinə etirazı olmaması və müdafiəçinin iştirakı olmadan yaşadığı evə və həyətyanı sahəsinə axtarış aparılması barədə ərizə ilə müraciət etmişdir. Baxış keçirilərkən narkotik tərkibli çətənə bitkiləri aşkar ediləcəyi halda həmin bitkilərə aqrotexniki qaydada qulluq edilibediiməməsini müəyyən etmək məqsədilə baxışda iştirak etməsi üçün aqronom mütəxəssis dəvət edilmişdir. Bundan sonra həmin tarixdə saat 17:30 dəqiqədə təhqiqatçı tərəfindən Sabunçu rayon Poiis İdarəsinin 14-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X1 və mütəxəssis aqronom Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə videoçəkilişiə baxış keçirilmişdir. Baxış zamanı əvvəlcə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evdə və həyətyanı sahəsində qanusuz saxlanılan əşya, predmet, narkotik vasitə vardırsa onları təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həyətyanı sahəsində yaşayış evinin qarşısında əkilmiş 2 ədəd, bir qədər aralıda, evin arxasında toyuqların saxlanıldığı hasarlanmış ərazidə əkilmiş 3 ədəd və dibçəkdə əkilmiş 1 ədəd olmaqla ümumilikdə 6 ədəd narkotik tipli çətənə bitkilərini onlara təqdim etmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin bitkilərə aqrotexniki qaydada qulluq olunmuş və suvarılmışdır. Bundan sonra həmin tarixdə saat 18:30 dəqiqədə Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri ona izah edilmiş və hüquqlarının müdafiəsinin təmin edilməsi məqsədilə vəkil təyin edilərək ona təqdim edilmişdir. Təqsirləndirilən şəxs Rəfayıi oğlu tərəflərindən saxianıfan zaman, poiis şöbəsinə aparılarkən və polis şöbəsində ona qarşı hər hansı formada zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin alqısatqısı ilə məşğul olmasına dair 14-cü Polis Şöbəsinə heç bir məlumat daxil olmamışdır. Şahid qismində dindirilmiş X1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid4 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir (i.v.103-105); Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, 1981-ci ildən hazırki vaxta qədər “Maştağa" kənd təsərrüfatı məhsullarının istehsalı müəssəsində baş aqronom vəzifəsində işləyir. 02 iyul 2024-cü ii tarixdə Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinin əməkdaşları onu ünvan 4 ünvanına dəvət etmişlər. Polis əməkdaşları ona bildirmişlər ki, həmin həyət evində narkotik tərkibli bitklərinin əkilib-becərilməsi ilə bağlı məlumat var və həmin məlumatın dəqiqləşdirilməsi üçün həmin evin həyətyanı sahəsinə baxış keçirilməlidir və baxış zamanı onun iştirakı zəruridir. Təhqiqatçının dəvəti ilə polis şöbəsinə gəlmiş və şöbədə olan zaman təhqiqatçı tərəfindən qəbul edilmiş qərar ona elan olunmuş və ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra 14-cü PŞ-nin əməkdaşları ilə birlikdə ünvan 4 ünvanına gəlmişlər. Polis əməkdaşları qapını döymüşlər və sonradan adı ona bəlli olan Təqsirləndirilən şəxs qapını açaraq küçəyə çıxmışdır. Polis əməkdaşları özlərini təqdim edib onun yaşadığı evinə və həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirmişlər. Təqsirləndirilən şəxs onun evinə və həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olmamasını və baxış üçün könüllü olaraq icazə verdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları və o, həmin həyətyanı sahəyə daxil olaraq baxış keçirməyə başlamışlar. Baxış zamanı həyətyanı sahədə yaşayış evinin qarşısında əkilmiş və xüsusi qulluq olunmuş 2 ədəd, bir qədər aralıda, evin arxasında toyuqların saxlanıldığı hasarlanmış ərazidə əkilmiş 3 ədəd və dibçəkdə əkilmiş 1 ədəd olmaqla ümumilikdə 6 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilmişdir. Baxış zamanı bildirmişdir ki, həmin bitkilər çətənə koludur və aqrotexniki qaydada becərilmiş, suvarılmış və qulluq edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bitkiləri şəxsi istifadə məqsədilə əkmiş və xüsusi qulluq etmişdir. Bundan sonra aşkar olunmuş bitkilər polis əməkdaşları tərəfindən kökündən çıxarılmış və qablaşdırılıb möhürləndikdən sonra bu barədə protokol tərtib edilmişdir. Həmin protokol və qablaşdırılmış bağlama polis əməkdaşları və onun tərəfindən imzalanaraq təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində aşkar edilmiş çətənə bitkisi ilə bağlı rəy yazaraq imzası ilə təsdiq etmişdir (i.v.100-102); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: axtarış, baxış və götürmə aparılması haqqında 02 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanda və həyətyanı sahəsində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs Rəfayıi oğlu yaşadığı evin həyətyanı sahəsində əkib-becərdiyi və qulluq etdiyi 6 ədəd narkotik tərkibli çətənə bitkisini təqdim etmiş və həmin çətənə bitkisini aprel ayında öz istifadəsi üçün əkdiyini və qulluq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində təqdim etdiyi 6 ədəd narkotik tərkibli çətənə bitkiləri cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 02 ədəd kisədə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 100 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Baxış, axtarış və götürmə davam edən zaman onun yaşadığı ünvanın həyətyanı sahəsində aşkar olunaraq götürülmüş narkotik tərkibli çətənə kollarından başqa yaşadığı ünvanda qanunla dövriyyəsi qadağan olunmuş digər maddələrin olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs Rəfayıi oğlu yaşadığı mənzildə narkotik maddə olmadığını bildirmişdir. Axtarış və götürmə davam edərək Təqsirləndirilən şəxs yaşadığı mənzilə axtarış və baxış keçirilmişdir. Axtarış zamanı mənzildən dövriyyəsi və əkilib becərilməsi qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə aşkar edilməmişdir (i.v.19-21); 02 iyul 2024-cü il tarixli aqranom rəyindən görünür ki, Təqsirləndirilən şəxs məxsus həyətyanı sahəyə daxil olduqda yaşayış evinin yaxınlığında üzüm tənəyinin yanında 150- 170 sm müxtəlif hündürlükdə 3 (üç) ədəd, ondan 20 metr məsafədə 140-150 sm hündürlükdə 2 (iki) ədəd və bir ədəd dibçəkdə 80 sm hündürlükdə 1 (bir) ədəd cəmi - 6 (altı) ədəd əkilməsi və becərilməsi qadağan olunan narkotik tərkibli çətənə bitkisi aşkar olundu. Həmin bitkilərə aqrotexniki qaydada qulluq olunmuş, alaq olunmuş və suvarılmışdır. Çətənə bitkiləri polis əməkdaşları tərəfindən çıxarılmış, sayılmış, qablaşdırılmış, möhürlənmiş və götürülmüşdür (i.v.22); şübhəli şəxsin tutulması haqqında 02 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:00 radələrində Azərbaycan Respublikası CMnin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.32); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16- 16/2-7/1089 nömrəli 03 iyul 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ümumi sayı 6 (altı) ədəd yaş vəziyyətdə ümumi çəkisi 3 kq 440 qram olan bitkilər əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Aqronomun rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir (i.v.45-47); DVD disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə 03 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus Bakı şəhəri, Sabunçu rayonu, Həsən Məmmədov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətyanı sahəsində və fərdi yaşayış evində Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşları tərəfindən aparılmış axtarışın videogörüntülərinin olması müəyyən edilir. Videogörüntülərə baxış zamanı müəyyən edilir ki, Bakı şəhəri, Sabunçu RPİ-nin 14-cü PŞ-nin təhqiqatçısı polis mayoru X4 RPİ-nin 14-cü PŞ-nin polis sahə inspektoru polis kapitanı Şahid3, PŞ-nin əməliyyat müvəkkili polis kapitanı Şahid4 və aqronom-mütəxəssis Şahid2 iştirakları ilə Təqsirləndirilən şəxs məxsus Bakı şəhəri, Sabunçu rayonu, Həsən Məmmədov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətyanı sahəsində axtarış aparılması məqsədilə yaşayış evinin darvazasını döyür, bu zaman darvazanı açan ev sahibi Təqsirləndirilən şəxs darvazadan çölə çıxır və polis əməkdaşları ona yaşadığı evin həyətyanı sahəsində əkilib-becərilməsi qadağan olunmuş çətənə kollarının olması haqqında məlumatları olduğunu, yaşadığı evə və həyətyanı sahəyə axtarış keçirilməsinin zəruri olduğunu bildirir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evi və ya evin həyətyanı sahəsində saxlanılması qanunla qadağan olunmuş hər hansı əşya, predmet olubolmaması barədə soruşulur. Təqsirləndirilən şəxs heç bir etiraz bildirmədən 14-cü PŞ-nin əməkdaşları ilə evin həyətyanı sahəsinə daxil olur və fərdi yaşayış evinin qarşısında əkib yetişdirdiyi bir-birindən aralıda yerləşən 02 ədəd narkotik tərkibli çətənə kolunu, sonra isə bir qədər aralıda evin arxa tərəfində yerləşən ev quşlarının saxlanılması üçün nəzərdə tutulmuş və hasara alınmış yerdə əkilmiş 03 ədəd çətənə kollarını, həmin hasara alınmış ərazidən çıxışda dibçəkdə əkilmiş 01 ədəd çətənə bitkisini polis əməkdaşlarına təqdim edir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin çətənə bitkilərini 2024-cü ilin aprel ayında əkdiyini və şəxsi istifadə məqsədilə xüsusi qulluq etməklə yetişdirdiyini bildirir. Bundan sonra aşkar edilmiş ümumilikdə 6 ədəd çətənə kolları polis əməkdaşları tərəfindən 02 ədəd böyük həcmli sintetik torbaya qoyularaq qablaşdırılır, möhürlənir və üzəri iştirakçılar tərəfindən imzalanır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Həsən Məmmədov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evidə axtarış aparılsa da həmin evdə saxlanılması qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilmir. Baxış Sabunçu RPİ-nin MSY-də “HP” markalı kompyuterdə keçirilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus Bakı şəhəri, Sabunçu rayonu, Həsən Məmmədov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində və həyətyanı sahəsində aparılmış axtarışın görüntülərinin köçürüldüyü bir ədəd DVD disk iş üçün əhəmiyyət kəsb etdiyindən götürülərək qablaşdırılmış və cinayət işi materiallarına əlavə edilmişdir (i.v.57- 58); Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 04 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və onun dərhal Sabunçu RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır (i.v.82-85); Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında 04 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.86-87); Maddi sübut kimi tanıma haqqında 05 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunaraq götürülmüş ümumi sayı 6 (altı) ədəd yaş vəziyyətdə ümumi çəkisi 3 kq 440 qram olan bitkilər əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisi iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalmış 3 kq 439,88 qram çəkidə narkotik tərkibli çətənə (kannabis) bitkisi Sabunçu RPİ-nin saxlancına təhvil verilmişdir (i.v.90); Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 adlı iki azyaşlı övladı var (i.v.97); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsinin xx.xx.2024-cü il tarixli 6336 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatoriarın birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.110-111); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Xalq Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə CM-nin 213-cü maddəsinin 2-ci hissəsinə əsasən 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək əməyə mütləq cəlb olunmaqla cəzası şərti təyin edilmiş, xx.xx.2000-ci ildə cəzasının çəkilməmiş hissəsi 12.100.000 manat cərimə cəzası ilə əvəz edilmiş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsinə əsasən 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin qərarı ilə 18 gün vaxtından əvvəl şərti azad oiunmuşdur (i.v 113-115); Sübutların qiymətləndirilməsi haqqında 22 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində axtarış və götürmə istintaq hərəkətinin aparılmasını özündə əks etdirən 01 ədəd DVD formatlı disk iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (i.v.136-145); Məhkəmə iclasında bir ədəd “DVD” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, həmin görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 02 iyul 2024-cü il tarixli protokola uyğun olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) — üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Tərkibində narkotik maddələr olan bitkilər» adlı İİİ siyahının 1.2-ci bəndinə əsasən 06 ədəd çətənə bitkisi xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması(CM-59.1.4), həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını(CM-59.2) cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Xalq Məhkəməsinin xx.xx.2000-ci il tarixli və Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmləri üzrə olan məhkumluğu ödənildiyindən CM-nin 18.4-cü maddəsinə əsasən cinayətin residivi kimi nəzərə alınmır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 02 iyul 2024-cü il tarixdən 04 iyul 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan 06 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı(CPM-132), 72 (yetmiş iki) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 5 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 iyul 2024-cü il tarixdən 04 iyul 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs əkib yetişdirməklə kultivasiya etdiyi 6 ədəd yaş vəziyyətdə ümumi çəkisi 03 kq 440 qram olan, ekspertiza tədqiqatından sonra qalıq 3 kq 439,88 narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar