Məhkəmə qərarları › İş №1(008)-117/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-117/2023

27.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-117/2023 27.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X1 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ramazanovanın katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1997-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Füzuli rayonu, Alxanlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri. Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Axundov küçəsi, 271 saylı orta məktəbdə məskunlaşmış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, özgənin əmlakını gizli olaraq talayaraq, zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 26 iyun 2022-ci il tarixdə, saat 14.00-dan saat 14.50dək olan müddət ərzində ünvan 1 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs məxsus «Toyota-Rav-4» markalı, **-VR-*** dövlət qediyyat nişanlı avtomobilin qabaq sağ qapısının şüşəsini sındıraraq, salondan içərisində 3.900 manat nağd pul olan «Coach» fırmalı 200 manat dəyərində pul qabını gizli olaraq talayaraq Zərərçəkmiş şəxs ümumidikdə 4.100 (dörd min yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 26 iyun 2022-ci il tarixdə, saat 14.00-15:00 arasında ünvan 3 ünvanın qarşısından keçərkən həyət evlərindən birinin qarşısında, yəni küçədə sahibini tanımadığı şəxsə məxsus «Toyota-Rav-4» markalı, **- VR-*** dövlət qediyyat nişanlı avtomobilin dayanmasını görmüş, həmin vaxt avtomobilin salonunda qarşı sağ oturacağın üstündə olan «Coach» firmasına məxsus pul kisəsi diqqətini cəlb etmiş, bu səbəbdən bir qədər kənarda dayanıb həmin avtomobili müşayət etmiş, sakitçilik olduğunu görərək pula ehtiyacı olduğuna görə həmin pul kisəsini oğurlamaq qərarına gəlmiş, sonra avtomobilə yaxınlaşaraq əli ilə qabaq sağ qapının şüşəsini sındırmış və «Coach» firmasına məxsus pul kisəsini oğurlayaraq qaçıb hadisə yerindən uzaqlaşmış, sonra pul kisəsini açıb içərisinə baxdıqda orada şəxsiyyət və sürücülük vəsiqələri, müxtəlif bank kartları və 3.900 (üç min doqquz yüz ) manat nağd pul olmasını görmüş, həmin məbləğdən 2.900 manatını götürərək borclarına vermiş, üç gün sonra isə yerdə qalan 1.000 manat pulu pul kisəsi və sənədlərlə birlikdə aparıb avtomobildən oğurluq etdiyi hadisə yerinə tullamış, rəsmi sənədlərdən və bank kartlarından istifadə etmək niyyəti olmadığına görə həmin sənədləri sonradan aparıb hadisə yerinə atmış, ehtiyacı 2.900 manata olduğu üçün həmin məbləği götürüb yerdə qalan 1.000 manatı sənədlərlə birlikdə elə pul kisəsinin içində hadisə yerinə aparıb tullamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 26 iyun 2022-ci il tarixdə, saat 14 radələrində azyaşlı uşaqlarını idarə etdiyi avtomobillə qayınnatasının yaşadığı ünvan 1 iinvanındakı evinə aparmış, həmin vaxt «RAV-4» markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilini küçədə, yəni qapının qarşısında saxlayıb evə girmiş, təxminən bir saat qaynatasının evində qonaq olmuş və azyaşlı uşaqlarım orada qoyaraq işə getmək məqsədilə çölə çıxıb avtomobilinə yaxınlaşdıqda maşınının qabaq sağ qapısının şüşəsi sındırılmasını görmüş, həmin vaxt saat 14.50 radələri olmuş, cəld salona baxmış və saxlanc yerində qoyduğu 200 manat dəyərində «Coach» firmasına məxsus dəri materialdan olan qara rəngli pul qabının içərisindəki şəxsiyyət vəsiqəsi, bank kartları, sürücülük vəsiqəsi və 3.900 manat nağd pulla birlikdə yerində olmadığını, yəni oğurlanmasını aşkar etmiş, eləcə də avtomobilinin şüşəsinin sındırılması nəticəsində ona əlavə olaraq 300 manat maddi ziyan dəymiş, yəni hadisədən sonra təmir etdirmiş, hadisədən üç gün sonra, yəni xx.xx.2022-ci il tarixdə, saat 11 radələrində qaynatası Yaşar Hüseynov zəng vuraraq pul kisəsinin içərisində olan sənədlərlə və 1.000 manat pulla birlikdə qapıya atılmasını bildirmiş, sonradan gəlib pul kisəsini qaynatasıgildən götürdükdə şəxsiyyət və sürücülük vəsiqələri, bank kartları ilə bərabər pul qabında 3.900 manat deyil, cəmi 1.000 manat olmasını görmüşdür. Daha sonra o, göstərmişdir ki. avtomobilndən baş vermiş oğurluq zamanı puldan başqa qiymətli əşya oğurlanmamış, eləcə də pul qabında olan bank kartlarından istifadə edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 26 iyun 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri ünvan 4 ünvanının qarşısıdır. Qeyd olunan ünvana çatdıqda “Toyota Rav4” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qapısının şüşəsinin sındırılması müəyyən edilmişdir (i.v.12- 14). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30 avqust 2022-ci il tarixli, 9/5878 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd qara rəngli, üzərində “Coach” markalanma göstəriciləri olan, zəncirbəndlə açılıb-bağlanan pul kisəsinin istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti təxminən 60,00 manat müəyyən olunmuşdur (i.v.119-121). 02 sentyabr 2022-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs 02 sentyabr 2022ci il tarixdə oğurluq nəticəsində talanmış “Coach” firmasına məxsus bir ədəd pul kisəsini, özünə məxsus şəxsiyyət və sürücülük vəsiqələrini, müxtəlif bank kartlarını qəbul etmişdir (i.v.126). “Toplanmış sübutların qiymətləndirilməsi haqqında” 03 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs hadisədən 3 gün sonra gizli olaraq taladığı 3900 manat puldan 1000 manatını geri qaytarması AR CM-nin 59.1.14-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilmiş, iş üzrə maddi sübuti əhəmiyyət kəsb edən bir ədəd “Coach” firmasına məxsus dəri materialdan olan qara rəngli pul qabı maddi sübut kimi tanınmış və saxlanılması üçün zərərçəkmiş şəxsə verilmişdir (i.v.128-134). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, material üzrə keçirilmiş ekspertizanın rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. İş materiallarında olan: 17 avqust 2022-ci il tarixli “Tutma protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 17 avqust 2022-ci il tarixdə, saat 19:30-da tutulmuşdur (i.v. 68-69). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 18 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən Bakı şəhəri Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs dərhal saxlandığı Sabunçu RPİ-nin MSY-dən azad edilmişdir (i.v.93-94). “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 18 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.95-96). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 10 sentyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 20 iyul 2016-cı il tarixdə AR CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, həmin tarixdə AR CPM-nin 40.2.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmiş, Suraxanı Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə AR CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 01 il 02 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (i.v.100-101). Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 1(010)-76/2021 saylı hökmündən görünür ki,Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR CMnin 69.3-cü maddəsinə əsasən onun 08 oktyabr 2020-ci il tarixdən 10 oktyabr 2020-ci il tarixədək tutulduğu 02 gün müddət ona təyin edilmiş cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 01 il 02 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır (i.v.102-107). Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli, 7(003)- 1130/2021 saylı qərarından görünür ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 1(010)-76/2021 saylı hökmü ilə 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində “8 Noyabr Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” AR Milli Məclisinin 05 noyabr 2021ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilməklə ona təyin edilmiş cəzanın çəkilməmiş hissəsi 06 ay azaldılmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin “həbs” qətimkan tədbirinə dəyişdirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş 15 dekabr 2022-ci il tarixli, 8902 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 12 dekabr 2022-ci il tarixdə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutularaq 13 dekabr 2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini (CM- 59.2), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını (CM-59.1.12) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli məhkəmə istintaqı zamanı tutulduğu 12 dekabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut “Coach” firmasına məxsus bir ədəd pul kisəsi Zərərçəkmiş şəxs saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq müddəti zamanı 17 avqust 2022-ci il tarixdən 18 avqust 2022ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 05 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 12 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut “Coach” firmasına məxsus bir ədəd pul kisəsi Zərərçəkmiş şəxs saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar