Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-117/2024 26.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Q.Vəzirov küçəsi, döngə 6, ev 10-da yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2022-ci ilin iyun ayının əvvəllərində, gecə saatlarında Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanında yerləşən evin zirzəmisinin qapısını əli ilə fiziki güc tətbiq etməklə açıb içəri qanunsuz daxil olaraq, evin zirzəmisindən 01 ədəd 350 manat dəyərində samovar, ümumi dəyəri 100 manat olan 02 ədəd mis qazan, ümumi dəyəri 140 manat olan 02 ədəd “Bosch" markalı laqonda, 01 ədəd 280 manat dəyərində drel, ümumi dəyəri 100 manat olan 02 top elektrik naqili, ümumi dəyəri 72 manat olan 12 ədəd elektrik yuvası və ümumi dəyəri 150 manat olan geyim əşyalarını gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 1192 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs iş üzrə verilmiş ittiham üzrə özünü təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, ünvan 1 ünvanında yerləşən qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Q.Vəzirov küçəsi, döngə 6, ev 10-da yaşayır. O, həbsdən azad olunduqdan sonra əlvan metal toplayaraq satmaqla qazanc əldə etmişdir. 2022-ci ilin iyun ayının əvvəllərində, axşam saatlarında metal toplamaq məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyova küçəsi ərazisində gəzərkən, həmin küçədə yerləşən həyət evlərindən birinin işıqlarının yanmadığını görərək maddi çətinlikləri olduğu üçün həmin evdən oğurluq etməyi qərara almış, bu məqsədlə, topladığı metalları yığıdığı arabanı yaxınlıqda qoyaraq hasara yaxınlaşmışdır. Daha sonra ətrafda heç kimin olmadığını müəyyən etmiş, hasardan aşaraq evin həyətinə düşmüşdür. Bundan sonra, evin zirzəmisinin qapısını əli ilə itələdikdə qapı açılmış və o, içəri daxil olaraq orada olan əşyalara baxmış, müxtəlif adda əşyaların olduğunu görüb oradan 01 ədəd samovar, mis qazanlar, 02 ədəd laqonda, 01 ədəd drel, 02 top elektrik naqili, sayı yadında qalmayan elektrik yuvaları və geyim əşyalarını hissə-hissə götürərək hasardan küçəyə atmışdır. O, hasardan aşmaqla küçəyə çıxmış, oğurladığı əşyaları yaxınlıqda saxladığı arabaya yığaraq oradan uzaqlaşmış, yolda olarkən oğurladığı geyim əşyalarını sata bilməyəciyini düşündüyü üçün tullamışdır. O, Sabunçu rayonu ərazisndə yerləşən «Komsomol dairəsi» adlanan əraziyə gələrək oğurladığı əşyaları oradakı qamışlıqda gizlədərək yaşadığı evə getmişdir. Növbəti gün, oğurladığı əşyaları gizlətdiyi yerə gələrək həmin əşyaları götürmüş, Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazsində yerləşən Rus bazarına apararaq tanımadığı şəxslərə satmış, əldə etdiyi pulu şəxsi ehtiyaclarına sərf etmişdir. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərəçəkmiş şəxsin ifadəsi, iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında yerləşən ev ona məxsusdur. Qeyd olunan ünvanda ailə üzvləri ilə daimi yaşamasına baxmayaraq, 04 iyun 2022-ci il tarixdən 08 iyun 2022-ci il tarixədək olan müddət ərzində evdə heç kim olmamışdır. O, 08 iyun 2022-ci il tarixdə, axşam saatlarında yaşadığı ünvana geri qayıtmış, həmin gün, saat 22 radələrində yaşadığı evin zirzəmisinə baxış keçirtməyi qərara almışdır. O, zirzəmidən evin 1-ci mərtəbəsinə gedən qapının açıq vəziyyətdə olduğunu görərək evdən oğurluq edildiyin şübhələnmiş, zirzəmiyə daxil olaraq baxış keçirdiyi zaman oradan 01 ədəd samovarın, 02 ədəd mis qazanın, 02 ədəd “Bosch” markalı laqondanın, 01 ədəd drelin, 02 top elektrik naqilinin, 12 ədəd elektrik yuvasının və geyim əşyalarının oğurlandığını müəyyən etmişdir. Baş vermiş oğurluq hadisəsi ilə bağlı DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş, bir müddət Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaları yaşadığı ünvana gələrək hadisə yerinə baxış keçirmiş və izahatı alınmışdır. Təqsirləndirilən şəxs oğurluq əməli nəticəsində ona ümumilikdə 1192 manat məbləğində ziyan dəymişdir. Cinayət işinin 41-ci vərəqəsində olan 26 iyul 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 26 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 67-69-cu vərəqəsində olan 27 iyul 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotolardan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrin düzgünlüyünü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsi yerində yoxlanılmışdır. Cinayət işinin 86-87-ci vərəqəsində olan 28 iyul 2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Fərid Soltanlının vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 88-89-cu vərəqəsində olan 28 iyul 2022-ci il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 115-140-cı vərəqəsində olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(008)-21/2021 nömrəli, 26 fevral 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmişdir. Cinayət işinin 111-112-ci vərəqəsində olan Azərbaycan Respublikası DİNnin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 02 sentyabr 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə əsasən barəsində təyin edilmiş narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra cəzadan azad olunması qərara alınmışdır. Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-117/2024 saylı, 22 yanvar 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz olunaraq barəsində axtarış elan edilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 3-16-17/40/2-1354/2024 nömrəli, 26 fevral 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 22 fevral 2024-cü il tarixdə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutularaq 23 fevral 2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Cinayət işi materiallarında olan Amnistiya aktının tətbiq edilməsi barədə 26 noyabr 2021-ci il tarixli qərardan görünür ki, «8 noyabr – Zəfər Günü amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə əsasən Təqsirləndirilən şəxs amnistiya tətbiq edilmiş, amnistiya qərarının 36-cı bəndinə əsasən onun cəzadan azad edilməsi, barəsində təyin edilmiş narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır. Cinayət işi materiallarında olan Salyan Rayon Məhkəməsinin 7(057)- 568/2021 nömrəli, 15 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxsbarəsində təyin edilmiş narkomaniyadan məcburi müalicə ləğv edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi ifadə ilə, digər iş materialları ilə onun yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, himayəsində bir azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığın məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən, onun barəsində CM-nin 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 26 iyul 2022-ci il tarixdən 28 iyul 2022-ci il tarixədək, 22 fevral 2024-cü il tarixdən 26 aprel 2024-cü il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu 02 (iki) ay 06 (altı) günü nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) ay 12 (on iki) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmalı və Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu 02 (iki) ay 06 (altı) gün, müddətinin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 04 (dörd) ay 12 (on iki) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-117/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-117/2024
26.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver