Məhkəmə qərarları › İş №1(008)-117/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-117/2025

30.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-117/2025 30.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X9 Rafiq oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,962 qram narkotik vasitə heroini əldə edib saxlayaraq daşımış, 22 oktyabr 2024-cü il tarixdə saat 15:10 radələrində özünü şübhəli apardığı üçün Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi Şəfəq küçəsində nömrəsiz evin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanda yerləşən Sabunçu RPİ-nin 12-ci polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarının sağ yan cibindən bir bükümdə təmiz çəkisi 0,962 qram xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, lakin həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 22 oktyabr 2024-cü il tarixdə səhər saatlarında narkotik vasitəni əldə etmək məqsədi ilə o, Sabunçu rayonu, Balaxanı qəsəbəsində saat 10 radələrində tanımadığı şəxsdən 20 manata narkotik vasitə heroini əldə etmişdir. Əldə etdiyi narkotik vasitə heroin bir bükümdə olmuşdur, narkotik vasitəni o, öz istifadəsi üçün alıb şalvarının sağ yan cibinə qoymuşdur. Bundan sonra o, bir neçə şəxsi işini görəndən sonra həmin narkotik vasitəni qəbul etmək üçün yaşadığı evə qayıdanda həmin tarixdə yəni 22 oktyabr 2024-cü il tarixdə saat 15:10 radələrində Balaxanı qəsəbəsi, Şəfəq küçəsi nömrəsiz evin qarşısında ona mülkü geyimdə iki nəfər şəxs yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edib ondan şəxsiyyətini təsdiq edən sənədi istəmişlər. Onun üzərində narkotik vasitə heroin olduğuna görə o qorxmuşdur ki, tutula bilər və buna görə onlardan iti addımlarla uzaqlaşmağa başlayanda, həmin şəxslər onu saxlayıb Sabunçu RPİ-nin 12-ci polis şöbəsinə gətirmişlər. Polis şöbəsinin inzibati binasında o, polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra dəvət olunmuş vəkilin iştirakı ilə ona bildirildi ki, üzərinə şəxsi axtarış keçiriləcək və o istəmədi ki, vəkili həmin axtarışda iştirak etsin, çünki üzərində narkotik vasitə heroin saxlanılırdı. Vəkil bölmənin xidməti otağından çıxandan sonra üzərinə videoçəkilişlə axtarış keçirildi və axtarış zamanı əynində olan şalvarının sağ yan cibindən bir bükümdə narkotik vasitə heroin götürüldü. Polis əməkdaşların suallarına cavab verərkən o bildirdi ki, üzərindən aşkar olunmuş maddə narkotik vasitə heroindir. Həmin maddəni o, öz istifadəsi üçün Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 20 manata almışdır. Həmin narkotik vasitə heroin ondan aşkar olunaraq götürüldü və ekspertizaya göndərildi. Bu barədə protokol tərtib olundu. Protokolu və zərfi o imzaladı. Ondan aşkar olunaraq götürülmüş narkotik vasitə heroini o, öz istifadəsi üçün əldə etmişdir. Əldə etdiyi narkotik vasitə heroini başqa şəxsə satmağa onun fikri olmamışdır, özü üçün almışdır ki, əlverişli anda özü qəbul edsin. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmur. Sonda Təqsirləndirilən şəxs, barəsində ədalətli qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 12-ci PŞ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 22 oktyabr 2024-cü il tarixdə saat 15:10 radələrində o, Sabunçu RPİ-nin 12-cü polis şöbəsinin əməliyyat müvəkkili Şahid2la birlikdə inzibati ərazidə xidmət aparan zamanı Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Şəfər küçəsində nömrəsiz evin qarşısında özünü şübhəli aparan bir nəfər şəxsi görmüşlər. Həmin şəxs zahiri görünüşlə narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə məşğul olan şəxsə oxşayırdı. Həmin şəxsə yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edib şəxsiyyət vəsiqəsini istəyəndə həmin şəxs bildirdi ki, üzərində sənəd yoxdur və buna görə də onlardan iti addımlarla uzaqlaşmağa başladı. Onun hərəkətləri şübhə doğurduğuna görə onlar həmin şəxsi saxlayıb Sabunçu RPİ-nin 12-ci polis bölməsinə gətirdilər. Polis bölməsində müəyyən olundu ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs tərəflərindən tutulub polis bölməsinə gətirilən zamanı ciddi nəzarətdə olmuşdur. Onlar Vüqara nəzarət edirdilər ki, Vüqar üzərində əgər varsa, qeyri qanuni əşyanı tullaya bilməsin. Sabunçu RPİ-nin 12-ci polis şöbəsinin xidməti otağında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutuldu və dövlət tərəfindən vəkillə təmin olundu. Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə huquq və vəzifələri izah olunandan sonra videoçəkilişlə üzərinə axtarış keçirildi. Şəxsi axtarış keçirilməmişdən əvvəl Vüqar ərizə ilə müraciət edərək axtarışın vəkilin iştirakı olmadan keçirilməsini xahiş etdi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 01 sellofan bükümü aşkar olundu. Həmin bükümdə qəhvəyi rəngli spesifik iyli narkotik vasitə heroinə oxşar olan maddə aşkar olunaraq götürüldü. Təqsirləndirilən şəxs suallara cavab verərkən bildirdi ki, ondan aşkar olunaraq götürülmüş 01 bükümdə olan maddə narkotik vasitə heroindir, həmin narkotik vasitəni o, öz şəxsi istifadəsi üçün 22 oktyabr 2024-cü il tarixdə səhər saatlarında Balaxanı qəsəbəsindən tanımadığı şəxsdən 20 manata alıb öz üzərində gəzdirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə heroinə bənzər olan maddə qablaşdırılaraq götürüldü və ekspertizaya göndərildi. Bu barədə protokol tərtib edildi, təhqiqatçı tərəfindən ucadan oxundu və imzalandı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin 14-cü vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 22 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 oktyabr 2024-cü il tarixdə, saat 16:40-da şübhəli şəxs qismində tutulmuşdur. Tutmanın əvvəlli Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 22 oktyabr 2024-cü il tarixdə, saat 15:10-dan hesablanmışdır. Cinayət işinin 25-26-cı vərəqələrində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 22 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Sabunçu RPİnin 12-ci PŞ-nin təhqiqatçısı X5, Azərbaycan Respublikası CPM-nin 51, 86 və 242-247-ci maddələrinin tələblərinə əsasən həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binasında, xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparıldı. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “Sony” markalı video kameradan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edildi, iştirakçılar tərəfindən video çəkilişin həyata keçirilməsi ilə bağlı şikayət və ya etiraz daxil olmadı. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində şəxsi axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli sellofan bükümü təqdim etdi. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxsun əynində maddi sübut əhəmiyyəti kəsb edəcək hər hansı əşya və maddə aşkar edilmədi. Təqdim etdiyi 01 ədəd ağ rəngli sellofan bükümü açılarkən içərisində tünd-qəhvəyi rəngli, toz şəkilli maddə olması müəyyən edildi. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin maddənin “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu, xx.xx.2024-cü il tarixdə saat 10 radələrində tanımadığı şəxsdən 20 manata müqabilində şəxsi istifadə məqsədi ilə əldə etdiyini bildirdi. Aşkar olunmuş maddə qablaşdırılaraq Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 159 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış və götürmə gündüz vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparıldı. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə ediləcəkdir. Protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edildi. Cinayət işinin 34-36-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 oktyabr 2024-cü il tarixli, 6/4961 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №159” dairəvi möhür əksi, “(İmza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,962 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin 48-ci vərəqində olan “Video yazıya baxış keçirilməsi haqqında” 24 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə cinayət işinin materiallarına Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin təhqiqatçısı Elvar Quliyev tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin saxlanılmasında şübhəli bilinən Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroinin aşkar olunaraq götürülməsi barədə 22 oktyabr 2024-cü il tarixli protokola əlavə etdiyi 1 (bir) «DVD» diskdə qeydə alınmış videoyazıya baxış keçirilmişdir. Diskdə olan “İMG_4464” adlı fayla daxil olduqda müəyyən olunur ki, faylda 04 dəqiqə 59 saniyədən ibarət olan videogörüntü var. Həmin videoyazıya baxdıqda müəyyən olunur ki, Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin təhqiqatçısı X7 RPİ-nin 12-ci Polis Şöbəsinə gətirilmiş saxlanılan şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra Təqsirləndirilən şəxs üzərinə Sabunçu RPİnin 12-ci Polis Şöbəsinin xidməti otağında şəxsi axtarış keçirilir və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər olan maddə aşkar olunaraq götürülür. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə heroinin olduğunu bildirib, həmin maddəni öz istifadəsi üçün əldə edib üzərində saxladığını etiraf etmişdir. Cinayət işinin 64-65-ci vərəqələrində olan “Vəsatətlərin müdafiə edilməsindən imtina edilməsi haqqında” 24 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Sabunçu RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Orxan Səmədovun vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, Təqsirləndirilən şəxs saxlanıldığı MSY-dən azad edilməsi qərara alınmışdır. Cinayət işinin 66-cı vərəqində olan “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 24 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 73-74-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsinin Ambulator X1 dair xx.xx.2024-cü il tarixli, 7189 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin, Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 83-85-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 9 (doqquz) il müddətinə azadlıqdan məhrmetmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən o, azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2019-cu il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrmetmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 2 (iki) ay 18 (on səkkiz) gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti bitdiyi üçün idarənin qeydiyyatından çıxarılmışdır. Cinayət işinin 88-89-cu vərəqələrində olan “Maddi sübut kimi tanınması haqqında” 25 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 bükümdə olan təmiz çəkisi 0,962 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış narkorik vasitə heroinin iş üzrə maddi sübut kimi tanınması və ekspertiza tədqiqatından sonra narkotik vasitə heroinin 0,912 qram çəkidə olan qalıq hissəsinin təqsirləndirilən şəxsin maddi sübutlarla tanış edildikdən sonra saxlanılması üçün Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilməsi, Sabunçu Rayon Polis İdarəsinin 12ci Polis Şöbəsinin təhqiqatçısı Elvar Quliyev tərəfindən Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroinin aşkar olunaraq götürülməsi barədə 22 oktyabr 2024-cü il tarixli protokola əlavə etdiyi 1 (bir) ədəd “DVD” diskin iş üzrə maddi sübut kimi tanınması və saxlanması üçün cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Cinayət işinin 90-93-cü vərəqələrində olan "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli, 25575 nömrəli məktubla daxil olmuş 1 ədəd CD diskdə olan Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrə ilə bağlı SMS yazışmalarına dair mətndən Çıxarışdan görünür ki, ***-***-**-** saylı mobil nömrədən 12 avqust 2024-cü il tarixdə saat 23:07 radələrində **********79 saylı mobil nömrəyə “Vüqar qardaşımsan onluğ daş düz qoş eliyə bilərsən gəlim götürey böley”, ***-***-**-** saylı mobil nömrədən 28 sentyabr 2024-cü il tarixdə saat 12:25 radələrində **********79 saylı mobil nömrəyə “HALALDİ SENE ...... O PULUN İCİNE ZENG VURMA BİRDE MENE”, ***-***-**-** saylı mobil nömrədən 04 oktyabr 2024-cü il tarixdə saat 03:28 radələrində **********79 saylı mobil nömrəyə “Vuqar gelirem mehleye pulu ver gorum neynirem agriyiram yata bilmirem”, ***-***-**-** saylı mobil nömrədən 11 oktyabr 2024-cü il tarixdə saat 20:45 radələrində **********79 saylı mobil nömrəyə “Men ikinci gundu olurem. Cox sagol”, məzmunlu SMS mətnləri yazılmışdır. Cinayət işinin 94-cü vərəqində olan “Sənədlər baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, cinayət işinin materiallarına əlavə olunmuş "xxxx" MMC-dən götürülmüş bir ədəd “CD” diskdə olan məlumatlara baxış keçirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəsinə daxil olan SMS mətnlərindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olur. Cinayət işinin 99-100-cü vərəqələrində olan “İş üzrə toplanmış sübutlara qiymət verilməsi haqqında” 03 dekabr 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə tövsif edilməsi və həmin maddə ilə nəzərdə tutulan ittihamın elan edilməsi qərara alınmışdır. Cinayət işinin 117-ci vərəqində olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 4(008)-738/2024 saylı Qərardan olan çıxarışdan görünür ki, vəsatətin təmin edilməsi, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 1 (bir) ay 10 (on) gün müddətinə həbs qətimkan tədbirinin seçilməsi, həbsdə olma müddətinin əvvəlinin 13 dekabr 2024-cü il tarixdən, saat 14:40-dan hesablanması qərara alınmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd DVD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroinin aşkar edilərək götürülməsi müəyyən olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə) hazırkı cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CMnin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 (iki) il müddətinin axımı onun hökmlə təyin olunmuş və çəkilməmiş qalan cəzasının 2 ay 18 gün hissəsini Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli qərarına əsasən çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunduğu, yəni xx.xx.2024-cü il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini 22 oktyabr 2024-cü il tarixində törətmiş və həmin əməli törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olmaması və cəzanı ağırlaşdıran halın olması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların olmaması və cəzasını ağırlaşdıran hal, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəza çəkməsinin əvvəli 13 dekabr 2024-cü il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınan video görüntünün əks edildiyi 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 5 (beş) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 13 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu RPİ-nin saxlancına təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 0,942 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınan video görüntünün əks edildiyi 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar