Məhkəmə qərarları › İş №1(008)-118/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-118/2024

01.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-118/2024 01.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi Südeyub oğlunun, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1981-ci ildə Ermənistan SSR-nin Vedi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi ünvan 3 ünvanında yerləşən “Sevgi Gözəllik” salonunun qapısını aralayıb açaraq içəri qanunsuz daxil olmaqla dolabdakı şüşə balonun içindən 250 manat dəyərində “50 qəpik" pulları gizli olaraq talayıb zərərçəkmiş şəxsə həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs iş üzrə verilmiş ittiham üzrə özünü təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayır. O, 13 avqust 2022ci il tarixdə, günorta saatlarında xatırlamadığı kafedə spirtli içki qəbul etmiş, həmin gün, yəni, 13 avqust 2022-ci il tarixdə, saat 23 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsində piyada hərəkət edərkən qapısı açıq olan gözəllik salonu görərək pula ehtiyacı olduğu üçün gözəllik salonuna daxil olaraq oradan oğurluq etməyi qərara almışdır. O, salona yaxınlaşaraq plastik qapını açıb içəri daxil olmuş, bir qədər axtarış apardıqdan sonra dolabdakı şüşə balonun içində 50 qəpiklik sikkələrin olduğunu görərək cibinə yığıb oradan uzaqlaşmışdır. 14 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən avtobus dayanacaqlarından birində tanımadığı şəxsə verərək müqabilində 200 manat məbləğində kağız əskinas almış, şəxsi ehtiyaclarına sərf etmişdir. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərəçəkmiş şəxsin ifadəsi, iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ona dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək ifadəsində göstərmişdir ki, o, 2018-ci ildən etibarən ünvan 3 ünvanında yerləşən “Sevgi Gözəllik” salonunu icarə əsasında işlədir. O, 13 avqust 2022-ci il tarixdə, saat 20 radələrində gözəllik salonunu bağlayaraq yaşadığı ünvana getmiş, 13 avqust 2022-ci il tarixdə, saat 10 radələrində gözəllik salonuna gəldiyi zaman plastik qapının açıq olduğunu görərək içəri daxil olmuş, içəridə olan əşyaların dağınıq vəziyyətdə olduğunu görmüşdür. O, salondan oğurluq edildiyini anladığı üçün ətrafa baxış keçirmiş, dolabdakı şüşə balonun içindən 250 manat dəyərində 50 qəpiklik pul sikkələrin oğurlandığını müəyyən etmişdir. “Sevgi Gözəllik” salonunda video müşahidə kameraları olmuş, lakin, həmin vaxt elektrik verilişi kəsildiyi üçün kameralar hansısa görüntü qeydiyyata almamışdır. Cinayət işinin 17-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 011-10196-1222 nömrəli, 31 avqust 2022-ci il tarixli məktubundan görünür ki, 14 avqust 2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs işlətdiyi “Sevgi” gözəllik salonunda baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmiş və tədqiqat nəticəsində əl izlərindən 01 ədədi (ADİS-nin məlumat bankına Xətai RPİ-dən daxil olan) xx.xx.1981-ci ildə Ermənistanda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin baş barmağının əksi ilə eynilik təşkil etməsi müəyyən edilmişdir Cinayət işinin 46-cı vərəqəsində olan 17 iyun 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 17 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 68-69-cu vərəqəsində olan 18 iyun 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotolardan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrin düzgünlüyünü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsi yerində yoxlanılmışdır. Cinayət işinin 86-88-ci vərəqəsində olan 19 iyun 2023-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Musa Məmmədovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 89-90-cı vərəqəsində olan 19 iyun 2023-cü il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 100-cü vərəqəsində olan Zərərçəkmiş şəxs 08 iyul 2023-cü il tarixli ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənildiyindən Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Cinayət işinin 102-ci vərəqində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 161 (yüz altmış bir) manat 11 (on bir) qəpik müəyyən edilmişdir. Cinayət işinin 103-104-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/1061 nömrəli, 10 iyul 2023cü il tarixli ekspert rəyindən görünür ki, təqdim edilmiş 1,2,3 saylı daktilolentlərin səthindəki əl- barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Təqdim edilmiş 1,2,3 saylı daktilolentlərin səthindəki papilyar naxış izləri və 4,5,6,7,8,9 saylı daktilolentlərin səthindəki əl-barmaq və papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdırlar. Təqdim edilmiş edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi X1 əlinin bas barmağından qalmışdır. Təqdim edilmiş 2,3 saylı daktilolentlərin səthində əl-barmaq izləri Təqsirləndirilən şəxs daktiloxəritəyə köçürülmüş eksperimental əlbarmaqlarından qalmamışdır. Cinayət işinin 110-112-ci vərəqəsində olan 15 iyul 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs işlətdiyi “Sevgi” gözəllik salonunda baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş X3 aid əl izlərini əks etdirən əl izləri cinayət işi üzrə maddi sübut kimi tanınaraq 01 ədəd zərfdə cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin 97-98-ci vərəqəsində olan Azərbaycan Respublikası DİNnin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 07 iyul 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 iyul 2015-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29, 177.2.2 və 29, 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 iyun 2018-ci il tarixli qərarı ilə barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 04 (dörd) il 06 (altı) aya endirilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 fevral 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, 14 iyun 2019-cu il tarixdə cəza müddəti bitmişdir. Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-118/2024 saylı, 15 fevral 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz olunaraq barəsində axtarış elan edilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 3-16-17/40/2-2220/2024 nömrəli, 30 mart 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 25 mart 2024-cü il tarixdə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutularaq 27 mart 2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi ifadəsi ilə, digər iş materialları ilə onun saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf etməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığın məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən, onun barəsində CM-nin 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 17 iyun 2023-cü il tarixdən 19 iyun 2023-cü il tarixədək, 25 mart 2024-cü il tarixdən 01 iyul 2024-cü il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu 03 (üç) ay 08 (səkkiz) günü nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının 06 (altı) ay 16 (on altı) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmalı və Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut, ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs işlətdiyi “Sevgi” gözəllik salonunda baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş X3 aid əl izlərini əks etdirən daktilolent 01 ədəd zərfdə cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 161 (yüz altmış bir) manat 11 (on bir) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu 03 (üç) ay 08 (səkkiz) gün müddətinin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 06 (altı) ay 16 (on altı) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilsin. İş üzrə maddi sübut, ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs işlətdiyi “Sevgi” gözəllik salonunda baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş X3 aid əl izlərini əks etdirən daktilolent 01 ədəd zərfdə cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 161 (yüz altmış bir) manat 11 (on bir) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar